Sarıyeva İ.

 

İran kinosu günlərində tamaşaçılar “Uzun gecə”, “Avropalı gəlin”in xiffətini cəkir

 

Köhnə İran filmləri qayıdacaqmı

 

Fevralın 18-də İranın Azərbaycandakı səfirliyinin İran Mədəniyyət Mərkəzinin Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Kinematoqraflar İttifaqının təşəbbüsü ilə Bakıda İran Kinosu günlərinə start verilib.

Fevralın 22-də başa çatacaq İran kino günlərində İran kinematoqraflarının son illər çəkdiyi bədii filmlər təqdim ediləcək. Bakılı tamaşaçılar və Azərbaycan kino ictimaiyyəti festival çərçivəsində «Səma uşaqları», «Şeyda», «Yağış», «Soyuq göz yaşları» və Azərbaycan aktyor və aktrisalarının rol aldığı «itgin pay» bədii filmlərinə tamaşa edəcəklər. Məlumat üçün bildirək ki, son 10-15 ildə İran kinematoqrafiyasında böyük sıçrayışlar edilib, İran kinematoqorafı bu gün dünyanın inkişaf etməkdə olan kinosu sırasındadır. Son illər İran və Azərbaycan kinematoqraflarının müştərək istehsalı olan bir neçə film var ki, onların əksəriyyəti Qarabağ müharibəsi, erməni təcavüzü nəticəsində çadır şəhərciklərinə sığınan soydaşlarımızın taleyi barəsindədir. Babək Xoşsifətin çəkdiyi «Suda ay» və Əyyub Danişvarın «Arzular» filmlərini buna misal göstərmək olar. Bundan başqa da, bir neçə maraqlı layihələr olub. Bu gün Azərbaycan telekanallarında da İran istehsalı olan müxtəlif dini və məişət, dünyəvi mövzuda olan filmlər nümayiş olunur. ANS kanalı isə İran kinematoqrafının nümunəsi olan «Ülgüc altında» serialını təqdim edir. Çağdaş Azərbaycan tamaşaçısı müasir İran filmlərinə maraq göstərir, amma hələ onların çoxu İran kinosunun klassikası sayılan «Mazandaran pələngi», «Avropalı gəlin», «Uzun gecə» s. filmlərin nostalgiyası ilə yaşayır. Tamaşaçılarımızdan bəziləri İran kinematoqrafının son illərdə çəkdiyi filmlərdən daha çox, klassik filmlərə önəm verir. Tamaşaçılar bildirir ki, Azərbaycanda İran kinosu günləri təxminən ildə bir dəfə keçirilir hər dəfə müasir filmlər təqdim edilir. Tamaşaçılar arzu edirlər ki, kino günlərinin proqramına, müasir filmlərlə yanaşı, klassik İran filmləri daxil edilsin. Qeyd edək ki, İran kinematoqrafının «Novruzgülü», «Kölgə», «Telefon söhbəti», «0 saatının qatarı», «Yarış» kimi filmləri Azərbaycan tamaşaçılarına yaxşı tanışdır. Ümid edirik ki, gələcəkda Azərbaycanda İran kinosu günləri keçirilərkən İran kinematoqrafının klassik nümunələrini bakılı tamaşaçılara təqdim edəcəklər. Xatırladaq ki, paytaxtımızda keçirilən İran kinosu günləri İran islam inqilabının 29-cu ildönümünə həsr edilib.

 

Bakı xəbər.- 2008.- 20 fevral.- S. 15.