Məhərrəmova T.

 

Tamaşaçı dilinə gətirə bilmədiyini aktyorun dilindən eşitmək istəyir

 

Xalq artisti Qabil Quliyevin fikrincə, mədhiyyəçi dramaturqların sıradan çıxması labüddür

 

Ötən həftə Lənkəran Dövlət Dram Teatrının kollektivi Bakıya qastrol səfəri çərçivəsində qədim yunan dramaturqu Sofoklun "Şah Edip" faciəsi əsasında hazırladığı eyniadlı tamaşanı təqdim etdi. Qeyd etmək lazımdır ki, antik faciənin ən böyük nümayəndəsinin əsəri tamam fərqli yozumda oynandı. Fərq nədə idi deyəcəksiniz? Elə isə tamaşanı görməyənlər hər şeyi şah Edip rolunun ifaçısı, Xalq artisti Qabil Quliyevin dilindən eşitsə yaxşıdır:  

- Əgər hər hansı bir teatr sözün əsl mənasında aktyor yetişdirmək istəyirsə, ilk növbədə klassik ədəbiyyata müraciət etməlidir. Çünki klassik ədəbiyyatın hər bir nümunəsi sənətkar yetişdirən bir tərbiyə məktəbidir. Burda çox güclü tələblər, hər hansı dramaturgiyadan adi qaydada baş çıxaran adam üçün gözəl materiallar var. Teatrın inkişafında, aktyorun yetişməsində klassik əsərlərin rolu danılmazdır. Biz də ona görə bu tamaşaya müraciət etdik. Təbii ki, hər bir kollektiv öz repertuarında "Şah Edip" kimi əsərin olmasını istəyər.

"Şah Edip" vaxtilə Naxçıvan Teatrında, Bakı Kamera Teatrında, Akademik Milli Dram Teatrında tamaşaya qoyulub. "Azdrama"da əsəri səhnələşdirən reyissor Bəhram Osmanov Sofokolun üç əsərinin - "Şah Edip", "Edip kalonda" və "Antiqona"nın sintezi əsasında tamaşa yaratmışdı. Ancaq əslində bunların hər biri ayrı-ayrılıqda böyük əsərlərdir. Biz bu əsəri səhnələşdirəndə yunan teatrının bütün tələblərini gözlədik. Məsələn, reyissor Baba Rzayev xoru saxladı. Yunan teatrının özünəməxsus xüsusiyyəti ondan ibarətdir ki, orada bizim görmədiyimiz hadisələri xor ifa edir. Hadisələrin davamına isə səhnədə baxırıq. Əsər üzərində 6 aydan çox müddətdə iş getdi. Əgər bu tamaşanı uğurlu saymaq olarsa, bu, yunan teatrı tələblərini qoruyub saxlamağımız hesabınadır. O dövrün geyimləri, tərtibatı, danışıq tərzi tamaşanın müvəffəqiyyətli alınmasında böyük rol oynadı. Buna nə dərəcədə nail olmağımız isə artıq tamaşaçının fikridir.

Onu da deyim ki, əsəri tamaşaya hazırlayanda çoxları şübhə ilə yanaşırdı. Son məqama qədər bizim bu əsəri ərsəyə çatdıra biləcəyimizə inana bilmirdilər. Biz bu əsəri tamaşaya qoyarkən heç də heç kimə meydan oxumaq fikrimiz yox idi. Sadəcə olaraq, teatrımızın kollektivinin pontensial imkanlarını üzə çıxarmağa çalışmışıq. Əgər buna nail olmuşuqsa, bundan sonra da ağır klassik əsərlərin yükünün altına girərik. Ümumiyyətlə, Lənkəran Teatrı həmişə klassik əsərlərə müraciət edib. Teatrda "Ölülər", "Topal Teymur", "Qış nağılı" tamaşaya qoyulanda da şübhə ilə yanaşırdılar. Qəribə bir şey var: əgər bir teatr paytaxtdan uzaq şəhərdə yerləşirsə, onun genişmiqyaslı bir əsər tamaşaya qoymasına şübhə ilə yanaşılır. Biz həmişə də şübhələri dağıtmağa çalışmışıq, Sübut etməyə çalışmışıq ki, bu, Azərbaycan teatr məktəbidir.

- Adətən aktyorlar oynadıqları rollar haqqında "obrazı özümünküləşdirmişəm" deyirlər. Sizi şah Edip roluna yaxınlaşdıran nə idi?

- Rolun öhdəsindən gəlib, gələ bilmədiyimi deyə bilmərəm. Bu, bir az özündən müştəbehlik olardı. Təvazökarlıq etmək niyyətində də deyiləm. Sadəcə, öz imkanlarım çərçivəsində başa düşdüyüm, anladığım Edipi təqdim etməyə çalışmışam. Düzgün alınıb-alınmamasını isə tamaşaçı mühakimə etməli və rəy söyləməlidir.

- Lənkəranda teatrınızın auditoriya problemi varmı?

- Bu gün Azərbaycanın bütün teatrlarında bu problem mövcuddur. Müstəqillik əldə etdiyimiz ilk illərdə sadəcə olaraq Azərbaycanın milli mədəniyyətinə xor baxdılar. Mədəniyyət mərkəzlərini, tamaşa müəssisələrini qumarxanalara çevirdilər. Teatra dramaturgiyaya yabançı olan, milli fikirlərimizi düşməncəsinə qılınclayan üzdəniraq əsərlər yol tapdı. Teatra sifarişlə, onun-bunun təkidi ilə gələn əsərlər teatr kollektivlərini sənətdən iyrəndirdi. Necə ki, televiziyalarda mənasız teleseriallar yol tapdı, dilimizə yabançı sözlər gətirdilər, bizə iyrənc danışıq tərzi sırıdılar - teatrlar da həmin dövrdə eyni vəziyyətdə idi. Demək olar ki, son 8-10 ildə teatrlar öz axarına qayıtmağa məhkumdur. Azərbaycanın qədim teatr ənənələrinin üstündən xətt çəkib ona yabançı elementlər gətirmək cinayətdir. Bizim öz teatr məktəbimiz var. Əgər bütün sahələrdə milli köklərə arxalanmasaq, Azərbaycan xalqı özü bütövlükdə itə bilər. İlk növbədə teatrlara diqqət lazımdır. Çünki mədəniyyət insan mənəviyyatını formalaşdıran bir amildir. Qloballaşan dünyada milli mədəniyyəti qoruyub saxlamaq çox çətindir. Ancaq bu, mümkündür. Bir teatr adamı olaraq deyə bilərəm ki, Lənkəran Teatrında problemlər yox deyil. Ancaq Azərbaycan teatrları arasında yaxşılar içində gedən, bütün problemləri çözməyə özündə güc tapan bir sənət ocağı kimi mövcuddur. Lənkəran Teatrı yenə öz sözünü deməyə, tamaşaçının diqqətini çəkməyə başlayıb. Əgər bu gün Lənkəranda teatrın kassasına 5-10 nəfər yaxınlaşıb bilet istəyirsə, bu o deməkdir ki, teatr özünün ikinci intibahını yaşayır. Bu isə asanlıqla başa gəlməyib.

- Reyissorlar, aktyorlar çox vaxt "Azərbaycan teatrlarının əsas problemlərindən biri dramaturyi materialların yoxluğudur" fikrini qabardırlar. Yəni təkcə klassik əsərlərə müraciət etməklə iş bitmir. Məsələn, bu gün Lənkəran teatrının ikinci intibahına kömək edən sanballı, müasir dramaturyi materiallar varmı?

- Var, amma çox azdır. Mədhiyyəçi dramaturqlar daha çoxdur. Amma dramaturqlar tapılır ki, bu gün həyatımızda çözülməsi vacib olan hadisələrə müraciət edib onu səhnəyə gətiriblər. Əminəm ki, bu tendesiya davam edəcək. Yəni mədhiyyəçilər gec-tez meydandan çıxmağa məcburdurlar.

- Uzun illər səhnədə olan bir aktyor kimi özünüz üçün necə aydınlaşdırmısınız - tamaşaçı nə istəyir?

- Tamaşaçı həyatdakı reallığı özündə əks etdirən tamaşa istəyir. Tamaşaçı özünün ürək edib dilinə gətirə bilmədiyini səhnədə aktyorun dilindən eşitmək istəyir. Teatr tribunadır. Bir var, sözü çayxanada deyəsən, bir də var tribunadan. Tribunadan deyilən sözün gücü daha çoxdur. Tamaşaçı içində fikirləşdiyi problemlərin səhnədən deyildiyini eşidincə öz dərdinin dərmanını tapmaq üçün teatra gələcək və onu qəbul edəcək. Azərbaycanın incəsənət növlərini təqlid etsək görərik ki, rok da, caz da, rep də var. Ancaq bütün bu sənət növləri hansı xalqa mənsub olursa-olsunlar, həmin xalqın mədəniyyəti əsasında formalaşır. Bu o demək deyil ki, mən başqa millətlərin mədəniyyətini qəbul etmirəm. Mənim müasir mədəniyyətim, incəsənətim qədim köklər üstə formalaşmalıdır. Müasirlik o deyil ki, mən keçmişimin üstündən xətt çəkim.

- Tamaşa öncəsi teatrın direktoru İslam müəllim Lənkəran Teatrında teatr studiyasının açılması haqqında məlumat verdi. Bu studiya teatrın kadr probleminə kömək edirmi?

- Bu gün Azərbaycan teatrının bir bəlası var - kadr çatışmazlığı. Hazırda Mədəniyyət və İncəsənət Universiteti əvvəlki illərə nisbətən daha çox tələbə qəbul edir və daha çox məzun buraxır. Mən bu məzunların keyfiyyətindən və necə təhsil almalarından danışmaq istəmirəm. Ancaq onu bilirəm ki, bu gün universiteti qurtaran hər bir məzun Bakıda qalmaq istəyir. Gedib toylarda tamadalıq edir, restoranlarda çalışır. Ancaq teatrlarda əsl sənətlə məşğul olmağı özlərinə rəva bilmirlər. Bunun bir səbəbi də odur ki, bu gün təyinat verilmir. Biz ona görə teatr studiyası açmağı qərara aldıq. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və müavini Ədalət Vəliyev studiya açmağa icazə verdilər. Biz də 15-16 nəfər gənc oğlan və qızları cəlb etmişik. Onlar teatrın sirlərini təcrübədə öyrənirlər. Bütün məşq proseslərində, stolarxası oxularda, əsərlərin müzakirəsində iştirak edirlər. Onlar teatrın sirlərini öyrənməklə bərabər, həmçinin teatr sənətinin çətinliklərinə alışırlar. Onlarda dözümlük tərbiyə olunur. Onların içərisindən əgər 2-3 nəfər həqiqi aktyor çıxacaqsa, bu, studiyanın və teatrın böyük uğuru olacaq. Biz kadr problemimizi ancaq bu yolla həll edə biləcəyik.

- Teatrınız mövsüm ərzində neçə tamaşa hazırlaya bilir?

- Əslində mövsüm ərzində dörd tamaşa hazırlamalıyıq. Bəzən tamaşaların hazırlama prosesi uzun çəkir. Məsələn, "Şah Edip"in üzərində 6 ay işlədik. Amma bir başqa əsəri bir aya hazırlamaq mümkündür. Fevralın 5-dən "Ezop" əsərinin məşqlərinə başlayırıq. Sonra isə planda Hüseyn Cavidin "İblis" əsəri var. Bu cür fundamental daramaturyi materiallar öz-özlüyündə aktyorun tərbiyəsində böyük rol oynayır. Ona görə də belə əsərlər bizə lazımdır.

 

Kaspi.-2008.- 7 fevral.- S. 16.