Soyqırımı sərgisi

 

Dünən "XXI Əsrin Qadınları" ictimai birliyi Qız Qalasında Xocalı soyqırımının 16-cı il dönümünə həsr olunmuş fotosərgi təşkil etdi. Sərgidə nümayiş olunan şəkillər Qarabağ müharibəsinin iştirakçısı Əlövsət Qasımova məxsusdur.

Tədbir Dövlət himninin səsləndirilməsindən sonra "XXI əsrin qadınları" İB-in sədri Mahirə Əmirhüseynova qeyd elədi ki, sərginin keçirilmə yeri təsadüfi olaraq Bakımızın simvolu Qız Qalası seçilməmişdir.

Qonaqlar arasında Nazirlər Kabinetinin nümayəndəsi Abil Qədirov, Ailə və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə rəisi Sücəddin Abdullayev, millət vəkili Lalə Abbasova və başqaları var idi.

Abil Qədirov Xocalıda baş verən vəhşiliklərdən  danışandan sonra təşkilatçılara və Qız Qalasının rəhbərliyinə təşəkkürünü bildirdi. Sücəddin Abdullayev Xocalı soyqırımına hələ də hüquqi qiymətin verilməməsindən təəssüfləndiyini bildirərək vurğuladı ki, bu problemin gec-tez öz həllini tapacağına inanır. Millət vəkili Lalə Abbasova söylədi ki, gənclərin vətənpərvər böyüməsi üçün bu cür tədbirlər mütəmadi olaraq keçirilməlidir. Fotoşəkillərin müəllifi Əlövsət Qasımov ictimai birliyə sərgini təşkil etdiyi üçün minnətdarlığını bildirdi.

Sərgi ekspozisiyası Qız Qalasının 2-ci və 6-cı mərtəbələrində yerləşdirilib. Bu da təsadüfi deyil. "2" və "6" yan-yana olanda Xocalı faciəsi baş verdiyi tarix, yəni "26" alınır. Bu mərtəbələrdə qara parça, qərənfillər və şamlar vasitəsilə matəm ab-havası yaradılıb. Sərgi fevralın 27-dək davam edəcək.

 

İki sahil.- 2008.- 26 fevral.- S. 16.