Ülvi A.

 

M.F.Axundov adına Milli Kitabxana-85

 

Fədakar kitabxanaçı ömrü

 

Fatma Ağayeva 80 illik ömrünün 50 ildən çoxunu bir yerdə - 85 illiyini qeyd etməyə hazırlaşan M.F.Axundov adına Milli Kitabxanada çalışmışdır. O, sözün gerçək mənasında fədakar kitabxanaçı ömrü yaşamışdır. Bir alim dostum danışır ki, təxminən 1985-86- illər idi. XX əsrin əvvəlki onilliyinə aid bir qəzet lazım oldu. Milli Kitabxanada həmin qəzet nüsxəsini sifariş etdim. Az sonra sifarişi qəbul edən kitabxanaçı xanım bildirdi ki, qəzet fondunda təmizləmə bərpa işləri gedir. Bir həftəlik qalıb - sonra əvvəlki axarına düşəcək. Əgər təcili lazımdırsa, fondun işçisi Fatma xanıma müraciət edin. Kitabxananın özünəməxsus qaydaları prinsipləri olduğundan bu imkan xeyli çətinliklə yarandı. Qəzet fondu bu başından baxanda o biri başında qaraltıdan başqa bir şey seçilməyən yerdir. Yer-yurd qəzet bağlamaları ilə dolu idi.

- , istəyirsiniz, tez deyin, iş-güc başdan aşır.

Fatma xanımın bir az ötkəm, həm sərt tərzdə dediyi sözlərdən çaşsam da istədiyimi dedim.

- Gəlin dalımca...

Eyni səs tonu idi. Qalaq-qalaq qəzet bağlamaları arasından axtarılan nüsxənin çətin tapılacağına inanıb sifarişimdən hələlik imtina etmək istədim.

- Vaxtı uzatma, sözünü de. O tələbnaməni ver görüm - deyərək sifariş vərəqəsini əlimdən alıb baxdı. Ayaq üstəcə qalaqlanmış bağlamalara bir xeyli göz gəzdirdi əl uzadıb aradan göy cildli birini çıxardı. Üstünü belə oxumayıb - al, apar zalda qeydiyyata saldır, məşğul ol.

Həmin nüsxə idi. Az qala gözüyumulu tapılmasına heyrətləndim.

- Fatma xanım, necə ayırd edə bildiniz ki, bu həmin nüsxədir?

- Sizə lazım olan tapıldı, indi fonddan çıxın, söhbətə vaxt yoxdur.

İşinə bu qədər məhəbbətli bir insanın taleyində isə qırıq xətt olduğu duyulurdu, bu daha çox səsinin tonundan bilinirdi. Sonralar bildim ki, narahat çətin ömür yolu keçmiş Fatma xanım cəfakeş kitabxanaçı əməyi ilə dolanmışdır.

Bu hadisəni xatırlamaqda bir məsələni xüsusi qeyd etmək istərdim. Milli Kitabxanada 8 mərtəbədə (yarusda) yerləşdirilmiş kitab-jurnal, qəzet fondu vardır. Bu fondların uzunluğu, eni ölçüyə-biçiyə gələndi. Göz yetirdikcə o biri başı güclə seçilən bu yaruslardakı bütün səliqə-sahman, hər nəşrin öz yerində nizam qaydası məhz ona - Fatma xanıma məxsusdur. Özü bu işləri - nəhəng işləri az qala fiziki ağırlığıyla bərabər sistemli, şifrəli peşə-sənət sirlərinə bələdliliyi ilə təkbaşına görür. Özü qədər inandığı, güvəndiyi bir özüdür.

Ona görə yqx ki orada Fatma xanım qədər məsuliyyətli bir kimsə yoxdur. Sadəcə olaraq o istəyir ki, dövlət adına əmanət qoyulmuş, toplanmış milli xarici mətbuat nəşr nüsxələri etibarlı qaydada saxlansın, bir əldən çıxsın, dəqiq olsun, it-bat olan nəşr nüsxələri aşkarlansın, əl atanda bilinsin ki, bəli, filan nüsxə fonddadır, yoxdursa, harada yerləşdirilib. 6 yarus kitab, 1 yarus jurnal, 1 yarus da qəzet məhz Fatma xanımın əməyi ilə rəflərdə yerləşdirilib. Burada neçə minlərlə kitab, jurnallar, 1000-dən çox adda qəzet bağlamaları saxlanılır, oxucuların istifadəsinə verilir. Hər üç-beş ildən bir bu qədər ağır işləri o, yenidən təkrarlayır yorulmur. Çünki içində işinə, sənətinə böyük bir məhəbbət, sevgi var. Onun bütün sevgisi bir övladına sadə kitabxanaçı əməyinə bağlanmışdır.

M.F.Axundov adına Milli Kitabxanada kimdən soruşsan, Fatma xanımın məhz bu zəhmətini, bu sevgisini ilk öncə dilinə gətirəcək deyəcək:

- Kitabxanada onun əvəzi yoxdur,

Fatma xanım 1952-ci ildə Sabir adına Pedaqoji Texnikumu bitirəndən sonra 4 il bağca müdiri işlədi. 1956-cı ildən isə taleyini kitabxanaçılığa bağladı, M.F.Axundov adına Milli Kitabxanada işə qəbul olundu, kitabxanaçı təhsili aldı. Adi kitabxanaçılıqdan ta bölmə müdirliyinə qədər zəngin təcrübəsi keçdi.

Fatma Ağayevanın zəhmət dolu kitabxanaçılıq fəaliyyəti kitabxana kollektivi, rəhbərliyi tərəfindən həmişə yüksək dəyərləndirilib, ona nüfuz, hörmət qazandırıb. Fatma xanım M.F.Axundov adına Milli Kitabxananın dirəyi, canlı salnaməsidir - deyirlər.

Bir vaxtlar Əmircan kəndindən şəbərin mərkəzinə doğru şütüyən avtobuslarda qaragöz, narahat çöhrəli bir qız işə tələsərdi. Yol çox uzaq olsa da o, kitabxanaya - işə hamıdan tez gələrdi. O zamandan 50 ildən çox ötüb. Yollardan yorulmayan o xanımın saçları indi bəmbəyazdır, üzündəki nurani cizgilər narahatlığını gizlədir. Qəlbi isə elə gənclik həvəsində, eşqindədir. Ömrünün 50 ilini bağladığı Milli Kitabxananın 85 illiyinin yüksək səviyyədə qeyd olunmasını bəlkə daha çox istəklə gözləyir. Buna onun mənəvi haqqı çatır.

 

Respublika.- 2008.- 7 fevral.- S. 7.