Kərimov E.

 

Açıq səma altında etnoqrafik muzey

 

Azərbaycan müstəqillik əldə edəndən sonra xalqda özünəqayıdış hissləri yüksəlmiş, ənənəvi adət və ənənələrin dirçəlişi, xalqın təkrarolunmaz mədəniyyətinin bərpası meyilləri güclənmişdir. Möhtərəm Prezident Heydər Əliyevin xalqın milli mədəniyyətinin inkişafı sahəsində xidməti xüsusilə qeyd olunmalıdır. Heydər Əliyev Azərbaycan xalqına "Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında" adlı müraciətində yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə demişdir: "Müstəqillik illərində biz əslində milli-mədəni irsimizi, tariximizi, milli sənətimizi bir daha təhlil edərək, onu ideoloji buxovlardan və qadağalardan xilas edirik. Bununla yanaşı, biz Azərbaycan mədəniyyətinin verdiyi töhfələrlə başqa xalqların nümayəndələrini tanış edirik".
"Azərbaycanda etnoqrafiya muzeyinin yaradılması haqqında" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 iyul 2008-ci il tarixli sərəncamı ölkədə muzey quruculuğunu daha yüksək səviyyəyə qaldırmaq üçün misilsiz əhəmiyyətə malik olan tarixi bir sənəddir. Sərəncamda deyilir: "Əlverişli təbii şərait və coğrafi mühitin müxtəlifliyi bəşər sivilizasiyasının ilk ocaqlarından hesab edilən bu ərazidə ənənəvi mədəniyyətin komponentlərinin hərtərəfli inkişafı üçün zəmin yaratmış, yurdumuzu etnoqrafik incilər xəzinəsinə çevirmişdir. Azərbaycanın özünəməxsus koloriti ilə seçilən tarixi-etnoqrafik bölgələri əsrlər boyu qarşılıqlı vəhdətdə unikal milli mədəniyyətin formalaşmasına təsir göstərmişdir".
Son illər ərzində Azərbaycanda milli irsin qorunması sahəsində bir sıra ciddi addımlar atılmışdır. Ümummilli lider Heydər Əliyev və onun davamçısı Prezident İlham Əliyevin səyləri nəticəsində Qala, Xınalıq və s. tarixi yaşayış məntəqələrinə etnoqrafik qoruq statusu verilmişdir.
Muzeylər xalq mədəniyyətinin qorunması və onun gələcək nəsillərə çatdırılması sahəsində misilsiz rol oynayır. Muzey eksponatları vətənə, xalqa, torpağa məhəbbət hissini aşılayır.
Etnoqrafik muzeyləri iki tipə ayırmaq olar. Birinci tipə qapalı şəraitdə, yəni xüsusi binalarda, ikinci tipə isə açıq səma altında təşkil olunmuş muzeylər (belə muzeylər elmdə skansneologiya adı ilə də məlumdur) materialların zənginliyi ilə fərqlənir. Açıq səma altında muzey, əslində, keçmişin retrospektiv nümayiş etdirilməsi və emosional hisslər deməkdir. Çünki belə muzeylər böyük təsiredici qüvvəyə malikdir. Açıq səma altında təşkil olunmuş muzeylərdə xalq mədəniyyətinin bütün nümunələrinin pərakəndə halda yox, bir-birini tamamlayan səpkidə yerləşdirilməsi ənənəvi mədəniyyəti olduğu kimi qavramağa imkan verər. Respublikanın müxtəlif bölgələrindən toplanmış orijinal xalq yaşayış ev tipləri, təsərrüfat tikililəri, su dəyirmanları açıq səma altında təşkil olunmuş gələcək muzeyin əsasını təşkil etməlidir. Bundan başqa, Azərbaycan üçün xas olan sənətkarlıq növlərini əks etdirən müxtəlif emalatxanalar (dəmirçi, dulusçu, misgər və s.) da muzeyin atributları hesab olunmalıdır.
Hazırda MDB məkanında onlarca belə muzey fəaliyyət göstərir. Açıq səma altında muzey təşkil etməyin vacibliyi ideyası və prinsipləri ilk dəfə olaraq isveçrəli alim Ç.Bonsetten tərəfindən XVIII əsrdə irəli sürülmüşdür. İsveçrə 1891-ci ildə isə Qezelius məşhur "Skansen" muzeyini təşkil etdi. Avropa və Amerika qitələrində belə muzeylər çoxdur (Kopenhagendə - 1897, Osloda - 1902, Arnxemdə - 1912 və s.). Təkcə Polşada belə muzeylərin sayı 35-ə çatmışdır. Finlandiyada Serasaari adasında ənənəvi kəndli malikanəsi və o cümlədən XVIII əsrə aid zəngin etnoqrafik abidələr saxlanmaqdadır. Burada bütün sənətkarlıq emalatxanaları və dəyirmanlar işlək vəziyyətdə nümayiş etdirilir. Almaniyanın Zanvüst şəhərində alman kəndinin 250 illik tarixini izləmək mümkündür. Buxarestdə yerləşən muzey-kənd də diqqəti cəlb edir. Muzeydə 62 kompleks abidə və 18 min eksponat nümayiş etdirilir. 1940-cı ildə Finlandiyanın Turku şəhərində xalq sənətkarlığına aid xüsusi muzey açılmışdır. Burada onlarca sənətkarlıq sahəsi ilkin variantda nümayiş etdirilir. Keçmiş SSRİ məkanında açıq səma altında ilk etnoqrafik muzey 1928-ci ildə Riqada təşkil olunmuşdur. 1957-ci ildə isə Estoniyada "Rokk-al-Mare" muzeyi açılmışdır. Muzey XVIII-XIX əsrlərdə estonların məişətinə dair gözəl təsəvvür yaradır. Novqorod, Tbilisi, Lvov və Suzdal şəhərlərində də belə muzeylər fəaliyyət göstərir. Öz miqyasına görə Kiyev yaxınlığında açılmış muzey diqqəti xüsusilə cəlb edir. Muzey 200 hektar sahəni əhatə edir. İri eksponatların sayı isə 200-ə çatır. Burada 400 illik yaşı olan yaşayış evi nümayiş etdirilir.
Azərbaycanda da belə bir muzeyin təşkili vaxtı çoxdan çatmışdır. Əsrlər boyu Azərbaycan xalqı əsl xalq mədəniyyəti inciləri yaratmışdır. Bunların bir qismi respublika muzeylərində və xaricdə nümayiş etdirilir. Əksəriyyəti isə itib-batmışdır.
Qloballaşma və innovasiyalar şəraitində bu gün əvvəlki illərdən fərqli olaraq xalq mədəniyyəti nümunələrinə az hallarda rast gəlmək olur.
İndi Azərbaycan kəndində xışa, vələ, su dinginə və başqa mədəniyyət, sənətkarlıq nümunələrinə rast g
əlmək çətin məsələdir.
Sovet hakimiyyəti illərində "qara damlardan işıqlı evlərə!" şüarı altında aparılan kampaniyalar nəticəsində minlərlə qədim məişət əşyası aradan çıxmışdır. Buna baxmayaraq, XX əsrin 20-30-cu illərində görkəmli Azərbaycan etnoqrafları D.Şərifov və Ə.Ələkbərov ənənəvi mədəniyyətin gələcək nəsillərə çatdırılmasında etnoqrafik muzey eksponatlarının böyük rol oynamasını dəfələrlə bildirmişlər. Onların Azərbaycanda etnoqrafik muzeyşünaslığın inkişafında xüsusi rolu qeyd olunmalıdır. Həmin illərdə Azərbaycan Dövlət Muzeyinə minlərlə etnoqrafik eksponat toplandı. Bu tədbirdə əsas məqsəd sovet hakimiyyətinin ilk illərində xalqın "yeni sosialist məişəti şəraitində" yaşamasının üstünlüyünü qabarıq surətdə nümayiş etdirmək idi. Məlumdur ki, həmin illərdə keçmiş məişətə qarşı nihilist münasibət bəslənirdi. Buna baxmayaraq muzey bir sıra qiymətli etnoqrafik abidələrlə də zənginləşdi.
1924-cü ildə Azərbaycan Dövlət Muzeyinin direktoru D.Şərifov ölkəşünasların ümumazərbaycan qurultayında respublikada muzey işi haqqında məruzə etdi. Qurultayın qətnaməsində qeyd olunurdu ki, alimlər, elmi müəssisələr, diyarşünaslıq qurumları Azərbaycan Dövlət Muzeyi ilə sıx əlaqə saxlamalıdır. Bundan başqa, qətnamədə bildirilirdi ki, kənd təsərrüfatı muzeyləri ilə dövlət muzeyi arasında paralelizmə yol verməmək üçün hər iki muzeyin öz məqsədi və proqramı olmalıdır.
Muzeyin eksponatları içərisində xalq yaşayış evləri, təsərrüfat tikililəri, sənətkarlıq emalatxanaları əsas yer tutmalıdır.
Azərbaycan xalq yaşayış evləri zəngin və mürəkkəb tipologiyaya malikdir. Hər bir ev tipi özünəməxsus orijinallığı və dekoru ilə fərqlənir. Evləri tikərkən ustalar relyefi, iqlim şəraitini, tikinti materialını, küləyin istiqamətini və s. nəzərə almışlar. Evtikmə sənətində, onun memarlıq xüsusiyyətlərində xalqın ənənəvi məşğuliyyəti az rol oynamamışdır. Yaşayış evləri konstruksiya baxımından orijinallığı ilə fərqlənir. Məsələn, Şirvan tarixi-etnoqrafik bölgəsində "Şirvani", "Səlyani", "kətilli ev", "qom evi" tipləri geniş yayılmışdı. Etnoqrafik baxımdan "siyirmə ev" və "taxtapuş ev" də diqqəti cəlb edir. Plan-quruluş və tikinti materialları baxımından bəzi ev tipləri yarımtiplərə ayrılırdı. "Siyirmə evlər"də əsas etibarilə divar boyu pəncərələr olardı. Belə evlərə Basqal, Lahıc və s. kəndlərdə rast gəlmək olardı.
Naxçıvan tarixi-etnoqrafik bölgəsi də öz tikinti mədəniyy
əti ilə fərqlənir. Burada Azərbaycanın müxtəlif ev tipləri - "təbrizi ev", "dam ev" bütün Şərqdə məşhur olan"xərpişdə evlər"ə rast gəlmək olar. Belə evlərin birinci mərtəbəsi orijinallığı ilə fərqlənir. "Təbrizi evlər" Cənubi Azərbaycanın kəndlərində daha çox yayılmışdır. Adətən, bu evlərin fasadı bişmiş kərpicdən hörülür. Naxçıvan qaradamları da Azərbaycanın digər bölgələrindəki evlərdən fərqlənir. Muzeydə qaradam ev tipi xüsusi yer tutmalıdır. Çünki onun ağacdan qurulmuş konstruksiyası və xüsusilə dam örtüyü çox orijinaldır, daha doğrusu, piramidal-pilləlidir. Yaxın Şərqdə yayılmış bu ən qədm ev tipləri sonralar antik Yunanıstanda bədii cəhətdən təkmilləşmiş, klassik memarlıq orderi üçün təməl rolunu oynamış və Yunanıstanda daş və mərmərdən evtikmə sənətinin zirvəsini təşkil etmişdir.
Adi, başqa sözlə desək, qapalı muzeylərdən fərqli olaraq açıq muzeylər etnoqrafiya elminin təbliği sahəsində böyük perspektivlər aça bilər. Evlər hər bir tarixi-etnoqrafik bölgənin özünəməxsus, lokal xüsusiyyətlərinə uyğun olaraq təşkil olunmalıdır. Burada evlərin daxili sahmanı da mühüm rol oynayır.
Muzeydə xalq nəqliyyatı da öz yerini tutmalıdır. Qədim arabalar öz quruluşu və məqsədinə görə bir-birindən fərqlənirdilər (Çiçi arabası, Səlyan arabası, macar arabası).
Məlumdur ki, Azərbaycan Qafqazda qədim əkinçilik və maldarlıq mərkəzlərindən biridir. Ona görə də çoxhektarlı sahəni əhatə edən muzey ərazisində hər bölgəyə uyğun əkin, bağ və bostan sahələri olmalıdır. Muzeydə xırman, vəl və əkinçilik mədəniyyəti ilə bağlı əmək alətləri də əks olunmalıdır.
Azərbaycan qədim sənətkarlıq diyarıdır. Burada onlarca xalq sənətkarlığı sahələri yayılmışdır və onların bir çoxu xalq arasında saxlanmaqdadır. Muzeydə dulusçuluq, dəmirçilik, misgərlik, toxuculuq, silahsarlıq, bədii tikmə və s. iş prosesində nümayiş etdirilməlidir. Muzeydə xalça və şaltoxuma dəzgahları, su dingləri də işlək vəziyyətdə göstərilməlidir.
Xalq mədəniyyətinin aradan çıxması xalqın öz keçmişindən məhrum olması deməkdir. XIX əsrin 30-cu illərində Lahıcda 52 misgər, 8 silah "zavodu" fəaliyyət göstərirdi. İndi orada cəmi 2 misgərxana var. Yenə həmin illərdə Qarabağda 471 yel dəyirmanı işləyirdi. Muzey üçün eksponatların toplanmasına bu gündən başlamaq lazımdır. Çünki texniki tərəqqi xalq mədəniyyətini sürətlə aradan çıxarır. Xalq məişətini gözəl bilən və empirik biliklərin daşıyıcıları olan yaşlı nəsil də dünyasını dəyişir.
Muzeyin təşkilində bir qanunauyğunluq, eksponatlar arasında qarşlıqlı əlaqə, qarşılıqlı asılılıq və vəhdət olmalıdır. Hər bir əşya məhz ona məxsus yerdə yerləşdirilməlidir.
Muzey üçün ərazi seçilməsi çox vacibdir. Burada birinci növbədə Bakıya və magistral yola yaxınlıq, ərazinin relyefi, ən əsası isə etnoqrafik landşaftlıq prinsipi əsas tutulmalıdır. Çalışmaq lazımdır ki, relyef Azərbaycanın əsas fiziki-coğrafi və tarixi-etnoqrafik bölgələrini özündə qabarıq əks etdirsin və yaxud buna uyğunlaşdırılsın.
Muzeyin təşkili ümumxalq işinə çevrilməlidir.

 

Azərbaycan.- 2008.- 22 iyul.- S. 6.