Hacızadə A.
Heydər
Əliyev Fondunun Rusiya Federasiyasındakı
nümayəndəliyi öz fəaliyyətini
genişləndirir
Sankt-Peterburq Heydər
Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin
humanitar sahədə hər bir layihəsini
dəstəkləməyə və Rusiyanın şimal
paytaxtında fəal işləməsi üçün
hər cür şərait yaratmağa hazırdır.
Sankt-Peterburqun qubernatoru Valentina
Matviyenko bu sözləri fevralın 2-də Fondun Rusiyadakı
nümayəndəliyinin rəhbəri Leyla Əliyeva ilə
görüşdə söyləmişdir.
V.Matviyenko demişdir: “Biz humanitar əməkdaşlığa
xüsusi əhəmiyyət verilən birgə
fəaliyyətdə - təhsil, mədəniyyət, tarixin
öyrənilməsi və başqa layihələrdə
ən fəal şəkildə iştirak etməyə
hazırıq. Biz təklif etmək istərdik ki, Sankt-Peterburq
Fondun gələcək fəaliyyəti üçün dayaq
meydançası olsun, çünki bundan ötrü
çox böyük potensial var”.
Azərbaycanın Rusiyadakı səfiri Polad
Bülbüloğlunun, ölkəmizin Sankt-Peterburqdakı
baş konsulu Qüdsi Osmanovun və Sankt-Peterburqdakı
azərbaycanlıların milli-mədəni muxtariyyətinin
sədri Vaqif Məmişovun da iştirak etdikləri
görüşdə qubernator Heydər Əliyev Fondunun və
Leyla Əliyeva başda olmaqla Rusiyadakı
nümayəndəliyin fəaliyyətini yüksək
qiymətləndirmişdir. O bildirmişdir ki, Rusiya ilə
Azərbaycanı səmimi dostluq münasibətləri
birləşdirir. Bu münasibətlərin təməli
Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyev tərəfindən qoyulmuşdur, Azərbaycanın
indiki Prezidenti İlham Əliyev isə bunu qoruyur və
genişləndirir. V.Matviyenko Sankt-Peterburqdakı Azərbaycan
diasporunun fəaliyyətini də yüksək
qiymətləndirmişdir.
Heydər Əliyev Fondunun Rusiyadakı
nümayəndəliyinin rəhbəri Leyla Əliyeva
görüşdə demişdir: “Heydər Əliyev Fondunun
fəaliyyəti genişlənir və bütün
dünyanı əhatə etməyə başlayır, lakin
Rusiya ilə əlaqələr xüsusi əhəmiyyət
kəsb edir. Biz Fondun fəaliyyətinin təkcə
Azərbaycanla məhdudlaşa bilməyəcəyini və
onun öz əhatə dairəsini genişləndirməli
olduğunu başa düşəndə, təbii ki,
əməkdaşlıq üçün ilk məkanlardan biri
Rusiya oldu”. O, ətraflı məlumat verərək
vurğulamışdır ki, Fondun təşəbbüsü
ilə son üç ildə Azərbaycanda 300-ə yaxın
məktəb tikilmiş və təmir edilmişdir, bu proses
davam edir. Artıq Fransada, Rumıniyada, Böyük Britaniyada
və Türkiyədə Fondun filialları
açılmışdır və onun fəaliyyət
coğrafiyası genişlənməkdə davam edir. Fond
səhiyyə sahəsində, xüsusən talassemiya və
diabet kimi ağır xəstəliklərə qarşı mübarizə
üzrə bir sıra mühüm layihələr həyata
keçirir. Fondun təşəbbüsü ilə Talassemiya
Mərkəzi tikilir, xəstə uşaqlara kömək
üçün bir sıra başqa layihələr həyata
keçirilir. Fevralın 10-da Fond Moskvada əlil uşaqlar
üçün xeyriyyə konserti təşkil
edəcəkdir.
L.Əliyeva demişdir ki, Heydər Əliyev Fondu
mədəniyyət sahəsində də bir sıra
layihələr həyata keçirir. Muğam
Mərkəzi tikilir, istedadlı gənclər, rəssamlar,
artistlər dəstəklənir. Ümumiyyətlə, Fondun
mövcud olduğu dörd ilə yaxın müddətdə
çox işlər görülmüşdür və biz
öz fəaliyyətimizin bütün məsuliyyətini hiss
edirik.
Heydər Əliyev Fondu ilə Rusiya Milli Kitabxanası
arasında əməkdaşlıq haqqında sazişin
imzalanması Sankt-Peterburqun və Azərbaycanın
mədəni həyatında çox mühüm hadisə
olmuşdur. Bu sənədi Leyla Əliyeva və kitabxananın
baş direktoru Vladimir Zaytsev imzalamışlar. Leyla Əliyeva
Fondun adından kitabxanaya Heydər Əliyev Fondunun
dəstəyi ilə çap olunmuş Azərbaycan
kitablarını hədiyyə etmişdir. O bildirmişdir ki,
Fond kitab nəşrinə çox böyük
əhəmiyyət verir, xüsusən internetin və elektron
KİV-in inkişaf etdiyi, adamların çoxunun bədii
ədəbiyyat oxumağı tərgitdiyi indiki vaxtda bunu vacib
hesab edir. L.Əliyeva demişdir: “Bu cür gözəl
kitabxanalar sayəsində gənclər kitab oxumağı
davam etdirir və sirr deyil ki, biz həyatda ən böyük
bilikləri kitablardan alırıq”.
Leyla Əliyeva KİV nümayəndələri ilə
söhbətində imzalanmış sənədin
əhəmiyyətindən danışarkən onun vacibliyini
vurğulamışdır. Bildirmişdir ki, Fond və onun
Rusiyada cəmi bir il bundan əvvəl açılmış
nümayəndəliyi Azərbaycan ilə Rusiya arasında
mədəni dialoqu inkişaf etdirir. Leyla Əliyeva
demişdir: “Mədəni dialoq xüsusən gənclər
üçün ən vacib məsələdir. Güman
edirəm ki, bu kitabxana vasitəsilə biz mədəni dialoqun
genişlənməsinə nail ola biləcəyik. Bu, çox
zəngin kitabxanadır. Xoşagələn
haldır ki, burada Azərbaycan dilində bu qədər kitab
var və onları qayğıkeşliklə qoruyub
saxlayırlar. Ümidvaram ki, gələcəkdə kitabxana
ilə münasibətlərimiz daha da inkişaf edəcək,
biz kitab mübadiləsi edəcək, buraya yeni
nəşrlər göndərəcəyik. Cəmi bir
ay bundan əvvəl ”Baku" jurnalının ilk
nömrəsi çapdan çıxmışdır. Bu
nəşri Moskva və Sankt-Peterburq oxucuları da
görəcəklər. Jurnal onların ölkəmiz
haqqında daha çox məlumat əldə etməsinə
imkan verəcəkdir. Ölkələrimiz arasında həmişə
çox yaxşı mədəni münasibətlər
olmuşdur. Azərbaycanda rus mədəniyyətinə, rus
ədəbiyyatına həmişə yaxşı
bələd olmuş, onları sevmişlər. Azərbaycan
məktəblərində rus dilinin tədrisi indi də tam
həcmdə davam edir".
Azərbaycanın Rusiyadakı səfiri Polad
Bülbüloğlu da imzalanmış sazişi yüksək
qiymətləndirmiş, onu hər iki ölkənin ictimai
həyatında mühüm hadisə
adlandırmışdır. O
xatırlatmışdır ki, Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyev 1994-cü ildə
M.F.Axundov adına Milli Kitabxanaya öz şəxsi
kitabxanasından 400-dən çox nəşr hədiyyə
etmiş, bununla da kitaba qayğı ilə yanaşmaq
nümunəsi göstərmişdir. Səfir
demişdir: “Bu gün də bu ənənəni Heydər
Əliyevin nəvəsi, onun adını daşıyan Fondun
nümayəndəliyinin rəhbəri davam etdirir”.
Vladimir Zaytsev öz çıxışında bildirmişdir
ki, kitabxana Azərbaycan ədəbiyyatını hələ
inqilabdan əvvəlki dövrlərdən toplayır, lakin son
illərdə bu sahədə bir qədər fasilə
yaranmışdı. O demişdir: “Bugünkü sazişin
imzalanması kitabxanaya ədəbiyyat daxil olmasında yeni
mərhələdir. Bu, Sankt-Peterburqdakı Azərbaycan
diasporunun ana dilində ədəbiyyat oxumasına da imkan
verəcəkdir”.
Leyla Əliyeva və V.Zaytsev Rusiya Milli Kitabxanasında
təşkil edilmiş Azərbaycan ədəbiyyatı
sərgisini açmışlar. Heydər Əliyev Fondunun
RF-dəki nümayəndəliyinin rəhbəri Azərbaycan
kitablarının nadir nüsxələrinin nümayiş
etdirildiyi sərgi ilə tanış olmuşdur.
Elə həmin gün Sankt-Peterburqdakı “Oktyabrski”
böyük konsert salonunda Azərbaycan musiqisindən ibarət
konsert olmuşdur. Sankt-Peterburq administrasiyasının
gənclərin məsələləri üzrə komitəsinin
dəstəyi ilə Heydər Əliyev Fondunun Rusiyadakı
nümayəndəliyi tərəfindən təşkil
edilmiş konsertdə Azərbaycanın və Rusiyanın
estrada ulduzları iştirak etmişlər.
Konsertdən əvvəl Leyla Əliyeva salona
toplaşmış gənclər və Sankt-Peterburq
ictimaiyyətinin nümayəndələri
qarşısında çıxış edərək, respublikamızda
fevralın 2-də qeyd olunan Gənclər Günü
münasibətilə soydaşlarımızı təbrik
etmişdir. O demişdir: “Sankt-Peterburq
qəribə şəhərdir, o, insanı daim
heyrətləndirir, biz də öz tərəfimizdən
qədim Azərbaycan mədəniyyətinin bir
zərrəsini sizlərə bəxş etmək, adət
və ənənələrimiz barəsində söhbət
açmaq və bizim istedadları sizlərə təqdim
etmək üçün əlimizdən gələni
etməyə çalışmışıq. Azərbaycan
çox qədim tarixə və çox zəngin
mədəniyyətə malik olan bir ölkədir, böyük
şairlərin, bəstəkarların və
yazıçıların vətənidir. Harada olmasından
asılı olmayaraq, hər bir azərbaycanlı
üçün Qarabağ bülbülləri oxuyur,
Abşeron günəşi onun üçün parlayır,
Xəzərin dalğaları onun üçün
səslənir. Azərbaycanlılar çox qonaqpərvər
xalqdır, bu gün də çoxsaylı millətlərin
və dini məzhəblərin nümayəndələri
ölkəmizdə sülh və dostluq şəraitində
yaşayırlar. Bizə çox xoşdur ki,
Rusiya-Azərbaycan münasibətləri günbəgün
möhkəmlənir və bir sıra sahələrdə bu
münasibətlər yüksək səviyyəyə
çatmışdır. Azərbaycan
məktəblərdə rus dilinin tədrisi tam həcmdə
davam edən az sayda dövlətlərdən biridir, Bakıda
Slavyan Universiteti, Rus Dram Teatrı fəaliyyət
göstərir. Bu gün bizim qarşımızda, Rusiyada
yaşayan gənclər qarşısında bir
məsələ durur: bu münasibətləri daha da
möhkəmlətmək və Vətənimizi
ləyaqətlə təmsil etmək”.
Sonra çıxış edən Polad Bülbüloğlu
demişdir ki, Rusiyada Azərbaycan gəncləri
təşkilatı yarandıqdan sonra RF-də yaşayan
bütün cavan soydaşlarımızın
birləşməsi prosesi müşahidə olunur. Bu,
gələcək üçün, gənclərimizin öz
xalqına xeyir verməsi və öz xalqını
ləyaqətlə təmsil etməsi üçün
çox vacibdir. Sankt-Peterburqun vitse-qubernatoru Sergey Tarasov
isə vurğulamışdır ki, iki ölkə arasında
mədəni əlaqələrin çoxəsrlik tarixi
vardır. Onun fikrincə, Heydər Əliyev Fondunun
Rusiyadakı nümayəndəliyi xüsusən
gənclər siyasəti sahəsində çox mühüm
işlər görür.
Konsert zamanı istedadlı gənclərə
Rusiya-Azərbaycan mədəni münasibətlərinin
möhkəmlənməsinə verdikləri töhfəyə
görə Heydər Əliyev Fondunun Rusiyadakı
nümayəndəliyi adından fəxri fərmanlar və
mükafatlar təqdim edilmişdir.
Fevralın 3-də Leyla Əliyevanın
Sankt-Peterburqa səfəri çərçivəsində
Böyük Vətən müharibəsi illərində
Leninqradın mühasirəsi zamanı həlak olanların
dəfn edildiyi Piskaryovo qəbiristanlığında
ucaldılmış abidənin önünə əklil
qoyulması mərasimi olmuşdur. Bu qəbiristanlıqda
uyuyanlar arasında həmvətənlərimiz də var.
L.Əliyeva Heydər Əliyev Fondu adından abidənin
önünə əklil qoymuş və Fəxri qonaqlar
kitabına ürək sözlərini yazmışdır.
Xatirə kompleksinin rəhbərliyi Azərbaycanın
ümummilli lideri Heydər Əliyevin 2002-ci ildə
Sankt-Peterburqa rəsmi səfəri zamanı həmin Fəxri
qonaqlar kitabında yazdığı ürək
sözlərini göstərmişdir. Kompleksin
müdiriyyəti L.Əliyevaya Piskaryovo
qəbiristanlığının xatirə medalını
və içərisində torpaq olan rəmzi kapsulanı
hədiyyə etmişdir.
Sonra dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami
Gəncəvinin Sankt-Peterburqda ucaldılmış abidəsi
önünə əklil qoyulmuşdur. Mərasimdə
Rusiyanın şimal paytaxtının administrasiyasının
və ictimaiyyətin nümayəndələri, Sankt-Peterburqda
akkreditə edilmiş diplomatik missiyaların
rəhbərləri də iştirak etmişdir.
Mərasimdə çıxış edən Leyla Əliyeva
demişdir ki, Nizami dünyaya “Leyli və Məcnun”, “Xosrov
və Şirin”, “İsgəndərnamə” kimi və başqa
misilsiz əsərlər bəxş etmiş dahi şair
və mütəfəkkirdir. Nizami həmişə
Azərbaycan xalqının fəxri olaraq qalacaqdır. Bu
böyük insana dünyanın ən gözəl
şəhərlərindən birində abidə qoyulması
Azərbaycanla Rusiya arasında olan böyük dostluğu
və qarşılıqlı hörməti bir daha sübut
edir.
Azərbaycanın RF-dəki səfiri Polad
Bülbüloğlu xatırlatmışdır ki,
böyük Azərbaycan şairinə Sankt-Peterburqda
ucaldılmış abidənin açılışında
Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyev və Rusiya Prezidenti Vladimir Putin iştirak
etmişlər. Bu abidə iki xalq
arasında tarixi dostluğun rəmzidir.
Şəhər administrasiyasının
nümayəndələrinin çıxışlarında
xüsusi vurğulanmışdır ki, böyük
Nizamiyə Sankt-Peterburqda abidə qoyulması və öz
mədəniyyətinə qayğıkeş münasibət
Azərbaycan diasporuna başucalığı gətirir və
mədəniyyətlərin qarşılıqlı
zənginləşməsi prosesinə çox güclü
təsir göstərir.
Leyla Əliyeva başda olmaqla Azərbaycan nümayəndə
heyətinin üzvləri Qoroxovaya küçəsindəki,
6 nömrəli binada ümummilli lider Heydər Əliyevin
xatirə lövhəsi önünə tər
çiçəklər qoymuşlar. Xatırladaq ki,
1940-cı illərin axırları - 1950-ci illərin
əvvəllərində Heydər Əliyev həmin binada
yerləşən SSRİ Dövlət
Təhlükəsizliyi Komitəsinin rəhbər heyət
məktəbində təhsil almışdır.
Azərbaycan gənclərinin və RF-nin 40 regionunda
fəaliyyət göstərən diaspor
təşkilatlarının rəhbərlərinin yığıncağı
günün əsas hadisəsi olmuşdur. Onlar Sankt-Peterburqa
Fondun Rusiya nümayəndəliyinin və Rusiyanın
Azərbaycan Gənclər Təşkilatının (RAGT)
təşəbbüsü ilə gəlmişdilər.
Görüşdə gənclərin birləşməsi
və regionlarda fəallığının
artırılması məsələləri müzakirə
olunmuşdur.
Azərbaycanın Sankt-Peterburqdakı baş
konsulu Qüdsi Osmanov görüşü açaraq
bildirmişdir ki, Heydər Əliyev Fondunun Rusiyadakı
nümayəndəliyi gənclər təşkilatlarının
fəaliyyətini əlaqələndirmək və
gənclərin yaşayış yerlərində onların
mövqelərini möhkəmlətmək məqsədi
ilə həm Moskvada, həm də Rusiyanın regionlarında
fəal iş aparır.
Rusiyada Azərbaycan gəncləri
hərəkatının lideri Leyla Əliyeva gəncləri
RF-nin ictimai-siyasi həyatında daha fəal iştirak
etməyə, Rusiya cəmiyyətinə daha sıx inteqrasiyaya
və bununla bərabər, Azərbaycanın milli
mədəniyyətinə qayğıkeşliklə
yanaşmağa, onu qoruyub saxlamağa və yaymağa
çağırmışdır. O bildirmişdir ki, indi
Fondun əsas vəzifələrindən biri regionlarda
Azərbaycan dilində bazar günü məktəblərinin
açılmasıdır. Fond bu cür məktəblərin
açılmasını təşviq edir və onların
tədris ədəbiyyatı, kompyuterlərlə təchiz
olunmasına kömək edir. Fond indiyə qədər
İvanovo, Tula, Tver və Surqut şəhərlərindəki
bazar günü məktəblərinə kömək
etmişdir. Bununla yanaşı, müxtəlif xeyriyyə
tədbirləri, o cümlədən əlil uşaqlar
üçün “Biz həyatı sevirik” adlı konsert, bir
neçə kitabın təqdimat mərasimləri
hazırlanır. Bu günlərdə təşkilatın
internet saytı açılacaqdır, gənclər bu saytda
Azərbaycanın gerçəklikləri barədə
məlumat ala biləcəklər. Ayda bir dəfə
çıxacaq “Baku” jurnalı da xalqımızın
mədəniyyəti, incəsənəti və
ənənələri barədə ictimaiyyəti
məlumatlandırmaq məqsədi daşıyır. Belə
bir jurnal yox idi, onu hamı gözləyirdi, indi isə onu
Rusiyada da almaq mümkün olacaqdır.
Azərbaycanın Rusiyadakı səfiri Polad
Bülbüloğlu Fondun Rusiya nümayəndəliyinin
gördüyü işin böyük əhəmiyyətini
vurğulayaraq demişdir ki, gənclərin təşkilatlanması
həm Azərbaycan cəmiyyətinin, həm də Rusiya
cəmiyyətinin xeyrinə olacaqdır. Azərbaycan
gəncləri yaşadıqları ölkənin
qanunlarına hörmət etməli, lakin bununla bərabər,
öz milli mənsubiyyətini, mədəniyyətini, dilini
və ənənələrini unutmamalıdır. Ümummilli
mənafelərdən söhbət gedəndə
gənclər bir yerdə olmalı və sıx birləşməlidirlər.
Gənclərin nümayəndələri Heydər Əliyev Fonduna
gənclər siyasətini dəstəklədiyinə və bu
sahədə fəal işinə görə
təşəkkür etmişlər. Bildirilmişdir
ki, Leyla Əliyevanın başçılıq etdiyi
təşkilat yaradılandan sonra gənclər onu
özlərinə arxa hesab edir və birləşmə
hərəkatı fəallaşmışdır.
Çıxış edənlər Fondun bütün
təşəbbüslərini dəstəkləməyə
və gənclərlə bağlı müxtəlif
layihələrdə fəal əməkdaşlıq
etməyə hazır olduqlarını bildirmişlər.
Heydər Əliyev Fondunun Rusiyadakı
nümayəndəliyinin rəhbəri Leyla Əliyeva və
görüş iştirakçıları Puşkin
(keçmiş Sarskoye Selo) şəhərindəki Yekaterina
sarayı Dövlət muzey-qoruğunda da olmuşlar.
Xalq qəzeti.- 2008.- 5 fevral.- S. 4.