Rzalı R.
Xocalı faciəsinə
həsr olunmuş elektron ünvan
Ötən gün Beynəxalq Mətbuat Mərkəzində
16 il əvvəl Xocalıda ermənilər
tərəfindən törədilmiş
soyqırımını bütün
sənəd və faktlarla ifadə edən yeni elektron ünvanın təqdimat mərasimi keçirildi. Tədbiri Milli
Məclisin deputatı,
Respublika Uşaq Təşkilatının sədri
Gülər Əhmədova
açaraq bildirdi ki, 1992-ci il fevralın 26-da erməni işğalçıları xalqımıza
qarşı misli görünməmiş cinayətə
əl atdılar - soyuq qış günündə sovet ordusunun 366-cı motoatıcı alayının əsgər və zabit heyəti
ermənilərlə birləşib
Xocalıya hücum edərək əliyalın,
heç bir silah-sursatı olmayan dinc əhaliyə
divan tutdular. Yüzlərlə soydaşımız
- qadınlar, qocalar, uşaqlar amansızcasına
qətlə yetirildilər.
Bu, azmış kimi, qəddar düşmən
qətlə yetirilən
soydaşlarımızın cəsədləri ilə
insanlığa sığmayan
bir şəkildə rəftar etdi - körpələrin, qocaların
gözləri çıxarıldı,
sifətləri tanınmaz
hala salındı.
Xocalı əhalisinin
beşdə biri - 613 nəfəri güllələndi. Erməni
cəlladları səkkiz
ailəni son nəfərinə qədər
qətlə yetirdilər.
Xocalıda baş verən qətliam nəticəsində 25 azyaşlı
uşaq hər iki valideynini itirdi. Mənfur düşmənlər Xocalını
işğal edən zaman şəhər sakinlərindən 487 nəfəri
əlil oldu. İtkin düşən
115 nəfərin taleyindən
isə hələ də heç bir xəbər yoxdur. Bütün qəddarlıqlarına baxmayaraq,
ermənilərin bütün
xocalıları yer üzündən silmək
kimi qara niyyətləri baş tutmadı. Xocalı hadisələri baş verən zaman körpə olan uşaqlar bu gün artıq yeniyetmədirlər.
Milli Məclisin deputatları Musa Quliyev və
Zahid Oruc çıxış edərək
Xocalı soyqırımını
tayı-bərabəri
olmayan faciə kimi qiymətləndirdilər
və qeyd etdilər ki, dünyanın bu həqiqəti etiraf etməsi üçün
virtual aləmin imkanlarından daha çox istifadə edilməlidir. Tədbir
iştirakçıları Xocalı soyqırımı
barədə həqiqətlərin
dünyaya çatdırılması
üçün hələ
çox iş görülməli olduğunu
vurğuladılar.
Tədbirin sonunda Respublika Uşaq Təşkilatının dəstəyi
ilə təşkil olunan tədbirdə Xocalı faciəsinə həsr olunmuş elektron ünvan - veb-sayt təqdim olundu. Xocalı faciəsinin bütün təfərrüatı ilə
tanış olmaq üçün www.khojaly-az.com saytından istifadə etmək imkanı yaranmışdır.
Azərbaycan.- 2008.- 26 fevral.- S. 7.