Əli Abbasov: Dünyanın aparıcı şirkətləri Azərbaycanın gələcəkdə informasiya texnologiyaları üzrə lider ölkə olacağını düşünərək ölkəmizi seçirlər

 

Xəbər verildiyi kimi, yanvarın 23-dən 25-dək İsveçrə Konfederasiyasının Davos şəhərində ənənəvi Dünya İqtisadi Forumu keçirilmiş, bir sıra mühüm məsələlər müzakirə olunmuşdur. Bu illik mötəbər tədbirdə iştirak etmiş Azərbaycanın Rabitə və İnformasiya texnologiyaları naziri Əli Abbasov qəzetimiz üçün müsahibə vermişdir.

- Cənab nazir, Dünya İqtisadi Forumunda iştirak etməyin Azərbaycan üçün əhəmiyyəti nədən ibarətdir?

- Dünyada iqtisadiyyatın bütün sahələrində olan strukturların rəhbərlərini bir yerə yığan Davos Forumu ənənəvi olaraq keçirilir. Burada həmçinin maliyyə institutlarının rəhbərləri, böyük ölkələrin dövlət başçıları, tanınmış şirkətlərin rəhbərləri iştirak edir. Bunun Azərbaycan üçün ən əsas əhəmiyyəti ondan ibarətdir ki, bu gün ölkəmizdə iqtisadiyyat sürətlə inkişaf edir və Azərbaycanın iqtisadiyyatında irəliyə doğru bir transformasiya gedir. Böyük enerji ölkəsi kimi Azərbaycan bu gün öz iqtisadiyyatını şaxələndirir və gələcəkdə digər sahələrdə lider rolunu əlinə almaqdadır. Bunun üçün də həm xarici investorların, həm beynəlxalq maliyyə institutlarının, həm də digər böyük aparıcı ölkələrin Azərbaycanla münasibəti çox vacibdir. Bu mənada Prezident İlham Əliyev forum çərçivəsində görüşlər keçirərək, iclaslarda iştirak edərək Azərbaycanı dünya iqtisadi məkanına, regionda lider ölkəyə çevirmək üçün gərgin, lakin çox faydalı işlər görür. Belə ki, əsasən enerji, nəqliyyat, yüksək texnologiyalara əsaslanan iqtisadi sektorun inkişafı üçün lazım olan layihələr bir daha orada müzakirə olunur. Əminəm ki, dövlətimizin başçısının - Dovosa səfərindən sonra Azərbaycana investisiya axını daha da güclənəcək, ölkəmizin iqtisadi nüfuzunun, iqtisadiyyatda rəqabətin artması istiqamətində mühüm addımlar atılacaqdır.

-  Cənab  nazir, "Microsoft" şirkətinin regional elektron informasiya mərkəzinin Azərbaycanda yaradılması istəyi nə ilə bağlıdır və bu, nə vaxt baş tuta bilər?

-  Həqiqətən də  "Microsoft" Orta Asiya, keçmiş SSRİ ölkələri və Orta Şərq  regionunda özünün yeni elektron informasiya mərkəzini, bir növ qlobal nümayəndəliyini açmaq istəyir. Bu, həm də “Microsoft”un tədqiqat və öyrətmə mərkəzi rolunu da oynayacaqdır. Bu mühüm işdə onlar özlərinə etibarlı tərəfdaş kimi Azərbaycanı görürlər. Bu məsələlər Azərbaycan Prezidenti ilə müzakirə olundu və belə qərara gəlindi ki, bu təşəbbüs üzərində işlənilsin, şərtlər müəyyənləşdirilsin, ekspert-işçi qrupu yaradılsın. Layihələr yaxın iki-üç il ərzində həyata keçiriləcək və Azərbaycan ondan sonra informasiya satışından, ticarətindən çox böyük gəlir əldə edəcəkdir.

Bundan əlavə, tranzit informasiya mərkəzi rolunu oynamaq barədə Azərbaycanın özünün layihəsi var. Hazırda bu layihə baxışdadır. Məqsəd Qərbdə yığılmış böyük elektron resurslarının Azərbaycanda yerləşdirilməsi və informasiya cəhətdən olduqca az inkişaf etmiş ölkələr üçün Azərbaycanın regional informasiya lideri rolunu oynamasıdır. Bu proqram çərçivəsində "Microsoft" təklif edir ki, özünün böyük informasiya mərkəzini ölkəmizdə yaratsın.

Azərbaycana elektron şirkətlərin diqqəti həm də ona görədir ki, Şərqlə Qərb arasında güclü informasiya körpüsünün yaradılması layihəsi var. Bunun da əsas təşəbbüskarı Azərbaycan hökuməti ilə Amerikanın Ticarət və İnkişaf  Departamentidir. Bu barədə yaxın vaxtlarda Bakıda konfrans keçiriləcəkdir. Həmçinin də Azərbaycanın 2010-cu ildə özünün süni peykini buraxmaq proqramı vardır. Ona görə də aparıcı şirkətlər Azərbaycanın gələcəkdə informasiya texnologiyaları üzrə lider ölkə olacağını düşünərək ölkəmizi seçir və bu məsələyə ciddi yanaşırlar.

-  Cənab nazir, İsveç Konfederasiyasının ətraf mühitin mühafisi, nəqliyyat, energetika və rabitə departamenti i imzalanan sənədin mahiyyəti barə deyə birsiniz?

- Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə İsveçrə Konfederasiyasının Ətraf Mühitin Mühafizəsi, Nəqliyyat, Energetika və Rabitə Departamenti arasında "Rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu" imzalanmışdır. Bu memorandum İsveçrə və Azərbaycan arasında informasiya texnologiyaları, poçt sistemi, televiziya və radio verilişlərində yeni texnologiyaların tətbiqi, ümumiyyətlə, qanunvericilik çərçivəsində yeni bir əməkdaşlıqdır.

Sənəddə Prezident İlham Əliyevin təşəbbüsü ilə regionda informasiya texnologiyaları sahəsində həyata keçirilən böyük layihələrdən biri olan Avropa və Asiya arasında yüksək sürətli informasiya magistralının yaradılmasmda Azərbaycanın aparıcı rolu göstərilir. Memorandumda poçt rabitəsi sahəsində böyük təcrübəsi olan İsveçrə ilə ölkəmiz arasında poçt sisteminin müasirşdirilməsi, inkişafı və informasiya texnologiyaları sahəsində əməkdaşlıq nəzərdə tutulur. Həmçinin Şərq və Qərb arasında olan informasiya tranzit körpüsünün yaradılmasında İsveçrə tərəfi iştirak etmək istəyirlər və bizi dəstəkləyirlər. İsveçrə ilə Azərbaycanın relyefləri uyğun gəldiyindən təcrübə mübadiləsinin aparılması vacibdir.

 

Rabitə dünyası.- 2008.- 7 fevral.- S. 3.