Mübariz

 

Elektron kitabxanalar reallaşır

 

Nizami Cəfərov: “Bu məsələdə bizim o qədər də ciddi problemimiz yoxdur”

 

Osman Gündüz: “Azərbaycan internetinin inkişaf etməsinə baxmayaraq, milli dildə informasiyanın azlığı problem kimi qarşıda durur”

 

Azərbaycan hökuməti elektron kitabxanalara keçid prosesini reallaşdırır. Çox rnühüm əhəmiyyətə malik olan bu prosesin nə vaxt biləcəyini proqnozlaşdırmaq mümkün deyil. Elə məsələyə yanaşmada mütəxəssislərin fərqli fikirlərlə çıxış etməsi də bunu göstərir.

Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının sədri, millət vəkili Nizami Cəfərov qeyd edib ki, M.F.Axundov adına Mərkəzi Kitabxanada, Akademiyanın və BDU-nun kitabxanalarında da bu işlər aparılır: "Həmin elektron versiyalardan istifadə olunur. Ona görə də demək olar ki, bu sahəyə kifayət qədər diqqət yetirilir. Hazırda ölkədə məktəblərin də kompyuterləşdirilməsi prosesi getməkdədir. Düşünürəm ki, bu məsələdə bizim o qədər də ciddi problemimiz yoxdur və olmayacaq. Hazırda müxtəlif dövlət qurumları lazımi səviyyədə çalışmalar aparırlar. Bu məsələdə beynəlxalq kitabxanalara bağlanma prosesləri də gedir. Arzuolunandır ki, iş daha da sürətli şəkildə gerçəkləşdirilsin. Rayonlarda kitabxanalar şəbəkəsi özünün tənəzzül dövrünü yaşayır. Yəni bu kitabxanalar demək olar ki, işləmir. Ona görə də elektron kitabxanaların yaradılması prosesinin qarşıdan gələn 5-10 ildə tam şəkildə başa çatacağını düşünürəm".

Azərbaycan internet Forumunun prezidenti Osman Gündüz bildirib ki, bu istiqamətdə iş aparılır: "Dövlət başçısının sərəncamında həm kiril əlifbasında olan kitabların latın qrafikasına keçirilməsi, həm də onların elektron variantının hazırlanması ilə bağlı müəyyən məqamlar var. Amma bizim kitabxanalarda hədsiz dərəcədə kitab ehtiyatı yığılıb ki, onların hamısının sistemləşdirilməsi, kitabxanalarda olan kompyuterlərdə yerləşdirilməsi uzunmüddətli işdir. Bununla bağlı ayrıca dövlət proqramının olması daha səmərəli olardı. İlkin addımda həmin kitabların heç olmasa elektron kartotekasının hazırlanması, o cümlədən onlayn giriş imkanlarının yaradılması çox əhəmiyyətli olardı. Azərbaycan internetinin inkişaf etməsinə baxmayaraq milli dildə informasiyanın azlığı problem kimi qarşıda durur. İnternetə girən insanlar yalnız əcnəbi dildə olan informasiya ilə qarşılaşırlar. Ona görə də bu istiqamətdə dövlət dəstəyinin olması zəruri məsələlərdən birinə çevrilib".

 

Şərq.- 2008.- 16 fevral.- S. 12.