Sadıqzadə H.
Muğam ustası ilə
görüş
Azərbaycan
muğam sənətinin ustadları, söz-sənət
xiridarları və tanınmış incəsənət
xadimləri fevralın 20-də bir araya gəldilər. Toplaşdılar ki, Azərbaycan muğam sənətinin inkişafında
böyük xidmətləri
olan Azərbaycanın
xalq artisti, “Şöhrət” və “İstiqlal” ordenli, professor Arif İmran oğlu Babayevin 70 illik yubileyini qeyd etsinlər. Yubiley tədbiri Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasının
akt zalında keçirildi. Yubiley tədbirini giriş
sözü ilə Azərbaycan Milli Konservatoriyasının rektoru,
respublikanın xalq artisti, professor Səyavuş Kərimi açaraq Arif Babayevin milli musiqimizin inkişafı sahəsindəki xidmətlərindən
danışdı. S.Kərimi
daha sonra onun yetirmələrindən,
bəstələdiyi mahnılardan,
pedaqoji fəaliyyətindən, habelə yüksək insani məziyyətlərindən
söz açdı.
Tədbirdə görkəmli
muğam ustadının
yetirmələri Zabit
Nəbizadə (əməkdar
artist), Aygün Bayramova (xalq artisti), Gülüstan Əliyeva (əməkdar artist), Nəzakət Teymurova (xalq artisti) onun repertuarından
muğamlar oxudular.
Gimnaziyanın şagirdləri
Gülcahan Məmmədova,
Şəbnəm Mütəllimzadə,
Aynur Əmirova, Əlimurad Nuriyev və başqaları qiraət sahəsində bacarıqlarını nümayiş
etdirdilər.
Sözü gedən tədris ocağı xoreoqrafiya şöbəsi
şagirdlərinin çıxışları
rəğbətlə qarşılandı.
Yubiley tədbirini aparıcılar Mahmud Abdullahı və Mənzər Məlikməmmədova
təqdim etdilər.
Yubiley təntənəsinin
sonunda görkəmli muğam ustası A. Babayev səhnəyə dəvət olundu. Respublika İncəsənət
Gimnaziyasının direktoru
Mahizər Şabanbəyova
və direktor müavini Kəmalə Kərimova yubilyar haqqında öz ürək sözlərini
söyləyib hədiyyələri
təqdim etdilər.
Ədəbiyyat qəzeti.- 2008.- 22 fevral.- S. 6.