Eldar Mansurov: “Azərbaycanda estrada musiqisi və ifaçılığı
ağır vəziyyətdədir”
Azərbaycan
Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət
xadimi, bəstəkar Eldar Mansurovun APA-ya müsahibəsi
- Azərbaycan musiqi sənətinin hazırkı
durumunu necə xarakterizə edərdiniz?
- Bu gün Azərbaycan mədəniyyətinə
baxanda ürəyimdən ağrı keçir. Biz Şövkət Ələkbərovanın,
Rəşid Behbudovun adını çəkəndə
cavanlar əsəbiləşirlər.
Yaxşı, onlar qaldı dünəndə,
bəs bu gün? Dünən gənc olan Aygün Kazımova, Faiq Ağayev bu gün ortayaşlı
musiqiçilər sırasındadır.
İndi "azəri-starlar", "yeni-ulduzlar",
"akademiyaçılar" həddindən artıq çoxdur. Bəs onlar sabah bizə
nə verəcəklər?
Azərbaycan mədəniyyətinin
bugününü yeni
doğulan uşağa
bənzədirəm. Bəlkə
də sabah mən həyatda olmayanda bunların hansısa addımı, uğuru olacaq, amma bu gün
hələ heç nə etmirlər. Bu gün Azərbaycanda
estrada musiqisi və ifaçılığı
ağır vəziyyətdədir.
İndi şou-biznes var. Şou-biznes isə bazardır, prodüserlər, aparıcılar,
şoumenlər, yaxud da musiqidən başı çıxmayanların
toplaşdığı bazar.
- Bu gün Eldar Mansurovun məktəbi varmı?
- Gənc ifaçılar
və mahnılarımı
oxuyanlar mənim məktəbimdir. Gənclərlə işləyəndə mahnılarımı onlara
havayı vermişəm,
bu gün də elədir. Ətrafıma bir çox gənc toplaşıb. Onlar məni yazmağa məcbur edirlər. Arada dincəlmək istəyirəm, ancaq hey mənə mahnı yazdırırlar.
Bundan böyük xoşbəxtlik nə ola bilər? Hesab edirəm ki, ifaçıların simasında mənim məktəbim var. Bəstəkar kimi isə çətindir.
- Sizin bəzi mahnılarınız türk
ifaçıları tərəfindən anonim bəstələr
kimi ifa olunur. Buna münasibətiniz necədir?
- Hələ heç bir türk müğənnisi
mahnımı mənim icazəmlə oxumayıb. Onlar orada yaşayır,
mən burada. Bu səbəbdən nə isə edə, onları məhkəməyə verə
bilmirəm. Dəfələrlə
istəmişəm, amma
gücüm çatmayıb.
Əgər dövlət
tərəfindən yaxşı
vəkil verilsə, bu məhkəməni başlaya və uda bilərəm.
- Müəlliflik hüququnuzun pozulduğu bu
mahnıları dinləyəndə hansı hissləri
keçirirsiniz?
- Qürur
hissi keçirirəm.
Bir azərbaycanlı kimi mənim əsərimin, Azərbaycan musiqisinin başqa ölkələrdə
səslənməsi həm
özümün, həm
millətimin qələbəsidir.
Əgər onlar bu bəstələrə müraciət edirlərsə,
deməli, bu, dəyərli musiqidir.
Mənim üçün
pul maraqlı deyil. Burada qazanıram,
acından ölmürəm
ki... Məni yandıran Azərbaycan müəlliflərinin hüquqlarının
qorunmamasıdır. Məhz
bu səbəbdən də məni xaricdə bütün millətlərin nümayəndəsi
kimi qələmə verirlər, təkcə Azərbaycandan başqa. Bir çox vəkil tanışımın
olmasına baxmayaraq, biri mənə demir ki, Eldar,
sənədləri ver,
aparaq sənin mahnıların səslənən
ölkədə bu məsələni birdəfəlik
həll edək. Bunu etmədiyimizə görə ermənilər
də bizim mahnıları götürürlər.
Fikirləşirlər ki,
əşi, bunlar öz musiqilərinə yiyə dura bilmirlər, biz də onların musiqisini götürüb
öz adımıza çıxaq. Məsəl
var ki, yeməyənin
payını yeyərlər.
- Sizcə, bu sahədə hansı konkret addımlar
atılmalıdır?
- Bunun üçün hər şeydən
əvvəl azərbaycanlı olmaq və azərbaycanlı
olmağınla fəxr etmək lazımdır.
Sözümüzü sənətimizlə, musiqimizlə
deməliyik.
- SMS-li müsabiqələrə münasibətiniz
necədir?
- Bunu qəbul etmirəm. SMS-lə sənətkar
seçməzlər.
- Opera yazmaq fikriniz yoxdur ki?
- Artıq "Yeddi gözəl" adlı rok-opera
yazmışam, şərait gözləyirəm. Mənə
bu operanı Musiqili Komediya Teatrında səhnəyə
qoymaq təklif olunub. Amma bu
oranın işi deyil. Heydər Əliyev adına Sarayın əsaslı təmiri başa çatandan sonra operanı səhnələşdirməyi
düşünürəm. Eyni zamanda, bu
işə sponsor köməyi lazımdır.
Görək necə olacaq... Bir də
Bakıda Rok Mərkəzi yaratmaq istəyirəm. Bakıda Muğam, Caz Mərkəzi var, Rok Mərkəzi də olsun. Bu, bilavasitə Bakıda rok musiqisinin inkişafına yardım edəcək. Çox istərdim ki, Bakıda rok musiqisi festivalı
da keçirilsin.
- Bu gün yazılıb ifa olunan mahnıların tez unudulması
nə ilə bağlıdır?
- Tofiq Quliyev, Cahangir Cahangirov, Rauf Hacıyev, Fikrət
Əmirov ölməz mahnılar yaradıblar. Mən onların adının
yanında çəkinə-çəkinə deyirəm
ki, bəstəkaram. İndi kimdəsə səhv tutanda deyir ki, sən
kimsən? Bunun səbəbi odur ki, indiki mahnılar
sponsorun 5 min dolları ilə 5 dəfə efirdə gedir, pul qurtarandan
sonra mahnı yaddan çıxır. Yaxşı musiqi isə yaddan çıxmamalıdır...
525-ci qəzet.- 2008.- 2 fevral.- S. 25.