Fevralın 28-də Azərbaycan Milli
Elmlər Akademiyası (AMEA) mərkəzi elmi kitabxanasının
sərgi salonunda Almaniya Xarici İşlər Nazirliyinin, Alman
Tədqiqat Mərkəzi və Höte İnstitutunun
"İnsanlar və kitablar" birgə layihəsi
çərçivəsində tədbir
keçirilmişdir.
Tədbirdə AMEA-nın prezidenti, akademik Mahmud Kərimov,
Almaniyanın Azərbaycandakı səfiri Per Kristofer
Stançina, akademiyanın və mərkəzi kitabxananın,
səfirliyin nümayəndələri iştirak
etmişlər.
Orta Asiya və Şərqi Avropa ölkələrində
mövcud olan aparıcı kitabxanaları almandilli elmi
ədəbiyyatla zənginləşdirmək məqsədi
daşıyan layihə üzrə kitabxanaya birinci
mərhələdə dəyəri 5 min avro olan elmi
ədəbiyyat hədiyyə edilmişdir.
AMEA-nın prezidenti, akademik Mahmud Kərimov, mərkəzi elmi
kitabxananın direktoru Aybəniz Əliyeva-Kəngərli
Azərbaycan və Almaniya arasında elmi-ədəbi
əlaqələrin tarixindən, onun bugünkü inkişaf
səviyyəsindən, hədiyyə edilən kitabların
elmi əhəmiyyətindən danışmışlar.
Natiqlər bildirmişlər ki, bu gün layihənin ikinci
mərhələsinə müvafiq olaraq AMEA-nın
mərkəzi elmi kitabxanasına 5 min avro dəyərində
elmi kitab hədiyyə edilmişdir. Hədiyyə olunan bu
kitablar bizim üçün çox qiymətlidir və
alimlərimiz tərəfindən səmərəli
istifadə olunacaqdır. Azərbaycanın elmi ictimaiyyəti
adından Almaniyanın ölkəmizdəki səfirliyinə
minnətdarlıq ifadə edilmişdir.
Səfir Per Kristofer Stançina çıxışında 5
min avro dəyərində olan elmi ədəbiyyatı
AMEA-nın mərkəzi elmi kitabxanasına təqdim etmək
şərəfinə nail olduğu üçün
özünü xoşbəxt sandığını
vurğulamış, ümid etdiyini bildirmişdir ki, bu kitablar
Azərbaycan elminə öz töhfəsini verəcəkdir.
Bu elmi ədəbiyyat ölkələrimiz arasında
mədəniyyət və elm sahəsində mövcud
əlaqələrin daha da möhkəmləndirilməsi işinə
xidmət edəcəkdir.
Azərbaycan.- 2008.- 29 fevral.- S. 5.