Popstar alaturkaçılar üzr istəyiblər

 

Türkiyədə olan Kamal Cenk İçten ciddi yanlışlığa aydınlıq gətirdi

 

Türkiyənin "Star" telekanalından yayımlanan "Popstar Alaturka"nın sonuncu buraxılışı barədə qəzetimizdə məlumat dərc olunmuşdu. Xatırladaq ki, iki azərbaycanlı iştirakçıdan biri artıq müsabiqəni tərk edib. Digəri - Aygün Şükürova isə final mərhələsi uğrunda yarışır. Lakin sözügedən iştirakçının ifası hər dəfə müxtəlif xoşagəlməz məqamları ilə yadda qalır. Onun sonuncu dəfə səsləndirdiyi Cahangir Cahangirovun bəstəsi olan "Ay qız" mahnısının söz musiqisinin erməni müəllifinə məxsus olması kimi təqdimatı ictimaiyyətin etirazı ilə qarşılanıb. Xatırladaq ki, "Azəri star" yarışmasının iştirakçıları "Popstar Alaturka"ya türkiyəli prodüser Kamal Cenk İçtenin təşəbbüsü ilə göndərilib. Məlum məsələyə təsirinin olub-olmadığını öyrənmək üçün "Kaspi"nin müxbiri onunla əlaqə yaratdı. Hazırda Türkiyədə olduğunu deyən Cenk İçten anlaşılmazlığa aydınlıq gətirildiyini söylədi: "Həmin anları mən zalda tamaşaçılar arasında izlədiyim üçün titrləri aydın oxuya bilmirdim. Lakin yaxın dostumun sayəsində efir başa çatmamış məsələdən xəbər tutdum. Dərhal müsabiqənin təşkilat komitəsinə yazılı müraciət göndərdim. Anlaşılmazlığı aradan qaldıran təşkilatçılar əvvəlcə səhvlərini düzəldiblər, daha sonra efirdən üzr istəyiblər". Məsələ gündəmə gələndən bəri bir çox mütəxəssislər mahnının musiqisinin Cahangir Cahangirova məxsus olduğunu söyləsələr , söz müəllifinin adı bir neçə versiyada səslənirdi. Qeyd edək ki, mətbuatda gedən yazılarda Müəllif Hüquqları Agentliyinin şöbə müdiri Xudayət Həsənli mahnının sözlərinin Zeynal Cabbarzadəyə aid olduğunu araşdırma nəticəsində öyrəndiklərini bildirib. Bəzi mənbələrdə isə şeirin Baba Mirzəyevə məxsus olduğu deyilirdi. Lakin qurum rəsmiləri bunu təkzib ediblər.

 

Kaspi.- 2008.- 2-4 fevral.- S. 17.