Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində yenidənqurma işləri başa çatmışdır

 

Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin binası burada başa çatmış yenidənqurma işlərindən sonra tanınmaz dərəcədə dəyişmişdir. AzərTAc xəbər verir ki, buraya gələn bakılılar və respublika paytaxtının qonaqları əvvəlki illə müqayisədə tamamilə yeni bir mənzərə ilə rastlaşacaqlar. Muzeyin bünövrəsindən başlamış və ən müasir materiallardan istifadə edilməklə həyata keçirilmiş təmir və bərpa işləri sayəsində bu maarifçilik ocağı indi müəyyən mənada ikinci həyatını yaşamağa başlayacaqdır.
Muzey əməkdaşlarının səmərəli işi üçün burada hər cür şərait yaradılmış, gözəl və rahat mebel, işıqlandırma avadanlığı quraşdırılmışdır. Havatəmizləmə və istilik sistemləri, kompüter təminatı sistemi etibarlı şəkildə fəaliyyət göstərəcəkdir.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Milli Məclisin deputatı Rafael Hüseynovun rəhbərlik etdiyi muzey kollektivinin işi ən müasir texnologiyalara əsaslanacaqdır. Burada təşkil olunacaq poeziya gecələri, elmi konfranslar, tanınmış elm və mədəniyyət xadimləri ilə görüşlər, yubileylər və bu qəbildən olan digər tədbirlər muzeyin fondlarında toplanmış zəngin materialın öyrənilməsinə və sistemləşdirilməsinə kömək edəcəkdir.
Muzeyin ekspozisiyası əsaslı şəkildə yeniləşdirilmişdir. Rəngkarlıq pannoları, heykəltəraşlıq təsvirləri, mədəniyyət xadimlərinə həsr edilmiş guşələr, repressiyaya məruz qalmış yazıçı və şairlər haqqında materiallar ədəbiyyatımızın və mədəniyyətimizin təşəkkülü prosesini mümkün qədər tam əks etdirməyə imkan verəcəkdir.

 

Azərbaycan.- 2008.- 25 iyul.- S. 4.