Sənət
yollarında
Naxçıvan
teatrı -125
XIX
əsrin qurtarmasına hələ çox var idi. Belə bir məqamda qədim Naxçıvan
torpağının neçə-neçə
işıqlı ziyalısı, mütərəqqi
gəncləri bir yerə toplaşaraq teatr tamaşası
göstərməyə başladılar.
125 il bundan öncə qədim Naxçıvan
torpağında bir yaz günündə “Zaviyyə”
məhəlləsində dövrün
mütərəqqi ziyalılarından biri olan Hacı
Nəcəf Zeynalovun evində Mirzə fətəli Axundovun
“Müsyö Jordan və dərviş Məstəli şah”
komediyası tamaşaya qoyulmuşdur. 1883-cü il may
ayının 15-də tamaşaya qoyulan bu ölməz komediya
Naxçıvan teatrının təvəllüd tarixinə
çevrilmişdir.
Mirzə fətəli Axundovun bu ölməz
komediyasının tamaşaya qoyulmasında Eynalı bəy
Sultan, Mirzə Sadıq Qulubəyov, Əbülqasım
Sultanov, Mirzə Cəlil Şurbi, Paşa ağa Sultanov və
başqa ziyalılar əsl mənada fədakarlıq
göstərdilər. Və bu tamaşadan ruhlanan
ziyalılar bir-birinin ardınca Mirzə fətəlinin
“Lənkəran xanının vəziri”, “Xırs quldurbasan”,
“Hacı Qara” pyeslərini də tamaşaçılara
göstərdilər.
Mirzə fətəli Axundovun xalq
həyatını bütün canlılığı və
təbiiliyi ilə göstərən, illərin
sınağından çıxmış ölməz
komediyaları həm Naxçıvan teatrının, həm
də realist aktyor sənətinin formalaşmasında,
yetkinləşməsində son dərəcə böyük
əhəmiyyətə malik olmuşdur.
1889-cu il mart ayının 27-də naxçıvanlı
Mirzə Alməmməd Xəlilovun evində “Müsyö
Jordan və dərviş Məstəli şah” komediyası
tamaşaya qoyuldu (bu əsər ikinci dəfə idi ki,
oynanılırdı). Əsərdə əsas rolları ifa
edirdilər: Müsyö Jordan — Cəlil
Məmmədquluzadə, Hatəm xan ağa — Əliqulu Sultanov,
Məstəli şah — Mirzə Ələkbər Süleymanov,
Şahbaz bəy — Ə.Şeyxov, Şərəfnisə —
M.R.Xəlilov. Tamaşanın rejissoru — Mirzə Cəlil və
Eynalı bəy Sultan, suflyoru isə M.S.Xəlilov idi.
Naxçıvan teatrının fədailəri
neçə-neçə çətinliklərə və
məhrumiyyətlərə rast gəlsələr də,
irəliyə — gələcəyə doğru inamla
baxırdılar. Böyük yazıçımız
Ə.B.Haqverdiyevin müdrik bir kəlamını yada salmaq
istərdik: “Artistliyin yolları ağır və tikan ilə
doludur. Ayağa batan tikanların
ağrılarına davam edib, mərdanə getməyin
axırda işıqlı bir mənzilə yetməyi
şübhəsizdir”.
1889-cu ildə böyük ziyalı Məmməd Tağı
Sidqinin rejissorluğu ilə N.B.Vəzirovun “Ev
tərbiyəsinin bir şəkli” pyesi göstərildi.
Tamaşada Böyükxan Naxçıvanlı,
Y.Kəngərli, Ə.Şeyxov, Ə.Sultanov iştirak
edirdilər. Elə buradaca qeyd etməyi lazım
bilirəm ki, N.B.Vəzirovun “Müsibəti-fəxrəddin”,
“Pəhlivani-zəmanə”, “Sonrakı
peşimançılıq fayda verməz”, “Daldan atılan
daş topuğa dəyər”, “Yağışdan
çıxdıq, yağmura düşdük” pyesləri uzun
illər Naxçıvan teatrının repertuarında
özünə əsas yer tutmuşdur. Ə.B.Haqverdiyevin
də pyeslərinə həmişə geniş meydan
verilmişdir. “Bəxtsiz cavan”, “Dağılan tifaq”, “Pəri
cadu” pyesləri Naxçıvan teatrına şöhrət və
hörmət gətirirdi. Naxçıvan teatrının
ağır və çətin sınaqlardan öz
çiyinlərində aparan və işıqlı bir
mənzilə yetirmiş olan nəcib, xeyirxah teatr
fəadilərinə böyük xidmətlərinə
görə bu gün də dərin ehtiramımızı
bildiririk. Rza Təhmasib, Rza
İsfəndiyarlı, Səməd Mövləvi, Miribrahim
Həmzəyev, Həsən Səfərli, Mirhəsən
Mirişli, Əli Xəlilov, Heydər Muradov, Muxtar Nəsirov,
Böyükxan Naxçıvanlı, İsa Musayev, Əyyub
Haqverdiyev, füruzə Əlixanova, Xədicə Qazıyeva,
Baxşı Qələndərli, Zəroş Həmzəyeva, Zemfira Əliyeva, Sona Mirzəyeva və
başqaları bu ehtirama layiq sənətkar olublar.
İyirminci yüzilliyin ilk illərində Naxçıvan teatrının
sənət iqlimində ciddi dönüş yaranırdı.
Bakıda yaşayan teatr xadimləri ilə
yaradıcılıq körpüsü salınırdı.
Azərbaycan teatrının qüdrətli
ustadları Zülfüqar Hacıbəyovun, Sidqi Ruhullanın,
Cəlil Bağdadbəyovun, Mirzağa Əliyevin, Abbas
Mirzə Şərifzadənin, Mərziyə xanım
Davudovanın və digərlərinin tez-tez Naxçıvana
gəlməsi və yerli aktyorlarla birlikdə
çıxışları teatrın professional
səviyyəsini artırırdı. Aktyorlar mənən
inkişaf edirdilər.
Naxçıvan teatrının yaranma tarixindən və onun
bədii mənzərəsindən söhbət açanda
böyük maarifçi Cəlil Məmmədquluzadənin
adını çəkməmək qeyri-mümkündür.
Mirzə Cəlil Naxçıvan teatrının banilərindən
biridir. Onun ölməz pyesləri,
“Ölülər”, “Anamın kitabı”, “Dəli
yığıncağı” tragikomediyaları teatrın ən
məzmunlu və ən qiymətli tamaşalarından biri
olmuş və bu gün də səhnədə
yaşayırlar.
1917-ci ildə Rza Təhmasibin rejissorluğu ilə
“Ölülər” əsəri tamaşaya qoyuldu və
Naxçıvanın mədəni
həyatında böyük sensasiyaya səbəb oldu.
“Ölülər” Naxçıvan teatrının
səhnəsində görünməmiş uğur qazandı.
Qüdrətli aktyor Rza Təhmasibin və
mollanəsrəddinçi şair Əliqulu
Qəmküsarın böyük məharətlə
yaratdıqları İsgəndər və
Şeyx Nəsrullah obrazları Azərbaycan teatr tarixinə
qızıl hərflərlə yazılırdı. Qeyd
etmək lazımdır ki, Naxçıvan teatrının
təşəkkülündə Rza Təhmasibin böyük
xidmətləri olmuşdur. “Ölülər”, “Arşın
mal alan”, “Dağılan tifaq”, “Bəxtsiz cavan” kimi
tamaşaların uğuru ilk növbədə Rza Təhmasibin
adı ilə bağlıdır. Adları çəkilən
bu tamaşaların rəssamı böyük istedad sahibi
Bəhruz bəy Kəngərli idi.
Qüdrətli sənətkar Rza Təhmasibin böyük bir
xidməti də Naxçıvan səhnəsinə qız
və qadınların cəlbinə də xüsusi
yanarlıq göstərməsidir. Məhz onun
və görkməli Azərbaycan yazıçısı
Rəşid bəy Əfəndiyevin
təşəbbüsü ilə 1917-ci ildə (12 noyabr,
cümə günü) Üzeyir Hacıbəyovun
“Arşın mal alan” musiqili komediyası tamaşaya
qoyulmuşdur. Ən yadda qalan hadisə bu idi ki, tamaşada
iştirak edən ifaçıların hamısı
qadınlar olmuşdur. Bu hal Azərbaycan teatr tarixində
ən qiymətli və unudulmaz səhifələrdən
biridir. Məhz bu tamaşadan sonra naxçıvanlı qız
və qadınların teatra gəlişi xeyli
dərəcədə artmışdır.
Ötən əsrin 20-ci illərində Naxçıvan
teatrının ab-havasında, sənət iqlimində ciddi
dönüş əmələ gəldi. Teatr sözün
əsil mənasında məfkurə xarakterinə uyğun
olaraq S.S.Axundovun “Laçın yuvası” pyesini tamaşaya
qoydu.
Bir çox adlı-sanlı aktyorlar teatra dəvət olundular.
Bakıdan və başqa şəhərlərdən
rejissorlar teatra işləməyə gəldilər.
Güclü aktyor ansamblı yarandı. Naxçıvan
teatrının formalaşmasında böyük əməyi
olan Səməd Mövləvi həmişəlik olaraq
Təbrizdən Naxçıvana gəldi. Onun gəlişi
opera və musiqili komediyaların oynanılmasına
güclü təkan verdi və repertuarda Azərbaycan klassiklərinə
müntəzəm surətdə müraciət edilirdi. Bir
rejissor kimi onun çox güclü fədakarlığı
olmuşdur. S.Mövləvi Naxçıvan teatrında
Məcnun, Kərəm, Aşıq Qərib, Sərvər,
Əsgər... kimi zəngin musiqili rolları gözəl ifa
etmişdir.
Naxçıvan teatrı iki istiqamətdə — həm romantik,
həm də realist səpkidə formalaşmağa
başlayırdı. Hüseyn Cavidin və Cəfər
Cabbarlının pyesləri Naxçıvan teatrına yeni
sənət iqlimi gətirirdi. Bir çox
adlı-sanlı aktyorların, rejissorların, Səməd
Mövləvinin, İbrahim Həmzəyevin, İsa Musayevin,
Əyyub Haqverdiyevin, Zəroş xanım
Həmzəyevanın, Zemfira xanım Əliyevanın, Vaqif
Əsədovun, Kamran Quliyevin, Həsən Ağasoyun, Rza
Xudiyevin, Yasəmən xanım Ramazanovanın bir
sənətkar kimi ərsəyə gəlməsində
bu sənətkarların dərin mündəricəli
səhnə əsərlərinin böyük
əhəmiyyəti olmuşdu. Azərbaycan
Respublikasının xalq artisti Zəroş xanım
Həmzəyeva Cəfər Cabbarlının bütün
baş qadın qəhrəmanlarını
oynamışdı. Onun böyük sənətkarlıqla
yaratdığı Solmaz, Almaz, Sevil, Gültəkin,
Səriyyə, Sara, Sona, Yaqut, Sitarə obrazları bu gün
də yaddaşlardadır. Zəroş
xanımın xüsusi məhəbbətlə
canlandırdığı “Şeyx Sənan” və
“Səyavuş” mənzum pyeslərində Xumar və
Südabə obrazları da Naxçıvan teatrının
salnaməsinə xüsusi cəzibədarlıq gətirən
səhnə surətlərindən olmuşdur.
Müqtədir sənətkarımız, xalq artisti Sidqi Ruhulla
1931-1933-cü illərdə Naxçıvan teatrının
direktoru və baş rejissoru işləmişdir. Onun uğurla tamaşaya qoyduğu “Otello”,
“Qaçaqlar”, “Pəri cadu”, “Dağılan tifaq”, “Bəxtsiz
cavan”, “fərhad və Şirin” tamaşaları
özünün professonal həlli ilə diqqəti cəlb
etmişdir. Ümumiyyətlə, Sidqi Ruhullanın
Naxçıvan teatrının mənəvi
inkişafında, aktyorların yetişməsində danılmaz
xidmətləri olmuşdur.
1937-ci ildə Mirzə İbrahimovun “Həyat” pyesinin
tamaşaya qoyulması Muxtar Respublikanın mədəni
həyatında əlamətdar bir hadisəyə
çevrilmişdir. Bu uğurlu tamaşadan sonra 1939-cu ildə
Həsən Əliyevin tamaşaya qoyduğu “Vaqif” mənzum
pyesi diqqəti çəkdi. “Həyat”
pyesinə quruluş verən Yusif Yulduz və “Vaqif” pyesinə
quruluş verən Həsən Əliyev gözəl tamaşa
yaratmağa müvəffəq olmuşlar. İbrahim
Həmzəyevin, İsa Musayevin, Səməd Mövləvinin,
Mirhəsən Mirişlinin, Xədicə Qazıyevanın,
firuzə Əlixanovanın, Əyyub Haqverdiyevin, Abbas Quliyevin,
Ruxsarə Ağayevanın, Əyyub Abbasovun və
başqalarının hər iki tamaşadakı ifaları
diqqəti cəkirdi.
Böyük Vətən müharibəsi
illərində Naxçıvan teatrının repertuarında
qəhrəmanlıq və vətənpərvərlik
ideyalı əsərlərə böyük meydan
verməklə tamaşaçılara nəcib hisslər
aşılanırdı. Səməd Vurğunun “fərhad
və Şirin”, Rəsul Rzanın “Vəfa”, Zeynal
Xəlilin “İntiqam”, Məmməd Hüseyn Təhmasibin
“Aslan yatağı”, Konstantin Simonovun “Vətən oğlu”,
Şekspirin “Otello”, Üzeyir bəy Hacıbəylinin
“Arşın mal alan” pyesləri müharibə illərinin
ən gözəl, ən sanballı tamaşaları idi. Qeyd
etmək yerinə düşərdi ki, həmin pyeslərin
əksəriyyətinin quruluşçu rejissorları
İbrahim Həmzəyev və Səməd Mövləvi
olmuşlar. Və bir cəhət də
diqqəti cəlb edirdi ki, İbrahim Həmzəyev və
Səməd Mövləvi eyni zamanda baş rolların mahir
ifaçısı kimi də çıxış
edirdilər.
İbrahim Həmzəyev uzun illər Naxçıvan
teatrının direktoru və baş rejissoru olmuşdur.
Klassik və çağdaş səhnə
əsərlərinə parlaq quruluşlar verən
sənətkar eyni zamanda baş rolların da gözəl
ifaçısı olmuşdur. Onun
məharətlə yaratdığı Qaçaq Nəbi,
Qatır Məmməd, Şeyx Sənan, Bəhram, Elxan, Vaqif,
fərhad, İmamyar, Seyran... kimi rolları özünün
peşəkarlığı ilə ən yüksək
səviyyədə idi. İbrahim Həmzəyev böyük
bir aktyor nəsli yetişdirmişdir. Azərbaycan
Respublikasının xalq artistləri Zəroş xanım
Həmzəyeva, Məmməd Quliyev, Sofiya xanım
Hüseynova, Əkbər Qardaşbəyov, Aydın
Şahsuvarov, İbrahim Bənəniyarlı, Roza xanım
Cəfərxanova, əməkdar artistlər Pakizə xanım
Məmmədova, Tamara xanım Məmmədova, Tofiq Mövləvi,
Müzəffər Səfərov və başqalarının
bir akytor kimi formalaşmasında məhz İbrahim
Həmzəyevə borcludur.
Məlumdur ki, həqiqi sənət xalqları bir-birinə
yaxınlaşdırır, onların dostluq və
qardaşlıq hisslərinə təsir etmək
üçün qüvvətli vasitəyə çevrilir.
Naxçıvan teatrı yarandığı gündən
məhz bu ideya istiqamətində irəliləmiş və
inkişaf etmişdir. N.Qoqolun, M.Qorkinin, A.Çexovun,
A.Ostrovskinin, K.Simonovun, A.Korneyçukun, L.Leonovun, V.İvanovun
və başqa rus dramaturqların əsərləri
Naxçıvan teatrında tamaşaya qoyulmuş və
həmin tamaşalar yüksək sənətkarlıqla
qəbul olunmuşdur.
Naxçıvan teatrı Şekspirin, Şillerin, Hüqonun,
Holdoninin, Lope de Veqanın və başqa Qərb
dramaturqlarının zəngin mənəviyyatlı səhnə
əsərlərinə də dönə-dönə
müraciət etmişdir. Bu tamaşaların
quruluşçu rejissorları Sidqi Ruhulla, İsmayıl
Hüseynov, Həsən Ağayev, Yusif Yulduz, Səməd
Mövləvi, İbrahim Həmzəyev, Baxşı Qələndərli,
Vəli Babayev, Vaqif Əsədov, Əliqismət Lalayev, Kamran
Quliyev və başqaları gözəl tamaşa yaratmaq
üçün sözün əsl mənasında
yaradıcı axtarışların fövqündə
daynamışlar.
70-80-ci illərdə Naxçıvan teatrının bədii
həyatında ciddi dönüş yaranmışdır. Repertuara
daxil edilən əsərlərə qismən nəzər
salsaq, bunu aydınlığı ilə görə
bilərik. Anarın “Adamın adamı”,
Rüstəm İbrahimbəyovun “Yaşıl qapı
arxasında”, “Kabinet əhvalatı”, Əkrəm Əylislinin
“Quşu uçan budaqlar”, “Qiymətli qafiyələr”,
“Mənim nəğməkar bibim”, “Bir cüt
bədmüşk ağacı”, İmran Qasımovun
“Nağıl başlananda...”, Ramiz
Rövşənin “Dərs”, Ramiz Heydərin “Bahar qız”,
Loğman Rəşidzadənin “Toya bir gün, bir günorta
qalmış”, Cahan Əfruzun “Qanqın böyük
dalğası”... tamaşaları özünü
əxlaqi-etik problemi, müasirlik duyğusu ilə, ən
başlıcası isə maraqlı rejissor təsiri və
yaddaqalan aktyor oyunu ilə diqqəti çəkir. Qeyd
etmək lazımdır ki, milli yazarlarımızla
bərabər, dünya dramaturqlarının pyeslərinə
də geniş meydan verilirdi. Belarus Andrey Makayenonun “Tribunal”,
qazax Oralxan Bokayevin “Yetkinlər”, gürcü Georqi Midivaninin
“Konsulu oğurladılar”, qırğız Çingiz Aytmatovun
“füdzi dağında qonaqlıq”... tamaşaları da
ayrı-ayrı rejissorlar tərəfindən uğurla
tamaşaya qoyulmuşdur.
Azərbaycan Respublikasının xalq artisti
istedadlı rejissor Vaqif Əsədovun rejissorluğu ilə
tamaşaya hazırlanan antik yunan dramaturqu Sofoklun “Elektra” və
Əkrəm Əylislinin “Mənim nəğməkar bibim”
tamaşaları Tiflisdə və İrəvanda
keçirilən Ümumittifaq teatr festivallarının baş
mükafatına layiq görülmüşdür.
Ümumiyyətlə, 70-80-ci illərdə diqqəti
cəlb edən cəhətlərdən biri də bu idi ki, o
illərdə Naxçıvan teatrı türk
dramaturgiyasına geniş meydan verirdi. Bu
sahədə Azərbaycan Respublikasının əməkdar
artisti, mərhum rejissor Vəli Babayevin xidmətləri
danılmazdır. 1968-ci ilin sonunda mərhum
sənətkarımız Vəli Babayev
dünyaşöhrətli dramaturq Nazim Hikmətin Vera Tulyakova
ilə birlikdə yazdıqları “Kor padşah” pyesini
tamaşaya qoymuşdur. Bundan sonra Vəli Babayev Nazim
Hikmətin “Bayramın birinci günü”, Rəşad Nuri
Güntəkinin “Dodaqdan qəlbə”, Orxan Kamalın “Yad
qızı”, İbrahim Oflasoğlunun “Dəli İbrahim”
tamaşalarına quruluş vermişdir. Naxçıvan
teatrında rejissor Əsgər Əsgərovun Nazim Hikmətin
“Qəribə adam” və Əziz Nesinin “Ölən adam”
tamaşaları da diqqəti çəkmişdir. Və
elə bu günün özündə Naxçıvan
teatrında türk dramaturgiyasına müraciət davam
etməkdədir. Hazırda teatrda Rəşad Nuri Güntəkinin,
Haltun Tanerin, Nazim Hikmətin əsərləri
hazırlanır.
Naxçıvan teatrının tarixinə
nəzər salanda biz orada Səməd Vurğunun, Süleyman
Rüstəmin, İslam Səfərlinin, Cabbar
Məcnunbəyovun, İlyas Əfəndiyevin, Sabit
Rəhmanın, Əyyub Abbasovun, Zeynal Xəlilin, Mirzə
İbrahimovun, Mehdi Hüseynin əsərlərinə də
geniş meydan verilməsinin şahidi oluruq. Bu
dramaturqların ayrı-ayrı səhnə əsərləri
müxtəlif illərdə ayrı-ayrı rejissorlar
tərəfindən uğurla tamaşaya qoyulmuşdu. Sabit
Rəhmanın “Toy”, “Xoşbəxtlər”, “Aydınlıq”, “Nişanlı
qız”, “Əliqulu evlənir” kimi sanballı səhnə
əsərləri Naxçıvan teatrının bədii
salnaməsinə xüsusi cəzibədarlıq gətirən
tamaşalar olmuşdur.
Azərbaycan Respublikasının əməkdar
incəsənət xadimi Baxşı Qələndərlinin
Naxçıvan teatrındakı 20 illik fəaliyyəti
teatrın həyatında mühüm mərhələdir, —
desəm, səhv etmərəm. Sankt-Peterburqda
ali rejissorluq təhsili alan Baxşı Qələndərli
uzun illər İrəvanda fəaliyyət göstərən
Azərbaycan Dövlət Dram Teatrının baş rejissoru
olmuşdur. İrəvan teatrında Baxşı Qələndərlinin
hazırladığı bir çox tamaşalar yüksək
qiymətə layiq görülmüşdür.
1964-cü ildən 1985-ci ilə qədər Baxşı
Qələndərli Naxçıvan teatrında
fəaliyyət göstərmişdir. Xeyli illər teatrın
bədii həyatına başçılıq etmişdir. Onun rejissorluğu ilə tamaşaya
hazırlanmış Kəmalə Ağayevanın
“Məhsəti”, A.Şirvanzadənin “Nakam qız”,
V.İvanovun “Zirehli qatar — 14-
Ümumən qeyd etmək lazımdır ki, Naxçıvan
teatrında sanballı rejissorlar nəsli yetişmişdir. Səməd Mövləvi, İbrahim Həmzəyev,
İsa Musayev, Əli Hüseynov, Həsən Ağayev,
Baxşı Qələndərli, Vəli Babayev, Nəsir
Sadıqzadə, Vaqif Əsədov, Əliqismət Lalayev,
Kamran Quliyev, Yasəmən Ramazanova, Rövşən
Hüseynov maraqlı və yaddaqalımlı tamaşaları
ilə həmişə nəzərə
çarpmışlar.
Qədim sənət məbədinin tarixini
araşdırarkən burada fəaliyyət göstərən
böyük rəssamlar nəslinə rast gəlirsən. XX
əsrin onuncu illərində Naxçıvan teatrında
tamaşaya hazırlanan əsərlərin
əksəriyyətinin quruluşçu rəssamı
böyük Azərbaycan boyakarı Bəhruz bəy Kəngərli
olmuşdur. Bu tamaşalar sırasına “Ölülər”,
“Pəri cadu”, Dağılan tifaq”, “Bəxtsiz cavan”, “Hacı
Qara”, “Müsibəti-fəxrəddin”... kimi klassik
əsərlər daxildir.
Sonrakı illərdə Adil Qazıyev, Şamil
Qazıyev, Əyyub Hüseynov, Məmməd Qasımov, Yuran
Məmmədov, Mircəlil Seyidov, Sabir Qədimov,
Məmmədli İsmayılov, Hüseynqulu Əliyev,
Əbülfəz Axundov, Səyyad Bayramov, Əli
Səfərli Naxçıvan teatrında ayrı-ayrı
vaxtlarda quruluşçu rəssam işləmişlər.
Yeri gəlmişkən yada salmaq istərdim ki,
Naxçıvan Muxtar Respublikasının əməkdar
incəsənət xadimi Məmməd Qasımov 30 ildən
artıq fasiləsiz olaraq Naxçıvan teatrının
baş rəssamı işləmişdir. 105 tamaşanın
quruluşçu rəssamı olmuşdur.
Teatrın fəaliyyətində
bəstəkarlar da mühüm rol oynamışlar.
Ənvər Hüseynov, Adil Kəngərli, Səfər
Rəcəbli, Məmməd Cavadov, Məmməd Ələkbərov,
Rəşid Məmmədov, Ramiz Mirişli, Nəriman
Məmmədov, Yusif Əsgərov, Şəmsəddin
Qasımov, Əkrəm Məmmədov... Naxçıvan
teatrında tamaşaya qoyulan əsərlərə maraqlı
musiqilər yazmışlar.
Naxçıvan teatrında yerli müəlliflərin
pyeslərinə həmişə böyük diqqət
verilmişdir. Hələ 1929-cu ildə naxçıvanlı
şair Müzəffər Nəsirlinin “Azadlıq
günəşi” pyesinin tamaşaya qoyulması
gələcək dramaturqların yetişməsinə,
necə deyrələr, xüsusi zəmin
yaratmışdır.
Sonrakı illərdə Qurban Qurbanovun
“Ayrım”, “Xosrov və Şirin”, Əbülfəz
Abbasquliyevin “Günəş doğur”, İslam
Səfərlinin “Göz həkimi”, “Ana ürəyi”, Hüseyn
İbrahimovun “Torpaq təslim olur”, “İtirilən
sağlıq”, Əliyar Yusiflinin “Vicdan əzabı”,
“Səadət naminə”, “Gözüm yollarda qaldı”, “Siz
xoşbəxt yaşayın”, Hüseyn
Razinin “Günəş”, “Odlu diyar”, “Arxalı dağlar”, “Haray
səsi”, Kəmalə Ağayevanın “Məhsəti”,
“İsmət”, “Apardı sellər Saranı”, Süleyman
Rəşidinin “İki ananın bir oğlu”, “Mən onu
axtarıram”, “Canlı heykəl”, Həsən Elsevərin
“Vüqarlı gözəl”, “Alınmaz qala”, Məmmədli Tarverdiyevin “Kölgəli dağ”,
“Qəmküsar”, Ramiq Muxtarın “Üfüqlər
qızaranda”, “Əgər sevirsə”, “Şəhərli
kürəkən”, Novruz Nehrəmlinin “Qəmli günlər”,
Həmid Arzulunun “İnam”, “Əlincə qalası”,
“İtilənən xəncəllər”, “Ərsizlər və
arsızlar”, Adil Qasımovun “Aylı gecənin qaranlığında”,
Elman Həbibinin “Sahilsiz çaylar”, Əliheydar
Qəmbərovun “İlan yuvasında fırtına”
əsərləri müxtəlif illərdə
ayrı-ayrı rejissorlar tərəfindən tamaşaya
qoyulmuşdur.
Naxçıvan teatrı həmişə sağlam və
ciddi repertuar uğrunda mübarizə aparmışdır.
Azərbaycan yazıçılarının
əsərləri ilə yanaşı dünya
dramaturqlarının pyeslərini səhnəyə
çıxarmaqda bu sənət ocağının
böyük ənənəsi var.
Azərbaycanda müstəqillik yaranandan sonra Naxçıvan
teatrının sənət mənzərəsində yeni
axtarışlar, yeni qastrol səfərləri diqqəti
cəlb edir. Teatr repertuar tərtibinə xüsusi diqqət
yetirir. Son illərdə Naxçıvan teatrı
səkkiz dəfə Türkiyə Respublikasına, onun
ayrı-ayrı bölgələrinə qastrol
səfərlərinə çıxmışdır.
İstanbulda, Ankarada, Bursada, Ərzurumda, Qarsda, İqdirdə
qastrolda olan Naxçıvan teatrı dahi Azərbaycan
bəstəkarı Üzeyir Hacıbəyovun “O olmasın, bu
olsun”, “Arşın mal alan” musiqili komediyalarını
uğurla türk tamaşaçılarına
göstərmişdir. Yeri gəlmişkən
bir mühüm məsələni də qeyd etməyi lazım
bilirəm ki, Naxçıvan teatrında musiqili
əsərlərə çox geniş meydan verilmişdir.
1910-cu ildən ta bu günə kimi Üzeyir Hacıbəyovun
“Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Ər
və arvad”, “O olmasın, bu olsun”,
“Arşın mal alan”, Zülfüqar Hacıbəyovun
“Aşıq Qərib”, “Evliykən subay”, “50 yaşında
cavan”, fikrət Əmirovun “Gözün aydın”, Səid
Rüstəmovun “Beş manatlıq gəlin”, “Durna”,
Ağası Məşədibəyovun “Toy kimindir”, Süleyman
Ələsgərovun “Ulduz”, “Özümüz
bilərik”, “Olmadı elə, oldu belə”, Vasif
Adıgözəlovun “Boşanaq — evlənərik”, Emin
Sabitoğlunun “Hicran” və başqa
bəstəçilərimizin ayrı-ayrı opera və operettaları
Naxçıvan teatrında böyük uğurla tamaşaya
qoyulmuşdur.
Müstəqillik illərində teatr M. f. Axundov, C.
Məmmədquluzadə, N. Nərimanov, H. Cavid, İ.
Əfəndiyevlə yanaşı çağdaş yazarlar —
N. Həsənzadə, Elçin, K. Ağayeva...
yaradıcılığına dönə-dönə
müraciət etmişdir.
Xalq artisti Kamran Quliyevin, əməkdar
artistlər Yasəmən xanım Ramazanovanın,
Rövşən Hüseynovun uğurlu rejissor işləri,
Əbülfəz Axundovun, Hüseynqulu Əliyevin, Səyyad
Bayramovun quruluşçu rəssam kimi fəaliyyəti
tamaşaların vüsətli alınmasına, baxımlı
olmasına güclü təkan vermişdir.
“Topal Teymur”, “İblis”, “Lənkəran
xanının vəziri”, “Atabəylər”, “Pompeyin Qafqaza
yürüşü”, “Dəli yığıncağı”,
“Qurbanəli bəy”, “Dirilən adam”, “Məhsəti”,
“Hökmdar və qızı”, “fərhad və Şirin”,
“Sahilsiz çaylar”, “Əlincə qalası”, “Mənim ərim
dəlidir”, “Dəlixanadan dəli qaçıb”... kimi
tamaşalar özünün
peşəkarlığı və təbiiliyilə
seçilmişdir.
***
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev bü günlərdə Naxçıvan
Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyi
barədə xüsusi sərəncam imzalamışdır. Sərəncamda
deyilir: “Naxçıvan Dövlət Musiqili Dram
Teatrı bütün fəaliyyəti boyu maarifçilik
düşüncəsinin daha geniş dairədə
yayılmasına çalışmış, xalqın
mədəni intibahı, milli oyanışı və
gənclərin milli-mənəvi dəyərlərə
bağlılıq ruhunda tərbiyəsi işinə layiqli töhfələr
vermişdir. Naxçıvan teatrı
yüksək hazırlığa malik kadrları ilə
ölkəmizdə teatr ənənələrinin daha da
zənginləşməsi işində yaxından iştirak etmiş
və mədəniyyətin ümumi tərəqqisi naminə
diqqətəlayiq xidmətlər göstərmişdir”.
Sənət ocağı müstəqillik yollarında
inamlı addımlarını atır. Bu addımlarda
qətiyyət, sağlam mövqe və prinsipial xətt
vardır. Yaxın Şərqin ən qocaman səhnə
ocaqlarından biri olan Naxçıvan teatrı daima
axtarışdadır.
Ədəbiyyat qəzeti.- 2008.- 15 fevral.- S. 2; 6.