Xəyal X.

 

Şirvan şikəstəsi

 

Ötən sentyabrın əvvəlində Azərbaycandan qayıdanda qatarın yola düşməsinə lap az qalmış vağzalın ətrafında o yan-bu yana baxıb musiqi diskləri satan bır köşk gördüm və tələsik qacıb özümü darısqal və üstəlik də tərli adamlarla dolu dükana saldım, ortada durub alıcılara şirin-şirin dillər tökən satıcıdan soruşdum; "Alim Qasımov var?" "Var, MP3-dür. Götürürsən?" "Götürürəm!"

Bir gün qabaq şəhərin mərkəzində Səkinə İsmayılovanın yazısını alanda mənə "siz" demişdilər... Cəhənnəm olsun etiket, böyük-kiçiklik, mən iki gün Bakı-Tümen qatarıyla yol gedəcəkdim, bu qatarın pillələrini qalxan kimi elə bil insan adı üstündən götürülür... Əlimdə Alim Qasımovun diski dükandan çıxanda vağzalda yarıac çaqqal sürüsü kimi vurnuxan bilet alverçiləri və pul dəyişənlərə də fikir vermirdim. Məndəki ruh yüksəkliyini yəqin ki yalnız Misir ehramlarından oğurluqla və min zülmlə dırnaq boyda qoparıb özüylə aparan xarici turistlər yaşayırlar. Ancaq mən xarici ölkə vətəndaşı olsam da, ana yurdumdaydım və ölkənin ən yaxşı səsindən öz halal payımı aparırdım...

Neçə aydan bəri "Şirvan şikəstəsi" başımdan getmir...

Bu şikəstəyə ürəkdən, qulaq dolusu yox, ürək dolusu qulaq asmaqçün gərək elə ölkədən çıxasan, heç olmasa bir neçə günlüyə, yurdda elə yer tapmazsan ki, bu şikəstəni eşidəndə göz dolusu, ürək dolusu ağladığın bilinməyə, özünü tox tutub ağlamasan da, rəngin avazıyacaq, gözlərin düşəcək çuxura. Həm də gərək qəriblik çəkəsən, çünki Şikəstə əvvəldə qəriblik çəkənlərin dərdini deyir. Həngaməni balaban başlayır - astadan, zümzümə kimi, bu hələ ağlama deyil, ağlamsınmadır. Alim də astadan bayatı çağırır: "Əzizim arxa haray... İgid qərib ölkədə..."İgidin qərib ölkədə işi var? Yoxsa mərdi qova-qova...? Burasıyla işimiz yoxdur... Sonra səsin istisi artır, istiləndikcə kövrəlir. "Əzizim Ərzrama... Yol gedir Ərzuruma..." Hər azərbaycanlının öz Ərzurumu var, gedə bilməyənlərin gözləri yoldadır. "Dəvəsi ölmüş ərəbik, Dözərik hər zülümə..." Gərək "zuluma" deyəydi, ancaq bu yerdə Şikəstə qalxıb gedir, Şikəstə çağıranı nəinki ev-eşik, hətta yurd da, ölkə tutmaz, o gərək macərasını deyə-deyə baş götürüb gedə, Məcnun əhvalatı yalandır ey... Ancaq şikəstəçi hələ öz dərdini demir, özgə macərasını danışır. "Mənim bu aləm içrə bir qara gözlü nigarım var..." Bu, qəzəldir. Ya zəif tərcümədir ya da elə o cür təqliddir - "Məni candan usandırdı..." qəzəlinə, həmin bəhrdədir, ona görə şikəstəylə uyuşur, şikəstəçi qəzəli əruz kimi yox, aşıq gəraylısı kimi oxuyur. Ancaq Şirvan şikəstəsininki qoşmadır, əruz-gəraylıdakı nəfəs-dərmələr ölçüsüz olanı, ölçüyə gəlməyəni ölçüyə salmağa çalışır. Ancaq səsin hərarəti get-gedə artır Şikəstəçi qəzəli bitirib yenə bayatı çağırır, bu dəfə özgə sözünü yox, öz sözünü, sənin sözünü deyir: "Bağlarda bar ətri var... Öləndə sinəmi yumun (yəni yumayın), Sinəmdə yar ətri var..." Bildik qardaş, bildik... Kimin əli qalxar... O əl vallahı quruyar...

Burda registr dəyişir, segah bir guşə də zilə qalxır, nağara əsib-coşur, Şikəstəçi macəranın başını bayatıyla açıb, dalını saxlaya bilməz. "Gəldim gördüm pərim köçüb yurdundan..."

Necə köçüb, hara köçüb? Bəs o nə oxumaqlar idi: "Salam verdim, gülüb aldı salamım, Qonaq oldum babasına pərimin..." Bəs bunu kim oxuyurdu? Bəs bu harda, haçan oxunub?..

... Aşıq Bəylər Qədirov... İndi yaşasaydı, bəlkə soyadı "Qədirli" olardı. Ancaq Aşıq Bəylər Salyanm ən istedadlı adamlarından olsa da, yerliləri tərəfindən qədri elə bilinməyib. O əvvəlcə Qurbanxanın, sonra Pənahın kölgəsində olub. Aşıq Bəylərin, bütün Salyan aşıqlarından fərqli olaraq, gözəl saz çalmağı olub. Sənətkarın Azərbaycan radiosundakı yazılarını eşidənlər bilərlər ki, bu kişinin necə məlahətli səsi, necə orijinal boğazları olub. Abbas Tufarqanlının sözlərinə oxuduğu Şirvan Şikəstəsi qiymətli sənət əsəridir. Bəylər kişi özünü ikivətənli sayırdı, çünki əsli şamaxılıydı, axtarsan, bəlkə Alim Qasımovla qohum çıxarlar, hər halda Alim Aşıq Abbası təsadüfi seçməyib, onun Şikəstəsində , Aşıq Bəylərdə olduğu kimi, Kəsmə şikəstəyə istinadlar var. Yeri gəlmişkən, Rəmişin təxminən 1969-70-də yaratdığı Segah da Kəsmə şikəstədən sitatla başlayır...

Harda qaldıq? , pəri köçüb, yurd boş... "Bundan sonra can sağlığın neylərəm..." Balabanın naləsi şikəstəçidən az demir, saz yoxdur, ancaq tarzən kök simləri sazdan artıq danışdırır, şıkəstəçi daha bu düyanın adamı deyil, Alimin səsi ancaq metafizik vüsətdə toxdaya bilər. "Çərxi-fələk tərsə çəkdi qələmi... Ağla Abbas, əlin yardan üzüldü..."

Böyük eşqi sənət ancaq bu yolla xilas edir - əl gərək əldən üzülə, Eşqin, Eşqə inamın qorunması üçün dəryalarla göz yaşı da hayıf deyil. Əl əldən üzülməsə...

Gəlin-qayınanalıq, ocaq başı, təndir üstü, su daşımaq, əski yumaq, baldızla çəkişmə, ər yumruğu... "Sənin atanın..."

Bu da bizik...

Biz Eşqi möhtəşəm metafızik qüvvə kimi həm tanıyır, həm ondan vahimələnirik. Biz daha ədalətlə cin adlana biləcək xırda tanrıların - mal, hakimiyyət həvəsinin, özünüsevərliyin, cəhalətin itaətindən çıxa bilmirik.

Aşıq Bəylər Şirvan şikəstəsini dünyanın az qala bütün qitələrinə idealizmin yaz dumanı kimi hopduğu vaxtlar oxuyub. İndiki Şadlıq evləri bəlkə Eşqin girəcəyi yer deyil, hərçənd Eşqin metafızik təbiətiylə nurlana bilməyən bucaq yoxdur.

Şirvan şikəstəsindəki Eşq ona layiq olan yerdədir, bu yersə ucalıqdır, ancaq işığın bizə gəlib yetişə bilmədiyi ucalıq da yoxdur,

Həm təkcə işıq yox. Yar ətri ...

 

Azadlıq.- 2008.- 24-25 fevral.- S. 12.