Sarıyeva İ.

 

Aşıq sənətinin YUNESKO-nun siyahısına salınması təsəbbüsünün müəllifi kimdir?

 

Srağagün Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü, Azərbaycan aşıqlarının və folklorşünaslarının iştirakı ilə «Azərbaycan aşıq sənəti: müasir durumu və inkişaf perspektivləri» mövzusunda Dəyirmi Masa keçirilib.

Tədbirdə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev aşıq sənətinin mövcud durumuna toxunaraq, bu qədim milli sənətin inkişafı üçün əllərindən gələni edəcəklərini bildirib. Nazir çıxışında aşıq sənətinin YUNESKO-nun qeyri-maddi irs siyahısına salınacağını qeyd edib: “Aşıq sənətinin YUNESKO-nun mədəni irs siyahısına salınması üçün işlər görülür. Yaxın vaxtlarda çox qədim tarixə malik aşıq sənəti ya mühafizəyə ehtiyacı olan, ya da nümunəvi sənət siyahısına daxil ediləcək”. Nazir eyni zamanda bildirib ki, heç kəs Azərbaycanın milli musiqisini, aşıq sənətini mənimsəyə bilməz: «Bu, Azərbaycanın adı ilə bağlıdır və bunu bütün dünya bilməlidir». Qeyd edək ki, Azərbaycan aşıqlarının 1928-ci ildə keçirilmiş I qurultayının 80 illiyinə həsr olunmuş bu Dəyirmi Masada YUNESKO-nun nümayəndəsi Devid Ştel də iştirak edib. Cənab Ştel çıxışında muğama olan sevgisinin indi də aşıq sənətinə keçdiyini vurğulayıb.  AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, tanınmış folklorşünas, professor Məhərrəm Qasımlı isə Aşıq Ensklopediyasının hazırlanmasını təklif edib.

Məlumat üçün onu da biidirək ki, təxminən il yarım öncə «Olaylar» qəzetinin baş redaktoru, şair-dramaturq Yunus Oğuz aşıq sənətinin, eləcə də aşıq şeirinin doda.qdəyməz, dildönməz, təcnis kimi unikal nümunələrinin YUNESKO-nun mədəni irs siyahısına salınmasını təklif etmişdi. Y.Oğuzun bu təklifi o vaxt ölkədə birmənalı qarşılanmasa da, bu gün artıq öz bəhrəsini verməkdədir. Mədəniyyət və Turizm Nazirliyinin aşıq sənətinin, sazın YUNESKO-nun qeyri-maddi irs siyahısına salınacağı ilə bağlı məlumatı yüksək dəyərləndirdiyini bildirən Y.Oğuz bunun böyük əhəmiyyətə malik olduğunu qeyd etdi: «Biz 2006-cı ildə bu məsələni qaldırmışdıq. Yəni bizim əlimizdə məlumatlar var idi ki, Ermənistanın, Gürcüstanın azərbaycanlılar yaşayan kəndlərinə sərhəd olan kəndlərindən erməni millətinə məxsus müəyyən adamlar saz düzəldib Gürcüstan vasitəsilə Bakıda satdırırlar. Bir az keçdikdən sonra isə ermənilər məsələ qaldıracaq ki, saz ermənilərin milli musiqi alətidir. Biz də onun qarşılığında bu alətin onlara yox, bizə məxsus olduğunu bildirəcəkdik. 2006-ci ildə mən YUNESKO-ya, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevə məktub yazdım ki, bunun qarşısını almaq lazımdır. Aşıq sənətini və sazı, onların da içində dodaqdəyməzi və dildönməzi YUNESKO-nun mədəni irs siyahısına salsınlar. faktiki olaraq, biz iki il idi ki, bunun uğrunda mübarizə aparırdıq. Biz bu barədə təkcə KİV- yazmırdıq, eyni zamanda, görüşdüyümüz adamlarla da bu haqda danışırdıq. Hətta məsələ o yerə çatdı ki, aşıq ədəbiyyatının bu şedevr nümunələrini sübut etmək üçün mən beş dodaqdəyməz yazdım. Bu dodaqdəyməzlər, dildönməzlər aşıq sənətinin möhürbəndidir. Bu şeir növlərini erməni, fars, başqası yaza bilər. Bu sələyə müsbət münasibət bildirdikləri üçün hökumətə, Fonda öz təşəkkürümü bildirirəm ki, aşıq sənətini belə yüksəkliyə qaldırmaq təşəbbüsü gösrdilər. Aşıq sənəti deyəndə, saz da ora daxil olmalıdır. Bilirsiz ki, aşıq sənəti Azərbaycanda çox mürəkkəb prosesi təmsil edir. Yəni Şirvan aşıq sənətində sazdan başqa digər alətlərdə mövcuddur. Aşıq sənəti, o cümlədən saz YUNESKO-nun inciləri sırasına salınmalıdır. Sazı aşıq sənətindən ayırmaq olmaz».

Tədbirə hansı səbəbdən dəvət almamasına gəldikdə, Yunus bəy dedi ki, şərt ora dəvət edilmək deyil, əsas məsələ ideyan həyata keçirilməsidir:Mənim orada iştirak edib-etməməyimdən asılı olmayaraq, artıq bu məsələ çözülmək üzrədir. YUNESKO-nun nümayəndəsi söz verib ki, aşıq sənəti YUNESKO-nun inciləri sırasına daxil edilə bilər. Əsas budur ki, ermənilərdən qabağa düşüb dünyaya bəyan etdik ki, bizim folklorumuz onun da çoxşaxəli sahələri var. Bu sevindirici haldır”.

 

Bakı xəbər.- 2008.- 14 fevral.- S. 16.