Qaliboğlu E.

 

 Bakıda Xocalı qurbanlarına yeni abidə ucaldılır


Heykəltəraş Aslan Rüstəmov: "Bu mövzuda əsər yaratmaq çoxdankı arzum idi"


Heykəltəraş Aslan Rüstəmov 1932-ci ildə anadan olub.
Moskvada heykəltəraşlıq üzrə ali təhsil alıb. Bakıda, eləcə də ölkənin bir çox bölgələrində onlarla heykəltəraşlıq işləri var. Onu sənətini iki oğluna öyrətməsinə görə xoşbəxt ata saymaq olar. Böyük oğlu Seymur, kiçik oğlu Mahmud atalarının üslubunu əxz etməklə yanaşı həm də yenilikçidirlər, müasir üslublara meyllidirlər. Amma Aslan müəllim əvvəldən klassik ənənə üstə necə köklənmişdisə, indi də həmin yaradıcılıq qaydasına sadiqdir. Bu günlərdə "Xətai" metrosu yaxınlığında Xocalı faciəsinin qurbanlarına həsr olunmuş abidənin yerində Aslan müəllimin oğlulları ilə birgə yaratdığı əvvəlkindən xeyli fərqli və əsl abidə təəssüratı bağışlayan heykəl artıq quraşdırılıb. Hazırda parkda abadlıq işləri davam edir.

- Sənətinizin övladlarınız tərəfindən yaşadılması bir ata kimi ürəyinicədir?
- Əlbəttə, sevinirəm. İndiyə kimi heykəltəraşlıq sahəsində püxtələşmək üçün çox çalışıblar. İndi artıq peşəkarlaşıblar.
Mən Azərbaycan heykəltəraşlığının gözəl ənənələrini yaşatmağı sevirəm. Moskvada təhsil alarkən yaxşı müəlimlərim olub. Onu da deyim ki, hazırda Moskvada heykəltəraşlıq yeni inkişaf mərhələsini yaşayır. Orada tez-tez heykəltəraşlıq sərgiləri olur. Heykəltəraşın belə tədbirlərdə iştirakı onun yaradıcılığına çox təkan verir. Gərək müşahidələrin zəngin olsun. Moskvada sifarişlər çoxdur, Rusiya böyük ölkədir.
Rusiyanın heykəltəraşlıq sənəti bizdən çox qabaqdadır. Bizdə dinin təsirindən yüzillərlə ornamentdən başqa nəsə yaratmaq mümkün olmayıb. Azərbaycanda heykəltəraşlıq 20-ci yüzilin əvəllərindən başlayaraq inkişaf etməyə başlayıb. İndi yaxşıdır ki, kim nə istəyir yaradır, sovet dövründəki kimi senzura yoxdur. İndi çoxlu yaradıcılıq cərəyanları mövcuddur. Bu cərəyanlardan xəbərim var, amma mənimki əvvəlki qaydamdır. Klassik stildə işləyirəm, amma uşaqlarım abstraktda, həmçinin də başqa üslubda işləyirlər. Baxırsan, elə üslubda əsər yaradırlar ki, deyirəm görəsən, bunlar neyləyirlər. Heyləyəsən ki, ömrümüzün çoxu daim çörək pulu qazanmağa gedir. Elə ki, sifarişlərə girişdin, onlardan çıxmaq çətin olur. Bir var təmiz incəsənət, bir də var çörəkpulu qazanmaq. Belə şeylər adamı istər-istəməz əsil sənətdən geri salır.
- Heykəltəraşlığın mənası ağlınıza necə çatır?
- Heykəltəraşlıq cansız daşın, bürüncün, ya taxtanın canlandırılmasıdır. Gərək heykəltəraş canlı bir əsər yaratdığına inansın. Başqa bir yaradıcılıq sahəsində özümü qətiyyən təsəvvür etmirəm. Həmçinin mən müxtəlif illərdə çoxlu yubiley medallarının hazırlanmasında da iştirak etmişəm. Bu medallar Moskvada çap edilib. Heykəltəraşlıqda 200-dən çox işim olub. Çapayevin, Kirovun, Leninin və başqalarının heykəllərini yaratmışam. Zaqatalada Leninin heykəli 30 ildən çox "tribunada dayanıb". SSRİ-nin dağılan vaxtı Dəvəçi rayonu üçün Leninin heykəlini bürüncdən düzəltmişdim. Dövran dəyişdi, 20 Yanvardan sonra Lenini də "əritdilər". O vaxtı belə işlərin təsdiqi asan deyildi: heykəlin layihəsi Moskvada bəyənilməsəydi, onu işləyə bilməzdin. O qədər belə işlərim yox oldu getdi ki... Bilmədim axırı necə oldu.
- Cəlal Qaryağdı da həmişə şikayətlənirdi ki, "heykəllərimi götürəndə müəllif olaraq mənə heç nə demədilər".
- Nə demək olardı ki? Dövran dəyişmişdi. Lap etiraz etsəydik, nə baş verəcəkdi ki? O heykəlləri uçurtmaq üçün böyük kütlə gəlirdi, imperiya dağılırdı, bunun qabağında durub heykəltəraş müəlliflik huququnumu qoruyacaqdı?
Sifarişi dövlət verirdi, biz də işləyirdik. Amma deyim ki, yaxşı qonorar ala bilirdik. O vaxtı pulun dəyəri çox idi, indi bilmirsən əlindəki pula nə alasan. Hazırda 70 manat təaüd alıram. 1990-cı ildən heykəltəraşlıqda qonorar olmadı, dolanışıq çətinləşdi. Son illər sifarişlər yaxşıdır, dolana bilirik. Bir illik ayda 300 manat olmaqla prezident təqaüdü də alacağam. Hər halda bu pul dolanmağa kömək edəcək.
Laçının Güləbird kəndində Sarı Aşığın abidəsini yaratmışdım, gözəl alınmışdı. Nərimanovun və Musabəyovun heykəlləri də ermənilərin əlində qaldı. Həmçinin çoxlu xatirə lövhələrinin barelyeflərini yaratmışam.
- Xətai rayonundakı Xocalı qurbanlarının xatirəsinə
ucaldılan yeni abidə şübhəsiz, yaradıcılığınızın yeni mərhələsidir.
- Bu əsər üzərində oğlullarımla birgə işləmişəm. Xocalı Faciəsi mövzusunda belə bir iri həcmli əsər yaratmaq çoxdankı arzum idi. İdeya özümüzündür. Burada artıq ideya əvvəlkindən çox dolğundur. Ana qucağında ölmüş uşağı tutub. Barelyefdə faciənin müxtəlif məqamları ifadə olunub.
İndi orada son tamamlama işləri gedir. Əvəlki iş də yaxşı idi, amma faciənin böyük mənada dərk edilməsi üçün belə bir abidənin ucaldılması məsləhət bilindi. Həmin köhnə abidə Xocalıların hazırda çox yaşadığı yerdə qoyulacaq. Xocalı faciəsinin indi dünyaya daha geniş səviyyədə çatdırılması zəruridir.
- Siz həm də "Bəhram-Gur" heykəlinin həmmüəlliflərindən birisiniz.
- O iş 1958-59-cu illərdə başa gəldi. Albert Mustafayev, Qorxmaz Sücəddinovla birgə olan bu işimiz çox gözəl alındı.
Bu, Albertin Leninqradda kurs işi idi. Burada o işi Ləmbəranskiyə göstərmişdilər, o da bəyənmişdi.
Əvvəl istəyirdilər əsər nüsxələnsin, amma Ləmbəranski qoymadı ki, ancaq biri olacaq, o da Bakıda. Əsəri təkrarlayanda orijinallığını itirir. Heykələ xeyli qonorar aldıq, getdik Tiflisə, hərəmizə bahalı bir kostyum sifariş etdik. İndi yenə də bu sənətlə məşğul oluram, bir an da bekar qalmıram.

 

Xalq cəbhəsi.- 2008.- 21 fevral.- S. 14.