Xəlilzadə F.
Milli musiqi
ifaçılığımızın öncül
ustadlarından olan xalq artisti, Prezidentin fərdi təqaüdçüsü
Arif Babayev məlahətli səsi və böyük istedadına
görə o sənətkarlar nəslinə mənsubdur ki, gəncliyindən
üzü bəri ona olan el məhəbbətini, rəğbəti
yaşada bilib. Təbiətən xeyirxah olan Arif Babayev belə
söyləyir: "Mən xalqımdan, hökumətimdən
çox razıyam. Heç vaxt naşükür ola bilmərəm.
Mənə həmişə ehtiramla yanaşılıb.
Bütün fəxri adları almışam. Prezidentin fərdi
təqaüdçüsüyəm, sayılıb-seçilirəm.
Son vaxtlar muğamlarımıza, xalq mahnılarına,
onların ifaçılarına xüsusi diqqət və məhəbbət
göstərilir, şərait yaradılır. Sənət
adamına daha nə lazımdır ki? Bu səs deyilən
varlıq əslində köz parçasıdır. Onun
yanğısına duruş gətirmək mümkün deyil.
Gör ömrün hansı pilləsinə gəlib
çıxdım. Məni həm mənəvi, həm də
maddi cəhətdən yaşadan və ucaldan
muğamlarımızdır. Bunu etiraf etməkdən zövq
alıram".
Gözəl səs ancaq doğulur. Səs var ki,
canındakı məlahət, həzinlik, kövrəklik səni
öz ovsununa elə salır ki, əslində onun sahibinə həm
həsəd aparırsan, həm də heyrət edirsən. Fikirləşirsən
ki, bu nə möcüzədir, ilahi?
Cızdağımızı çıxartdı, bizi
yandırıb tökdü, özü hələ də
heç nə olmayıbmış kimi oxumaqdadır. Bu
şirin səslərdəki qəm selinin, həyat eşqinin
ahəngində qəribə bir sehr, sirr gizlənir. Arif
Babayevi tanıyandan, onun səsinin cazibəsinə məftun
olandan bu cür düşünürəm. Arif Babayev
yaşıl səsli xanəndədir. Bu səbəbdən də
onun səsinin zümrüd yarpaqları heç vaxt sarı rəngin
nə olduğunu bilməyəcək. Elə bir avazı var
ki, "Mənsuriyyə"si, "Segah zabul"u,
"Şur"u, "Qarabağ şikəstəsi" bizi həmişəlik
öz məftununda saxlamaqdadır. Yanğı ilə
oxuduğu "Qəmərim" xalq mahnısının
nidaları varlığımızda əbədi atəş
qalayıb. Arif Babayevə qulaq asdıqca nəfəsinin və
avazının ovsunundan xilas olmaq mümkün deyil.
Görkəmli sənətkarın şifahi mədəniyyət
abidəsi adlanan muğamlarımıza özüməxsus
münasibəti var. O deyir: "Muğam bizim
qanımızdır, kimliyimizdir, xalqımızın taleyidir.
Hər bir muğamın özünün hekayəti var. "Humayun"
bir hadisəni danışır, " Segah" hansısa
nisgili nağıl edir. Muğamların hər birinin söylədikləri
mətləbləri danışmaq uzun çəkər. Hər
bir muğamda xalqımızın, millətimizin bir tarixi
yaşayır. Fikir verirsiniz, "Heyratı" başdan
ayağa qəhrəmanlığı tərənnüm edir. "Mənsuriyyə"
insanları vətən uğrunda mübarizəyə səsləyir.
Muğam həm də öz şirinliyinə və cazibəsinə
görə analarımızın laylasını
xatırladır. Uşaq vaxtı mən Ağdam məscidində
Mustafa adlı bir mollanın "Azan"ına qulaq
asmağı çox sevərdim. Nisgilli səsi vardı. Hər
dəfə ona qulaq asanda çox kövrəlirdim. Şəhərin
harasına getsən o səs eşidilirdi. Sonralar öyrəndim
ki, rəhmətlik "Zəminxarə" üstündə
oxuyurmuş. Elə o vaxtdan "Zəminxarə" mənim
ürəyimi fəth etdi. Sonralar onu Bakıda mükəmməl
öyrəndim, ifa etməyi sevdim".
Bəzən rəqəmləri, faktları quru, soyuq
adlandırırlar. Halbuki çox sadalananda
darıxdırıcı təsir bağışlayan hər
bir rəqəmin arxasında bir tale dayanır, insan
ömrü boylanır. Müəyyən məqamlar, hadisələr
xatırlanır. Bu baxımdan Arif Babayevin bioqrafiyasından
çəkdiyimiz hər bir rəqəmin kəsb etdiyi dərin
mənalar var. O, 1938-ci il fevral ayının 20-də Ağdam
rayonunun Sarıhacılı kəndində anadan olub. Atası
İmran kişinin məlahətli səsi olsa da, heç vaxt
xanəndəlik etməyib. Arif Babayevin yaxın qohumları təsdiqləyirlər
ki, xanəndənin səsi atasının avazına bənzəyir.
Ağdamdakı 5 nömrəli orta məktəbi bitirdikdən
sonra hərbi xidməti də başa vuran Arif Babayev bir
müddət doğma rayonunun mədəniyyət evində
çalışıb. Sonralar isə ali təhsil almaq
üçün Bakıya gəlib. 1962-ci ildən paytaxta
bağlanan Arif Babayev hələ tələbə ikən opera
və operettalardan ifa etdiyi ayrı-ayrı parçalar,
muğamlar müəllimlərinin diqqətini çəkib. O,
Azərbaycan Dövlət İncəsənət
İnstitutunda oxuyurdu. İkinci kursda ikən M.Maqomayev adına
Azərbayan Dövlət Filarmoniyasının solisti
seçilib. İki il sonra Azərbaycan Dövlət Akademik
Opera və Balet Teatrında işə başlayıb.
Belə bir fikir var ki, muğam insanın xarakterini müəyyənləşdirir
və onun xasiyyətində bir sabitlik yaradır. Bu mənada
muğam ifaçıları həmişə ciddi və
ağır təbiətli olublar. Bu fikrin təsdiqini tapmaq
üçün çox uzağa getmək lazım gəlmir.
Xan əmini xatırlamaq, elə Arif Babayevin özündən
söz açmaq kifayət edər. Ustadın bu fikrimizə
münasibəti belədir: "Sizinlə razıyam.
Muğamlarımızla, xalq musiqisi ilə məşğul
olan adamların demək olar ki, əksəriyyəti
ağırtaxtalıdırlar. Oturuşlarına,
duruşlarına, el içində özlərini
aparmaqlarına xüsusi fikir verirlər. Bir də
açıq deyirəm, muğam adamın canına elə
hopur ki, o özü sənin içində bir nəzarətçiyə
çevrilir, hər hərəkətinə, addımına
göz qoyur. Muğam elə xəzinədir ki, qapısı
hamının üzünə açıqdır, amma hər
kəs də içəri daxil ola bilmir".
Yarım əsrdən çoxdur ki, Arif Babayev muğamla nəfəs
alır. Onun qəlb titrədən nalələrini, sədalarını,
haray və gileylərini bizlərə çatdırır. Gözünü
açandan isə "Qarabağ şikəstəsi"ni
oxuyur. Onu narahat edən bir məqamı da bildiririk. Qədimlərdə
toylarımızda muğam eşitməyi çox sevərdilər,
amma nədənsə sonralar yüngül musiqiyə maraq daha
çox artdı. İndinin özündə də bu
tendensiyanı duymaq olur. Hətta elə bir məqam
çatmışdır ki, muğam və xalq
mahnılarımız köhnəliyin əlaməti kimi
unutdurulmağa məruz qalmışdır. Arif Babayev fərəhlənir
ki, muğamlarımızın tarixin arxivinə
atılmasından, onun ifaçılarının üzləşdiyi
əzablardan xilas olmasında Heydər Əliyev Fondunun
böyük rolu olmuşdur. Xüsusilə də bunda Fondun rəhbəri,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətləri
danılmazdır. Arif Babayev qürur hissi ilə bildirir ki,
dövlət tərəfindən göstərilən diqqət
və qayğı həm muğamlarımızın, həm də
ifaçılarımızın
yaradıcılığında yeni, coşqun mərhələ
yaratdı. Heydər Əliyev Fondunun dəstəyi ilə
keçirilən muğam müsabiqələri təsdiqlədi
ki, şifahi xalq yaradıcılığının möhtəşəm
abidəsi sayılan bu qiymətli xəzinə bəşər
mədəniyyətinin əvəzsiz inciləridir. Xoşbəxt
və bəxtiyarıq ki, hamını heyranlıqda saxlayan Azərbaycan
muğamlarını yaradanlar bizim xalqa və millətə məxsusdur.
Bakıya gələn gündən (1962) Azərbaycan Akademik
Opera və Balet Teatrının səhnəsində mötəşəm
obrazların ən qabil ifaçısı kimi yaddaşlara həkk
olunan Arif Babayevin can verdiyi Kərəm, Məcnun, Şah
İsmayıl, Aşıq Qərib, Camal və başqa opera qəhrəmanları
coşqunluğu, həyatiliyi, təbiiliyi ilə fərqlənib.
Bütün Leylilər həmişə ürəkdən
deyiblər ki, Arif Babayevin Məcnunu bənzərsizdir. Xüsusilə
də unudulmaz Rübabə Muradova Əbülfət Əliyev
və Arif Babayevlə tərəf müqabili - Leyli
olmağı çox sevərmiş. "Arifin səsindəki
yanğı içimdəki közü həmişə tərpədib.
Mən Leylilərimi məhəbbətlə, sevərək
yaratmışam. Amma Ariflə səhnədə olanda mənim
Leylim daha nisgilli və yanıqlı alınırdı", -
deyə Rübabə Muradova müsahibələrinin birində
Arif sənətinə olan məhəbbətini belə
bildirmişdi.
Arif Babayevin opera səhnəsində Leyliləri çox olub.
Zeynəb Xanlarova, Flora Kərimova, Səkinə
İsmayılova, Yaqut Abdullayeva, Qəndab Quliyeva və
başqaları.
Xeyli vaxtdır ki, Arif Babayev Opera və Balet Teatrında nəinki
Məcnunu, heç başqa obrazları da yaratmır. "Hər
şeyin öz vaxtı var. 30 il oynamışam. Qoy indi də
başqa Məcnunlar meydana çıxsın. Vaxtilə
Üzeyir Hacıbəyov bu operanı yaradanda
ifaçılıq sarıdan qıtlıq idi. İndi
maşallah, ifaçılarımız çoxdur. 60-70
yaşında Məcnun oynamaq gülünc təsiri
bağışlayar. Cavanlara etibar etmək
lazımdır", - deyə öz fikrini Arif Babayev belə qətiləşdirir
Hazırda Arif Babayev pedaqoji fəaliyyətlə məşğul
olur. Milli Konservatoriyanın professorudur, müxtəlif musiqi məktəblərində
dərs deyir, neçə-neçə yetirmələri var. Muğamla
bağlı keçirilən müsabiqələrdə
münsif kimi iştirak edir, gənclərə istiqamət
verir. İstedadlıların yolunun üstündə
yaşıl işıq yandırır. Arif müəllim
özü ustad gördüyündən ustadlıq etməyi də
bacarır. Vaxtilə böyük sənətkarları ilk dəfə
məhz filarmoniyada görüb. Seyid Şuşinskini, Bəhram
Mansurovu, Qurban Primovu, Zülfi Adıgözəlovu, Rübabə
Muradovanı, Sara QədimovanıE Bu sənətkarların
ruhu dolaşan filarmoniyada Arif Babayev muğam
ifaçılarının yeni nəslinə xeyir-dualar verir.
Arif Babayevin gözlərinin dərinliyində bir kədərin
xiffəti duyulmaqdadır. Bu, Qarabağla bağlı həsrətin
əks-sədasıdır. Tez-tez qədim bir bayatını
özü üçün züm-zümə etməklə
sanki həsrətini sovuşdurmaq istəyir.
Ay oğlan, çıraqlısan,
Əsli Qarabağlısan.
Bir gözəl yar ucundan,
Sən də sinə dağlısan.
Arif müəllimin bu gözəl yarı ana yurdu
Ağdamdır. Bəlkə də bu həsrətin bəxşişidir
ki, səsində qəribə bir ovqat duyulur. Səsinin
avazı adamı milyonların içindən çəkib tənhalığa
aparır. Qəribə gün də onda doğar ki, ustadın
ifasında "Segah" muğamını dinləyəsən.
Ədalət naminə deyək ki, Arif Babayevin oxuduğu
bütün muğamlar və xalq mahnıları möhtəşəmdir,
təsirlidir, amma "Segah" muğamı onun nəfəsində
özgə bir aləmdir. Xan Şuşinski "Qarabağ
şikəstəsi"inə, Fatma Mehrəliyeva "Kəsmə
şikəstə"yə, Rübabə Muradova "Heydər
babaya salam"a, Yaqub Məmmədov "Mənsuriyyə"yə,
Qədir Rüstəmov "Sona bulbullər"ə, Sara Qədimova
"Qatar"a hansı möhürü vurublarsa,
"Segah" da məhz Arif Babayevin nəfəsində o zirvədədir.
Dinlədikcə heyrətə gəlirsən ki, sənin əcdadların
bu muğamın naləsindən keçib. Arifin
"Segah"ı adamın bütün damarlarında
dolaşır. İllah da içində bir həsrət yuva
qura. O məqamda "Segah" səni qanadlarında hara
uçurmur?! İndiki halda Arif Babayevin "Segah"ı vətəndir,
torpaqdır, düşmən tapdağında inləyən
yurd yerimizdir. Arifin o məlahətli, kədərli, kövrək
səsi isə həsrətini çəkdiyimiz obalardan -
Qarabağdan, ZəngəzurdanE gələn nalədir. Bu yerdə
müdrik şairimiz Bəxtiyar Vahabzadənin
"Muğam" poemasından aşağıdakı
misrası yada düşür: "Mənə çox mətləbi
ahəstəcə qandırdı muğam". Ulu Füzulinin
bağrından qopan poetik nalələrin Arif Babayevin nəfəsindəki
yeni yozumu bizi hara aparır:
Bildim bu qəziyyə imtahandır,
Zira ki, bu, bir bəlayi-candır.
Azərbaycan.- 2008.- 20 fevral.- S. 7.