Mustafa M.

 

Kitabxanalarımızın mövcud vəziyyəti

 

Sovet hakimiyyəti dövründə Azərbaycanın ucqar kəndlərində də kitabxanalar fəaliyyət göstərirdi. Nəinki Azərbaycanda, Ermənistanın və Gürcüstanın azərbaycanlılar yaşayan kəndlərində də kitabxanalar vardı. Özü də həmin kitabxanalarda istənilən kitabları tapmaq mümkün idi. Bakıda isə xeyli sayda kitabxanada gündə minlərlə oxucu öz mənəvi ehtiyacını ödəyə bilirdi.

Kitabxana sahəsində sistemli iş gedirdi. Mərkəzi kitabxanalar müntəzəm olaraq yeni kitablarla təchiz olunurdu. İttifaq dağılandan sonra kitabxanalarda da sökhasök başladı. Sovet hakimiyyətinin mövcud olduğu 70 il müddətində ayrı-ayrı kitabxanalara verilən yüz minlərlə çox qiymətli kitablar məhv edildi. Kitabxanalardakı kitabları müxtəlif adlarla çıxararaq əhaliyə çox ucuz qiymətə satdılar. Bütün bunlar hamının gözü qarşısında baş verdi.

Yeni əlifbaya keçid də kitabxanaların sürətlə boşalmasına şərait yaratdı. Əslində əlifba islahatından sonra köhnə kiril əlifbası ilə yazılan kitabların qorunub saxlanılması üçün ciddi nəzarətə ehtiyac hiss edilirdi. Əlifbanın dəyişməsindən istifadə edən kitabxana müdirləri minlərlə, on minlərlə kitabları dəyər-dəyməzinə satdırdılar.Təkcə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasından çox qısa müddətdə külli miqdarda kitabları yük maşmlarına yığaraq naməlum istiqamətlərə aparıblar. Bunu kitabxananın öz işçiləri danışır.

Digər tərəfdən kitabxanalar uzun müddət təmir olunmadığından on illər boyu yığılan və göz bəbəyi kimi qorunub saxlanan kitablar sıradan çıxdı, onlar vərəq-vərəq oldu. Bakıda fəaliyyət göstərən kitabxanaların əksəriyyəti ləğv edildi. Onlar kommersiya strukturlarına satıldı. İndi Bakıda çox az sayda kitabxana fəaliyyət göstərir. Əvvəllər şəhərin bir çox yerlərində kitab mağazaları və köşkləri mövcud idi. İndi onlar da gözə dəymir. Bəzi yerlərdə yerləşən mağaza və köşklərin də əksəriyyətində əsasən İrandan və başqa şərq ölkələrindən gətirilən dini ədəbiyyat satılır.

Yeni kitabların əksəriyyəti ölkəmizdə təriqətçilik, dini ədavət və s. dövlətçiliyimizə zidd olan təbliğatla bağlıdır. Hətta iş o dərəcəyə çatıb ki, metronun içində də bəzi dini ədəbiyyat satan mağazalar yaranıb. Niyə buna yol verirlər? Düzdür, Metropoliten rəhbərliyi bu cür mağazaların bir neçəsini bağlatdırıb. Ancaq yenə də fəaliyyət göstərənləri var. Əgər yoxlanılsa məlum olar ki, bu mağazalarda satılan dini ədəbiyyat ölkəmizə məqsədli şəkildə göndərilir. Onun arxasında müəyyən siyasi qüvvələr və maraqlı dairələr dayanır.

Bir məsələni də xüsusi qeyd etməyə ehtiyac var. Azərbaycan oxucularının böyük bir qismi, o cümlədən də siyasi xadimlər, alimlər, ziyalıların müxtəlif təbəqələri daha çox M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasından istifadə edirlər. Elə adamlar var ki, gününün böyük bir hissəsini kitabxanada keçirir. Son illərdə kitabxanaya milli kitabxana statusu verilib, əsaslı şəkildə təmir edilib. Buna görə kitabxanadan istifadə edən bütün ziyalılar Mədəniyyət və Turizm  naziri Əbülfəs Qarayevə öz minnətdarlıqlarını bildirirlər.

Təəssüf ki, bu kitabxanada oxumaq üçün hər cür şərait yaradıldığı halda, yeməkxanası yoxdur. Əvvəlki bütün dövrlərdə kitabxananın səliqə-səhmanı ilə seçilən yeməkxanası olub. Oxucular acanda və yaxud içməyə suya və çaya ehtiyacları olanda həmin yeməkxananın xidmətindən istifadə ediblər. İndi suya və yaxud yeməyə ehtiyacı olanlar kitabxananı tərk etməyə məcburdu. Yaxın ərazidə isə nə çayxana, nə də yeməkxana var. Buna görə də oxucuların bir qismi oxu zallarına çantalarında yemək və su qabı ilə gəlirlər. Oxu zalı yeməkxananı xatırladır.

Bu isə işçilərin və kitabxanadan istifadə edənlərin haqlı narazılığına səbəb olur. Oxucular dəfələrlə müdiriyyətə bu barədə şikayət etsələr də, nəticəsiz qalıb. Kitabxananın müdiriyyəti deyir ki, yeməkxananı işə salmaq bizlik deyil. Gərək Mədəniyyət Nazirliyi buna icazə verə. İnanırıq ki, Mədəniyyət və Turim naziri cənab Əbülfəs Qarayev Azərbaycan ziyalılarının, alimlərinin, tələbələrimizin kitabxananın xidmətindən lazımınca istifadə etmələri üçün bu məsələlərin yoluna qoyulmasına imkan yaradacaq. Axı, hətta keçmiş MDB ölkələrinin hamısının milli kitabxanalarında yeməkxana da fəaliyyət göstərir. Bəs bizdə niyə olmasın?

 

Ədalət.- 2008.- 13 fevral.- S. 4.