Babayeva T.

 

Muğam - dünyanı fəth edən dünyəvi musiqi

Mənsum İbrahimov: Dövlətin qayğısı nəticəsində muğam sənəti həyata yenidən vəsiqə aldı

 

Yerli televiziya məkanının estrada, şou-biznes bumu yaşadığı bir dövrdə mavi ekranlarda xalq yaradıcılığına, daha dəqiqi, muğama geniş yer verilməsi ümidləri tükənmək üzrə olan tamaşaçıları yenidən sevindirdi. Üç aydan çox davam edən "Televiziya Muğam Müsabiqəsi-2007" istər Azərbaycan tamaşaçısı, istərsə də ölkəmizdən kənarda yaşayan soydaşlarımız üçün əsl sənət bayramına çevrildi.
Muğamsevərlərin böyük səbrsizliklə gözlədiyi bu müsabiqə Heydər Əliyev Fondu, onun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın muğam sənətinin qorunması, təbliği və inkişafı istiqamətində gördüyü əvəzsiz işlərdən biridir. Sözügedən müsabiqənin münsiflər heyətinin üzvlərindən biri - xalq artisti Mənsum İbrahimov bizimlə söhbətində son illər bu yöndə görülən və görüləcək işlərin əhəmiyyətindən danışdı.
- Son illər Azərbaycanın muğam musiqisinə h
əm dövlət başçımız, həm də bu sahədə ən böyük layihələri həyata keçirən Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən böyük qayğı göstərilir. Bundan əvvəl muğam diqqətdən kənarda qalmışdı və hətta bu sənətdən küsüb gedən, ayrılan ifaçılar da vardı. Çünki onların maddi vəziyyətləri o qədər də yaxşı deyildi. İfaçı öz sənətilə dolana bilmədiyi halda sənətdən uzaqlaşmağa başlayır. Hər bir işdə stimul olmalıdır. Muğam isə ağır sənətdir, onun qayğıya xüsusilə ehtiyacı var. Ona görə də Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dəstəyilə "Qarabağ xanəndələri" musiqi albomu, "Muğam" jurnalının buraxılması, "Muğam" ensiklopediyasının çap və elektron versiyasının hazırlanması, muğam müsabiqələrinin keçirilməsi, deyərdim ki, musiqimizdə mədəni inqilaba səbəb oldu. Son vaxtlar cənab Prezidentin muğam ifaçılarını fəxri adlarla, prezident mükafatları ilə təltif etməsi, onlara ev, fərdi təqaüdlər verməsi böyük stimul yaradır. Bilirsiniz, tələbənin qarşısındakı müəllimi ona nümunədir. Dövlət tərəfindən müəlliminə göstərilən qayğını gördükdə, o da buna nail olmaq üçün yaxşı oxumağa çalışacaq. Bu yöndə ən böyük uğur isə Prezidentin sərəncamı ilə Bakıda Beynəlxalq Muğam Mərkəzinin tikilməsidir. Bu il Mərkəzin açılışı olacaq və bundan sonra artıq muğamımızın öz evi olacaq. Mərkəzdə elmi konfranslar, muğam simpoziumları, layihələr, konsertlər təşkil olunacaq. Heydər Əliyev Fondunun həyata keçirdiyi və xalqımız arasında maraqla qarşılanan televiziya muğam müsabiqələri də bu məkanda düzənlənəcək. II Televiziya Muğam Müsabiqəsi bu yaxınlarda yekunlaşdı. Həm yerli tamaşaçılarımız, həm də dünyada yaşayan 50 milyonluq soydaşlarımız tərəfindən rəğbətlə qarşılanan bu müsabiqə şəxsən Mehriban xanım Əliyevanın muğama göstərdiyi çox böyük diqqət, qayğı sayəsində baş tutdu. Əsas məsələ odur ki, II müsabiqədə qaliblər tamaşaçıların göndərdiyi SMS-lər vasitəsilə deyil, yalnız münsiflər heyətinin qərarı ilə müəyyənləşdi.
- Yeri gəlmişkən, bəziləri hesab edirlər ki, burada münsiflərlə yanaşı, tamaşaçıların da rəyini nəzərə almaq olardı...
- Bilirsiniz, tamaşaçılar iştirakçılara həvəskar insanlar, muğamsevərlər kimi qiymət verirlər. Münsiflər heyətində isə muğam biliciləri, sənətkarlar əyləşiblər. Hər bir sənətin məktəbi var. Təbii ki, xalq muğamı sevir. Amma gələcəyin sənətkarını bu sənətin peşəkarları, muğam ustadları, sənətkarlar seçməlidirlər. Hansısa iştirakçının qohumunun maddi imkanı yaxşıdırsa, ona SMS göndərəcək, o da I yerə çıxacaq. Burada isə artıq obyektivlikdən söhbət gedə bilməz. Müsabiqənin SMS-siz keçməsi həm də burada maddi marağın olmadığını göstərir. Müsabiqə Heydər Əliyev Fondunun mənəvi və maddi dəstəyilə həyata keçdi və Fondun müsabiqəyə dəvət etdiyi münsiflər heyəti çox böyük sənətkarlarımız Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Səkinə xanım İsmayılova, Ramiz Zöhrabov, İbrahim Quliyev, Nadir Axundovdan ibarət idi. Mən də özümü çox xoşbəxt sayıram ki, hər iki müsabiqənin münsiflər heyətində təmsil olunmuşam. İnanın, dünyanın hər yerindən bizə yüzlərlə məktub, zəng gəlir. Münsiflər heyəti canlı efirdə şəffaf olaraq, tamaşaçıların gözü qarşısında iştirakçıları qiymətləndirir və qərarlarını izah edirdi. Beləliklə də, müsabiqənin sonunda yaxşıların yaxşıları seçildi. Nəticə həm xalqın ürəyindən oldu, həm də münsiflər heyətinin. Xalqın sevimli ifaçıları da layiqli yerlərini tutdular.
- Müsabiqənin əvvəlində qeyd edildi ki, iyirmi iştirakçı çoxsaylı ifaçılar arasından seçilib. Seçim turunda gözəl səsdən başqa, daha hansı meyarları nəzərə alırdınız?
- Elədir, müsabiqədə iştirak etmək istəyənlər çox idi. İsti yay aylarında biz Azərbaycanın bütün bölgələrini gəzdik və 500-ə yaxın gəncin arasından iyirmi nəfər seçdik. Harada istedadlı uşaqlar vardısa, hamısını dinlədik. Birinci növbədə, əlbəttə, səs olmalıdır. Bundan başqa, müəyyən qədər müəllim yanında məşğul olan gəncləri seçirdik. Çünki muğam elə bir janrdır ki, hər səsi olan adam onu oxuya bilməz. Məsələn, estrada musiqisini lent yazısından öyrənmək mümkündür. Amma muğamı lent yazısına qulaq asıb öyrənmək yox. Ona görə də xanəndəni hazırlayan müəllim lazımdır. Elə halla rastlaşdıq ki, ifaçının çox gözəl səsi vardı, amma müəllim yanında dərs almamışdı. Belələrini biz Bakıya gətirdik, müəllim yanında məşğul oldular və nəticədə müsabiqədə yüksək səviyyədə iştirak etdilər. Müsabiqədə iştirak edən iyirmi ifaçının hamısı layiqli gənclərdir, onların hər birinin böyük potensialı var. Sadəcə, müsabiqənin öz şərtləri var. Kim həftədən-həftəyə öz üzərində daha çox çalışdı, yaxşı ifa etdi, yüksək nəticə əldə etdi. Kim az çalışdı, tənbəllik, məsuliyyətsizlik etdi, müsabiqədən uzaqlaşdı.
- Müsabiqəni keçirməklə qarşınıza qoyduğunuz məqsədə çatdınızmı?
- Muğamla tanınmaq çox çətindir. Muğam estrada musiqisi, şou deyil ki, asanlıqla zirvəyə çatasan. Müsabiqənin məqsədi üç ay yarım ərzində xalqa yeni ifaçıları tanıtmaqdan ibarət idi. Biz bunu etdik, məqsədimizə çatdıq. Altı nəfərin hər birinin adını xalq əzbər bilir. Bundan başqa, müsabiqə boyu gənc ifaçıları müxtəlif musiqi ocaqlarının rəhbərləri izləyirdilər. Artıq onların bir neçəsi Opera və Balet Teatrına, Muğam Teatrına dəvət alıblar. Gələcəkdə bu ifaçılar ali musiqi məktəblərinə qəbul olunacaqlar. Hər yerdə onlara yaşıl işıq yanır. Bunlarla yanaşı, Nadir Axundov müsabiqə ərzində ifaçıların çıxışından ibarət bir toplumun buraxılacağını da bildirdi. Amma təbii ki, bu gənclər əvvəlcə muğamın sirlərini öyrənməlidirlər. Çünki bu gənclər hələ tələbədirlər, peşəkar ifaçı deyillər. Müsabiqədən sonrakı taleləri artıq onların şəxsi fəaliyyətlərindən asılı olacaq. Biz də münsiflər heyətinin üzvü, onların taleyinə imza atmış bir məsul şəxslər kimi bu gənclərdən köməyimizi əsirgəməyəcəyik.
- Müsabiqənin davamlı keçirilməsi nəzərdə tutulubmu?
- Müsabiqə hər il davamlı olaraq keçiriləcək. Bu günlərdə müsabiqə qalibləri və münsiflər heyətinin Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ilə görüşü oldu. Görüşdə müsabiqənin yekunlarını müzakirə etdik və qərara alındı ki, müsabiqə mütəmadi olaraq keçirilsin. Artıq növbəti müsabiqəyə hazırlıq işləri gedir.
- Sizcə, müsabiqənin hər il keçirilməsi üçün yetərincə potensial varmı?
- Azərbaycan xalqının potensialı çox böyükdür. Keçən dəfə 500 nəfər gəncin arasında zəif oxuyanlar, müsabiqəyə qoşula bilməyənlər artıq bu dəfə çalışacaqlar ki, daha yaxşı məşğul olsunlar və müsabiqəyə düşsünlər. Gənclər arasında muğam sənətinə böyük həvəs, maraq yaranıb. Bu gün musiqi məktəblərinə, Milli Konservatoriyaya böyük axın var. Hər kəs muğamın sirlərinə yiyələnmək istəyir. Hətta uşaqlar arasında da muğama həvəs göstərənlər var. I müsabiqədə Pərvaz İbrahimli kimi balaca bir uşaq seçmişdik. Bəzi mətbu orqanlarında bizi tənqid edənlər də vardı ki, balaca uşağı böyüklərlə yarışdırırsınız. Məsələ burasındadır ki, uşaqlar arasında da muğamı təbliğ etmək istəyirdik. Nəticədə növbəti müsabiqəyə Elməddin İbrahimov gəldi. Bu gün o, xalqımızın sevimlisinə çevrilib. Pərvaz İbrahimli isə Prezident təqaüdü alır. Elməddinə də hamı qayğı ilə yanaşır, o da öz təhsilini artırır, cılız çiyinlərilə muğam oxuyur. Müsabiqədə iştirak edən hər bir gəncin gələcək taleyi isə artıq onların qazandığı uğurdan asılıdr. Məsələn, Abgül Mirzəliyevlə Güllü Muradova Opera və Balet Teatrına dəvət alıblar. Bundan böyük nə uğur ola bilər? İfaçılar illərlə çalışırlar ki, Opera Teatrının səhnəsinə çıxsınlar. Amma bu gənclər qısa müddət ərzində bu Teatra şəxsən dəvət olunublar. Keçən muğam müsabiqəsinin qalibi Təyyar Bayramov da Opera və Balet Teatrının solistidir, Şah İsmayıl kimi böyük obrazı yaradır. Bax, müsabiqə gənclərə bu imkanları açır.
- Mənsum müəllim, bu gün muğam sənətinin bütün dünyada təbliği də qarşıya qoyulan əsas məqsədlərdən biridir. Xarici ölkələrdə çıxış edən bir sənətçi kimi əcnəbilərin muğamı necə qarşıladıqları barədə nə deyə bilərsiniz?
- Muğam dünyəvi, bəşəri musiqidir. Əgər muğamı ifa edən xanəndə peşəkardırsa, dünyanın harasına gedirsə-getsin, hansı səhnədə çıxış edirsə-etsin, uğurla qayıdacaq. Biz bu yaxınlarda Səudiyyə Ərəbistanına Azərbaycan Mədəniyyət Günlərində çıxış etməyə getmişdik. Orada bizim böyük sənətkarlarımız iştirak etdi. Başda hörmətli nazirimiz Əbülfəs Qarayev olmaqla, xanəndələrdən Nəzakət xanım Teymurova, Aygün xanım Bayramova, Sabir Abdullayev, Təyyar Bayramov, Azər Zeynalov və ziyalılarımızdan ibarət böyük bir qrup getmişdi ora. Mən də getmişdim. Orada beş, çox yüksək, möhtəşəm konsertlə çıxış etdik. Azərbaycanın muğamı o qədər zəngindir ki, dünyanın hər bir yerində onu yüksək səviyyədə qarşılayırlar. İstər Şərq, istərsə də Avropa ölkələrində. Elə bu günlərdə bizim "Leyli və Məcnun" operamızın 100 illiyini qeyd etdik. Şərqdə ilk böyük opera, dünyada analoqu olmayan bir opera 100 idir ki, səhnədən düşmür. Səbəbi də odur ki, bu opera muğamlarımızdan bəhrələnib. Mən də Məcnun kimi 100-cü dəfə səhnəyə çıxdım. Ən sevindirici hal da o idi ki, bu muğam operasına iyirmi gün öncədən biletlər satılıb qurtarmışdı. Təsəvvür edin, hər kəs zəng edib, bizdən bilet istəyirdi. Mən çox sevinirəm ki, 100 il bundan öncə yazılan tamaşaya bu gün bilet tapılmır. Bu, bizim muğamımıza olan dövlət qayğısının, təbliğatının nəticəsidir ki, xalqımızda, gənclərimizdə muğam sənətinə belə böyük istək yaranıb.

Xəzər.- 2008.- 2 fevral.- S. 18.