Azərbaycan-Ukrayna: dostluq körpüləri

 

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Kiyev şəhərindəki İ.Franko adına Milli Dram Teatrında keçirilən "Dostluq körpüləri. Azərbaycan-Ukrayna" beynəlxalq konsert proqramı fevralın 11-də axşamdan xeyli keçmiş başa çatmışdır.

Konsetin təşkilatçıları - Azərbaycanın Ukraynadakı sədirliyi, Ukrayna Mədəniyyət və Turizm  Nazirliyi, "Azərbaycan Dövlət Teleradio Şirkəti" Qapalı Səhmdar Cəmiyyəti (AzTV), Ukrayna-Azərbaycan dostluğu Beynəlxalq Xeyriyyə Fondu (Fondun prezidenti İlqar Abbasovdur)", Ukrayna Azərbaycanlıları Konqresi, sponsorları - "Lukoyl" şirkətinin Ukrayna, Moldova və Belarusdakı baş nümayəndəsi Firuz İsayev, Ukraynanın xalq deputatı Oleq Babayev, sahibkar Elxan Qarayev və başqalarıdır. Bayram konsertində hər iki ölkənin ən populyar müğənni və artistləri iştirak edirdi.

Qala-tamaşanın başlanmasından əvvəl Azərbaycanın Kiyevdəki səfiri Tələt Əliyev və AzTV-nin nümayəndəsi Fuad Vəlixanov Kiyevdə akkreditə edilmiş diplomatik korpusun, Ukrayna hakimiyyətinin bütün şaxələrinin nümayəndələrinə, Ukraynanın bütün regionlarından və Rusiyadan gəlmiş soydaşlarımıza müraciət etdilər və onları salamladılar. Qeyd edildi ki, pilot layihəsinin seçilməsi heç də təsadüfi deyildir. Çünki Ukrayna və onun böyük xalqı bizə tarixən və mənəviyyat baxımından çox yaxın və doğmadır. Çıxış edənlər bildirdilər ki, bu konsert hər iki dost ölkənin müstəqillik əldə etməsindən sonra onların mədəni həyatında ən böyük hadisəyə çevriləcəkdir.

Konsertin aparıcıları, populyar "Şən və hazırcavablar klubu" komandasının iştirakçıları kimi tanıdığımız Yana Nikitina və Vadim Korovin beynəlxalq mahnı müsabiqələrinin laureatı, atası azərbaycanlı, anası isə ukraynalı olan gənc Səkinə Xəlilovanı səhnəyə dəvət etdilər.

Tamaşaçılar Faiq Ağayevi və Natella Volkovanı, Rüfət Mehdiyevi və Aleksandr Vasilenkonu, Elza Seyidcahanı və Oksana Pekunu, Fidan Hacıyevanı və "Alibi" duetini də hərarətlə alqışladılar.

Heydər Əliyev Fondu və AzTV tərəfındən təşkil edilmiş "Muğam-2007" müsabiqəsinin qaliblərini tamaşaçılar alqışlarla qarşıladılar. Gonc Elməddin İbrahimov qavalda ifa məharətini də göstərərək, sözün həqiqi mənasında, "birinci skripka" rolunun öhdəsindən bacarıqla gəldi.

Tamaşaçıların "bis" sədaları altında "Qarabağ şikəstəsi" səsləndi.

Əvəzsiz ifaçı kimi tanıdığımız Ağadadaş Ağayevin və Azərbaycan estradasının primadonnası İlhamə Quliyevanın bu konsertdə iştirak etmələri zala toplaşanlar üçün böyük sürpriz oldu.

Onların parlaq çıxışı dostluq gecəsinin son akkordu oldu.

 

Azərbaycan.- 2008.- 13 fevral.- S. 3.