Zümrüd

 

Azərbaycanlı İmran Mikayılov...

 

...Rusiya Milli Kitabxanasına XVI-XVIII əsrlərə dair dini kitablar külliyyatını hədiyyə edib

 

Azərbaycanlı İmran Mikayılov XVI-XVIII əsrlərə dair dini kitablar külliyyatını Rusiya Milli Kitabxanasına hədiyyə edib. Hazırda Sankt-Peterburqda yaşayan soydaşımız bu kitabları 90-cı illərin əvvəllərində Bakı küçələrində kitab ticarəti ilə məşğul olan şəxslərdən çox ucuz qiymətə aldığını bildirib: "Kitabları maraq xətrinə aldım, onlara demək olar ki, qəpik-quruş vermişəm. Mən uzun illərdir kitab toplayıram, artıq hər gün ən azı bir kitab almağa adət etmişəm".

Sankt-Peterburqda bukinistlər yalnız kolleksiyalarda rast gəlinən kitablara görə İmran Mikayılova çoxlu pul təklif ediblər, amma soydaşımız kitabları Rusiya Milli Kitabxanasına bağışlamaq qərarına gəlib: "Qərara gəldim ki, bu kitablar bir şəxsə deyil, bütün vətəndaşlara məxsus olsa, daha yaxşıdır". Kitabxana işçiləri növbəti kitab satıcısını sevinclə qarşılayıblar, amma İmran Mikayılovun kitabları satmaq deyil, bağışlamaq niyyətində olduğunu biləndə heyrətləniblər: "Mən artıq bu kitablarla tanışam, onlar mənə lazım deyil. Mən müsəlmanam. Bizlərdə Quranı satmırlar, hədiyyə edirlər. Hesab edirəm ki, digər dini kitablarla da belə davranmaq lazımdır. Pul gəlib-gedən şeydir, yaxşı əməllər isə həmişəlik yadda qalır".

 

Səs.- 2008.- 14 fevral.- S. 12.