Cəlil Məmmədquluzadə
adına Naxçıvan
Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2008-ci ildə Cəlil
Məmmədquluzadə adına
Naxçıvan Dövlət
Musiqili Dram Teatrının 125 illik yubileyi tamam olur.
Azərbaycan teatrı salnaməsinə
parlaq səhifələr
yazan Naxçıvan Dövlət Musiqili Dram Teatrı zəngin sənət ənənələrinə malikdir.
1883-cü ildə fəaliyyətə
başlamış teatrın
təşəkkülü və inkişafında ölkəmizin görkəmli
ədəbiyyat və
incəsənət xadimləri
- Cəlil Məmmədquluzadə, Hüseyn
Cavid, Bəhruz Kəngərli, Məhəmməd
Tağı Sidqi, Eynəlibəy Sultanov, Qurbanəlibəy Şərifov,
Əliqulu Qəmküsar
və Rza Təhmasib yaxından iştirak etmişlər. Azərbaycan milli teatr sənətinin
Zülfüqar Hacıbəyov,
Hüseyn Ərəblinski,
Mirzəağa Əliyev,
Sidqi Ruhulla, Abbas Mirzə Şərifzadə və Hüseynqulu Sarabski kimi tanınmış simaları bu qocaman mədəniyyət
ocağı ilə dərin yaradıcılıq
əlaqələri saxlamışlar.
Teatrın repertuarında
Azərbaycan ədəbi
fikrinin böyük nümayəndələrinin son
dərəcə qiymətli
əsərləri ilə
yanaşı, dünya
dramaturgiyasının ən
yaxşı nümunələri
aparıcı yer tutmuşdur. Səhnəyə
qoyduğu mütərəqqi
ideyalı həmin əsərlərlə ədəbi
mühitin daha da canlanmasına və mədəni-ictimai fikrin formalaşmasına qüvvətli
təsir göstərən
Naxçıvan teatrı
istedadlı aktyorların,
rejissorların və teatr rəssamlarının
birgə zəhməti
sayəsində respublikamızın
qabaqcıl sənət
ocaqlarından birinə
çevrilmişdir.
Naxçıvan Dövlət Musiqili
Dram Teatrı bütün fəaliyyəti
boyu maarifçilik düşüncəsinin daha
geniş dairədə
yayılmasına çalışmış,
xalqın mədəni
intibahı, milli oyanışı və gənclərin milli-mənəvi dəyərlərə
bağlılıq ruhunda
tərbiyəsi işinə
layiqli töhfələr vermişdir.
Naxçıvan teatrı yüksək
hazırlığa malik
kadrları ilə ölkəmizdə teatr ənənələrinin daha
da zənginləşməsi
işində yaxından
iştirak etmiş və mədəniyyətin
ümumi tərəqqisi
naminə diqqətəlayiq
xidmətlər göstərmişdir.
Azərbaycan teatrının inkişafında
özünəməxsus yerini,
xalqımızın mədəni
və ictimai həyatında mühüm
rolunu nəzərə
alaraq, Cəlil Məmmədquluzadə adına
Naxçıvan Dövlət
Musiqili Dram Teatrının 125 illik yubileyinin layiqincə qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və
Turizm Nazirliyi Naxçıvan Muxtar Respublikasının Ali Məclisi ilə birlikdə Cəlil Məmmədquluzadə adına
Naxçıvan Dövlət
Musiqili Dram Teatrının 125 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll
etsin.
3. Bu sərəncam imzalandığı gündən
qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
31 yanvar 2008-ci il
Azərbaycan.-
2008.- 1 fevral.- S. 1.