Əliyev Ə.
Niderlandın
Haaqa şəhərində Avropada Xocalı faciəsinə
həsr edilmiş ilk abidə ucaldılmışdır
Azərbaycanın Niderlanddakı
səfirliyindən fevral ayının 24-də Haaqada Niderlandda
fəaliyyət göstərən Holland–Azərbaycan Türk
Dərnəyinin təşəbbüsü və Azərbaycan
Respublikasının Niderlanddakı səfirliyi, Azərbaycan
Respublikasının Xarici Ölkələrdə Yaşayan
Azərbaycanlılarla İş üzrə Dövlət
Komitəsi və Heydər Əliyev Fondunun dəstəyi ilə
Xocalı soyqırımı şəhidlərinə həsr
olunan ilk abidənin, diaspor təşkilatlarının
toplantısı və rəsm sərgisinin
açılış mərasimi keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Niderlanddakı
səfiri Fuad İsgəndərov, Azərbaycan
Respublikasının Xarici Ölkələrdə Yaşayan
Azərbaycanlılarla İş üzrə Dövlət
Komitəsinin nümayəndə heyəti, Niderlandda
fəaliyyət göstərən bütün Azərbaycan
və türk diaspor təşkilatlarının
fəalları, Avropanın digər ölkələrindən
gəlmiş soydaşlarımız, Haaqada akkreditə
olunmuş diplomatik korpusun üzvləri, yerli ictimaiyyətin
təmsilçiləri və xarici qonaqlar iştirak
etmişlər.
Mərasimdə Holland-Azərbaycan Türk Dərnəyinin
rəhbəri İlhan Aşkının qısa nitqindən
sonra abidənin açılışını bildirən
rəmzi lenti səfir Fuad İsgəndərov, Azərbaycan
və türk diasporlarının rəhbərləri
kəsmiş, faciədə şəhid olanların ruhuna dua
oxunmuşdur. Tədbirdə hollandlar adından
səslənən çıxışda abidənin
açılışına yerli ictimaiyyətin
birmənalı dəstəyi əksini tapmışdır.
Mərasimdən sonra diaspor təşkilatların
toplantısı keçirilmişdir. Burada
iştirakçılar Heydər Əliyev Fondu
tərəfindən göndərilmiş rəsm
əsərləri sərgisindən nümunələr və
dərc olunmuş materiallar ilə tanış olmuşlar.
Tədbirdə çıxış edən səfir Fuad
İsgəndərov abidənin ucaldılması və açılışı
ilə bağlı Azərbaycan hökumətinin yerli diaspor
təşkilatları ilə birgə gördüyü
işlər haqqında danışmış, erməni
təcavüzünün aradan qaldırılması
istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin
rəhbərliyi ilə həyata keçirilən siyasət
barədə məlumat vermiş, ölkəmizin
rəhbərliyinin Azərbaycan və türk
diasporlarının işbirliyinin
gücləndirilməsinə dair
tapşırıqlarını toplantı iştirakçılarına
çatdırmışdır. Səfir ölkəmizin
ərazi bütövlüyünün bərpası ilə
bağlı Azərbaycanın diplomatik və informasiya
fəaliyyətində erməni təxribatlarından
müdafiə taktikası deyil, fəal hücum
strategiyasının həyata keçirilməsi barədə
dövlətimizin başçısının xüsusi
göstərişlərini iştirakçıların
nəzərinə çatdıraraq, Avropanın
mərkəzində, dünyanın beynəlxalq hüquq
paytaxtı sayılan Haaqa şəhərində ilk
dəfə olaraq belə bir abidənin ucaldılmasının
məhz bu siyasətin nəticəsi olduğunu xüsusi qeyd
etmişdir. Toplantıda, həmçinin Xarici
Ölkələrdə Yaşayan Azərbaycanlılarla
İş üzrə Dövlət Komitəsinin
nümayəndəsi Cavanşir Vəliyev, Dünya Azərbaycanlıları
Konqresinin sədri Qulamrza Səbri Təbrizi, Niderlandda və
Avropanın digər ölkələrində fəaliyyət
göstərən Azərbaycan və türk diaspor təşkilatlarının
nümayəndələri çıxış
etmişlər.
Tədbir xarici və yerli KİV nümayəndələri
tərəfindən geniş işıqlandırılmışdır.
Xalq qəzeti.- 2008.- 26 fevral.- S. 8.