Xəlilli F.
Azərbaycanda abidələrin
mühafizəsi və muzey işi
Maddi-mədəniyyət
abidələrinin mühafizəsi işinə xüsusi
diqqətlə yanaşan Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin göstərişi ilə Milli
Azərbaycan Tarixi Muzeyinin binası əsaslı bərpa olunmuş,
italiyalı dizayner qrupunun iştirakı ilə yeni ekspozisiya
yaradılmışdır.
Az müddətdə
Azərbaycan əhalisinin və xarici turistlərin əsas
ziyarət yerinə çevrilən Muzey qazandığı
təcrübə və elmi potensialını Azərbaycan
mədəniyyəti və elminin inkişafı naminə
digər muzey və qurumlarla da bölüşməkdə
maraqlıdır. Odur ki, 2007-ci ilin noyabr-dekabr aylarında bir
qrup əməkdaşla birlikdə Muzeydə materialları
qorunan bəzi arxeoloji abidələrin vəziyyəti və
yerli muzeylərin fəaliyyəti ilə yaxından
tanış olmaq üçün Azərbaycanın qərb
bölgəsinə ezam edildik.
Ezamiyyət zamanı ilk
olaraq Şəmkir rayon Mədəniyyət və Turizm
şöbəsində və Tarix-Diyarşünaslıq
Muzeyində olduq. Gördüyümüz mənzərə
bizi çox məyus etdi. Mədəniyyət
şöbəsinin damı bəzi yerlərdə
bütövlükdə uçmuş, salamat qalmış
sahələrin su daman yerlərinə vedrə və vannalar
qoyulmuşdu. Bu şəraitdə işləyən fədakar
mədəniyyət işçiləri rayonun tarixi mədəniyyət
abidələri haqqında ətraflı məlumat verdikdən
sonra bizi gedəcəyimiz abidələrin marşrutu ilə
tanış etdilər.
Şəmkir rayon
Tarix-Diyarşünaslıq Muzeyi Azərbaycanın tarixi
abidələrlə zəngin bölgəsində olmasına
baxmayaraq, zirzəmidə yerləşdirilib. Oradakı nadir
tarixi əşyaların nümayişi adi fond otağı
səviyyəsində təşkil olunub. Azərbaycanda turizmin
inkişaf etdiyi bu məqamda xarici, eləcə də yerli turistlərin
qarşısına belə vəziyyətdə çıxmaq
utandırıcıdır. Muzeydə hətta Milli
Azərbaycan Tarixi Muzeyində oxşarı belə olmayan
arxeoloji materialların toplanmasına baxmayaraq onların
dövrü, təsnifatı, təyinatı,
yerləşdirilmə ardıcıllığı, saxlanma şəraitinin
aşağı səviyyədə olduğu aydın
görünür. İlkin tanışlıqdan sonra muzey rəhbərliyinin
diqqətinə ekspozisiyanın təşkili, fondların
yerləşdirilməsi, eksponatların qeydiyyatının
aparılması məsələsində kömək edə
biləcəyimizi də çatdırdıq.
XX əsrin 30-cu
illərində Şəmkirin alman sakinləri
tərəfindən tikilmiş SES və su dəyirmanı o
dövrün az rast gəlinən yerli sənaye yadigarlarındandır.
Yol kənarında, turistlərin tez-tez ziyarət edə
biləcəyi yerdə olan bu tarixi abidə Enerji muzeylərindən
birinin əsasını təşkil edə bilər. Bu muzeyin
təşkil olunması üçün həm Mədəniyyət
və Turizm Nazirliyi, həm də Azərenerji birgə
fəaliyyət göstərə bilər. 2006-cı ildə
Norveç muzeylərinin təcrübəsini öyrənərkən
orada bu tipli muzeylərin çoxluq təşkil etdiyini
gördük və qeydlərimizi apardıq. Odur ki, Milli
Azərbaycan Tarixi Muzeyi də bu cür muzeylərin yaradılmasına
öz töhfəsini verə bilər.
Maraqlı
abidətərdən biri Şəmkirin Didəvan
qülləsidir. Eyni üslübda, dairəvi formada
çaydaşından tikilmiş ikinci belə bir gözətçi
qülləsinə Qazaxda rast gəldik. Orta əsrlərdə
bu cür gözətçi qüllələri
düşmənin yaxınlaşma xəbərini bir
məntəqədən digərinə sürətlə
ötürmək məqsədilə tikilirdi. Abidə dayanıqlı
olub, öz gözəlliyini indi də saxlamaqdadır. Bu
qüllənin ətrafında qəbiristanlıq olmasına
baxmayaraq, əks tərəfdə Seyfəli kəndi və
çay istiqamətində turist düşərgəsi
yaratmaq mümkündür.
2007-ci ildə orta
əsr Şəmkir qalasında tarix elmləri doktoru Tarix
Dostiyevin rəhbərliyi ilə arxeoloji qazıntılar
aparılmış, maraqlı nəticələr əldə
olunmuşdur. Burada qala divarları və bürclər
əsrlərin yadigarı kimi bu gün də öz
əzəmətini saxlayır. Qazıntılar başa
çatdıqdan sonra Şəmkir qalası bölgənin
ən maraqlı turist məkanlarından birinə
çevriləcəkdir. Noyabr ayında qazıntıların
nəticəsinə və bölgənin maddi-mədəniyyətinin
öyrənilməsinə həsr olunmuş Şəmkir
konfransı da keçirilmişdir.
Yenikənd su anbarı
tikilərkən diqqətsizlikdən və bəlkə də
səhlənkarlıqdan su altında Azərbaycanın nadir
tarixi abidələri qalmışdır. Bu bir faktdır.
Həmin yerdə olarkən elə yer üstündəcə
orta əsr şəhər yerinin qalıqları aydın
nəzərə çarpır. Ətrafda yaşayan və
tarixi əşyaların toplanması ilə maraqlanan
gənclərdən biri su çəkilərkən aşkar
etdiyi tapıntıları bizə göstərdi. Burada
nələr yox idi; cənub filinin sümükləri, ilk
tuncdan tutmuş orta əsrlərə qədərki
dövrə aid saxsı məmulatı, daş
metaltökmə qəlibləri, mis əşyalar və s.
sözün qısası bir Tarix-Diyarşünaslıq Muzeyinin
materialları. Gənc onun materiallarına baxan arxeoloqların
adlarını çəkdikcə fəxr hissi keçirirdi.
Bəlkə də haqqı vardı. Dünən bu
materialların su altında qalmasına göz yumanlar bu gün
həmin materiallara həsrətlə baxırlar.
Beləliklə, bu problemlər üzündən Yenikənd su
anbarında sualtı arxeoloji tədqiqatlar aparmaq zərurəti
yaranmışdır. Lakin hər şeydən əvvəl gec
də olsa, Mədəniyyət və Turizm Nazirliyi Yenikənd
su anbarını qoruq elan etməlidir.
Faktlar sübut edir ki,
belə problemlər Azərbaycanın müxtəlif
yerlərində hələ də var. 2004-cü ildə Xanarx
kanalının trassası üzərinə düşən
və min ildən çox fasiləsiz yaşayışa
şahid olan Şabran şəhəri də eyni problemlə
üzləşmişdir. İndi Qəbələ-Bakı su
boru kəmərinin trassası üzərində yerləşən
və min ildən çox fasiləsiz yaşayış yeri olan
Nərgizava antik dövr şəhərgahı və qəbiristanlığı
da eyni vəziyyətdədir. Tariximizin göz
görə-görə məhvinə necə yol vermək
olar?! Axı heç kim dövlət əhəmiyyətli
layihələrə qarşı deyil. Lakin bu işlər
bütün sivil ölkələrdə olduğu kimi dünya
əhəmiyyətli abidələri öyrəndikdən sonra
həyata keçirilərsə daha düzgün olmazmı? Bu
barədə fikirləşməyinə dəyər.
Şəmkirdən Tovuz
rayonuna getdik. Tovuz rayon Mədəniyyət və Turizm
şöbəsi və Tarix-Diyarşünaslıq Muzeyinin
yerləşdiyi bina nisbətən yaxşı
vəziyyətdədir. Tarix-Diyarşünaslıq Muzeyinin eksponatları
isə heç bir tarixi ardıcıllıq və mövzu
gözlənmədən, eynən Şəmkirdəki kimi fond
şkaflarına yerləşdirilmişdir.
Mədəniyyət fədakarları olan muzey
işçiləri təcrübə keçməli və onlara
bu təcrübəni tətbiq imkanları verilməlidir. Milli
Azərbaycan Tarixi Muzeyi bu cür təcrübə
mübadiləsinin təşkilinə, seminarların
keçirilməsinə hazırdır və həmin
muzeyləri bu əməkdaşlığa dəvət edir.
Milli Azərbaycan Tarixi
Muzeyində İbrahimhacılı kəndindən aşkar
olunmş çox maraqlı tunc insan fiqurları
mühafizə edilir. Həmin fiqurların
tapıldığı yerlə tanış olmaq
üçün İbrahimhacılı kəndinə getdik.
Kənd müxtəlif dövrün abidələri ilə
əhatə olunsa da, heç bir yerdə abidənin
göstərici nişanlarına rast gəlmədik. Ayı
təpələri adlanan kurqanlar kəndin
içərisindədir. Onların üstündə
müxtəlif tikililər və təsərrüfat
sahələri salınmışdır. Kurqanlara baş
çəkərkən bəzi yerüstü materiallar da topladıq.
Həmin abidələrin qeydə alınması və ən
azı ilkin tədqiqatların aparılması vacibdir.
İbrahimhacılı
kənd orta məktəbində coğrafiya müəlliməsi
Sinayə Məmmədzadə maddi-mədəniyyət
nümunələri toplamış və guşə
yaratmışdır. Burada elə materiallara rast gəldik ki,
heç Tovuz Tarix-Diyarşünaslıq Muzeyində
elələri yoxdur. Guşədə son tunc və ilk dəmir
dövrünün müxtəlif silahları, saxsı
məmulatı, etnoqrafik və numizmatik əşyalar
toplanmışdır. Sinayə xanıma toplanmış
materialların bir qismini rayon Tarix Diyarşünaslıq Muzeyinə
verməsini, əgər mümkün deyilsə, onda
İbrahimhacılı kəndində ayrıca bir Muzey
yaradılması üçün müraciət etməsini
və eksponatların bu şəkildə qorunmasını
təklif etdik.
2006-cı ildə
Norveçin Stavanger Arxeologiya Muzeyində bizə qəribə
görünən bir sənədləşdirməyə rast
gəldik. Belə ki, bütün fermerlərin, eləcə
də müxtəlif obyektlərin ərazisində hansı
abidələrin və tapıntıların olduğu qeydə
alınmışdır. Əgər həmin fermer və ya
obyekt sahibi qazıntı işi aparırsa, mütləq
muzeyin bundan xəbəri olur. Bu təcrübə bizdə
də tətbiq olunsa çox yaxşı olardı.
Çünki, bizdə nəinki ayrı-ayrı fermer və ya
obyekt sahiblərinin, heç çox kənd və
şəhərlərin ümumi ərazisinin belə
qeydiyyatı yoxdur. Hər kəs istədiyi kimi hərəkət
edir, qazır, "abidələri öyrənir". Yaxın
vaxtlarda Bakıda, Dövlət Filarmoniyasında aparılan son
bərpa işləri zamanı fəhlələrin aşkar
etdiyi bəzi maddi mədəniyyət nümunələrinin
Muzeyə gətirilməsi də bunu aydın göstərir.
Şərq.- 2008.- 3 iyul.- S. 12.