Talıblı
S.
Aşıq
sənətinin canlı tarixi
Aşıq Məhəmməd
Çovdaroğlunun sinəsində çox xatirələr
yatır
Vaxtilə ustad aşıqlar kimi
tanınan, indilərdə müəyyən
səbəblərdən radio, televiziya efirlərində
səslənməyən, mətbuat səhifələrində
görünməyən, belə demək mümkünsə,
unudulmaqda olan sənətkarların axtarışındayam. Od külün altında
gizləndiyi kimi, bölgələrimizdə, ucqar
rayonlarımızda onlarca ustad aşığımız
yaşayır. Onlar xalqımızın böyük potensial
gücünü öz yaradıcılıqlarında qoruyur,
yaşadır.
Elə məni
Tovuza - Çovdaroğlu aşıq Məhəmmədlə
görüşə gətirən də bu istək oldu. Bu
yolda mənə yol göstərən, qolumdan tutan
böyük alimimiz, yorulmaz tədqiqatçı,
folklorçu Məhərrəm Qasımlının
xeyir-duası və "Ozan aşıq sənəti"
kitabı oldu. Bu çətin axtarışlarıma
işıq tutduğu üçün, ustadım
Məhərrəm Qasımlıya şagird ehtiramımı
bildirirəm. M.Qasımlının "Ozan aşıq
sənəti" kitabından diqqətimi ustad bir aşıq,
Gəncəbasar aşıq mühitinin layiqli yetirməsi,
aşıq Əsəd Rzayevin şəyirdi Çovdaroğlu
aşıq Məhəmməd çəkmişdi. Uzun vaxtdı
ki, bu aşığın səsi-sorağı gəlmirdi.
Amma aşıqsevərlər indi yaşı 90-na çatan
aşıq Məhəmməd Çovdaroğlunun
zənguləli, şaqraq səsini yaxşı
xatırlayırlar. Ustad aşığımızın
səsinin vurğunları İrəvanda,
Göyçədə, Borçalıda, Şirvanda,
eləcə də digər bölgələrimizdə çox
olub. O çox məclislər yola verib, çox uzun
gecələri səhərə açıb. Bu yaxınlarda
professor M.Qasımlıyla bir neçə dəqiqəlik
görüşüb söhbətləşdik. Söhbət
yenə də Çovdaroğlunun üstünə gəldi.
Məhərrəm müəllim "Heç bilirsən o
kişidə nələr var? O, bir axar çaydı
axdıqca axır. Mütləq imkan tap get görüş,
əsil xəzinə üstünə çıxacaqsan" -
dedi. Beləcə ustad sözüylə ustad
görüşünə yollandım. Düzdür, həmin
gün hava soyuq idi. Yollar buz bağlamışdı, evdən
çölə çıxmağı heç kim rəva
görmürdü. Mən qəti qərara gəlmişdim ki,
növbəti verilişim üçün gedib
Məhəmməd Çovdaroğlunun səsini yazmalıyam.
"Yolçu yolda gərək" - deyib yollandım Tovuz
rayonuna. Bəxtimiz onda gətirdi ki, kişi evdəydi. Onu da
qeyd etmək istəyirəm ki, Çovdaroğlu
Məhəmməd hal-hazırda kəndin
mərasimlərində iştirak edir. Bu səbəbdən onu
evdə az-az tapmaq olur. Bizi Çovdaroğlu
Məhəmmədin özü qarşıladı.
Hal-əhval tutduq. Məni kəndə aparan Mikayıl
müəllim "Ay Məhəmməd dayı, Savalan
dövlət radiosunun "Xalq
yaradıcılığı" redaksiyasının
əməkdaşıdı" - dedi. Çovdaroğlu aşıq
Məhəmməd isə "mən Savalana qulaq asıram. Bir
neçə gün bundan öncə də aşıq
Məhəmməd Sadaxlı haqqında verilişini
dinləmişəm, böyük zövq almışdım.
İndi də lap yerinə düşüb
görüşümüz. Dağ-dağa rast
gəlməsə də, insan-insana rast gələr. Bir də ki,
qapıda niyə durmuşuq, keçək içəri".
Otağın divarında aşığın gənclik
illərində çəkilən xatirə şəkli
asılmışdı. Bax bu mənəm,
əsgərlikdən sonra çəkilib - 46-cı ildə.
İndi artıq şəkildəki gənclik illərindən
əsər-əlamət qalmayıb. Qocaldıq, ay bala -
deyə bir azca kövrəldi. Yarızarafatla ustad
aşığımıza "kim yüz il yaşamasa,
günah onun özündədir" - dedim. Söhbətimiz
başladı. Ustadı - ozanlar ozanı aşıq Əsəd
Rzayevlə ilk tanışlığı haqda soruşdum. Dedi
ki, Aşıq Əsəd Rzayevin yanına hərbi
xidmətdən sonra gəldim. Xatırlatmaq
istərdim ki, bir vaxtlar aşıqların sazında oxunan,
eldə-obada, böyükdən-kiçiyə hamının
əzbər bildiyi tez-tez səslənən ağır
qanlı müharibədən əks-səda kimi qalan,
yarıciddi-yarızarafat söylənilmiş "adı
Tamara sestra" gəraylısı da aşıq Məhəmməd
Çovdaroğluna məxsus imiş. Soruşdum ki, hardan bu
sənətə sizdə bu qədər böyük maraq
və sevgi vardı? Pir olmuş qayıtdı ki, "ay bala,
atam məni həmişə uşaqlıqda özüylə
toylara aparardı, o da aşıqların vurğunuydu. Məni
ilk həvəsə gətirən, yönləndirən də
məhz atam olub. Amma mən Əsəd Rzayevə şəyird
gələndə atam qorxdu. Ona görə ki, aşıq
Əsəd Rzayev çox tələbkar idi. Dədə
Ələsgərə şəyird olan aşığa
şəyird olmaq asan iş deyil. Atam qorxurdu ki, birdən
mən ustadın tələbkarlığına tab
gətirmərəm. Mən də bir gənc kimi atamın,
həm də ustadımın başını uca
tutmağı qarşıma məqsəd qoymuşdum. Beş
il ona qulluq etdim, xeyli dastanlar, şeirlər, havalar
öyrəndim. Beş ilim hədər getmədi. İndi
də çox xoşbəxtəm ki, sənətə ustad
şilləsi yeyib gəlmişəm. Əsəd Rzayev
ustadıydı. Mənə sənəti kamil öyrətdi.
Dastanları öyrənməyimi xususi tələb edirdi.
Deyərdi ki, aşığın dastanları bilməsi
çox vacibdi. Nə qədər imkanın var, öyrən,
toylara getsən, səndən dastan istəyəcəklər.
Mən də xeyli dastan öyrəndim. Ustadımla,
eləcə də ustad aşıqlarla toylarda çox olmuşam.
Aşıq Əsəddən sonra toylara tək
getmişəm. Öyrəndiyim dastanları
danışmışam, havaları oxumuşam. Toylarda
aşıq Şəmşirlə, aşıq Pənahla,
aşıq Şakirlə, aşıq Məmmədağayla,
aşıq Sadıq Sultanovla bir yerdə çox olmuşam.
Allah hamısına rəhmət eləsin. Göyçəli
aşıq Müseyibi də yaxşı xatırlayıram.
"Ay qaragöz balam"ı rəhmətlik elə oxudu
getdi ki, tarix yaratdı. Aşıq Əsəd
həmişə maraqlı söhbətlər edərdi. Bir
dəfə Dəli Alının toyunda iştirak
etməklərindən danışdı. Sinəsi
söz-söhbətlə doluydu. Ələsgər
yadigarıydı, ay oğul. Bir də ən çox
xatırladığı, haqqında
danışdığı adam öz atası idi. Deyirdi ki,
dədəm çox zəhmətkeş adam olub.
Həyət-bacada bir an belə bekar qalmazdı. Özü
də Ələsgərlə yaxın dost idilər. Yanına da gəlib-gedənlər çox olurdu.
Çox vaxt da kişi həyətdə odun yarırdı.
Yanına gələnlər deyərdilər ki, a kişi,
maşallah bu qədər oğul-uşağın var, gəl
gedək çay içək, söhbətləşək,
odunu da oğlanların yarar. Rəhmətlik deyərdi
ki, "ay kişilər, mənim oğlanlarım mənə
baxıb tərbiyə götürür. Mən zəhmətkeş
olmasam, onlar da mənə çəkəcək.
Gözümü açandan iş, zəhmət
görmüşəm. Hazır qoy oğlanlarım belə
böyüsün. Mikayil Azaflıyla eyni vaxtda Əsədə
şəyird olmuşuq". Dedim bəlkə
söhbətimizi Azaflının bir havasıyla davam
etdirək? Çovdaroğlu sazı köynəkdən
çıxartdı. Söylədi ki çoxdandır oxumuram,
səsimi də itirmişəm. Cavanlığımdakı
səsimin üçdə biri qalıbsa, böyük
şeydir. Azaflı dübeytisini səsləndirdi. Otaqda
gözəl ab-hava varıydı. Aşıq
Məhəmmədin nəvəsi İlkin isə sazın
səsinə uymuşdu. "Bu yaşda
səsə bax, Allah" - deyən Mikayıl müəllimin
gözləri doldu. İfadan sonra etiraf etmək lazımdır
kı, Çovdaroğlu Məhəmməd təvazökar
insandı. Çünki bu yaşda həm səsi, həm
də ifası çox qədimdir. Havadan sonra
Qaraçıoğlu Aşıq İbrahimin gözəl
sənətkar olduğundan danışdı. Yusif Azaflı,
Qaraçıoğlu Aşıq Paşa,
Qaraçıoğlu İbrahimin şəyirdləri olub -
dedi. Yeridi deyim ki, mənim öz yerində, yurdunda gedib ilk
görüşdüyüm ustad aşıq Goranboylu
Qaraçıoğlu Aşıq Paşa idi. Bu haqda
oxucularımın məlumatı var. Ay bala, bayaqdan birini
qurtarmamış birini başlayıram. Vallah, beynimdə o
qədər söz-söhbət var ki, bilmirəm hansı
birini danışım. Bir də ki, xeyli vaxtdır belə bir
şirin söhbət etmirdim. Yan-yörəm ustad
aşıqlarıydı, indi rəhmətliklər hanı?
Çoxu da tez getdi dünyadan. Amma o günlərin şirinliyi
həmişə xoş xatirədi. Nə yaxşı ki, o
illərdə yaşamışam" - deyir.
Məhəmməd Çovdaroğlunun evində 2 sazı var.
Biri lap köhnə sazdı, biri də 15 ilin. Biri elə
ustadının vaxtından qalıb. Bu sazın
üstünü ona görə bəzəmişəm ki, o
vaxtlar sazı bəzəmək dəbiydi. Çox
aşıqların sazı belə bəzəkli olub. Bu
sazın çanağındakılar da qızıldı, o
vaxtlar hədiyyə vermişdilər. Mənim
şəyirdlərim də çox olub. Özüm ustad
şilləsi yediyim kimi, şəyirdlərim də ustad
şilləsi yeyib. Amma hamısı dünyalarını
dəyişib. Allah o dünyalarını versin. Çopur
Ələsgərlə də toylarda çox olmuşam.
Rəhmətlik Əkbər əvvəllər
balabançıydı, sonradan sazı öyrəndi.
Hələ balaban çalan vaxtlardan bizimlə toylara
gedərdi. Sazı öyrənəndən sonra da birlikdə
toylarda çox olduq. İmranıydı, Əkbəriydi.
Hər ikisi bənzərsiz idilər. Çətin, indən
belə İmran, Əkbər, Müseyib doğula. İndi
nədənsə belə aşıqlara rast gəlmirəm.
Bir-iki hava bilmək aşıqlıq deyil. Rəhmətlik
Xanların yaradıcılığına fikir verin.
Ömrünün sonuna kimi öyrəndi. Amma indiki
gənclər birini bilir, beşini də öyrənmək
istəmir. Rəhmətlik Xan Şuşinskiylə konsert
salonlarında, filarmoniyada tez-tez görüşərdik.
Filarmoniyada festivallarda tez-tez iştirak edərdim. Borçalı
aşıqlarından Aşıq Əhməd Sadaxlı,
Məhəmməd Sadaxlı Kamandarla, Əmrahla, Hüseyn
Saraclıyla çıxışlarım çox olub.
Kamandarın "tarda birdi, sazda birdi" oxuduğu
gəraylını mən yazmışam. Kamandara qulaq asanda
unuduram ki, sözlərin müəllifi mənəm. Ona
görə ki, Kamandar bu sözü çox gözəl
oxuyub. Xındı Məmmədi lap yaxşı
xatırlayıram. Doğrudan da ona "Borçalı
bülbülü" adı layiqdi. O, çox qüvvətli
aşıq idi. Ay bala, yaman kövrəltdin məni.
Hərdən rəhmətliklər yuxularıma da
gəlirlər. Görünür, ya mən onlar
üçün darıxmışam, ya da onlar
mənimçün. O vaxtlar plastinkam
çıxmışdı. Radioda çox oxumuşam.
Azərbaycan televiziyasının
çəkilişlərində çox olmuşam.
Hal-hazırda yenə Azərbaycan televiziyası, radiosu
yaxşı aşıq verilişləri verir, sağ olsunlar. Siz də sağ olun, ay bala,
qarda, boranda gəlmisiniz, yada salmısınız". Ustad aşıqla çox mətləblər
üstə gəldik. Söz bizləri gah
dağa, gah arana apardı. Aşıq
sənətimizin canlı tarixi ilə keçmişə
qayıda bildik. Bu böyük
sənətin tarixinə işıq tutduğu
üçün ustada cansağlığı arzuladım.
Uzun müddətdi ki, simlərin həsrətində olan
barmaqları "Mansırı", "Dilqəmi",
"Ruhani", "Bəhməni" kimi ürfan
havaların üstə bir də gəzişdi. Bizə
bir daha bir tarix yaşatdı. Canlı
oxumasından, söhbətlərindən zövq aldım,
ifalarını, lentə köçürdüm. Aşıqla bu görüşümü
Azərbaycan radiosunun "Xalq
yaradıcılığı" redaksiyasından
dinləyicilərimizə təqdim edəcəm. Amma yaxşı bilirəm ki, demədiyi,
danışmadığı çox mətləblər
qaldı. Onun sinəsində
toxunulmamış xəzinələr yatır. Çox mətləblərə bir də ona
görə gəlib çıxa bilmədim ki, bəlkə
də buna böyük səbəb mənim hələ ki,
tədqiqatçı təcrübəsizliyim oldu.
Sağlıq olsun.
Kaspi.- 2008.- 27 fevral.- S. 16.