Məmmədov M.

 

Heydər Əliyev muzeyi - tariximizin yaddaşı

 

Tarixdə elə şəxsiyyətlər var ki, illər, on illər keçsə də onlara olan sevgi, məhəbbət xalqın qəlbindən silinmir, ürəklərdə özünə əbədi məskən salır. Belə şəxsiyyətlərdən biri də ümummilli liderimiz Heydər Əliyevdir.

Azərbaycanda ikinci dəfə dövlətçiliyin bərpası, onun beynəlxalq aləmdə tanınması, istər siyasi, istər iqtisadi, istərsə də mədəni sahədə uğurlar qazanması məhz bu böyük insanın adı ilə bağlıdır.

Ümummilli liderimiz Heydər Əliyevin qubalılara da həmişə xüsusi məhəbbəti və qayğısı olmuşdur. Bunu nəzərə alan rayon ictimaiyyəti 1998-ci ildə çoxsaylı müraciətlərlə şəhərimizin 32-33-cü kvartallarında ümummilli liderin adına mədəniyyət və istirahət parkının salınmasının təşəbbüskarı oldu. 2005-ci ildə burada yenidənqurma və bərpa işləri aparıldı, ölkə Prezidenti İlham Əliyevin xeyir-duası ilə Heydər Əliyev muzeyi tikilib istifadəyə verildi. Muzeyin ümumi sahəsi 5543, ekspozisiya sahəsi isə 220 kvadratmetrdir. Muzeyin qarşısında Heydər Əliyevin möhtəşəm heykəli ucaldılmışdır. Rayonumuza gələn qonaqlar, turistlər, məktəblilər, gənc heydərçilər və ictimaiyyətin digər nümayəndələri ulu öndərin abidəsini ziyarət edir, muzeydə onun zəngin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olurlar. Muzeyin direktoru Elza Orucova deyir:

- Heydər Əliyevin xatirəsi hər bir azərbaycanlı, xüsusilə də biz qubalılar üçün əzizdir. Hələ ötən əsrin 70-ci illərində o, rayonumuzda kənd təsərrüfatının, o cümlədən intensiv bağçılığın inkişafı üçün tarixi qərarlar qəbul etmişdir. Həmin qərarlara əsasən rayonumuzda 15 min hektar sahədə yeni bağlar salınmışdır ki, indi bu bağlar kənd təsərrüfatı sahəsində çalışanlar üçün bir növ çörək ağacıdır desək, yəqin ki, yanılmarıq.

Dahi şəxsiyyətlə görüşmək mənə beş dəfə qismət olmuşdur. Tələbə olarkən universitet bir qrup əlaçını filarmoniyaya konsertə göndərmişdi. Fasilədə Heydər Əliyev biz gənclərə yaxınlaşdı. Harada oxumağımızla maraqlandı. "Necədir, konsert xoşunuza gəlirmi?" deyə soruşub, gün-güzəranımızla maraqlandı. O, həmişə Azərbaycan gənclərini hərtərəfli biliyə malik kamil vətəndaş kimi görmək istəyirdi.

1998-ci ildə mənə onunla iki dəfə görüşmək nəsib oldu. Sentyabr ayında Azərbaycan qadınlarının I qurultayında bizimlə səmimi söhbət edərək xatirə şəkli çəkdirdi və oktyabr ayında isə Qubada seçicilərlə görüşdü. Bu gün də həmin görüşlərin xoş təəssüratını unuda bilmirəm.

Muzeydə zövqlə tərtib olunmuş ekspozisiyada Heydər Əliyevin həyat yolu, zəngin mənəvi irsi sənədlərdə və fotomateriallarda öz əksini tapmışdır. Burada müasir texniki vasitələrin köməyi ilə ümummilli lider haqqında filmlər nümayiş etdirilir, tariximizə nəzər salınır, ulu öndər haqqında müəyyən məlumatlar öyrənilir. Muzeydə fəxri qonaqlar və tamaşaçılar üçün xatirə və rəy kitabları da var ki, burada hər kəs öz arzusunu ifadə edə bilir. Xatirə kitabında ölkə prezidenti İ.Əliyevin, beynəlxalq aləmdə, elm, mədəniyyət, təhsil və s. sahələrdə tanınmış insanların, rayonumuza gələn qonaqların Heydər Əliyevə ithaf etdikləri ürək sözləri yazılmışdır.

Muzeydə ümummilli liderimizin zəngin dövlətçilik irsinin - azərbaycanlılıq, müasirlik ideologiyasının öyrənilməsi və təbliği üçün hər cür şərait yaradılmışdır. Bura gələn hər bir tamaşaçı qədim tarixə və zəngin ənənələrə malik olan rayonumuz haqqında, H.Əliyevin bağlar diyarında keçirdiyi görüşlər barədə məlumat əldə edir.

2007-2008 illər muzeyə 13500 nəfər vətəndaş gəlmişdir. Burada bir sıra maraqlı tədbirlər keçirilir. Dövlət bayramları ərəfəsində, ulu öndərin doğum və xatirə günlərində keçirilən tədbirlər rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanır.

Elza Orucova onu da qeyd etdi ki, muzeyin yaradılmasında ictimaiyyətin nümayəndələrinin böyük əməyi olmuşdur. Onlar bizə bir sıra eksponatlar, fotolar bağışlamışlar. Bu baxımdan muzeyimiz get-gedə daha da zənginləşir. Mən özüm də şəxsi kolleksiyamdan bura xeyli material gətirmişəm.

Muzeydə ulu öndərin bu sözlərini oxuyuruq: "Quba Azərbaycanın gözəl, qədim bir diyarıdır. Qubanın zəngin qədim tarixi vardır. Quba həm coğrafi mövqeyinə, həm də tarixi ənənələrinə görə Azərbaycanın keçmişində də, bu günündə də çox mühüm yer tutur, böyük rol oynayır".

Bəli, bu gün Heydər Əliyev aramızda yoxdursa da, onun ideyaları yaşayır, memarı olduğu müstəqil Azərbaycan dövləti böyük sürətlə inkişaf edərək beynəlxalq aləmdə nüfuz və güc sahibinə çevrilir və öz sözünü yüksək kürsülərdən deyə bilir.

 

Yeni mədəni-maarif jurnalı.- 2008.- № 6.- S. 4-5.