Qaliboğlu E.

Azərbaycan teatrları üçün "ustad dərsləri"

Elxan Ocaqov: "Guya gələnlər kiməsə nəsə öyrədirlər, əslində heç nə öyrətmirlər"

Həsən Həsənov: "Qoyulan məsələlərin gerçəkləşməsi üçün
teatrların çoxunun imkanları yetərli deyil"

Azərbaycanda fəaliyyət göstərən teatrların direktorları üçün
Estoniyadan və Gürcüstandan gələn qonaqların iştirakilə keçirilən "ustad dərsləri" başa çatdı.
Bu seminarda əsas mövzu teatr marketinqinin Azərbaycanda inkişaf perspektivlərinin axtarılması idi. Amma görəsən, artıq yaşı 140 ilə yaxınlaşan Azərbaycan teatrının şəxsində hazırda fəaliyyət göstərən teatrlarımızın ümumiyyətlə, "ustad dərsləri"nə nə dərəcədə ehtiyacı var? Doğrudanmı biz daim öyrənməliyik? Təbii ki, yaxşı cəhətlərdən daim bəhrələnmək gözəl keyfiyyətdir, amma görəsən, dünya bizdən nə dərəcədə bəhrələnir, bizim yaxşı, üstün keyfiyyətlərimizi etiraf edirmi? Sözügedən məsələ teatrlarımızla bağlı olduğundan teatr direktorlarının bu problemə münasibətini öyrənməyə çalışdıq.
Ş.Qurbanov adına Musiqili Komediya Teatrının direktoru Elxan Ocaqov deyir: "Bəlkə də "ustad dərsləri" anlamı düz seçilməyib. Sovet dövründə bu tipli yaradıcı söhbətlər olurdu. İndiki vaxtda bu cür tədbirlərin adı ən yaxşı halda seminar olsaydı, məncə, daha yaxşı təsir yaradardı. Guya gələnlər kiməsə nəsə öyrədirlər, əslində heç nə öyrətmirlər. Bəlkə də onun təcrübəsi bizimki kimidir. Söhbət ümumən belə məsələlərə münasibətdən gedir".

"Teatrların reklam məkanları olmayıb"

E.Ocaqov qeyd edir ki, bu gün internetdən bəhrələnmə çox güclüdür: "Ümumən dünyadakı bütün yeniliklərdən bəhrələnmək yaxşı şeydir. Dünyanın hansı ölkəsində yenilik varsa, bu, şəxsən mənim üçün çox qiymətlidir. Günümün müəyyən əhəmiyyətli hissəsini internetdə teatr yeniliklərindən xəbərdar olmağa həsr edirəm. Amma internetin də öz yeri var. Şübhəsiz ki, canlı münasibətlər daha yaxşıdır. Bir neçə ölkənin operetta teatrları ilə təcrübə mübadiləsi yönündə layihə hazırlamışıq. Gələn ayın ortalarında bu məqsədlə ilk tamaşa gerçəkləşəcək. Novosibirsk teatrının primadonnası, Rusiyanın əməkdar artisti Veronika xanım teatrımızın kollektivi ilə burada bir tamaşa oynayacaq. Odessa Teatrında apreldə bir neçə aktyorumuz gedib çıxış edəcək. Bu, qarşılıqlı təcrübə mübadiləsidir, inanıram ki, gözəl nəticə verəcək. Əslində qarşılıqlı bəhrələnmə gözəl effekt verir, bu, real işdir. Əgər o seminarlarda maraqlı məqamlar olursa, deməli, bəhrlənməyə dəyər".
Azərbaycanda teatr marketinqi görəsən, bu gün hansı səviyyədədir? Elxan Ocaqov deyir: "Bu məsələ son illər artıq yavaş-yavaş bəhrə verməkdədir. Əvvəllər ona görə bu cəhdlər bəhrə verməyib ki, teatrların reklam məkanları olmayıb. Sadəcə, afişalar vurmaqla, ibtidai sorğular keçirməklə teatrların marketinq işlərini görmək mümkün deyil. Kompleks işlərin görülməsinə gərək var. Müxtəlif sorğular keçirilməli, müxtəlif layihələr haqqında geniş tamaşaçı kütləsinin fikirləri öyrənilməli, buna uyğun marketinq təhlillər aparılmalıdır, nəticədə teatrın ümumi yaradıcılıq işləri qurulmalıdır. Son dövrlər bu sahədə canlanmanın əsas əlaməti odur ki, teatrlar internetdə öz saytlarını açıblar. İnternet saytının olması teatr marketinqinə xidmət edən əsas vacib amildir. Deməli, sayt vasitəsilə istənilən yerə çıxış var. Fikirləşirik ki, marketinq şöbəsi yaradaq, bir neçə şəxs sistemli bu sahənin problemləri ilə məşğul olsun. Artıq nəticələrimiz var".

"Bizim teatrların Azərbaycan çərçivəsində "ulduzlar"ı var"

Dövlət Gənclər Teatrının direktoru Həsən Həsənovun sözügedən seminar barədə qənaətləri maraqlıdır: "Seminar iki gün çəkdi. Azərbaycanın teatrlarının direktorları həmin tədbirə dəvət olunmuşdular. Tədbir Mədəniyyət və Turizm Nazirliyinin və SOROS-unn xətti ilə gerçəkləşmişdi. Qonaqlar Litvadan və Gürcüstandan idilər. Ortaya müzakirə üçün qoyulan mövzu çox maraqlı idi, onlar qoyulan məsələyə tamamilə bələd idilər. Qonaqların qənaətləri ilə tam, hərtərəfli
tanış oldum. Tamaşaçıların teatra münasibəti, həmçinin teatrın tamaşaçılara münasibəti, onları teatra cəlb etmək yolları və sair məsələlər müzakirə edildi, maraqlı fikir bölüşmələri oldu. Bu, sırf yaradıcılıq məsələləri deyildi, teatr rəhbərlərinin inzibati-texniki baxımdan işləmələrinə əhəmiyyətli dərəcədə təsir göstərən məsələlərdir".
H.Həsənov deyir ki, qonaqların dediyi məsələlər bizim üçün hələ tezdir: "Məsələn, onlar deyirlər ki, teatrın içində mağaza açmaq, burada sırf teatra aid məsələləri, aktyorları, tamaşaları, tanıtmaq olar. Aktyorun şəkli olan paltarlar, fotoşəkillər, həmçinin onlar haqqında kitabların satılması da bura aid edilir. Yəni tamaşaçı tanıdığı aktyora, sevdiyi tamaşaya dair bilgiləri bu mağazadan alarsa, onu teatra bağlayan amillər davamlı olar".
Həsən Həsənov deyir ki, prinsipcə Azərbaycan mühitində bunu etmək olar. Amma konkret bu məsələnin gerçəkləşməsi üçün
bütün teatrların imkanları yetərli deyil: "Hansısa bir teatrda sözün həqiqi mənasında hamının tanıdığı "teatr ulduzu" varsa, bu amildən onların bəhrələnmə şansı daha böyükdür. Amma əgər mənim aktyorumu geniş mənada tanımırlarsa, onun şəkli olan maykaları, yaxud çoxlu sayda fotoşəkillərini necə çap edə bilərəm? Sonda bu cəhd gəlir əvəzinə ziyan gətirə bilər. "Azdrama" konkret bunu deyə bilməz, çünki bu teatrda dünya çərçivəsində yox, Azərbaycan çərçivəsində "ulduzlar"ı var. Məsələn, Azərbaycan mühitində Məleykə Əsədova müəyyən mənada tanınır. Yaşar Nuri haqqında böyük məmnuniyyətlə deyə bilərəm ki, o, Azərbaycan teatrının ulduzudur. Yuxarıdakı reklamları bu tipli aktyorların timsalında uğurla gerçəkləşdirmək olar.
Amma bu tanınma Azərbaycandan kənara demək olar, çıxmır. Bizə mühazirə oxuyan Litvadan gələn xanım faktlarla sübut etdi ki, hazırda çalışdığı teatr bütün dünyanı gəzib.
Həmin teatrın tamaşalarına baxdıq: səmimi deyirəm, hələ də inana bilmirəm ki, belə bir teatr var. Bu, o deməkdir ki, hələ bizim teatrlar çox işləməlidir. Həmin xanım "Yuğ" teatrının bir tamaşasına, bir də Azdramada "Körpüdən mənzərə"yə baxıb, deyib ki, Azərbaycan teatrı hələ 70-80-ci illər dövrünü yaşayır. Bu sözdən o çıxır ki, biz hələ çox geridəyik, bizə çox işləmək gərəkdir. Onların tamaşalarına baxırdım, düşünürdüm ki, görəsən, Azərbaycanda nə vaxt belə bir teatr olacaq?
Əlbəttə, bu fikirlə razılaşmaq olmaz. Azərbaycan teatrının uğurlu məqamları da var. Adətən belə bir fikir var ki, teatr tamaşaçını arxasınca aparmalıdır. Amma qonaqlar deyirdilər ki, əksinə, bu gün tamaşaçılar nəyi deyirlərsə, teatr onu etməlidir. Hər halda bu da qəliz məsələdir. Çünki bu gün Azərbaycanda tamaşaçı səviyyəsi o dərəcədə aşağıdır ki, əgər teatr tamaşaçının səviyyəsinə ensə, o zaman teatrların işi yaxşı olmayacaq. Teatr həmişə tamaşaçıdan yüksəkdə durmağı, öz səviyyəsini saxlamağı bacarmalıdır".


"Yaxşı tamaşa üçün həm də yaxşı rejissor gərəkdir"

H.Həsənov qonaqların təqdim etdiyi tamaşalarda çox gözəl rejissor-aktyor işinin vəhdəti olduğunu deyir: "Əlbəttə, gözəl, uğurlu tamaşalar üçün böyük vəsait gərəkdir. Yaxşı tamaşa üçün həm də yaxşı rejissor gərəkdir. Təbii ki, bu, mənim şəxsi fikrimdir: Azərbaycan teatrlarının hamısı bir-birinə oxşayır. Qonaqlar özlərilə gətirdikləri 3-4 teatrın tamaşalarının videokadrlarını göstərdilər: hər birinin öz fərdi, digərinə oxşamayan yaradıcılıq üslubu vardı. "Hərəkət" adlı teatrın tamaşasına baxdıq. Rolların hamısı çox gözəl işlənilmişdi, dekorasiya da qənaətbəxş idi, sadəcə, tamaşaçı lazım idi ki, ona baxsın.
Görəsən, bu, maddi problemlərləmi bağlıdır? H.Həsənov deyir ki, teatrda rejissorla aktyorun biri-birini anlaması hələ hər şey demək deyil: bəstəkar, rəssam, həmçinin ümumi dekorasiya gərəkdir. Əgər yaxşı tamaşa göstərmək istəyirsənsə, güclü dekorasiya olmalıdır. İndi biz maddi imkansızlıqdan dekorasiyanın orasını-burasını ixtisar etməyə məcbur oluruq. Bu da rejissorun işləməsinə problem yaradır. Yaradıcılıq elə şeydir ki, yalnız ümuminin birgə işi inadlı olanda uğur alınır. Teatr kollektiv sənətdir, biri geri qalanda büdrəmə baş verir, istənilən nəticə alınmır. Bizdə hazırda 27 dövlət teatrı var. Bunların hamısı sırf repertuar teatrıdır. Belə teatrlar illik repertuarlarını tuturlar, il ərzində həmin repertuarla da hərəkət edirlər. Amma kommersiya teatrında məsələ tamam başqa cürdür. Müxtəlif teatrlardan tanınmış aktyorlar dəvət olunur, tamaşa hazırlanır. "İbrus" teatrı belə edir, çünki kommersiya teatrıdır, bu mənada istədiyi ideyanı gerçəkləşdirə bilir. Amma biz dövlət teatrı olduğumuzdan imkanlarımız məhduddur. Gərək onda xeyli pulumuz olsun ki, kimisə dəvət edə bilək. Bu mənada məsələ qəlizləşir. Əgər teatr tamaşaçıların müəyyən qismini də olsa, inandıra bilirsə, bu, artıq onun uğurudur. Hazırda dünya miqyasına çıxa bilmirik, bu gün Azərbaycan rejissorlari bir-birlərinə baxırlar, yeni üslub yoxdur, nəsə eləmək istəyirlər, amma təəssüf ki, hələ bu yöndə istəklər tam bəhrəsini vermir."

Xalq qəzeti.- 2008.- 20 fevral.- S. 14.