Azərbaycan Etnoqrafiya Muzeyinin yaradılması haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan etnoqrafik
baxımdan rəngarəngliyi ilə səciyyələnən
qədim bir diyardır. Ölkəmizdə indiyədək qorunub
saxlanaraq yaşadılan
el sənəti sahələri, maddi və mənəvi mədəniyyət nümunələri
tarixi inkişaf prosesinin ayrı-ayrı mərhələlərini
aydın əks etdirir. Əlverişli təbii şərait və coğrafi mühitin müxtəlifliyi
bəşər sivilizasiyasının
ilk ocaqlarından hesab edilən bu ərazidə ənənəvi mədəniyyətin
komponentlərinin hərtərəfli
inkişafı üçün
zəmin yaratmış,
yurdumuzu etnoqrafik incilər xəzinəsinə
çevirmişdir. Azərbaycanın
özünəməxsus koloriti
ilə seçilən
tarixi-etnoqrafik bölgələri
əsrlər boyu qarşılıqlı vəhdətdə
unikal milli mədəniyyətin formalaşmasına
təsir göstərmişdir.
Bütün bunlar yerli əhalinin keçmişini
və bugününü
özündə yaşatmaqla
onun milli simasını müəyyən
edən xarakterik həyat tərzinin, məişət və mərasim xüsusiyyətlərinin,
həmçinin xalq yaradıcılığı formalarının
dolğun mənzərəsini
canlandıran Azərbaycan Etnoqrafiya Muzeyinin təşkili zərurətini meydana çıxarır.
Milli mədəniyyətin gənc
nəslin yüksək
vətənpərvərlik, adət-ənənələrə
bağlılıq və
tarixi-mədəni dəyərlərə ehtiram
ruhunda tərbiyə olunmasında müstəsna
əhəmiyyətini nəzərə
alaraq, Azərbaycan xalqının zəngin etnoqrafiyasının
layiqincə təbliğ
edilməsi məqsədi
ilə qərara alıram:
1. Bakı şəhəri
yaxınlığında açıq
səma altında Azərbaycan Etnoqrafiya Muzeyi yaradılsın.
2. Azərbaycan Milli Elmlər
Akademiyası Azərbaycan
Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi ilə birlikdə Azərbaycan Etnoqrafiya Muzeyinin etnoqrafiyanın və muzeyşünaslığın müasir tələblərinə
uyğun fəaliyyətinə
dair təkliflərini
dörd ay müddətində Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin.
3. Azərbaycan Respublikasının Mədəniyyət və
Turizm Nazirliyi Azərbaycan Respublikasının
İqtisadi İnkişaf
Nazirliyi və aidiyyəti yerli icra hakimiyyəti orqanları ilə birlikdə, bölgələrin
tarixən təşəkkül
tapmış etnoqrafik
xüsusiyyətləri nəzərə
alınmaqla, Azərbaycan
Etnoqrafiya Muzeyinin kolleksiyalarla və ekspozisiya üçün
zəruri olan digər materiallarla təchizatını
təmin etsin.
4. Azərbaycan Respublikasının Dövlət Əmlakının
İdarə Edilməsi
üzrə Dövlət
Komitəsi Azərbaycan
Respublikasının Dövlət
Torpaq və Xəritəçəkmə Komitəsi
ilə birlikdə Azərbaycan Etnoqrafiya Muzeyinin təşkili üçün müvafiq
sahənin ayrılmasına
dair təkliflərini
bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin.
5. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll
etsin.
6. Bu Sərəncam imzalandığı gündən
qüvvəyə minir.
İlham Əliyev, Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 11 iyul 2008-ci il
Azərbaycan.- 2008.- 12
iyul.- S. 1.