Quliyeva Z.

 

Muğamın Arif Babayev zirvəsi

 

Bu gün əsərindən epiqraf gətirdiyim Yusif Vəzirin ağlına da gəlməzdi ki, çörəyimizi yeyib, suyumuzu içən qonşularımız bir gün bizə qənim kəsiləcək, xaç qardaşlarının köməyi ilə doğma Qarabağımızı, Şuşamızı, Ağdamımızı işğal edəcəklər...

Gözümü açandan başıqarlı uca dağlar, meyvəli bağlar, suyu diş göynədən bulaqlar, qıjıltı ilə üzü arana axıb gedən çaylar gördüm və bir də İlahidən gələn səslər eşitdim. Sara Qədimova, Əbülfət Əliyev, Qədir Rüstəmov, Səxavət Məmmədov səsi. Ovqatımızın şən və kədərli anlarında isə daha çox ehtiyac duyduğum bir səsi dinləmişəm. Bu səs sanki ömrü at belində keçən babalarımızın mənəviyyatının, lal duyğularımızın tarixidir. Elə buna görə də muğamlardan, onun görkəmli ifaçılarından söz düşəndə hər kəs qeyri-iradi olaraq Arif  Babayevin adını çəkir.

Aylı-ulduzlu bahar gecələrində ikimərtəbəli evimizin daş pilləkənlərinin üstündə oturub Arif  Babayevin sehrli, ecazkar səsinə qulaq asdığım anlar bəlkə də mənim üçün nağıl qədər şirin idi.

Sənsiz, ey şux, mənim xoş güzəranım yoxdur,

Sən yoxsan, elə bil cismimdə canım yoxdur.

Bu səsdə yalan hisslər, saxta notlar olmadığı üçün bizi sevgi adlı bir müqəddəs dünyanın qoynuna alıb xoşbəxt edirdi.

Pəncərədən daş gəlir,

Xumar gözdən yaş gəlir.

Səni mənə versələr,

Allaha da xoş gələr.

Ay bəri bax, bəri bax,

 Ay mən ölləm, bəri bax.

Azı min kərə eşitdiyim bu mahnıların, eləcə də "Segah", "Rast", "Qarabağ şikəstəsi"nin və digər muğamlarımızın cazibəsindən çıxa bilmirdim. Ağdamın Qarabağın toy otağına bənzədildiyi bir vaxtda, demək olar ki, səhər-axşam tar-kaman səsi, ustad avazı eşidirdik. Gözəl səsi, şirin ifası olan şeir-sənət adamlarına xüsusi hörmət-izzət vardı. Bu mənada Arif Babayev daha çox bəxti gətirən sənətkarlardan idi. Çünki ilahi bu insana hər şeyi çox səxavətlə, tamamlanmış şəkildə qismət edib. Arif müəllim həm şəxsiyyət kimi, həm musiqiçi kimi ideal insandır. Elə bir insan kimi xoşbəxtdir. Dövlət rəfindən bütün qayğılarla təmin olunub, amma torpaq itkisi, Qarabağ dərdi Arif müəllimin əyilməz qamətini içdən əritməsə...

Bu sətirləri yazdıqca uşaqlıq xatirələrim çözələnib gedir. Balaca olanda rəhmətlik atam Arif Babayevin Zeynəb Xanlarovanın valını alıb gətirmişdi. Qonum-qonşu bizim radionun başına yığışar cavan müğənninin bal kimi şirin, məlahətli səsini dinləyərdik. İllər keçdikcə dərk etdim ki, muğamat xalq mahnıları ruhuma həmin patefon valından köçüb.

    Ay qız, adın Hürüdü,

   Duman dağı bürüdü.

Səndən mənə yar olmaz,

Cavan canım çürüdü.

Ay Qəmərim, Qəmərim,

Gözəl Qəmərim, Qəmərim,

Bu avazın təsiriylə necə həvəslə qol götürüb sındıra-sındıra oynayardıq. Tale elə gətirdi ki, bir gün uşaqlıq yaddaşımda dərin iz salan bir el adamı kimi adıyla fəxr etdiyim sənətkarla görüşmək mənə nəsib oldu. Bir neçə il əvvəl Arif Babayevlə qabaq-qənşər oturub müsahibə götürməli oldum. Doğrusu, elə həyəcanlı idim, fikirləşirdim ki, xalq artisti, professor, Opera və Balet Teatrının solisti, konservatoriyanın müəllimi, dünyanın 50-dən çox ölkəsini gəzmiş, Məkkəni ziyarət edərək Hacı titulunu qazanmış, həmçinin yüzlərlə tamaşaçı, dinləyici sevgisi ilə əhatə olunmuş bu adamla söhbətə necə başlayım ki, zəif müxbir kimi görünməyim. Deyəsən, müsahibim sıxıntımı anlamışdı. Az keçmədi aramızda elə bir səmimi söhbət alındı ki, artıq Arif Babayev uşaqlıq illərindən pərəstiş etdiyim nağıl qəhrəmanı deyildi. Sadəliyi, istiqanlılığı, səmimiliyi ilə dayı, əmi, qardaş qədər özümə yaxın hesab etdim. Sənətkarın Amerika səfəri ilə bağlı söhbətləri sətirbəsətir yadımdadır. Baxmayaraq ki, həmin müsahibəni götürdüyüm vaxtdan xeyli illər keçib. İstərdim bəzi məqamları bir xatırladım. "Bu mənim Amerikaya üçüncü səfərimdir. Orada qaldığım bir ay ərzində 4 konsert proqramı ilə çıxış etdim. Amerikalılar bizim muğamları elə sevirlər ki, adam məəttəl qalır. Dilimizi bilmədiklərinə baxmayaraq, təmiz səsi, gur boğazı, gözəl musiqini o dəqiqə duyurlar. Bir ay ərzində Vaşinqtonda, San-Fransiskoda, Los-Ancelesdə, Çikaqoda olduq. Los-Ancelesdə yaman kövrəldim. Oranın təbiəti Qarabağın təbiətinə çox bənzəyir. Əsrarəngiz gözəlliyə malik yerlərdə - qayaların arasında, zümrüd meşələrdə, uca dağların ətəyində, durna gözlü çeşmələrin üstündə özümü doğma Qarabağda hiss etdim. Şuşa, Ağdam nisgili parçaladı qəlbimi. Qəribədir ki, gördüyüm evlər Əhmədavardakı ata evimizə yaman oxşayırdı".

Arif müəllim onu da söyləmişdi ki, Azərbaycan haqqında ətraflı məlumat yayaraq, dünya dövlətlərində təbliğat aparmaq üçün incəsənət adamları da çox görməlidir. Əlbəttə, müğənnilərin silahı qaval, bir boğazıdır. Arif müəllimin cəbhə bölgələrində, birbaşa ön xətdə əsgərlər qarşısında az çıxışları olmayıb. Doğrudur, torpaqlarımızın zəbt olunması, uğursuzluğumuz ilk əvvəllər sənətkarın yaradıcılığına çox pis təsir etmişdi. Lakin sonralar qələbə naminə səsini ucaltmağı qərara aldı.

Fəxrlə qeyd etməliyik ki, bu gün Azərbaycan musiqisi sahəsində Arif Babayev məktəbi var bu böyük məktəbdə istedadlar axtarılır, gənc ifaçılar muğam ustası kimi yetişdirilir. Muğamlarımızı xalq mahnılarını unutmağa qoymayan, onlara yeni həyat verən sənətkarın Azərbaycan incəsənətindəki fəaliyyəti əsrlər, nəsillər dəyişsə , yaddan çıxan deyil.

Fevralın 20-də görkəmli xanəndənin 70 yaşı tamam olur. Hörmətli sənətkarla görüşüb ondan yeni müsahibə almağı özümə şərəf saysam da, buna cürət etmədim. Çünki bir neçə il bundan əvvəl növbəti müsahibəmi qələbə ruhunda yazmağa söz vermişdim. Hələlik Qarabağımız düşmən tapdağında qalsa da, Arif müəllimin zəfər nəğmələrini eşidəcəyimizə çox ümidliyəm. Ona da inanırıq ki, 70 yaşında dağ vüqarlı, əyilməz qamətli, təmkinlilik mücəssəməsi olan Arif Babayevin səsi gəncliyində coşub-daşan dağ selinə bənzəyirdisə, indi kövrək bayatılı şikəstəli bir dağ çayına çevrilib. Elə bir çaya ki, mənbəyi əbədi həyat çeşməsi olan bulaqlarımızdan, əsl musiqi ifaçılarımızın zəngin çeşməsindən qaynaqlanır. Bu sözlər yubilyarın öz dilindən deyilir: "Mən evimi-eşiyimi muğamla tikmişəm, muğam musiqimizin şahı, ana laylasıdır. 70 yaşım olacaq. Bu yaşda çox şey görmüşəm. Mən özümü xoşbəxt adam hesab etmirəm. Qarabağ adlı dərdim var. Mən səsimi oradan gətirmişəm. Amma inanıram ki, Qarabağın işğaldan azad olunduğu günü görmək mənə nəsib olacaq".

Əzizimiz Arif müəllim, ömrünüzün 70 illik zirvəsi mübarək. 100 il yaşamağınızı diləyərək deyirik: "Tanrı sizin zəfər nəğmənizi, bizim qələmimizi qələbə sorağında çox gözlətməsin!"

 

Azərbaycan.- 2008.- 17 fevral.- S. 8.