Məhərrəmova
T.
Mütəllim
Dəmirov, xanəndə:İmkan versələr..
Alim
Qasımovun tələbəsi sağlam rəqabətə
hazırdır
Xanəndə kimi
tanınmağına görə, özünü Alim
Qasımova borclu bilir. Deyir ki, gözəl səsi, istedadı
olsa da, sənət aləminin qapılarını məhz bu böyük
sənətkar onun üzünə açıb. Elə
uşaqlıqdan bu görkəmli xanəndənin yanında
böyüyüb. Onun şirin zəngulələrini,
gözəl oxumalarını eşidib. Eşitdikcə
musiqiyə, xanəndə olmağa həvəsi daha da
çoxalıb. Alim Qasımovun yolu ilə getməyə
çalışsa da, ona oxşamağa çalışmayıb.
Sənət aləmində öz izinin olmasını
istəyib. Düzdür, əvvəlcə uşaq
təxəyyülü onu aldadıb. Elə bilib ki,
gözəl səsi varsa, demək, özünə
sənət aləmində asan yer tapacaq. Ancaq sənət
yolunda çoxlu maneələrlə qarşılaşanda
hər şeyin onun düşündüyü qədər asan
olmadığını dərk edib.
Yenə də bu
qarışıqlıqda Alim Qasımov köməyinə
çatıb.
Yaxşısı budur, hər
şeyi Opera və Balet Teatrının solisti Mütəllim
Dəmirovun öz dilindən eşidək:
- Alim Qasımovun tələbəsi
olmağınız təsadüf idimi?
- Biz
əslən Şamaxıdan olsaq da, mən Bakıda anadan
olmuşam. Atamın gözəl səsi olub. O, vaxtilə
Asəf Zeynallı adına texnikuma daxil olub. Atam
rəhmətlik aşıq Şakirlə xanəndə kimi
toylara oxumağa gedib. Ancaq ehtiyac üzündən
sənətini davam etdirə bilməyib. Ailə həyatı
qurduqdan sonra çətinlik çəkdiyi üçün
sürücü işləməyə başlayıb. O,
arzusuna çatmadığı üçün mənim
xanəndə olmağımı istəyirdi. Onun
ürəyində qalan arzusunu mən
gerçəkləşdirdim. Buna görə atam çox
sevindi. Amma sonradan onun sənət aləmində
qarşılaşdığı çətinlikləri
mən də yaşadım. Düzdür, müəyyən
yerlərdə Alim Qasımovla qohumluğumuz dadıma
çatdı. Mən uşaqlıqdan onun yanında
böyüyüb, dərs almışam. O, səsimin
yararlı olduğunu görüb mənə kömək etdi.
Asəf Zeynallı adına musiqi texnikumuna get-gəl etsəm
də, əvvəlcə daxil ola bilmədim. Hərbi
xidmətə yollandım. Qayıdandan sonra nagüman halda
yenidən qəbula gəldim. Xanəndə Nəriman
Əliyev dedi ki, bala, göydə quş olub uçsan da xeyri
yoxdur, pul verməsən, qəbul ola bilməzsən. Dedim ki,
mənim pulum yoxdur, istəyirsiniz qəbul edin, istəyirsiniz
etməyin. Mən quyunun dibində də olsam, oradan
çıxacağam. Bəziləri başa düşür
ki, yaxşı səsi batırmaq olmaz. Ona mütləq
kömək eləmək lazımdır. Bəzisi
üçünsə bunun heç bir əhəmiyyəti
yoxdur. Mən də belə problemlə
qarşılaşdığım üçün məcbur
qalıb pul yığmaqdan ötrü dəmiryolu
idarəsində fəhlə işləməyə
başladım. Bəlkə bu yolla vəziyyətdən
çıxış yolu tapa biləcəyimi güman edirdim.
- Çıxış yolu tapa
bildinizmi?
-
Fəhləliklə nə qədər pul qazanmaq olar ki?
Ailəmiz də 10 nəfərdən ibarət idi. Çox
çətinliklə dolanırdıq. Qazandığım pul
dolanışığa güclə çatırdı. Ona
görə bu yolla pul qazanmaq mümkün olmadı. Sonra Alim
Qasımovun köməyi ilə texnikuma, daha sonra
müsabiqə yolu ilə Opera Teatrına qəbul olundum. Ona
görə ömür boyu Alim Qasımova minnətdaram.
Ümumiyyətlə, insan ona kömək edənin
yaxşılığını heç vaxt
unutmamalıdır.
- Siz 1995-ci ildə Füzulinin 500
illiyi ilə əlaqədar keçirilən
xanəndələrin respublika müsabiqəsinin laureatı
olmusunuz. Bu qalibiyyət sizə yol aça bilmədimi?
- Texnikuma
qəbul olunmağımın bir səbəbi də 1995-ci
ildə Füzulinin 500 illiyi ilə əlaqədar
keçirilən xanəndələrin respublika
müsabiqəsində I yer tutmağım oldu. O
müsabiqənin münsiflər heyətində Arif Babayev,
Canəli Əkbərov, Tükəzban İsmayılova,
Fəxrəddin Dadaşov, Hacı Mayıl, Alim Qasımov
oturmuşdu. 70-80 uşağın içindən mən, Zabit
Nəbizadə, Sevinc Sarıyeva və daha bir oğlan qəbul
olunduq. Alim Qasımov həmin müsabiqədə
səsimi çox bəyəndi. Bu, mənim sənət
yolumun başlanğıcı oldu.
- Sonrakı illərdə səsiniz
sizi irəli apardı, yoxsa yenə Alim Qasımovun
dəstəyi gərəyiniz oldu?
- Alim
Qasımovun mənə köməyi çox oldu. Ancaq məni
irəli aparan səsim oldu. Milli Konservatoriyada da
Alim Qasımovdan dərs aldım. Başa
düşən, qiymət verən adamlar səsi olan insanlara
mütləq kömək edirlər. Mən
özüm də hazırda Suraxanıdakı 3 saylı
incəsənət və musiqi məktəbində
işləyirəm. Bildiklərimi
gələcək nəslə həvəslə
öyrədirəm. Çünki mənim
özümə də bu köməyi göstəriblər.
İstedadı olan gənclərə
mütləq kömək eləmək lazımdır. Yoxsa sənət aləmində
öz-özünə yol açmaq çox çətindir.
İmkan versələr, Asəf Zeynallı adına
musiqi məktəbində və Musiqi Akademiyasında dərs
deyərəm. Görünür, bunun da
vaxtı var. Yəqin bizi qocalanda dərs deməyə
dəvət edəcəklər.
- Xanəndə
kimi oxumaq çətindir, yoxsa dərs demək?
- Dərs demək həm
çətin, həm də çox məsuliyyətli
işdir. Bilirsinizmi, tələbənin
özündən də çox şey asılıdır.
Əgər o, öyrənməyə meyilli, zəhmətə
qatlaşandırsa, nəyəsə nail ola
bilər. Muğam çox ağır
yanrdır. Hər adam da muğamı
başa düşmür. Muğamı xalqa
yaxşı çatdırmaq lazımdır. Bunun üçün üstümüzə
böyük məsuliyyət düşür. Dinləyici də bunu daha yaxşı ayırd edir.
Hər xanəndənin qiymətini
tamaşaçı verir. O, pisi də, yaxşını
da görür.
- Opera
Teatrında işləmək əvvəldən arzunuz olub?
- Vallah, yatsaydım da bu teatrda
işləyəcəyim yuxuma gəlməzdi. Hər
şey Allahın qismətidir. Məqsədim
sırf xanəndə olmaq idi. Teatrda
işləmək təcrübə toplamağa kömək
edir. Kənardan baxana bəlkə də
teatrda işləmək asan gəlir. Ancaq
belə deyil. Teatr çox ağır
və məsuliyyətli yerdir. Mən
teatrda təcrübə topladım. Bura
gələndən sonra "Leyli və Məcnun"da
oynadım. Həmin operada Alim Qasımov
Məcnunu, Mələkxanım Əyyubova da Leylini
oynayırdı. Mənə də Zeyd
rolunu verdilər. Elə gözəl
xanəndələrlə bir yerdə səhnəyə
çıxmaq mənimçün böyük sevinc idi.
"Leyli və Məcnun"da İbn
Səlamı da oynayıram.
- Heç
şübhəsiz, Opera Teatrına daxil olan hər bir
xanəndənin ən böyük arzusu Məcnunu
oynamaqdır. Yəqin ki, sizin də belə bir
arzunuz var?
- Düz deyirsiniz, Məcnunu oynamaq
hər bir xanəndənin arzusudur. Eyni zamanda,
mənim də arzumdur. "Aşıq
Qərib"də Qərib rolunu oynamışam. Tamaşanı bir dəfə keçən ilin
aprelində oynamışıq. O vaxtdan bu vaxta
qədər bu tamaşanı repertuara daxil etmirlər. Daha doğrusu, repertuara daxil etmişdilər, sonra da
ləğv etdilər. Söz veriblər,
yenə də gözləyirəm. İmkan
versələr, mart ayında tamaşa yenidən oynanılacaq.
Həmçinin, imkan versələr Məcnun
rolunu da hazırlayaram.
- Bəyəm
sizə maneələr çoxdur? Tez-tez
"imkan versələr" sözlərini
təkrarlayırsınız.
- Mən özümü Məcnun
rolunda görürəm. Əgər səs imkanlarım
bu rolu oynamağa qadirdirsə, niyə oxumayım? İbn Səlam rolunu oynayıramsa, demək,
Məcnunu da oynaya bilərəm. Ancaq
bəzi ünsürlər buna imkan vermirlər. Rəqabət yaxşı şeydir. Ancaq burda sağlam rəqabətdən söhbət
getmir. Şəxsən mən
istəyirəm ki, hamı gözəl oxusun. Xanəndələrin respublika müsabiqəsində
laureat adını qazananda, həmin müsabiqədə
iştirak edib yer tutmayanlar hamısı məndən irəli
keçdi - xalq, əməkdar artistləri adlarına layiq
görüldülər. Təəssüf
ki, bu gün sənətdə belə insanlar yer tutub. Yəqin kimsə onlara imkan yaradır. 13 ildir ki, Opera Teatrının solistiyəm. Rəhbərliyə demişəm ki, fəxri ada
layiq görülməyim üçün təqdimat
yazsın. O isə "burda 35 ildir
çalışıb fəxri ad almayanlar var" - deyə
cavab verib. Başa düşə bilmirəm,
necə olur ki, dünən teatra gələn fəxri ad
alır, prezident təqaüdünə layiq
görülür, ancaq eləsi də var ki, heç bir ad
almadan təqaüdə yollanır. Kim
danışmırsa, ürəyi çərləyir,
danışana isə "demaqoqsan" deyirlər. Keçirilən musiqi festivallarına hər
dəfə eyni adamları göndərirlər. Mədəniyyət və Turizm Nazirliyində
insaflı adamlar yoxdur. Bir dəfə
demirlər ki, qoy festivala yeni müğənnilər getsin.
- Toylara necə, gedirsinizmi?
- Toylara
hərdən gedirəm. Mütəmadi getmək
üçün gərək televiziyada reklam olunasan.
Televiziyada görünürsənsə, deyirlər ki,
demək yaxşı oxuyandır. İndi çox insanların
ağılı, şüuru gözündədir. Sırf
musiqini bilən, qiymətləndirən yoxdur. Özüm
ailə başçısıyam. Dolanışıq
üzündən şadlıq evlərində və başqa
məclislərdə oxuyub olan-qalan səsimi də xərcləməyə
məcburam. Tamaşa da olanda az qalırsan ki,
səhnəyə səssiz çıxasan. Teatrda
dolanışığımız yaxşı olsa, yəqin
ki, əlavə yerlərə qaçmarıq.
- Sizcə populyar olmaq
üçün bu gün xanəndədən nə
tələb olunur?
- Sponsor
lazımdır. Şəxsən mənim bu gün imkanım
yoxdur ki, şou-biznes deyilən aləmə qatılım.
Mənə də kömək edən olsa, populyar olaram. Teatrda
o qədər maaş almıram ki, artıq pulumu reklama,
kasetə, televiziyaya xərcləyim. Ona görə mənim
kimi adamlar üçün çətindir.
Məsələn, elə televiziya kanalları var ki, pulludur,
pul verməsən, heç vaxt səni efirə
çıxmağa qoymazlar.
- Siz həmçinin Elxan Mansurovun
rəhbərlik etdiyi üçlükdə
çalışırsınız. Bu üçlüklə
bağlı yeni layihələriniz varmı?
-
Üçlüklə İrana səfərə
hazırlaşırıq. İnşallah, maneələr
olmasa, bu səfərimiz reallaşacaq.
Kaspi.- 2008.- 21 fevral.- S. 16.