Zaqatala tarix-diyarşünaslıq muzeyində sərgi açılıb

 

Azərbaycan Milli Mətbuatının yaranmasının 133-cü ildönümü münasibətilə


Şərqin görkəmli şəxsiyyətlərindən biri olan Həsən bəy Zərdabi (1842-1907) tərəfindən Azərbaycanda milli mətbuatın əsasının qoyulmasından 133 il keçir.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu tarixi gün münasibətilə Zaqatala tarix-diyarşünaslıq muzeyində “Azərbaycan Milli Mətbuatının yaranmasından 133 il keçir” adı altında sərgi təşkil edilib. Muzeyin direktoru Cahangir Soltanovun sözlərinə görə, sərgi iki hissədən ibarətdir. Birinci hissə “Zaqatala tarix-diyarşünaslıq muzeyi kütləvi informasiya vasitələri səhifələrində” adlanır. Adıçəkilən sərgidə muzey və buradakı eksponatlar barədə müxtəlif dövrlərdə qəzet, jurnal və internet səhifələrində Azərbaycan, rus, ingilis, fransız və ərəb dillərində çap edilmiş materiallar nümayiş etdirilir. Sərginin ikinci hissəsi “Mətbuat bütün dövrlərdə ictimai-siyasi həyatda mühüm rol oynayır” başlığı altında təqdim edilir. Milli mətbuat gününə həsr edilmiş sərginin bu bölməsində 20-ci əsrin əvvəllərində müxtəlif dillərdə nəşr olunmuş və ayrı-ayrı məzmunlara malik qəzet nüsxələri nümayiş etdirilir ki, bu qəzet nümunələri içərisində 1923-cü ildə Azərbaycanın kənd bölgələri arasında əsgi əlifba ilə nəşr olunan “Zaqatala kəndçisi” qəzetinin foto nüsxələri də vardır. Qeyd edək ki, Zaqatala muzeyində həmçinin, ABŞ-ın müstəqilliyinin 232-ci ildönümü münasibətilə dünya tütün sənayesinin nəhəngi “Philip Morris” kompaniyasının sovet dövründə Zaqatala bölgəsindəki fəaliyyəti ilə bağlı sərgi də nümayiş etdirilir. Hazırda isə muzeyin numizmatika fondunda olan eksponatların sərgilənərək tamaşaçılara nümayiş etdirilməsi ilə bağlı texniki məsələlər həll olunur.

 

İki sahil.- 2008.- 18 iyul.- S. 5.