İbrahimova S.

 

Qarabağsız özümü yetim hiss edirəm

 

70 yaşını haqlayan Xalq artisti Arif Babayev yurd-yuvasının həsrəti ilə yaşayır

 

  Muğam sənətinə yeni Qarabağ nəfəsi gətirən Xalq artisti, professor Arif Babayev fevralın 20-si 70 yaşını tamamlayır. Qarabağ torpağının çoxsaylı istedadlılarından olan sənətkar hələ cavanlıq illərində Xan Şuşinski, Zülfü Adıgözəlov, Mütəllim Mütəllimov, Seyid Şuşinski sənətindən bəhrələnib, muğamın sirlərinə yiyələnib.

Qeyd edək ki, yubilyarın 70 yaşının dövlət səviyyəsində qeyd olunması nəzərdə tutulub. Mədəniyyət Turizm Nazirliyinin mətbuat əlaqələndiricisi Zöhrə Əliyeva yubileyin sənətkarın adına layiq şəkildə keçiriləcəyini söylədi. O, tədbirin mart ayına nəzərdə tutulduğunu diqqətə çatdırdı.

Arif Babayevin müsahibələrə bir o qədər maraq göstərmədiyini nəzərə alsaq, "Kaspi"nin onunla yubiley mövzusunda danışmağının qədər asan başa gəlmədiyini əvvəlcədən diqqətinizə çatdırmaq istəyirik:

- Sənətdə özümü bəxti gətirənlərdən hesab edirəm. Xanəndələr arasında ilk professor adını qazanan mən olmuşam. Xalq artistiyəm, daim dövlətin qayğısını üzərimdə hiss edirəm. Amma kənardan baxan üçün bunlar asan görünməsin. Bütün uğurlarımı damla-damla qazanmışam. Muğam sənətinə həvəsim uşaq yaşlarımdan başlayıb. Elə o vaxtdan sənətin çətin asan tərəflərini görmüşəm. Çəkdiyim zəhmətim bəhrəsiz ötüşməyib.

- Ömrünüzün uzun ilini teatra həsr etmisiniz. Zeynəb Xanlarova ilə oynadığınız "Leyli Məcnun" tamaşası ekran qarşısına minlərlə tamaşaçı ordusu toplaya bilirdi.

- Bəli. Teatrda 40 ilə yaxın çalışmışam. Onun 30 ilini sərasər əsas rollarda, oynamışam. Opera Teatrı bir məktəbdir. Ora düşən adam Füzuli dünyasına yaxınlaşır, muğamdakı yanğını daha aydın hiss edir. Bu gün tələbələrim Nəzakət Teymurova, Aygün Bayramova, Gülüstan Əliyeva, Mənsum İbrahimov teatrdakı dəsti-xəttimizi yaşadır.

- "Qarabağsız Arif Babayev" - bu ifadə sizdə hansı hissləri yaradır?

- Qarabağsız özümü xoşbəxt hiss etmirəm. Mən evimi-eşiyimi muğamla tikmişdim. Muğam musiqimizin şahı, ana laylamızıdır. Bu yaşda var-dövlət arzulamıram. Yuxarıda qeyd etdiyim kimi, sənətkara lazım olan titulları, hörməti qazanmışam. Səsimi Qarabağdan gətirmişəm. Əgər ərazi indi işğal altındadırsa, özümü necə hiss edə bilərəm. Tez-tez yurd-yuvam, orada keçirilən sənət məclisləri yuxuma gəlir. Əmin-amanlıq dövründə ayağımın biri o tərəflərdə idi. Tez-tez kəndə gedib ruhumu təzələyirdim. Kənd camaatı ilə ünsiyyət yaradır, oylaqları gəzirdim. Səsim cövlan edirdi. Məni yaşadan bunlar idi. Onlarsız özümü yetim hiss edirəm. İnanıram ki, həmin yerləri görmək mənə bir nəsib olacaq. Mən bunun həsrəti ilə yaşayıram.

- Sənətdə ən çox tələbə yetişdirən Arif Babayev gənc xanəndələrin fəaliyyətini necə qiymətləndirir?

- Tələbələrimdən razıyam, əksəriyyəti Xalq, Əməkdar artist fəxri adını alıblar. Gənclər arasında da istedadlıları yetərincədir. Xüsusi ilə Mehriban Əliyevanın diqqəti muğam sənətini göylərə qaldırıb. Müsabiqələrin təşkili meydana bir-birindən istedadlı uşaqlar çıxarıb.

- Müsabiqənin tezliklə keçirilməsinə zərurət var?

- Düşünmürəm. Əvvəlcə ifaçılar yetişməlidir. Bu, sıradan bir layihə olmadığı üçün ən xırda nüansa belə ehtiyatla yanaşmaq lazımdır. Vaxtı yetişəndə, biz yenidən əyalətlərə üz tutub onları axtarıb tapacağıq. Ən yaxşıları seçiləndən sonra yenidən müsabiqəyə start veriləcək.

- Səhnənin yararsız müğənnilərə ehtiyacı var?

- Yaxşının yaxşı olduğunu bilmək üçün mütləq pis lazımdır. Neft sudan ayrıldığı kimi, istedadsız müğənnilər istər-istəməz yaxşılardan seçilir. Belələri məni qətiyyən narahat etmir. Çünki o, istedadlının yerində yox, ona məxsus pillədə oturub.

 

Kaspi.- 2008.- 9-11 fevral.- S. 17.