Sabutay
Milli Kitabxana -
ənənəvilikdən yeniliyə
Hələ sovet
dövründə ən çox oxucu auditoriyası qazanan
kitabxana Mirzə Fətəli Axundov adına Dövlət
Kitabxanası idi. 2004-cü ildən Milli Kitabxana statusu
almış bu kitabxananın 1922-ci il mayın 5-də
açılışı olub və binası xüsusi olaraq
kitabxana üçün inşa edilib. Binanın memarı
tanınmış arxitektor Mikayıl Hüseynov olub. Kitabxana
inşa edilərkən kitabların rütubətdən,
günəş şüasından qorunması, tez sıradan
çıxmaması üçün ventilyasiya sisteminin
qurulması nəzərə alınıb. O vaxt bina 2 milyon
yarımlıq kitab üçün nəzərdə tutulub.
Hazırda isə burada 5 milyondan artıq kitab
yerləşdirilib. Vaxtilə ümumi kitabxana
səviyyəsində göstərilən fəaliyyət sonra
dövlət kitabxanası səviyyəsinə çatıb.
2004-cü ildə Milli Kitabxana statusu alandan sonra isə
kitabxananın qarşısına öz işini dünya
standartlarına uyğun qurmaq, informasiya və
məlumatları oxuculara tam operativ şəkildə
çatdırmaq tələbi qoyulub. Əslində bu
tələblər zamanın tələbidir. Çünki
müasir oxucular ən operativ informasiyanı əldə
etmək üçün internetdən istifadəni
əvəzsiz sayırlar. Belə oxucuların marağını
elektron kitabxanalar daha çox təmin edir. İnkişaf
etmiş ölkələrdə kitabxanaların
avtomatlaşdırılmış sistemlə işləməsi
təcrübəsinin uğurları bizim ölkə
kitabxanaları üçün də nümunəyə
çevrilib. Məhz kitabxana işinin
təkmilləşdirilməsi və
müasirləşdirilməsi ilə bağlı ölkə
başçısı ötən il xüsusi sərəncam
imzaladı. Mütaliəsevərlərin, elm
adamlarının, sadə vətəndaşların,
xüsusilə tələbələrin sevimli ocağı olan
Milli Kitabxanamızda hazırda vəziyyət necədir?
Oxuculara müasir standartlara uyğun xidmət göstərilirmi?
Bu və ya digər suallara bəhs etdiyimiz kitabxananın
avtomatlaşdırma üzrə direktor müavini Mələk
Hacıyeva aydınlıq gətirir.
Oxucuya modern xidmət
- 2000-ci ildən beynəlxalq
internet şəbəkəsinə qoşulmuşuq. Hazırda
avtomatlaşdırılmış proqram sistemi üzrə
ABŞ-dan aldığımız yeni modelə uyğun olaraq elektron
kataloq sistemi hazırlanıb. Qeyd edim ki, dünyanın ən
tanınmış kitabxanaları sözügedən
modellə işləyir. Bu proqramda oxucunun kitabxanaya üzv
olması mərhələsindən başlamış kitabların
kataloqlar üzrə bölünməsi və oxuculara
xidmətin avtomatlaşdırılması nəzərdə
tutulur. Modelə görə oxucu evdə oturub kompyuterlə
istədiyi kitabı sifariş edə və onu vaxt itirmədən
kitabxanadan götürə biləcək. Oxucuların
xüsusi kartları olacaq, amma oxucunun kitabla rəftarında
qüsuru olarsa, o zaman kartdan istifadə hüququnu itirə
bilər.
Hazırda isə Amerika
modelini ilk olaraq elektron kataloq sisteminə tətbiq etmişik.
Elektron kataloqlarda kitabın biblioqrafiyası, adı, müəllifi,
nəşr ili və yeri haqqında məlumat genişliyi
ilə öz əksini tapıb. Eyni zamanda 2006-cı ildən
başlayaraq elektron kataloqa düşmüş kitabların
tam mətnlərinin həm də elektron kitabxanada
yerləşdirilməsi işi aparılır. Hazırda 30 min
addan çox biblioqrafik yazı, elektron kitabxanada isə
200-dən çox müəllifin kitabı var.
Prezidentin latın
qrafikalı ədəbiyyatın çapı barədə
sərəncamından sonra isə çap olunan kitablar elektron
kitabxanamıza daxil edilən ilk kitablar olub. Müəllif hüquqlarının
qorunması şərti ilə 50 il əvvəlki ədəbiyyat
və müasir yazarların kitablarının mətni ilə
elektron kitabxanamız vasitəsilə tanış olmaq
mümkündür. Razılaşma əsasında ABŞ
Konqresinin kitabxanasından və Rusiya Dövlət
Kitabxanasından ədəbiyyatlar qısa müddətdə
elektron kitabxanamıza daxil olur.
Tədris mərkəzi
- Kitabxanamızda
tədris mərkəzi də fəaliyyət göstərir.
2000-ci ildə kitabxananın 8 nəfərlik heyəti
"Cənubi Qafqaz ölkələri ixtisasartırma
mərkəzin"də xüsusi kurs keçərək
müasir və modern kitabxanaçılıq sahəsində
yeni ixtisaslara, biliklərə yiyələnib. Bu, o
ixtisaslardır ki, bizim kitabxana sistemimizdə tədris
olunmayıb. Bu ixtisasları bizə Cənubi Qafqaz
ölkələrindən ABŞ-da kitabxana-informasiya proqramları
çərçivəsində təhsil almış
məzunlar tədris ediblər. Biz bu proqramları
mənimsədikdən sonra ABŞ kitabxana-informasiya
mərkəzinin köməyi ilə ölkə
kitabxanalarının müasirləşməsi
üçün yeni proqram hazırlayaraq tədris
mərkəzi yaratdıq. Bu mərkəz kitabxanaçıların
dil, texniki sahələr üzrə biliklərinin, ixtisaslarının
artımı üzrə əvəzsizdir.
"www.anl.az adlı
saytımız fəaliyyət göstərir"
- İki il
əvvəldən kitabxanamızın saytı
açılıb. www.anl.az saytına daxil olub elektron kitabxana
düyməciyini vurmaqla buradakı əsərlərlə
tanış olmaq mümkündür. Elektron kitabxanada eyni zamanda
Qarabağ, Xocalı faciəsi, ağrılı tariximiz,
Azərbaycan həqiqətləri barədə kitablara da
geniş yer verilib. Saytımızın 46 mindən artıq, o
cümlədən ABŞ-dan, Fransadan, Türkiyədən
və sairə ölkələrdən oxucusu var. Saytda kitabxanamıza
daxil olan yeni kitablar barədə də məlumatlar verilir. O
cümlədən burada xüsusi bölmədə kitabxanalar
üçün tədris vasitələri yerləşdirilib.
Paralel olaraq hər bir kitabxana biblioqrafiya sahəsi üzrə
sualını bu bölmə üzrə bizə
göndərə bilər. Bu suala isə cavabı bizim metodiki
şöbə
hazırlayaraq sayta yerləşdirir. Sayt
materiallarını üç dil üzrə izləmə
mümkündür: doğma dilimizdə tam mətnlə, rus dilində
ixtisarla, ingilis dilində yığcam formada. Qeyd edim ki, sayt
bizim kitabxananın öz əməkdaşları
tərəfindən hazırlanıb.
Ermənilər bizim saytı diqqətlə izləyir
və qıcıqlanırlar.
Çünki saytda onların
azərbaycanlılara qarşı törətdikləri genosid
aktları tarixi məlumatlar əsasında bütün
dünyaya çatdırılır.
Saytımızı
izləyən dünya azərbaycanlıları
da bu faktları yaşadığı ölkələrdə
müxtəiif şəkildə yayır, təbliğatla
məşğul olurlar. Bu səbəbdən ermənilər
dəfələrlə saytımıza texniki hücumlar ediblər.
Keçən il
kitabxanamızda Xocalı faciəsi ilə bağlı
beynəlxalq konfrans keçirilirdi. Konfransda bu faciə ilə
bağlı faktlar saytımız vasitəsilə
nümayiş etdiriləcək. Nümayişə 2 saat
qalmış sayt erməni xakerlərin texniki hücumuna
məruz qaldı. Qısa vaxt ərzində saytı bərpa
edə bildik. Xakerlərin hücumlarından qorunmaq
üçün saytın texniki davamlılığını
daim artırırıq.
Gələcəyə
doğru
- Modernləşmə
prosesinin sürətləndirilməsi, məlumat-baza bankının
yaradılması, texniki resursların artırılması,
beynəlxalq elektron sisteminə keçid qarşımızdakı
vəzifələrdir. Bütün bunlardan sonra milli
kitabxanamız dünyanın ən modern kitabxanalarından birinə
çevrilməklə oxucusuna tam müasir xidmət
göstərə biləcək.
Mədəniyyət.- 2008.- 15 fevral.- S. 10.