Qaliboğlu E.
Əhməd
Ağdamski qadın obrazlarının mahir ifaçısı
olub
Telman Ağdamski:
"Atama ailələr qız verməyiblər ki, aktyorla
bizimki tutmaz"
Yüz il qabaq Bakıda səhnələşdirilən
"Leyli və Məcnun" operasının ikinci
tamaşasından etibarən qadın rolunun ifaçısı
kimi tamaşaçıların diqqətini cəlb edən, az
sonra
"Əhməd Ağdamski" təxəllüsü
ilə özünü ictimaiyyətə təqdim edən
Əhməd Bədəlbəyov haqqında təəssüf
ki, bugünkü təzə nəsil demək olar, heç
nə bilmir. Sənətkarın oğlu, professor
Telman Ağdamski ilə söhbətimiz bu barədədir. Yaradıcı nəsildən
olan T.Ağdamski atasının həyat və fəaliyyətini hərtərəfli araşdırıb.
- Əhməd Ağdamski
ötən yüzilin
əvvəllərində Bakı
"Realni" məktəbinin
tələbəsi olub.
Yaxın qohumları Üzeyir Hacıbəyov və onun qardaşı
ilə doğma, ciddi münasibətləri
olub. Atam xalası oğlu Üzeyir bəydən bir yaş böyük
olub. O dövrdə Bakı məlumdur ki, imperiya şəraitində
yaşayırdı. Təhsilə
az fikir verilirdi. Bakıda hər bir adamın təhsilinə
79 qəpik pul ayrılırdı. Bu şəhərdə o dövrdə 1800-ə kimi dini müəssisə
olduğu halda, cəmi 350-yə yaxın məktəb vardı. İctimai mühitdə nadanlıq, cəhalət, savadsızlıq
üstünlük təşkil
edirdi.
20-ci yüzilin əvvəllərində tədricən elm,
mədəniyyət inkişaf
etməyə başlayırdı.
Üzeyir bəy yazırdı ki, o dövrdə Azərbaycanda mədəniyyət
axtarmaq minlərlə
buğdanın içində
darını axtarıb
tapmaq kimi çətin bir məsələ idi.
Məhz xalqı düşdüyü durumdan
qurtarmaq üçün
fədakar insanlar meydana çıxdı. Düzdür, bunların fəaliyyətinə hər
vasitə ilə maneələr yaradılırdı.
Amma xalqını sevənlər hər cür çətinliyəu
dözürdülər. Məhz
bu çabalar Üzeyir bəyin "Leyli və Məcnun"
operası ilə müəyyən bir mərhələnin yaranmasına
və inkişaf etməsinə səbəb
oldu. Hələ 19-cu yüzilin axırlarında
Şuşada Ə.Haqverdiyev "Məcnun Leylinin qəbri üstündə" adlı
bir məqamı səhnələşdirilib. O zaman bu partiyanı
məşhur xanəndə
Cabbar Qaryağdıoğlu
oxuyub. Üzeyir bəy bu hadisədən
sonra "Leyli və Məcnun" operasını səhnələşdirmək
fikrinə düşür.
Əslində böyük
çətinliklər operanın
səhnələşdirilməsi zamanı meydana çıxır. O zaman
camaatın opera haqqında təsəvvürü
belə yox idi. Muğam oxuyan hər hansı bir kəsin birbaşa səhnəyə çıxarılması
mümkün deyildi. Üzeyir bəy əsərin məşqlərinə
əvvəldən tanıdığı
Hüseynqulu Sarabskini Məcnun roluna dəvət edir. Bu, o çağlar
idi ki, qadınları
nəinki səhnəyə,
ümumiyyətlə, teatra
qoymazdılar. Belə şəraitdə
qadın rollarını
oynamağa bir kəs tapılmırdı.
İmkanlı, intelligent
adamların xanımları
teatra gələndə
onların lojada xüsusi yeri olurdu, qabaqlarına da pərdə çəkilirdi ki, kimsə onların sifətini görə bilməsin.
Çox axtardıqdan
sonra Leyli roluna bir çayxana
şagirdini tapırlar.
"Leyli və Məcnun" operasında
ilk dəfə Leyli rolunu yaradan
Əbdürrəhim Fərəcov
olub. Ə.Fərəcov rolun öhdəsindən gəlsə
də, bundan sonra hədələr başlayır. Lağ obyekti olmaqdan
usanan Ə.Fərəcov ikinci tamaşaya gəlmir, səhnədən uzaqlaşır.
İkinci tamaşanın
aprel ayının 21-də qoyulması planlaşdırılır. Üzeyir
bəyin yadına düşür ki, "Realni" məktəbdə
oxuyan xalası oğlu Əhməd Bədəlbəyov məlahəti
səsi ilə onları vəziyyətdən
çıxara, Leyli rolunu ifa edə
bilər. Atamla məsləhətləşir, onun
razılığını alır. Atam deyir ki, rolu
bu şərtlə oynayar ki, tamaşaçılar
əvvəlcə onu tanımasınlar. Çünki
Bakıdakı qoçular
əsla belə hallarla barışa bilmirdilər. Atam sözün əsil mənasında həyatını
risqə qoyur. Bu zaman 24 yaşında
imiş. Atama bu hadisədən az sonra ailələr
qız verməyiblər
ki, aktyorla bizimki tutmaz. Tamaşanı əvvəlcədən
də əzbər bilən gənc Əhməd Leyli rolunun öhdəsindən
müvəffəqiyyətlə gəlir.
- Atanıza təzyiqlər
olubmu?
- Əlbəttə, elə
bir dövrdə təzyiqsiz, hədəsiz
aktyorluq mümkün deyildi. Kişi rollarını oynayanlar lağ obyekti idilər, di gəl ki, qadın
rolunu oynayasan, gərək hər cür təhlükəni
gözünün altına
alaydın.
Atam növbəti tamaşada adını Miri kimi yazdırıb.
Bu adla bir
müddət tanınıb.
Amma tamaşaçılar
duyuq düşüblər
ki, Əhmədlə Mirinin səsləri biri-birinə çox oxşardır. Artıq bu vaxt
məşhurlaşan atam
qərara alıb ki, yaradıcılıq adını birdəfəlik
"Əhməd Ağdamski"
kimi yazdırsın. Beləliklə, uzun illər boyunca bu adla məşhurlaşıb.
- Ümumiyyətlə, o
dövrdə aktyorların
özlərinə təxəllüslər
seçməsi dəb
olub.
- Elədir, atamın da təxəllüs seçməsi buradandır.
Məsələn, Hüseynqulu
Sarabskinin əsl soyadı Rzayevdir. Hüseyn Ərəblinskinin
isə əsl soyadı Xələfovdur.
Atam da yaradıcılıq
soyadını onlarınkına
uyğunlaşdırıb. 1909-cu ilin mayında bu soyadı qəbul edib. Atamın tanınması bu dövrə təsadüf edir. Yuxarıda haqqında danışılan çayçı
şagirdi operada oxumağın xalqın mənəvi inkişafında
oynayacağı rolu şübhəsiz, anlamadı.
Ancaq atam bu işin əsl
dəlisi idi. O, mədəniyyətin xalqın həyatında tutduğu əhəmiyyətli
rolu dərindən anlayırdı.
1922-ci ilə kimi Əhməd Ağdamski Üzeyir bəyin yazdığı bütün
opera və operettalarda qadın rollarını ilk dəfə və böyük məharətlə
yaradır. "Ər
və arvad"da Minnət xanım,
"Şeyx Sənan"da Xumar, "O olmasın, bu olsun"da Gülnaz
xanım,
"Rüstəm və
Söhrab"da Təhminə, "Əsli
və Kərəm"də Əsli, "Arşın mal alan"da Gülçöhrə,
"Leyla və Harun"da Leyla
və başqa rolları yaradır.
1916-cı ildə Soltan Hacıbəyov "Aşıq Qərib"
operasını yazır.
Atam burada da rolunun öhdəsindən
məharətlə gəlir.
Qəzetlər bu dövrdə atamın məharətli aktyorluğu
barəsində yazırlar.
Məsələn, bu yazıların
birində "Əsli
və Kərəm"
tamaşasında atamın
yaratdığı obrazla
bağlı aşağıdakı
fikirlərə rast gəlinir: "Əsli rolunu yaradan Ağdamski qadın rolunun kişi tərəfindən oynanılmasına
hiss etdirilməyəcək
şərait yaratmışdı".
1912-ci il 4 iyun tarixli "Təzə xəbər" qəzeti
yazırdı: "Eşitdiyimizə
görə Ağdamski
cənabları 27-28 yaşlı,
ali təbiət, yüksək zəka sahibidir. Onun varlığı ilə millət kəsbi-iftixar etməzmi?"
- Atanızın gec evlənməsinin səbəbi
sənəti ilə bağlı olub?
- 1923-cü ildə bu
sənətdən getdikdən
sonra qərara gəlir ki, ailə qurmaq lazımdır. 1921-ci ildən
1933-cü kimi Ağdama
gedib, orada teatr açıb. Sonra Üzeyir bəylə məsləhətləşib,
Ağdaşa gedərək
orada musiqi məktəbi açıb,
ömrünün axırına
kimi orada tədris hissə müdiri kimi çalışıb.
Atamın həm də tara böyük
həvəsi olub, tarda məharətlə ifa edib. 1954-cü ildə Ağdaşda, 71 yaşında vəfat edib. Astması vardı, ona görə də Bakıda qala bilmirdi. Mən də Ağdaşda anadan olmuşam. 1943-cü
ildə "Əməkdar
incəsənət xadimi"
adını verdilər.
Atamın Azərbaycan
teatr tarixində öz yeri var.
Amma onun xüsusi olaraq yada salınmamasını
qeyd etmək istəyirəm.
Ə.Fərəcovu daha çox axtarırlar, atamı yada salan yoxdur.
Axı onun teatr tariximizdə xidmətləri olub. Atam olmasaydı, o dövrdə "Leyli Məcnun", eləcə də digər tamaşalar bu səviyyədə qarşılanmayacaqdı. Atam
səssiz filmlərə
də çəkilib.
Atam haqqında təəssüratlarımı kitab halında yazmaq istəyirəm. Onun haqqında film çəkilməsi yaxşı olardı.
O dövrlə bağlı
afişaları arxivə,
Əlyazmalar İnstitutuna
vermişəm. Atamın
çox gözəl səsi olub. Təəssüf ki, səsi qalmayıb. 1918-ci ildə ermənilər Bakıda qırğın
törədəndə it-bata
düşüb. Bir də atam teatrdan
gedəndən sonra oxumadı, özünü
həmişə ciddi
apardı.
Xalq cəbhəsi.- 2008.- 7 fevral.- S. 14.