Kumık Teatrı paytaxta qonaq gəlib

 

Baysoltan Xasayev: "Hər bir tamaşa və hər bir aktyorla görüş əsl məktəbdir

 

Ötən həftənin şənbə günü Dağıstanın Kumık Musiqili Dram Teatrı paytaxtın qonağı oldu. Kumık Teatrının Bakıya səfəri qastrol xarakteri yox, Akademik Milli Dram Teatrında səhnələşdirilən İlyas Əfəndiyevin "Xurşudbanu Natəvan" psixoloyi dramına tamaşa etmək məqsədi daşıyırdı.

Qeyd edək ki, indiyə qədər "Xurşudbanu Natəvan" tamaşasına "Azdrama"nın səhnəsində iki dəfə müraciət olunub. Birinci quruluş teatrın baş reyissoru Mərahim Fərzəlibəyova, ikincisi isə Bəhram Osmanova məxsusdur.

"Bu yaxınlarda mənə Dağıstan Teatr Cəmiyyətindən telefon açaraq general Xasay Usmiyevin 200 illik yubileyi münasibəti ilə silsilə tədbirlər keçirildiyini bildirdilər. Dedilər ki, bu münasibətlə Kumık Teatrının kollektivi sizin tamaşaya baxmaq istəyir. Mən onlara razılıq verdim. 13 nəfərlik kollektiv tamaşaya baxmaq üçün Bakıya gəlib. Onlar həmçinin tamaşadan sonra generalın obrazını yaradan Xalq artisti Nurəddin Mehdixanlı, Natəvan rolunun ifaçısı Bəsti Cəfərova ilə görüşəcək, səhəri gün Teatr Xadimləri İttifaqında olacaqlar. Şəhəri gəzəcəklər" - deyə "Azdrama"nın direktoru Maqbet Bünyatov qonaqların səfərinin məqsədini açıqladı. Onun bildirdiyinə görə, teatrlar arasındakı bu bağlılıq gələcəkdə də davam etdiriləcək: "Kumık Teatrı həmçinin "Azdrama"nın kollektivinin repertuarından bir komediya ilə onların səhnəsində qonaq olması üçün müraciət edib. Hətta ola bilsin ki, "Xurşudbanu Natəvan" bizim reyissorlar tərəfindən Kumık Teatrının səhnəsində də qoyulsun".

Teatrın baş reyissoru Mərahim Fərzəlibəyov Kumık Teatrının Bakıya gəlişini əlamətdar hadisə adlandırdı: "Sevindirici haldır ki, repertuarımızda mühüm yer tutan "Xurşudbanu Natəvan"ın növbəti təqdimatında Dağıstan Respublikasının tanınmış teatr xadimləri iştirak edir. İki teatrın rəhbəri xoşməramlı saziş bağlayıb və biz bu gün bunun bəhrəsini görürük. İstərdim ki, xalqlarımız arasında mədəni əlaqələr daha da inkişaf etsin. Çünki biz həmişə yaxın münasibətdə olmuşuq".

Dağıstan TXİ-nin direktor müavini, Rusiyanın Əməkdar artisti Baysoltan Xasayev Bakıda qonaq olmaqlarından qürur duyduğunu dilə gətirdi: "Gəlişimizin şairə xanım Natəvanın həyat yoldaşı general Usmiyevin 200 illik yubileyinə təsadüf etməsi bizim üçün çox sevindirici oldu. "Xurşudbanu Natəvan"a sizin dram teatrın səhnəsində baxmaq istədik. Biz həmçinin sizin teatrı Mahaçqalaya dəvət etmək istəyirik. İstəyirik ki, sizin teatr bizim səhnəmizdə bir komediya oynasın. Bizim çox gözəl və böyük publikamız var. Elə bir dil baryeri də yoxdur".

B.Xasayev teatrlarının tarixi haqqına məlumat verərək bildirdi ki, rəsmi versiyalara görə, Kumık Teatrının 75 yaşı var: "Bəzi mənbələr, xatirələr, faktlar isə bu teatrın 75 yox, 100-dən artıq yaşı olduğunu xəbər verir. Bu barədə hələ 5 il bundan əvvəl "Dağıstan həqiqəti" adlı respublika qəzetində mərhum professor Saltan-Murad Akbiev yazıb. Bu teatrın adət-ənənəsi haqqında Sergey Qovorov, Maya Zülfüqarova, Həmid Rüstəmov, Gülzar Soltanova və başqa teatrşünaslar yazıb. Sadəcə, teatrın tarixinə qısa ekskurs etmək istəyirəm: XIX əsrin sonlarında Kumıkın proqressiv ziyalıları teatr dərnəyi yaradıblar. Şıxəliyev, Cantemirov, Cakayev, Maqomed-Əfəndi Osmanov, Adil-Gəray Mansurov bu dərnəyin ilk üzvləri olub. Orta və ali təhsilli həvəskarlar bu dərnəyə cəlb edilib. Dərnəyin fəaliyyəti təkcə Rusiya xalqlarının həyatında deyil, kənarlarda da milli-mədəni oyanışa səbəb olub. O vaxtdan başlayaraq, mərkəzdə və əhalinin çox yaşadığı yerlərdə teatr dərnəkləri yaranmağa başlayıb. 1906-cı ildə Temir-Xan Şura vilayətində "Toy" teatr truppası fəaliyyətə başlayıb. Həmin ilin fevral ayında çıxan "Dağıstan" qəzeti yazır ki, "Toy"un üzvləri öz maddi vəziyyətlərini yaxşılaşdırmaqdan ötrü rəqs və səhnə oyunlarından ibarət tamaşalar təşkil edirdilər. Həmin illərdə həvəskar teatr cəmiyyətlərinin yaranması Dağıstan səhnə sənətinin və ölkənin başqa xalqlarının incəsənətinin inkişafına böyük təkan verir. Temir-Xan Şura vilayətində rus, Ukrayna, tatar, Azərbaycan

aktyorları tez-tez qonaq olurlar. Azərbaycan aktyorları öz qastrolları zamanı səhnədə Mirzə Fətəli Axundovun, Nəriman Nərimanovun, Üzeyir Hacıbəyovun və başqa dramaturqların əsərlərini təqdim ediblər.

1906-cı ildə tatar ziyalı gənclərinin Kazanda yaradılan "Sayar" adlı teatr qrupu təkcə bu şəhərdə deyil, bütün Dağıstana qastrola çıxır. Çox keçmir ki, bu qrupla kumıkların "Toy" truppası arasında əlaqələr yaranır. Kumık peşəkar teatrının yaranmasında Rusiya ali təhsil ocaqlarında təhsil alan gənclər az rol oynamır. Moskva Dövlət Universitetində təhsil alan Ullubiy Buynakskiy yay tətilləri zamanı Dağıstana gələrkən "Toy"un fəaliyyətində iştirak edir. Sovet hakimiyyəti uğrunda mübarizədə onun ən böyük qayğılarından biri milli teatr problemi olub. Milli teatrın ən parlaq simalarından biri də Kazan şəhərindən Temirbolat Biybolatov idi. O, Temir-Xan Şura vilayətində Realnıy məktəbdə və Kiyev hərbi və musiqi məktəblərində təhsil alıb. Biybolatov 1910-cu ildə vilayətdə teatr ədəbi dərnəyi yaradıb. Bu dərnəyin repertuarında Azərbaycan, türk, tatar və başqa xalqların əsərləri mühüm yer tutub. I Dünya müharibəsi başlayanda Biybolatov cəbhəyə yollanıb. Ancaq onun xeyirxah işini istedadlı həmfikirləri - Ələsgər Şirməmmədov və Ələkbər Ağayev davam etdiriblər. Onlar 1915-16-cı illərdə "Məşədi İbad", "Arşın mal alan", "Aşıq Qərib" operettalarını səhnələşdiriblər. Tamaşaya qədər şəhər teatrlarının zalında nəfəsli orkestrlər çalır, biletlər satılırdı. Foyedə gəzişən tamaşaçılar əsl peşəkar teatrlarda olduğu kimi binanın bədii tərtibatından zövq alırdılar. Kumık teatrının tarixində Temir-Xan Şura kollektivinin, Yağsay bədii özfəaliyyət dərnəklərinin əhəmiyyətli rolu oldu. Bu dərnəyin Astemirov, Salavatov, Dibirov, Başirov kimi yetirmələri olub.

Kumık Teatrının tarixində önəmli yer tutan şəxsiyyətlərdən biri də Zeynalabid Batırmurzayev olub. Gənc olmasına baxmayaraq, o, bu teatrda çox məhsuldar çalışıb. Onların tamaşaları açıq havada, əsgər kazarmalarında, fəhlə klublarında keçirilib. Qadın rollarını da oğlanlar növbə ilə oynayıb. Zeynalabid Batırmurzayev dərnəyi üçün əsərləri Bakıdan və Kazandan gətirib. Məsələn, 1916-cı ilin 25 mayında Bakıdakı kitab mağazasının sahibinə yazdığı məktubunda "Şeyx Şamil", "Nikita 1914-cü ildə" pyeslərinin, Nəriman Nərmanovun "Nadir şah" və Ordubadinin əsərlərinin göndərilməsini xahiş edib. Sonra onlar teatr dünyasına həsr olunan yurnal çıxarmağa nail olublar. Teatr fədaisi "Teatr həyatın güzgüsüdür. Bu güzgüdə əməkçi xalq öz həyatını aydın görə bilər. Teatr - yeni həyata tribunadır" - deyə yazırdı. 12 dekabrda kollektiv tatar yazıçısı Əli-Əskər Kamalın "Şəhərimizin sirləri" adlı komediyasını kumık dilində səhnələşdirir. Tamaşadan yığılan 1600 rubl pul Dağıstanda yetim uşaqların təhsil aldığı məktəblərə köçürülür. Kollektiv həmçinin viyalətin kənarlarında və şəhər klublarında müxtəlif tamaşalarla çıxış edir".

Baysoltan Xasayev bəzi mənbələrdə Kumık Teatrının tarixinin 1926-cı ildən başlandığı haqqında da məlumat verdi: "Sovet hakimiyyəti qurulduqdan sonra teatrlar öz fəaliyyətlərinə dəyişikliklə başladılar. Onda Kumık Teatrının fəaliyyətində durğunluq yaranmışdı. 1926-cı ildə teatr sanki ikinci dəfə yenidən fəaliyyətə başlayır. Həmin ərəfədə rusiyalı aktyorlar Dağıstanda tamaşa göstərirdilər. Yenidən Musiqi Texnikumunun nəzdində yaranıb fəaliyyət göstərən teatr 1930-cu ildə ilk tamaşasını təqdim edir. O vaxtdan Kumık teatrı Rusiya teatrlarının flaqmanı hesab olunurdu. Bu teatr həmçinin Sovet İttifaqının ən yaxşı teatrlarından hesab olunur. Bir neçə il bundan əvvəl vəfat edən Rusiyanın Xalq artisti Həmid Rüstəmov bu teatrın ilk reyissoru olub. Teatrın aktyorları arasında Rusiyanın Xalq və Əməkdar artistləri var. Kumık teatrının repertuarında müxtəlif xalqların əsərləri yer alıb. Bu gün də "Məşədi İbad", "Qayınana", İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" tamaşaları repertuarımızdadır".

B.Xasayev həmçinin Azərbaycan dramaturqlarının əsərlərini əldə etməyin çətin olduğunu da bildirdi. "Bir çox dramaturqlar var ki, biz onların əsərlərini səhnələşdirmək istəyirik. Ancaq tərcümə çətinliyimiz var. Həmin əsərləri tərcümə edib bizə verən yoxdur. Əgər bu problem aradan qalxsa, inanıram ki, teatrlarımız arasında daha yaxın münasibətlər mövcud olacaq, xalqlarımız arasında mədəni əlaqələr inkişaf edəcək. Həm bizim teatr tez-tez Azərbaycana gələcək, həm də Azərbaycan teatrları Dağıstanın qonağı olacaq. Hər bir tamaşa və hər bir aktyorla görüş əsl məktəbdir".

 

Kaspi.- 2008.- 12 fevral.- S. 16.