Elçin

 

Xocalı faciəsinə həsr olunmuş filmlərə mükafat verildi



Fevralın 25-də Rəşid Behbudov adına mahnı teatrında "Azərsun Holdinq" şirkətlər qrupunun baş sponsorluğu, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının təşkilatı dəstəyi ilə 26 fevral - Beynəlxalq Anım Filmləri müsabiqəsinə yekun vuruldu.

Xalqımızın ən ağır faciələrindən biri olan Xocalı faciəsinə və bütövlükdə Qarabağ müharibəsinə həsr olunmuş müxtəlif bədii, sənədli filmlər mükafatlara layiq görüldü. İlk olaraq "Heç kim və heç nə unudulmyacaq" nominasiyası üzrə Xocalı faciəsindən çəkilən ilk kadrları ilə bütün dünyaya səs salan Milli Qəhrəman çingiz Mustafayev qalib elan edildi. Mükafat ç.Mustafayevin atası Fuad Mustafayevə təqdim olundu. Xocalı haqqında çəkilmiş "Biz qayıdacağıq" filminin rejissoru Elxan Qasımov, "Haray" bədii filminin rejissoru Oruc Qurbanov, "Xocalı faciəsi" sənədli filminə görə, Mehriban Ələkbərzadə, "Dua" sənədli filminə görə Ziya Şıxlınıski, "Biz qarabağlıyıq" sənədli filminə görə Nailə Muradxanlı, AzTV-nin rejissoru Vüqar Tapdıq "Vətəndaş" nominasiyası üzrə qalib olduğu "Xocalı şəhidləri" filminə görə mükafatlandırıldılar.
Tədbirin sonunda haqlı olaraq belə tədbirlərə həmişə maliyyə dəstəyi verən "Azərsun Holdinq" şirkətlər qrupu da mükafata layiq görüldü. Mükafat şirkətin təmsilçisi Afiq Səfərova təqdim olundu. A.Səfərov mükafatı alarkən bunları söylədi: "Rəhmətlik çingiz Mustafayevin Xocalı faciəsində çəkdiyi kadrlar Azərbaycanı həmin dövrdə informasiya blokadasından qurtardı. Məhz bu kadrlarla bütün dünyaya erməni vəhşiliklərini göstərə bildik. Arzu edirəm ki, bu gündən sonra da sənət adamları Azərbaycan faciələrini əks etdirən sanballı, bədii filmləri ilə dünya arenasına çıxa bilsinlər. "Azərsun Holdinq" şirkətlər qrupu da belə tədbirlərə maliyyə dəstəyi göstərməyə həmişə hazırdır.
Mükafata görə çox sağ olun".


Təzadlar.- 2008.- 26 fevral.- S. 14.