Aşıq Ələsgər adına
Aşıqlar muzeyinə
rəsmi status verilə bilər
Göyçə
mahalının yetirməsi, 81 yaşlı Hüseyn
Hacıquluoğlu 2002-ci ildə öz şəxsi
mənzilində Aşıq Ələsgər adına
Aşıqlar muzeyi yaradıb. Yaşayış binasında yerləşən
bu muzeyin önünə vurulmuş,
ayrı-ayrı aşıqların böyükölçülü
şəkilləri elə
uzaqdan diqqəti cəlb edir. Şəxsi mənzilini muzeyə çevirən mədəniyyət təəssübkeşi
bu insanla söhbət əsnasında
öyrəndik ki, uzun zaman ərzində
ölkəmizin müxtəlif bölgələrini
gəzib, aşıq sənəti ilə bağlı zəngin mədəni irsi toplamaqla məşğul olub. Onun son
altı il ərzində müxtəlif
rayonlardan əldə etdiyi, el aşıqlarımızın
hələ ictimaiyyətə
məlum olmayan fotoları və patefon valları, eləcə də şeir kitabları bu muzeyi bəzəyir.
Muzeydə toplanan 600-dən çox patefon valında 4000-dən artıq aşıq mahnısı,
el havası var. Tanınmış şəxsiyyətlərin fotolarını
- Üzeyir Hacıbəyov,
Cabbar Qaryağdıoğlu,
Əliağa Vahid, Bülbül, tarzən Qurban Pirimov, Xan Şuşinski və digər korifey sənətkarların
şəkillərini də
bu muzeydə görmək olar.
Hüseyn
Hacıquluoğlu ilə söhbətimizdə yaşı
səksəni ötmüş bu el ağsaqqalı muzeyin
yaranma prosesindən həvəslə söz açdı:
"Babam Məşədi Həsən Aşıq
Ələsgərlə yaşıd, həm də onunla
möhkəm dost olub. Aşıq Ələsgərin Çəmbərək səmtə
- Ardanışa yolu düşəndə mütləq
babamın evinə baş çəkər, çox vaxt orada gecələyərmiş.
Babam da eynilə Basarkeçərə
- Ağkilsə tərəflərə
gedəndə hökmən
o ulu sənətkarın
ziyarətinə, görüşünə
gedərmiş. Demək istəyirəm ki, babam da
söz-hikmət dünyasına vaqif adam imiş. Babam dünyasını dəyişəndən sonra
bu münasibəti həmin ocaqda böyüyüb boya-başa
çatan böyük
oğlu - atam Hacı Qulu davam etdirib. Hacı Qulu Ağdabanlı Aşıq
Qurbanla 1925-ci ilə, Aşıq Ələsgərlə
isə 1926-cı ilə - yəni o, iki nəhəng
saz-söz xiridarları
dünyalarını dəyişənəcən
dostluq edib. Atam da elin
sayılan-seçilən,
səxavətli, xalq təəssübü kişilərindən
idi. Onun ölümündən sonra
müəyyən hadisələrlə
əlaqədar hərə
bir yana köç etdi, çox yurdlar salındı. Amma harada yaşasaq da, dədə-baba ocağımızın
ünvanı Göyçənin
Ardanış kəndi
olub. Neçə illərdir ki,
ermənilər o müqəddəs yurd yerlərimizi, Dədə Ələsgərin və başqa ustad aşıqlarımızın dolaşdıqları
məkanları viran qoyublar. mən də qərara gəldim ki, ulu sənətkarlarımızın
ruhuna hörmət əlaməti olaraq Haqq aşığının
adını daşıyan
belə bir muzey yaradım".
H.Hacıquluoğlu
şəxsi təşəbbüsü və vəsaiti il
ərsəyə gətirdiyi muzeydə zəngin aşıq
sənətinin keçmişi və bu günü, həm də
gələcəyini qorumaqla mənəvi irsimizə sahib
çıxıb. Onun vətəndaşlıq qeyrəti ilə hərəkət edərək,
itib-batmaqda olan qədim aşıq sənəti incilərini topladığı bu muzeydə Aşıq Alı, Aşıq Ələsgər, Ağdabanlı
Aşıq Qurban, Dədə Şəmşir,
Mikayıl Azaflı, Aşıq Hüseyn Cavan, Aşıq Əsəd Rzayev, Aşıq Abbasqulu, Aşıq Talıb, Aşıq Hüseyn Saraclı, Aşıq Mirzə Bayramov, Aşıq Pənah, Aşıq Növrəs İman, Aşıq Hüseyn Məhərrəmli, Aşıq
Hüseyn Bozalqanlı,
Aşıq Nabat, Aşıq Mina, Aşıq Gülarə Azaflı, Aşıq Ulduz, Aşıq Minayə, Aşıq Zülfiyyə və tanınmış balabançılar Həsrət
Hüseynov, Əli Kərimov və başqa el sənətkarlarına
aid dəyərli eksponatlar yer alıb. H.Hacıquluoğlu
həmçinin muzeyə
gələn qonaqlar üçün valların
səsləndirilməsi məqsədilə
Rostovdan öz şəxsi vəsaiti hesabına Azərbaycanda analoqu olmayan 2 qədimi patefon, iki qrammafon da
gətirdib. O bu yaxınlarda İstanbulda olarkən vaxtilə Aşıq Ələsgərlə
deyişmiş məşhur
türk aşığı
Çıldırlı Aşıq
Şenliyin və başqa ozanların şəkillərini əldə
edib. Muzeyə soydaşlarımızla yanaşı,
xarici turistlər və araşdırma ilə məşğul olan alimlər də müntəzəm baş çəkirlər.
Muzeyə
topladığı qədim el aşıqlarının
şəkilləri, fotoları və kitablarını
əldə etməkdə müxtəlif
çətinliklərlə üzləşən
H.Hacıquluoğlu bu işdə ona mənəvi
dəstək verən, muzeyin dövlət statusu alması
üçün mədəniyyət və turizm naziri
Ə.Qarayevə müraciət edən bir qrup ziyalının
əməyini minnətdarlıqla vurğuladı: "Akademik
Teymur Bünyadova, millət vəkilləri Nizami
Cəfərova, Qənirə Paşayevaya, xalq şairləri Zəlimxan
Yaquba, Nəriman Həsənzadəyə, professorlar Hüseyn
İsmayılova, Qəzənfər Paşayevə, Qara Namazova
və Elxan Məmmədliyə öz
təşəkkürümü bildirirəm. Onlar
mədəniyyət və turizm naziri,
mədəniyyətimizin inkişafı üçün
yorulmadan çalışan Əbülfəs Qarayevə
məktub göndərərək muzeyin dövlət statusu
alması, rəsmiləşdirilməsini xahiş
ediblər".
İyunun
25-də mədəniyyət və turizm naziri
Ə.Qarayevlə görüşdüyünü bildirən
H.Hacıquluoğlu nazirin muzeyin yaranması işini təqdir
etdiyini vurğuladı. Sentyabrda keçiriləcək Aşıqlar qurultayında
iştirak edəcəyinin
deyən H.Hacıquluoğlu
artıq muzeyə ayrıca bina tikilməsinin və rəsmi dövlət statusu
verilməsinin nəzərdə
tutulduğunu açıqladı:
"İnanıram ki,
yaratdığım bu muzeyə
rəsmi status verilməsi və onun dövlət qayğısı ilə əhatə olunması milli-mənəvi dəyərlərimizə böyük
qayğının növbəti
nümunəsi, mədəniyyət
və incəsənətimizin
inkişafına layiqli
töhfə olacaq".
525-ci qəzet.- 2008.- 10 iyul.- S. 7.