Məhərrəmova T.

 

Xəlqilik çərçivəsindən çıxmaqdan qorxmayan bəstəkar

 

Müəllimi tərəfindən bu cür dəyərləndirilən Qara Qarayevin

musiqisi ümumbəşəri olduğu qədər də milli idi

 

Bu gün dünya şöhrətli bəstəkar, SSRİ Xalq artisti, dövlət mükafatları laureatı Qara Qarayevin 90 illik yubileyidir. Görkəmli bəstəkarın yubileyi Filarmoniyada dövlət səviyyəsində qeyd ediləcək. Fevralın 7-də isə Opera və Balet Teatrında Qara Qarayev sənətinin pərəstişkarları onun "Don Kixot" və "Leyli və Məcnun" baletlərinə tamaşa edəcəklər.

Qeyd edək ki, hazırda Opera və Balet Teatrında Qara Qarayevin yubileyi şərəfinə onun yaradıcılığında ən dəyərli nümunələrdən biri olan "Yeddi gözəl" baletinin səhnəyə qoyulması istiqamətində fəal iş görülür. Tezliklə baletsevərlər milli balet sənətimizin ən nadir incilərindən biri sayılan bu gözəl tamaşanı da seyr etmək imkanı əldə edəcəklər.

Görkəmli bəstəkarın yubileyi həmçinin bir il ərzində dünyanın bir çox ölkələrində qeyd ediləcək. Q.Qarayevə həsr olunan beynəlxalq musiqi festivalları keçiriləcək. Adı dünyanı dolaşan bəstəkar yenidən əsərləri ilə musiqisevərləri bir araya gətirəcək.

 

Deyəsən, Qara elə musiqiçi olacaq...

 

Musiqiyə həvəsi ailələrində yaranmışdı. Atası Əbülfəz məşhur uşaq həkimi idi. Professor Qarayevin diaqnozu müəyyənləşdirməkdəki səriştəsindən indi də heyranlıqla danışırlar. Ancaq oğlanlarının gələcək taleyinə təyin etdiyi diaqnozda professor yanılmışdı. Böyük oğlu Mürsəl musiqini çox sevir - skripka, klarnet çalırdı. Qara isə fortopiano sinfinə gedirdi. Ata Mürsəli musiqiçi, Qaranı isə özü kimi həkim görmək istəyirdi. Ancaq hər şey əksinə oldu... Professor dünyasının dəyişməmişdən 7-8 gün qabaq həyat yoldaşı Sona xanımla "Yeddi gözəl"ə baxmağa gedir. Tamaşanın sonuna yaxın əyilib Sona xanımın qulağına pıçıldayır ki, "Yox, balam, deyəsən, Qara elə musiqiçi olacaq".

O vaxt Qaranın 34 yaşı vardı və o, 2 dəfə Dövlət mükafatına layiq görülmüşdü. Ancaq o, hələ də atasının gözündə uşaq idi.

"Qara onda hələ lap balaca idi. Heç bir yaşı tamam olmamışdı. Bir yaz günü idi. Evdə oturmuşduq. Küçədən əsgərlər keçib gedirdi. Onlar: "İrəli, irəli, Azərbaycan əsgəri" - deyə oxuyurdular. Birdən hamımızı heyrətə, təəccübə salan hadisə baş verdi: Qara başladı o melodiyanı oxumağa. Qaranın musiqi istedadını o vaxt kəşf etdik" - deyə böyük bəstəkarın anası sonralar xatırlayırdı.

Ana bu kəşfində yanılmamışdı. Sən demə, bu balaca uşaq böyüyəndə adı dünyanı dolaşan bəstəkar olacaq, vətənimizə başucalığı gətirəcəkdi. Hələlik isə... o səhərlər yuxudan tənbəl-tənbəl oyanır, məktəbə getməmişdən öncə həyətdə çox sevdiyi iti ilə bir qədər oynayır, sonra isə evlərinin yaxınlığındakı musiqi məktəbinə yollanırdı. Məktəbdə isə yaxın dostu Cövdətlə birgə yazdıqları musiqi əsərlərini hamıdan gizlədirdilər.

 

Uşaqlıq dostları

 

XX əsrin 30-cu illərində xarici ölkələrdən olan istedadlı sənətkarlar SSRİ-nin ayrı-ayrı respublikalarına, o cümlədən Azərbaycana dəvət olunurdular. Üzeyir bəy Qara Qarayevlə Cövdət Hacıyevin Moskvaya - Dmitriy Şostakoviçin məktəbinə imtahan verməyə yollayır. Beləliklə, iki dost görkəmli bəstəkar D.Şostakoviçin tələbəsi olur.

Sonralar D.Şostakoviç, - "Qara Qarayev ənənəviliyi və müstəqil yaradıcılığı mümkün olduqca daha rəngarəng, daha maraqlı, daha üzvi surətdə birləşdirməyə cəsarətlə, ürəklə cəhd edərək, öz yaradıcılıq palitrasını hər vasitə ilə genişləndirir; o, qəbul olunmuş xəlqilik çərçivəsindən çıxmağa qorxmur, xəlqilik anlayışını genişləndirir", - deyə fərəhini gizlətməyəcəkdi.

Cövdət Hacıyevin ömür-gün yoldaşı Əminə Dilbazi xatırlayır:

- Qara ilə Cövdət uşaqlıq dostları idi. Onlar 8 yaşından bir yerdə böyümüşdülər. Cövdət ona "Karik" deyə müraciət edirdi. Moskvaya yola düşəndə onlara deyiblər ki, Konservatoriyaya qəbul olunmaq üçün 6 yerə 8 sənəd verilib. Onlar da fikirləşiblər ki, ikisi də eyni respublikadan olduqları üçün ya Qaranı, ya da Cövdəti qəbul edəcəklər. Çox həyəcan keçiriblər. Elə həmin həyəcan və qorxu ilə də imtahan veriblər. Konservatoriyanın direktoru Qaranın da, Cövdətin də qəbul olunduğunu elan edəndə, dostların sevincdən uçmağa qanadları çatışmırdı.

Az sonra müharibə başlayır. Dostları daha çox oxumaq yox, Vətənin xilası narahat edir. Onlar könüllü müharibəyə yola düşmək istəyirlər. Ancaq Mircəfər Bağırov gənc bəstəkarlara bron verilməsi haqqında sərəncam imzalayır. Sonra isə o zaman Mədəniyyət İşləri İdarəsinin müdiri işləyən Mirzə İbrahimova Moskvada oxuyan 2 gəncin vətənpərvərlik mövzusunda opera yazması barədə göstəriş verir. Hələ romans belə yazmayan gənclər tərəddüd edirlər. Hər halda öz istedadlarını sübut etmək lazım idi. Təkcə ona görə yox ki, tapşırıq "yuxarı"dan verilmişdi. Həm də ona görə ki, Vətənin ağır günləri idi. Vətənpərvərlik musiqisinə böyük ehtiyac vardı. Onlara şöhrət gətirəcək və böyük SSRİ-də əzəmətlə səslənəcək bu əsər - "Vətən" operasının ilk notları bu iki tələbənin kiçik otağında yaranmağa başladı. Otaqlarının qızdırıcısı belə yox idi. İşləyəndə soyuqdan əllərinə əlcək geyinirdilər. Klaviaturanı hiss eləmək üçün əlcəyin barmaqlarını kəsmişdilər. Gecələr isə donmamaq üçün kürək-kürəyə yatırdılar. Opera onların gözlədiyindən də tez başa gəldi və gənclərə böyük uğur gətirdi. Əsərə baxış üçün komissiya təşkil olundu. Sovet dövlətinin tarixində ilk dəfə olaraq tələbə gənclərə - Qaraya və Cövdətə "Stalin" mükafatları verildi. Həmçinin hər iki gənc o zaman üçün böyük məbləğ sayılan 100 min manat pulla mükafatlandırıldı. Onların maddi durumları xeyli yaxşılaşdı. Ancaq bu xoşbəxt an onların həyatında yeganə hadisə olmadı. Onlar tələbə ikən yenidən "Stalin" mükafatına layiq görüldülər. Qara Qarayev yazdığı baletə, Cövdət Hacıyev isə "Sülh" simfonik əsərinə görə.

Dostlar təhsillərini başa vurub Bakıya qayıtdıqdan sonra diplomlarını götürüb birbaşa Üzeyir bəyin yanına getdilər. Üzeyir bəy onları böyük sevinclə qarşıladı, dost olduqlarını bildiyindən gəncləri bir-birindən ayırmadı və hər ikisini Filarmoniyaya bədii rəhbər təyin etdi. Onlar ayrı-ayrı vaxtlarda Konservatoriyanın rektoru da işlədilər.

 

Böyük müəllim, gözəl insan

 

Qara Qarayevin bir pedaqoq kimi istedadlı bəstəkarlar yetişdirməkdə xidməti əvəzolunmazdır. Rauf Hacıyev, Andrey Babayev, Xəyyam Mirzəzadə, Arif Məlikov, Vasif Adıgözəlov, Tofiq Bakıxanov, Musa Mirzəyev, Sevda İbrahimova və digər bəstəkarların yetişməsində böyük xidmətlərinə görə Qara Qarayev 1961-ci ildə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunub. Bu gün böyük bəstəkarın tələbələri - T.Bakıxanov, A.Məlikov, S.İbrahimova və başqaları müəllimləri haqqında dərin məhəbbətlə söhbət açır, onun insanpərvərliyindən, tələbələrinə göstərdiyi atalıq qayğısından ağız dolusu danışırlar.

Tofiq Bakıxanov müəllimini belə xatırlayır: "O, böyük bəstəkar olduğu qədər də nadir şəxsiyyət olub. Q.Qarayev üçün ən böyük meyar sənət idi. O, istedadı olanlara həmişə kömək etməyə, onlara dayaq olmağa çalışırdı. İstedadı olmayıb sənətə müxtəlif yollarla gəlmək istəyənləri isə sevməz, onları özünə yaxın buraxmazdı".

"Biz Qara Qarayevi təkcə bir bəstəkar kimi yox, həm də müəllim kimi sevir və xatırlayırıq", - böyük bəstəkarın tələbəsi, Xalq artisti Arif Məlikov isə belə danışır:

- Hər millətin sənət, mədəniyyət aləmində görkəmli şəxsiyyətləri olur. Azərbaycanda da belə şəxsiyyətlər var. Qara Qarayev Azərbaycan musiqisi tarixində Üzeyir Hacıbəyovdan sonra ən böyük şəxsiyyətdir. Onun böyüklüyü təkcə Azərbaycanla bağlı deyil. O, elə böyük şəxsiyyət səviyyəsinə gəlib çatıb ki, "qanadlarını" məmləkətimizdən xeyli uzaqlara aça bilib. Qara Qarayevin musiqisi ilə onun həmvətənləri fəxr etməlidir. Ona görə də sənətkarın əsərləri çoxdan, elə yaşadığı dövrdə Azərbaycandan çox-çox uzaqlarda səslənib, teatr səhnələrində qoyulub və xalqımızın mədəniyyətini dünyaya tanıtdırıb. Hal-hazırda bu qəbil tanıtmaya Azərbaycanın böyük ehtiyacı var. Çünki Azərbaycan dünya miqyasında böyük ölkə deyil. Baxmayaraq ki, dünyanın bir çox yerlərində millətimizin nümayəndələri yaşayır. Sənətə gəldikdə isə bizim nailiyyətlərimiz bir çox ölkələrdən daha üstün, daha böyükdür. Bunun əsas səbəbkarı vaxtilə Üzeyir bəy olub. Üzeyir bəyin dahiliyi bir də onda idi ki, Azərbaycanı qısa müddətdə irəliyə aparmaq üçün zəkalı şəxslərə ehtiyac olduğu həqiqətini vaxtında başa düşmüşdü. Eyni vaxtda Azərbaycan Dövlət Konservatoriyası yaranandan sonra Rostropoviç, Quriç, Zeydman, Brener, Şaroyev, Çumakov kimi böyük müəllimlər Azərbaycana dəvət olundu. Qısa müddətdə onların beynindən istifadə edərək öz musiqimizi inkişaf etdirməyə başladıq. Sonralar isə öz müəllimlərimiz yarandı. Bir dövr gəldi ki, əsası qoyulmuş binanın divarları arasında Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Cövdət Hacıyev, Soltan Hacıbəyov kimi bəstəkarlar və nəzəriyyəçilər yetişdi. Daha özgənin köməyinə ehtiyacımız qalmadı. Konservatoriyanın bəstəkarlıq kafedrasında Qara Qarayev kimi müəllim olan yerdə bizim heç kəsə ehtiyacımız yox idi.

Qara Qarayevin musiqisi həm Azərbaycan, həm də dünya musiqisi ilə sıx bağlıdır. Onun başqa xalqların musiqisini həssaslıqla duymaq bacarığı vardı. "İldırımlı yollarla" ümumbəşəri problemləri ehtiva etməsi ilə yanaşı, musiqi dilində Afrika musiqisindən, mövzusundan qidalanır. "Vyetnam suitası"nda Vyetnam, "Alban arabzoniya"sında alban, "Don Kixot"da ispanlarla bağlı gözəllik vəhdəti yaratmışdı. Belə bir insanın tələbəsi olmaq mənə ikiqat məsuliyyət verir. Əgər onun tələbəsi olmasaydım da, onun haqqında qürurla danışardım. Azərbaycan xalqı belə bir bəstəkar yetirdiyinə görə fəxr etməlidir.

Qara Qarayev şöhrətin şirinliyini sənətin əzablı yollarından keçərək erkən dadmışdı. O, xalqın məhəbbətini layiq görüldüyü mükafatların, fəxri ad və təltiflərin ən şərəflisi hesab edirdi. Bu ölçüyəgəlməz məhəbbəti qazanmaq isə hər sənətkara nəsib olmur.

 

Kaspi.- 2008.- 5 fevral.- S. 16.