Biz hamımız Üzeyir bəyin çörəyini yeyirik
Arif Babayev: «Allah
hamıya səs qismət eləmir, verdiyinə də çəki ilə verir» Fevralın 20-də xalq artisti
Arif Babayevin 70 yaşı tamam olur. Arif müəllim
ad günü ərəfəsində APA-ya
müsahibə verib - Bu gün 70 illiyini qeyd etdiyimiz
Arif Babayev sənətə ilk gəlişini necə xatırlayır? - Sənətdə
ilk addımlarımı
Ağdamın teatr və klublarında atmışam. Indiki cavanlara nə
var ki, qəşəng
yeyib-içir, kostyum geyinir, sonra da gedib bir-birindən yaraşıqlı
şadlıq evlərində
oxuyurlar. Əlbəttə,
bütün bunlar məni sevindirir, sənət adamına nə qədər yaxşı qayğı olsa, bir o
qədər yaxşıdır.
Lakin mən böyük sənətdə
az-çox tanınmaq,
özünəməxsus yer
tutmaq üçün
çox zəhmət
çəkmişəm. Qoy
bunu cavanlar da bilsin ki,
zəhmət hesabına
keçən günlər,
qazanılan uğurlar
daha qiymətli olur. Indi eşidəndə
ki, məndən xəbərsiz yubileyimə
hazırlaşırlar, bu
məni sevindirir. Onların hamısına təşəkkür edirəm.
Yubileyimlə bağlı
ilk böyük tədbir martın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrında keçiriləcək.
Eyni zamanda, Kirxada və çalışdığım Milli Konservatoriyada, Yevlax, Şəki və doğulduğum Ağdamda, həmçinin
ölkə xaricində
də yubiley tədbirlərinin keçirilməsi
nəzərdə tutulur.
- Deyilənə görə,
Sizin səsinizi ilk dəfə Xan əmi bəyənib?
- Xan əmi mənim səsimi bəyənirdi. Dirijor Niyazi Mərkəzi Komitəyə zəng edəndən sonra mənə ev verildi. Xalqımdan, dövlətimdən çox
razıyam, mənə
çox qayğı göstərir. Özümü
bir sənətkar, insan kimi xoşbəxt
sayıram, amma Qarabağsız bu xoşbəxtliyim bütöv
deyil. Qarabağ torpaqları işğaldan
azad olunduqdan sonra özümü tam xoşbəxt hesab edə bilərəm. - Bu yaşda da Arif
müəllimin səsi
sözünə baxır?
- Desəm ki, bu 70 yaşımda 15 yaşımdakı kimi oxuyuram, yalan olar. Amma həmişə
səsimi qorumağa çalışıram. Siqaret
və içkidən
uzağam. Özümə
yaxşı baxsam, yeri gələndə cavanlarla mübahisəyə
də girə bilərəm. Bu həyatdır, cavan illərimiz əldən gedib, artıq yaşa dolmuşuq. Şükür Allaha ki, sağ-salamatıq.
Mənə evdə də yaxşı baxırlar, elə bu da əsas
şərtdir. - Indi sənətçilərin evlənib-boşanmaları dəbə
çevrilib. Siz buna necə baxırsınız? - Kişi
üçün birinci
yerdə ailə dayanmalıdır və kişi ilk növbədə
yaxşı ailə başçısı olmalıdır.
Ailə düz olandan sonra, sənət yolu da hamarlaşır. Ailə və sənət bir-birinə paraleldir, gərək ikisində də yerini, hörmətini qoruyasan. - Deyirlər ki, hər muğam ifaçısı pedaqoq ola bilmir. Siz
isə əksər təhsil ocaqlarında muğamı tədris edirsiniz, yorulmursunuz ki? - Mənim bu 70 ilim elə-belə üst-üstə yığılmayıb.
Nə qədər canım-qanım var, milli musiqini,
muğamı yeni nəslə öyrədəcəyəm.
Cavanların musiqiyə
marağı musiqi məktəbindən başlamalıdır.
Inanın ki, dərsləri əmək
haqqına görə
yox, öyrətmək
üçün keçirəm.
Mən zəhmətkeş
adamam, çalışmayanda
darıxıram. Indiyədək
dünyanın 60 ölkəsində
olmuşam. Pul olmayan qastrollara da canla-başla getmişəm, fikirləşmişəm
ki, muğamlarımız
tanınsın. Insana pul lazımdır, amma baxır harada. Puldan ötrü ora-bura qaçmaq lazım deyil. - Toylarda başınıza gələn
maraqlı hadisələr
çox olub? - Bir dəfə Sabirabadda toyda idim, biri soruşdu
ki, “Məhləmizdə
bir quyu var” mahnısı ilə “Məleykə” mahnısını qarışdırıb
oxuya bilərəm? Ansambla dedim ki, mahnını çalsın. Başladım
“Məhləmizdə bir
quyu var əmioğlu, məhləmizdə
bir quyu var Meleykə” deyərək oxumağa. Gözüm də sifarişçidə idi ki, bu saat
gəlib nə isə deyəcək. Mahnını oxuyub qurtarandan sonra gəlib məni öpdü, “sən əsil sənətkarsan, bunu necə qarışdırdın?” - dedi.
- Azərbaycan muğamlarının
dünya səviyyəsində
təbliği, tanınması
Sizi qane edirmi? - Heç vaxt Azərbaycan muğamının beynəlxalq
səviyyədə təbliğatı
belə aparılmayıb.
Muğam müsabiqələrinin
təşkili, Qarabağ
xanəndələrinin kompakt
diskinin hazırlanması
təkcə muğam ifaçılarını yox,
muğamı da tarixləşdirdi. - Sizin əsasını qoyduğunuz
muğam dəstgahlarının
davamı olacaqmı?
- Yeddi muğamdan dördünü səhnəyə
qoymuşam, üçü
qalıb. Maliyyə məsələləri ilə
əlaqədar layihəni
hazırda davam etdirə bilmirəm, amma bu məsələ
ürəyimdə qalıb.
Başımı uca edən tələbələrim
çoxdur, sağ olsunlar. Amma həm qəzəli, həm də muğamı düzgün
öyrənib, təhvil
verən Firuz Səxavətdir. - Sizi sevənlərdən hələ
də məktub alırsınız? - Məktublar
çox gəlir, ancaq sevgi məktubları
ilə maraqlanmıram.
Indiyədək hörmətimi
saxlamışam, bu yaşımdan sonra itirə bilmərəm. Pərəstişkarlarım var,
ancaq mənim üçün özünü
yerə çırpan,
öldürən, ürəyi
gedən, dəli olan yoxdur. - Uzun müddət çalışdığınız Opera və Balet
Teatrının səhnəsi
üçün darıxmırsınız
ki? - Ömrümün
40 ilini Opera və Balet Teatrında
işləmişəm. Sonra da demişəm ki, daha bəsdir, indi də cavanlar
oxusunlar. Biz hamımız bu gün Üzeyir Hacıbəyovun çörəyini
yeyirik. Onun övladı əsərləri,
xidmətləridir. Operanı məbədgahım
hesab edirəm. Istəyirəm ki, operada ən yaxşılar, süzgəcdən keçənlər
çalışsın. Opera səhnəsinə çıxmaq üçün
boy-buxun, yaraşıq
və ən əsası da operaya layiq səs
olmalıdır. Gərək Üzeyir
bəyin Məcnunu neft qabına oxşamasın. Operada təklif
etdilər ki, yadigar qalması üçün Şah Ismayılı oynayım.
Hər şey vaxtında gözəldir, insan yerini bilməli, zamanla ayaqlaşmalıdır.
- Həmişə qalmaqallardan
uzaq olmusunuz. Ümumiyyətlə, kimdəsə səhv
görəndə deyirsinizmi?
- Mən qalmaqallardan uzağam. Onların yerinə mən
utanıram. Bir-birlərini “bozbaş” müğənni
adlandırırlar. O nemətdir,
qidadır, kimsə biabırcasına deyir ki, filankəs “bozbaş” müğənnidir.
“Bozbaş” müğənni
deyənləri tənbeh
etmək lazımdır,
bu sözləri işlətmək yaraşmaz
axı. - Televiziyalarda Bədii Şuranın bərpasını
vacib hesab edirsinizmi? - Söhbət
Bədii Şuranın
yaradılmasından yox,
deyilən sözə
əməl etməkdən
gedir. Şuranın sözünə əməl olunacaqsa, həqiqət keçəcəksə,
onda belə bir şuranın yaradılması yaxşı
olardı. - Sənətdən
yorulduğunuz vaxt olub? - Olub, hərdən.
Sənətdən küsməmişəm, ancaq çətin anlarım olanda hərdən düşünmüşəm
ki, mən burada nə edirəm. Elə olub ki, səkkiz ay səsim işləməyib. Allah hamıya səs qismət eləmir, verdiyinə də çəki ilə verir. Xanın səsi heç
kimə qismət olmayıb. Cabbara bir ayrı səs verib, Seyidə isə bir başqa. Sənətin möcüzələri çoxdur. - Ailənizdə
yolunuzu davam etdirən var? - Bir oğlum, iki qızım var. Oğlum Yaşarın balaca vaxt səsi
var idi. Sonra dəyişildi, indi bir az
səsi qalıb. Yəni səsi bütöv deyildi deyə, onu oxumağa qoymadım. Indi balaca nəvəmin
ağlamağından görürəm
ki, babat səsi var. Əgər onun səsi bütöv olsa, sənətə yaxın qoyacağam
Azadlıq.- 2008.- 20 fevral.- S. 15.