Məhərrəmova T.

 

Biz şou aləmdə deyilik, ciddi sənətlə məşğuluq

 

İlahə Əfəndiyeva, vokalist: "Bəlkə maraq bizə də gəlib çatar..."

 

Təxminən dörd il bundan əvvəl Opera və Balet Teatrı mövsümü köhnə ənənəsinə uyğun olaraq "Koroğlu" operası ilə açanda artıq uzun illər Koroğlu səsinə və nərəsinə həsrət qalan opera səhnəmiz yeni ifalarla tamaşaçıları sevindirdi. O gün Koroğlu partiyasını ifa edən Ülvi Qılıncın ifasına yeni, incə bir səs də qarışdı: Koroğlunun Nigarını bu dəfə İlahə Əfəndiyeva ifa elədi. Onun ifası həmin gün zalda oturan tamaşaçıları doğrudan da məftun etdi. Hamı opera səhnəmizə yeni və istedadlı cavanların gəldiyini bir daha təsdiqlədi.

Artıq İlahə Əfəndiyeva teatrda bir neçə əsas partiyanın ifaçısı kimi tanınsa da, sənətə gəldiyi gündən söhbət düşəndə ilk debütünü məhəbbətlə xatırlayır:

 

Uşaqlıq arzusu

 

- Peşəkar səhnədə ilk debüt heç kəsin yadından çıxmaz. O vaxtdan təəssüratlarımı unuda bilmirəm. Hətta bir gün sonra maestro Cavanşir müəllim "hə, necədir, özünü necə hiss edirsən?" soruşanda "yenə oynamaq istəyirəm" - deyə cavab verdim. O isə "daha ağ eləmə" - deyə zarafatla dilləndi. İlk çıxışımın uğuru sənətimiə olan həvəsimi daha da artırdı. Tanımadığım tamaşaçılar antrakt zamanı və tamaşadan sonra qrim otağına gəlir, öz ürək sözlərini deyirdilər. Mən elə xoş sözlər eşitdim ki... Deyirdilər ki: "Biz səni 20 ildir gözləyirdik". Belə sözləri eşitmək çox xoşdur. Əgər bu sözü deyiblərsə, mənə artıq heç nə lazım deyil. Mən özümü çox xoşbəxt hesab edirəm. Həmin gün gül dəstələri əlindən evdə tərpənmək olmurdu.

- Necə oldu ki, Nigar kimi böyük və məsuliyyətli bir partiyanı oxumağa dəvət aldınız?

- Musiqi Akademiyasında magistraturanın I kursunda oxuyanda müəllimim Elmira Quliyeva: "Artıq vaxtdır, səni teatra aparmalıyam. Səsin teatr üçün lazımdır" - dedi. Akif Məlikov, maestro Cavanşir Cəfərov, baş reyissor Hafiz Quliyev və başqalarından ibarət münsiflər heyəti qulaq asıb dedilər ki, bu səs əsl Nigarın partiyasına uyğundur və biz bunu tezliklə bu rolda görmək istəyirik. Artıq ilk gündən bilirdim ki, Nigarın partiyasını oxumağa hazırlaşmalıyam.

- Hələ peşəkar səhnəyə çıxmayan bir tələbə qızın birdən-birə böyük bir partiyanı oxumağa dəvət alması onu çaşdırmadı ki?

- Hamı tələbə ola bilər. Amma hamının potensialı ola bilməz. Mən artıq bilirdim ki, bu yoldayam. Çünki böyük bir pedaqoqla gecə-gündüz çalışmaq öz nəticəsini verməliydi. Elmira xanım mənə sənəti o qədər öyrədib və sevdirib ki, artıq fanatı olmuşam. Nigarın partiyasını oxumaq uşaqlıq arzum idi. Bilirdim ki, gec-tez bu partiyanı ifa edəcəyəm. Məndə uşaqlıqdan qarşıma məqsəd qoyub çalışmaq xüsusiyyəti var idi. Ona görə öz üzərimdə çalışırdım. Onu da bilirdim ki, teatra hədər yerə gəlməmişəm. Əgər Elmira xanım kiminsə əlindən tutub gətirirsə, bu, elə belə iş deyil. Ona görə bu məni çaşdırmadı. Düzdür, belə böyük və çətin partiyanı oxuya biləcəyimə şübhə edirdim. Adətən teatra ilk dəfə gələndə kiçik obrazdan başlayırlar. Ancaq bu, artıq mənim rəyim deyildi. Çox şadam ki, mənə etimad göstərdilər və hər şey yaxşı alındı. Məni bu yola gətirənlərin hamısına minnətdaram! Elmira xanıma ömür boyu borcluyam. Çünki bu səsi o yetişdirib. Səs var idi, ancaq o səsi cilalamaq, ondan ortaya nəsə çıxarmaq lazım idi. Bunu da pedaqoq və məktəb edir. Xoşbəxtliyim onda oldu ki, ilk gündən Elmira xanımın sinfinə düşdüm. Elmira xanım da üzərimdə təmənnasız çalışdı. Pedaqoq kimi onun çox tələbəsi var, başqasını da gətirə bilərdi. Ancaq o mənə arxayın olub. Elmira xanım adamı tərifləyən deyil. Ancaq həmin gün ondan yaxşı sözlər eşitdim. Onun təbriki mənimçün çox böyük şey idi.

 

"Oxuyan İlahə"

 

- Deyirsiniz ki, Nigar partiyasını oxumaq uşaqlıq arzunuz olub. Məgər uşaqlıqda bilirdiniz ki, operada oxuyacaqsınız?

- Bilirdim. Çünki uşaqlıqdan, özümü tanıyandan oxuyuram.

- Niyə məhz bu arzu ilə yaşamışdınız? Sizi bu obrazda cəlb edən nə idi ki?

- Nigarın obrazında xarakterimə uyğun xüsusiyyətlər var. Ciddilik, tələbkarlıq, düzlük, inadkarlıq var məndə. Bu obraz mənə o qədər yaxındır ki, elə bilirəm o mənəm. Ona görə mənə çətin olmadı. Sanki səhnədə özüm-özümü ifa edirdim.

- Yəqin ki, uğurunuza ən çox sevinən valideynləriniz oldu.

- Onlar artıq oxumağıma alışmışdılar. Mən məktəbdə, dərnəklərdə, konsertlərdə oxuyurdum. Məktəbdə mənə "oxuyan İlahə" - deyirdilər. Ancaq deyəndə ki, bu sənətlə professional səviyyədə məşğul olmaq istəyirəm, bir az narazılıqları yarandı. Narazılıqsız ola bilməzdi. Onlar məni başqa sahədə görmək istəyirdilər. Ancaq xarakterim özünü göstərdi: dediyimi elədim. Alınmasaydı da, gec-tez oxuyacaqdım. Çünki vokal mənim həyatım idi. İndi isə valideynlərim qürur duyur. Buna qədər məni müxtəlif konsertlərdə də görmüşdülər. Bu səhnə təbii ki, fərqlənirdi. Onların sevinc göz yaşlarını görəndə artıq hər şeyi anladım. Mənə artıq söz lazım deyildi.

- Bəs özünüz sevindiyinizdən nə elədiniz? Həmin anda keçirdiyiniz hisslər maraqlıdır.

- Sevinirdim, ancaq təəccüblənmirdim. Özümə arxayın idim. Təkcə çox yorğunluq hiss edirdim.

- O yorğunluğu nə əvəz elədi?

- Tamaşaçıların alqışı. İnsanların xoş sözləri. Müəllimimin təbrikləri. Evə də zənglər olurdu. Tanımadığım insanlar zəng vururdu. Bu mənimçün hər şey idi. Növbəti tamaşanı səbirsizliklə gözləyirdim.

- İlk uğurunuz ətrafınızda hansı rəyləri yaratdı? Tamaşadan sonra sizə münasibət necə oldu?

- Bu mənim opera səhnəsində ilk addımlarım idi. O insanlar sağ olsun ki, məni burda çox gözəl qəbul elədilər. Eşidəndən və görəndən sonra ki, mən öz işimə necə yanaşıram, onların münasibəti çox yaxşı oldu. Onlar mənə çox kömək etdilər və nəticədən də razı qaldılar. Dedim ki, balaca nüanslar olubsa da, onu düzəltməyə çalışacağam.

- İlk işinizin həyəcanına asanmı qalib gəldiniz?

- Birinci pərdədən sonra həyəcan keçib getdi. Yavaş-yavaş alışdım. Artıq heç bir şeydən qorxmurdum, sərbəst ifa edirdim. Finalda mənimçün daha da rahat oldu. Pərdə bağlanandan sonra məni ilk təbrik edən operanın direktoru Akif Məlikov oldu. İlk yaxşı sözləri ondan eşitdim. Bu mənim üçün çox böyük qiymətdir. İnanırsınız, həmin gün gözlərimə yalnız səhərə yaxın yuxu getdi.

- Sizə dedilərmi zahirən də Nigara oxşayırsınız?

- Bunu hamı deyirdi. Dedilər ki, səsi də oxşayır, zahiri görkəmi də. Bu, əsl Nigardır. Paltar da məxsusi mənimçün tikilmişdi. Deyilənə görə, o paltarda, qrimdə əsl Nigar idim.

- Yəqin ki, özünüzdən əvvəl ifa olunan Nigarın partiyasına qulaq asmışdınız. Öz ifanızla onların arasında hansı fərqi hiss elədiniz?

- Əlbəttə, qulaq asmışdım. Köhnə "Koroğlu" filmini hamımız görmüşük. Orda Bülbül oxuyur. Məhəbbət də o filmdən başlayıb. Fidan Qasımova, Firəngiz Əhmədova, Qərinə xanım kimi sənətkarlar Nigarın partiyasını ifa ediblər. Hərdən mənə sual verirlər: "Elə böyük sənətkarlardan sonra oxumaq çətin olmadı ki?" Hər vokalistin özünəməxsus ifası var. Mənim elədiyimi onlar, onların elədiyini mən eləməmişəm. Düzdür, təyin edilmiş bir qayda var, onu hamımız yerinə yetirməlik. Hər kəs özünəməxsus ifanı tamaşaya gətirir. Əgər mən də özümünkünü gətirə bilmişəmsə, bu, artıq mənimki deməkdir. Ancaq heç vaxt özümü müqayisə eləmək istəməmişəm. Mən özümü Xalq artisti ilə müqayisə eləmək istəmirəm. Allah qoysa, mən də nə vaxtsa Xalq artisti olaram, haçansa mənim də yerimə kimsə gələr. Təki olsun, mən o vaxta kimi oxuyum və o təbəqəyə çatım!

- Tələbə yoldaşlarınız uğurunuza qısqanclıqla yanaşmadılar ki?

- Mən heç vaxt tələbə yoldaşlarımla ürək sirdaşı olmamışam. Dostlar çoxdur, ancaq sənətdə nə qədər istəyirsən yaxşı dost olasan, bu, mümkün deyil. Xüsusən də soprano səslərdə bu mümkün deyil. Ona görə mənim heç vaxt yaxın dostum olmayıb. Mən böyük insan və böyük müəllimim - Elmira xanımı həmişə özümə yaxın dost bilmişəm. Həyatıma aid olan hər şeyi onunla məsləhətləşirəm.

- Tərəf-müqabiliniz Ülvi Qılınc da çox cavandır. Bir-birinizi səhnədə asan başa düşürdünüz?

- Ülvi mənə qədər iki dəfə oynamışdı. O da səhnədə mənə çox kömək edirdi. Mənə onunla qətiyyən çətin olmadı. Çünki əvvəldən bir yerdə oxumuşuq, bir-birimizi çox gözəl tanıyırdıq. Ümumiyyətlə, Elmira xanımın sinfində hamı bir ailə kimidir. Ona görə səhnədə bir-birimizi baxışlarla başa düşürdük.

- Deyirlər ki, uğur həmişə uğur gətirir.

- Düz deyirsiniz. Teatra gəlişimdən 3 gün sonra Avstriyadan gələn nümayəndə heyəti Belveder Qabr adına vokalçıların 23-cü beynəlxalq festival-müsabiqəsində iştirak etmək üçün vokalistlər arasında baxış keçirdi. Məni də həmin müsabiqədə iştirak etməyə dəvət etdilər. Bir neçə nəfərin içində yalnız mənim səsimi bəyəndilər. Həmin festival sırf müsabiqə xarakteri daşımırdı. Sadəcə, mükafatçılar olurdu. 20 gündən sonra Vyana operasından dəvətnamə aldım. Mədəniyyət və Turizm Nazirliyinin köməyi ilə 15 gün Vyanada oldum. Bu müsabiqədə 160 ölkədən vokalistlər iştirak edirdi. Mən "Gözəl səs diapazonuna görə" xüsusi prizə layiq görüldüm. Eləcə də Vyanada solo konsert verdim. Afişalarım bütün Vyananı bəzəmişdi. Orda çoxlu təkliflər aldım. Dünya şöhrətli Kreml orkestrinin baş diriyoru Fedoseyevdən turnedə işləmək təklifi almaq böyük hadisədir. Başqa ölkələrdən də təkliflər oldu. Ancaq mən hələlik heç bir yerə getmək istəmirdim.

 

Heç də arxada deyilik

 

- Bəs Moskvaya niyə getmişdiniz?

- Təcrübə keçməkdən ötrü getmişdim. Daha doğrusu, dəvət etmişdilər. Ötən il Qalina Vişnevskaya Bakıda qonaq olanda bizim solistlərə baxış keçirdi. Mən də Filarmoniyada oxudum. Baxış müsabiqədən sonra Qalina xanım məni yanına çağırıb: "İstəyirsənmi, səni özümlə aparım?" - deyə təklif etdi. Onun Opera Mərkəzində təcrübə keçmək hər bir vokalçının arzusudur. Moskvaya getməyimin maddi tərəfi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həll olundu. Orada il yarım qaldım və bu müddətdə özümə lazım olan hər şeyi götürmüşəm. Həmin Opera Mərkəzində dünya şöhrətli vokalistlər çalışır. Bəxtim onda gətirdi ki, şəxsən Qalina Vişnevskayanın özü mənə masterklass keçdi. Onu da deyim ki, Moskvada qalmaq üçün təkliflər də aldım, amma bunun böyük maddi xərcləri var.

- Qayıdandan sonra sizə teatrda təcrübəli, yaxşı təhsil görmüş vokalist kimi arzusunda olduğunuz əsas partiyalar həvalə olundumu?

- Qayıdandan sonra mənə Verdinin "Riqoletto" operasında Cilda partiyası həvalə olundu. Ötən ilin dekabr ayında ilk dəfə bu obrazda səhnəyə çıxdım. Onu da deyim ki, məndən əvvəl bu partiyanı Ukraynadan gələn vokalistlər ifa edib. Mən bu partiya üzərində Moskvada da çalışmışam. Deyilənə görə, uğurlu alınıb. Ümumiyyətlə, Verdi ən çox sevdiyim bəstəkardır. Onun bütün əsərləri səsə müalicədir. Hətta bir sirr açım: mən bir şey oxumamışdan qabaq çalışıram ki, Verdidən bir parça oxuyum, sonra öz əsərlərimi ifa edim. Çünki onun əsərləri səs tellərinə çox gözəl təsir edir.

Hal-hazırda "Traviata" operasında əsas partiyalardan biri üzərində işləyirəm. İnşallah, bu mövsümdə həmin operanın da premyerası keçiriləcək.

- Deyə bilərsinizmi, nə üçün bizim Opera Teatrında yalnız eyni operaların quruluşlarına önəm verilir. Dünya klassiklərinin fərqli və ya öz bəstəkarlarımızın klassik və yeni operalarına o qədər də müraciət olunmur?

- Əlbəttə, mən də istərdim ki, bizim teatrda "Yevgeni Onegin", "Otello" kimi operalar qoyulsun. Vaxtilə bu əsərlər bizim səhnədə oynanılıb. Biz solistlər hər bir operada oynamağa hazırıq. Hansı opera qoyulursa, can-başla oynayırıq. İmkan daxilində hər bir partiyanı ifa eləmək istərdim. Bu cür əsərlərin səhnələşdirilməsinə bəlkə də maddi imkanlar mane olur. Çünki bu cür əsərlərdə böyük dekorasiyalar, səhnə tərtibatları tələb olunur. Bundan əlavə, partitura problemi var. Ancaq biz də istərdik ki, belə əsərlər səhnələşdirilsin, biz də oynayaq. Bizim borcumuz tapşırılan obrazı ifa eləməkdir. Mənə hansı obrazı verərlərsə, can-başla ifa etməyə hazıram. Çalışıb həmin obrazı anlayaram, sonra ifa edərəm. Biz oynadığımız obrazlarla ölkəmizi, Azərbaycanı hər bir səhnədə təmsil etməyə hazırıq.

- Moskvada olarkən dünya klassik operalarından hansılarını oxudunuz?

- "Riqoletto" və "Traviata"dan bəzi pərdələri, bundan əlavə, dünya klassik operalarından ariyalar öyrəndim. Vokal texnikası üzərində çalışmışam. Badre Marsuradze kimi dünya şöhrətli tenorun sinfində təhsil almışam. Bunun özü böyük xoşbəxtlikdir.

- Sizcə vokal texnikasına görə Avropaya nə qədər yaxınıq?

- Artıq yaxınıq, heç də arxada deyilik. Bizdə elə səslər var ki, onu Avropada qiymətləndirirlər. Hər bölgənin özünəməxsus səs tembri olur. Almaniya, İtaliya və rus məktəbi tamam ayrıdır. Biz Avropada çox gözəl qarşılanırıq. Moskvada ifamı eşidənlər elə bilirdilər ki, İtaliyadan gəlmişəm. Deyirdilər ki, bu, Avropa səsinə oxşayır. Hansı ölkədə olmuşamsa, inanın, əlimdən öpüblər. Çox gözəl səslərimiz var. Sadəcə, bizdə maraq çatışmır. Gənclər daha çox şouya meyil edirlər. Yəqin yadınızdadır, bir ara muğam da yaddan çıxmaq təhlükəsi ilə üzləşmişdi. Amma muğama diqqət göstərildi. Gözləyək, bəlkə bu maraq bizə də gəlib çatar. Opera sənətinin öz dairəsi var. İnanıram ki, maraq məsələsi də, repertuar problemi də düzələcək. Sadəcə, insanlar bir az maddi tərəfdən əziyyət çəkirlər. Ona görə də istədikləri teatra o qədər gedə bilmirlər.

 

Artıq vaxtdır...

 

- Bəzən səhnə qadınların əlindən vaxtı elə alır ki, ailə qurmağa ya vaxt tapmırlar, ya da çox gecikirlər. Siz bu barədə nə fikirləşirsiniz?

- Nə demək istədiyinizi başa düşdüm. Ailə qurmağa hələ vaxtım olmayıb. Bizi ancaq sənətlə tərbiyə ediblər. Başım ancaq dərslərə, nota, səhnəyə qarışıb. Artıq vaxtdır, şəxsi həyatım haqqında düşünmək lazımdır. Hər şey Allahın qismətidir. Bəzən səhnəni hər adam qəbul edə bilmir. Bəlkə eləsi oldu ki, həm mənə dəstək oldu, həm də məni anladı.

- Səhnə ilə bağlı arzularınız nədir?

- Ancaq böyük partiyalar, dolu zal, alqışlar, çoxlu gül dəstələri... Mənə inanan insanların etimadını həmişə doğrultmaq və onların gözəl sözlərini eşitmək istəyirəm.

 

Kaspi.- 2008.- 2-4 fevral.- S. 22-23.