Məhərrəmova
T.
Teatr və kino sənətimizin əfsanəsi
Ələsgər Ələkbərov
bütün rollarında yaratdığı surətə
çevrilirdi
"Hər şeydə arzu və
həvəs böyük rol oynayır. Əgər bu arzu
və həvəs iş zamanı ciddiyyətə
çevrilərsə, o zaman hər başlanmış iş
müvəfəqqiyyətlə nəticələnir". Bu
sözlər görkəmli aktyor Ələsgər
Ələkbərovun yaradıcılıq kredosu idi. O, adi
aktyordan nadir sənətkara çevrilmək üçün
uzun və maraqlı bir sənət yolu keçib.
98 il bundan
öncə Bakı şəhərində dünyaya göz
açan Ələsgərin uşaqlığının
xoş olmayan üzü öndə dayanır. O,
yoxsullaşmış tacir ailəsində doğulub.
Hələ uşaqlıqdan gördüyü hər
şeyə marağı olub. Kiçik yaşlarında
şeirə, sənətə həvəs göstərib.
Bakı Realnı Məktəbində ibtidai təhsil alan
Ələsgər məktəb yığıncaqlarında
çıxışlar edirdi. O, boş vaxtlarında
kəndirbazlara baxır, qapı-qapı gəzərək
yanıqlı səslə, aydın tələffüzlə
oxuyan dərvişləri dinləyir, "kos-kosa"
oyunlarından həzz alırdı. Balaca Ələsgər bu
oyunlara tamaşa etməyə çox vaxt atası ilə
gedərdi. 1920-ci ildə atasının vəfatı
Ələsgəri belə tamaşa və
gəzintilərdən məhrum edir. Atasının
ölümündən sonra ailənin bütün
ağırlığı anası Zübeydənin
üstünə düşür. Anası
övladlarını dolandırmaq və oxutmaq
üçün gecələri gündüzə qatıb
paltar tikməklə çörəkpulu qazanırdı.
Həyatı
nə qədər çətin keçsə də, balaca
Ələsgərin teatra olan həvəsi azalmır.
Məktəbdə oxuduğu illərdə tez-tez Əbilov
klubundakı dram dərnəyinə getməyə
başlayır. Anası onu bu həvəsindən
çəkindirmək istəyirdi. Çünki bilirdi ki,
camaat artist tayfasına yaxşı baxmır. Ancaq dram
dərnəyində Ələsgərə ümidlə
yanaşırdılar. Fitri qabiliyyəti, gözəl
hafizəsi, gur səsi, yaraşıqlı xarici
görkəmi, temperamentli oyunu onun gələcəkdə
istedadlı bir aktyor olacağından xəbər verirdi.
Axı məndə nə
görüblər?
Ələsgər
Ələkbərov 1927-ci ildə teatr məktəbində
oxumaqla bərabər, Bakı Türk İşçi
Teatrına qəbul olunur. Bu teatr onun aktyorluq qabiliyyətinin
daha da inkişaf etməsində mühüm rol oynayır.
Həmin illər təkcə yaradıcılığında
deyil, şəxsi həyatında da bir hadisəyə
çevrilir. Teatrda işlədiyi illərdə görkəmli
aktrisa Hökumə Qurbanova ilə ailə qurur. Onlar
məktəbdə tanış olmuşdular. Onda Hökumə
xanım musiqi məktəbinin fortepiano sinfində təhsil
alırdı. Sonra bu tanışlıq dostluğa, daha sonra da
məhəbbətə çevrilir. Qız evinə də
Ələsgər özü elçiliyə gedir. Ancaq
Hökumənin anası bu evliliyə razı deyildi.
Düzdür, Ələsgərin boy-buxunu, qəşəng
xarici görkəmi xoşuna gəlirdi, ancaq
gələcəkdə qızının ehtiyac içində
yaşamasını istəmirdi. Ələsgərin kasıb
olması ananın ürəyindən deyildi. Hökumə
isə inadla iki barmağını bir başmağa
dirəyir: "Əgər məni ona verməsəniz,
başqa heç kimlə ailə qurmayacağam. Evdə oturub
qarıyacağam". Ana qızının inadkarlığını
görüb evlənmələrinə razılıq
verməyə məcbur olur. Bu evlilikdən onların Nailə
adlı qız övladları dünyaya gəlir.
1933-cü ildə
Bakı Türk İşçi Teatrı Gəncəyə
köçürülür. Gənc ailə də Bakıdan
Gəncəyə köçür. Teatrın
səviyyəsini qaldırmaq üçün Bakıdan
Gəncəyə gələn Abbas Mirzə
Şərifzadə teatrda həm reyissor, həm də aktyor
kimi çalışmağa başlayır. Elə bu zaman Hökumə
xanımın istedad və bacarığı onun
gözündən yayınmır. O, tamaşalarda
Hökumə xanımla məşq etdikcə
Ələsgər qısqanclıqdan alışıb
yanır. Elə Hökumə də onu qəşəng
aktrisalara qısqanırdı. Bu qısqanclıq teatrın
divarları arasında qalmır, ailə həyatlarında da
mənfi rol oynayırdı. Evdə tez-tez
küsüşür, bir-birlərini ittiham edir,
dava-dalaşları da olurdu. Nəticədə yerli-yersiz bu
ittihamlar onların ailəsinin dağılmasına
səbəb olur. Hökumə xanımla ayrılandan sonra
Ələsgər univermaqda işləyən bir rus
qızı ilə evlənir və ətrafdakıların
qınağı ilə rastlaşsa da, heç kimə
məhəl qoymur.
1933-cü
ildə isə Ə.Ələkbərov Akademik Dram Teatrında
işləməyə başlayır. Mirzəağa
Əliyev, Sidqi Ruhulla, Abbas Mirzə Şərifzadə kimi
aktyorların əhatəsində çox şey
öyrənir.
Leyla
Bədirbəyli xatirələrində yazır:
"Bəzən həyatda bir adamı yalnız görən
zaman yada salır, xatırlayırsan. Lakin elə insanlar da olur
ki, onları təkcə bir dəfə görür, amma uzun
illər, hətta ömrün boyu unutmursan. Ələsgər
Ələkbərov belə şəxslərdəndir. O, tam
mənasında səhnə üçün, sənət
üçün doğulmuşdu. Bu mahir aktyoru
səhnədə bir dəfə görən heç zaman
unutmurdu. Heç yadımdan çıxmır, bir dəfə
onun ad gününə yığışmışdıq.
Çox da böyük olmayan məclis həddən artıq
şən keçirdi. Ələsgər isə hamıdan
şən idi. O, pianoda çalır,
oynayır, şadlanırdı. Rəqsdən xüsusi
zövq alırdı. Milli azəri rəqsi onun ifasında
çox gözəl təsir bağışlayırdı.
Qonaqlar təkrar-təkrar Ələsgərin şərəfinə
sağlıq söyləyir, yüksək
sənətindən, nəcib insanlığından
danışırdılar. Bu zaman mənimlə yanaşı
oturan Ələsgərin gülməkdən özünü
zorla saxladığını görüb
təəccüblə ona baxdım. Baxışımdakı
sualı hiss edib dedi: "Başa düşə bilmirəm
ki, bunlar bu qədər tərif dolu sözləri haradan
tapırlar? Axı məndə nə görüblər? O
qədər də gözəl deyiləm, gözlərim
olduqca balacadır. Qəlbən gülmək istərkən
gözlərimin lap kiçiləcəyini xatırlayıb
özümü zorla saxlayıram. Çünki
güləndə gözlərim tamam yumulur". Mən dedim
ki, yəqin tilsim, möcüzə yolu ilə sən
özünü xalqa sevdirirsən. Bu zaman o ürəkdən
güldü. Həqiqətən kiçik gözləri
tamamilə yumuldu. Lakin coşqun məhəbbətlə
yaratdığı vüqarlı səhnə
surətlərini - Elxan, Aydın, Otello, Vaqif, Fərhad və
Cavanşirin ülvi hisslərini məhz bu gözlərdə
görmüşdük. O, yüz dəfə, min dəfə
Otellonun, Vaqifin faciəsini öz faciəsi kimi
yaşamış və bu "ölümlər"lə
ölməzlik qazanmışdı".
"Ələsgər
Ələkbərovun sənətə vurğunluğunu
təsdiq eləmək üçün onun
yaratdığı surətləri yada salmaq kifayətdir"
- deyə reyissor Hafis Fətullayev xatırlayır:
"Ələsgər Ələkbərov üçün
rolun böyük-kiçiyi yox idi. O, bütün rollarına
yaradıcılıq həvəsi ilə yanaşırdı.
Səhnədə demək olar ki, tamamilə təsvir
edilən şəxsə çevrilir,
tamaşaçıları və səhnədəkiləri
ardınca aparmaq qüvvəsinə nail olurdu. Salondakılar
onunla birlikdə gülür, tamaşaya
baxdığını unudur, səhnədə baş
verən hadisəni həyatın bir parçası kimi
qəbul edirdilər. Ələsgər bütün
rollarında yaratdığı surətə çevrilirdi.
Onun zəngin daxili aləmi, emosionallığı
səhnədəki başqa ifaçılara da təsir
edirdi".
"Otello"nun uğuru
1959-cu ildə
Moskvada Azərbaycan mədəniyyəti və
ədəbiyyatı ongünlüyünü indiyədək
xoş təəssüratla xatırlayırlar. Vaxtanqov
teatrının səhnəsində Azərbaycan Dram
Teatrının kollektivi "Otello"nu oynayırdı.
Hər pərdənin sonunda alqış səsləri
səhnəni titrədirdi. Bütün salonun diqqəti ən
çox bir aktyora - Ə.Ələkbərova dikilmişdi. O,
Otello rolunu oynayırdı. Ə.Ələkbərov Moskvada
neçə-neçə Otellolar görmüş
tamaşaçılar qarşısında Otello
oynayırdı.
Tamaşa
qurtarır, pərdə bağlanır, ancaq salonu
bürümüş alqış səslərinin
ardı-arası kəsilmir. Moskva tamaşaçıları
Azərbaycanın qüdrətli aktyorunun ifasında yeni Otello
görürdülər. Bu Otello doğrudan da onların
indiyədək gördüyü Otellolardan tamamilə
fərqli idi.
Ongünlük
təkcə uğuru ilə yadda qalmır. Dekadanın sonunda
Azərbaycandan gələn incəsənət
xadimlərinə ittifaq səviyyəli fəxri adlar verilməliydi.
Rəşid Behbudov, Qəmər Almaszadə, Leyla Vəkilova
SSRİ Xalq artisti fəxri adına layiq görülür.
Akademik Dram Teatra ayrılan fəxri adın isə hamı
Ə.Ələkbərova veriləcəyini gözləyir.
Ancaq bu fəxri ad teatrın rəhbəri Adil
İsgəndərova verilir.
Bakıya
qayıdandan sona Ə.Ələkbərov teatrdan
çıxmaq üçün ərizə ilə
Mədəniyyət Nazirliyinə müraciət edir.
Mədəniyyət naziri Məmməd Qurbanovun etirazına
baxmayaraq, o, teatrdan uzaqlaşır. Ə.Ələkbərov
bir də teatra 1959-cu ilin axırında - Adil
İsgəndərov vəzifəsindən
uzaqlaşdırılandan sonra qayıdır. Ancaq sonra
özü də başa düşür və etiraf edirdi:
"İsgəndərovsuz teatr həmin teatr deyil".
Ə.Ələkbərov
teatrla yanaşı, kino tariximizdə əbədilik qalan
"Kölgələr sürünür", "Qara
daşlar", "Ögey ana", "Uzaq sahillərdə",
"Fətəli xan" və s. filmlərdə də
uğurlu obrazlar yaradıb. Eyni zamanda, 1960-cı ildə
Dovyenko adına Kiyev kinostudiyasında çəkilən
"Varislər" filmində don Aqilla rolunu uğurla
oynayıb. Aktyorun ən böyük uğuru onda idi ki, kinoda
çəkildiyi obrazlarla səhnə qəhrəmanları
arasında yaxın əlaqə yarada bilirdi. 1963-cü ildə
çəkildiyi "Böyük dayaq" filmindəki
Rüstəm kişi onun ən mükəmməl
obrazlarındandır. Rüstəm kişi
Ə.Ələkbərovun kinoda son roludur. "Böyük
dayaq" filmi ekranlara çıxanda tamaşaçılar
artıq öz sevimli aktyorunu itirmişdi. Ancaq
Ə.Ələkbərov vida rolunda da sənətkarlıq
hünərinə sadiq qalmışdı.
Ə.Ələkbərov
teatr üçün doğulmuşdu. O, ömrünün
axırına qədər səhnədə
çalışıb. 1963-cü ildə
"Səyavuş" faciəsinin məşqləri
zamanı onun yolunu gözləyən həmkarları
Ə.Ələkbərovun ölüm xəbərindən
sarsılırlar.
Böyük
aktyoru son mənzilə yola salmağa gələnlər
arsında köhnə dostu Adil İsgəndərov da
vardı. Onlar vaxtilə birlikdə teatrın tarixinə
qızıl hərflərlə yazılan tamaşalar
hazırlamış, teatrın şöhrətini ölkə
hüdudlarından kənara yaymışdılar. Ancaq
sonradan onların bir-birindən küsmələri hesabına
milli teatrımız çox şey itirmişdi. Bunu
sağlığında mərhumun özü də, Adil
İsgəndərov da, tamaşaçılar da yaxşı
bilirdi.
Son
mənzilə gedən yolda isə artıq bu etirafların
mənası yox idi. Əsas o idi ki, Azərbaycan teatr və
kino sənətinin canlı bir əfsanəsi -
Ə.Ələkbərov fenomeni kino lentlərində,
insanların yaddaşında həmişə yaşayır.
Kaspi.- 2008.- 1 fevral.- S. 16.