Zülaloğlu A.
Hər daşın altında bir
tarix yatır
Dünənimizi,
keçmişimizi xatırlayanda tariximizin vərəqlərini
səhifələyirik. Yaşadığımız yerin
tarixi, xalqımızın adət-ənənələri, bu günə
örnək olan oğulları ilə ilk dəfə bu
səhifələrdə tanış oluruq. Mirzəağəli
Əliyev adına Lənkəran Tarix-Diyarşünaslıq
Muzeyi də belə bir kitabdır. Qeyd edək ki, muzey
1924-cü ildə yaradılmış, lakin İkinci Dünya
müharibəsində fəaliyyəti
dayandırılmışdır. 1961-ci ildə muzey yenidən
fəaliyyətini davam etdirmişdir. Azərbaycan hökumətinin
qərarı ilə muzeyə onun ilk
təşkilatçısı, görkəmli maarifpərvər ziyalı
Mirzəağəli Əliyevin adı verilmişdir. Muzey
1991-ci ildən XIX əsr
memarlıq abidəsi olan Mirəhmədxan
Talışinskinin
mülkündə fəaliyyət göstərir.
Muzey
xalqımızın qədim tarixini əks etdirən
əşyalarla zəngindir. Muzeyin ekspozisiyası 6
bölmədən ibarətdir. Təbiətən qədim
dövr, erkən orta əsrlər, yeni dövr, ən yeni
dövr (1917-45-ci illər). Müasir dövr (1945-ci ildən
indiyədək). Burada “H.Əliyev idarəçiliyi
məktəbi” də öz əksini tapır. Ümummilli
liderimizin keçdiyi həyat yolu, siyasi fəaliyyəti
geniş nümayiş etdirilir və bura
məktəblilərin ən çox maraq
göstərdikləri guşədir.
İlk
tanışlıq təbiət bölməsindən
başlanır. Burada rayonun ərazisində bitən və
adı «Qırmızı kitab»a düşmüş nadir
ağaclar, dərman bitkiləri, eləcə də nadir
heyvanların adları və müqəvvaları toplanmışdır.
Muzeydə qədim dövrlərə aid tapıntılar içərisində
misgərlik sənəti nümunələri mühüm yer
tutur. Naxışlı mis aftavalar, dolça və qazanlar XIX
əsrlərdən xəbər verir. Bu eksponatlarda babalarımızın
zövqü, sənətə sevgisi öz əksini
tapmışdır. Onlara ötəri, həyəcansız
baxmaq mümkün deyil.
İnqilabaqədərki
dövrdə yerli əhalinin işlətdiyi məişət
əşyaları, döyüş silahları, qadın
bəzək əşyaları və müxtəlif
dövrlərin pul vahidləri həqiqətən böyük
maraq doğurur, bir anlığa tamaşaçını
keçmişə qaytarır.
Müasir dövrə
aid bölmədə N.Nərimanovun həyat və fəaliyyəti
şəkillərlə, faktlarla canlandırılır. Burada
N.Nərimanovun imzası ilə buraxılmış pul
nümunələri, ayrı-ayrı illərdə nəşr
olunmuş əsərləri də vardır. Muzeyin
bölmələrinin birində Müslüm Maqomayevin
Lənkəran fəaliyyətinə aid fotoşəkillər,
qiymətli sənədlər nümayiş etdirilir. Unudulmaz
maarifpərvər Mirzəağəli Əliyevə həsr
olunmuş bölmədə onun şəxsi
əşyaları, maarifçiliyi təbliğ edən
materialları, müxtəlif illərdə ayrı-ayrı
qəzet və jurnallarda dərc olunmuş yazılan,
görkəmli şərqşünas-alim B.V.Müllerin ona
yazdığı məktublar, o vaxtlar dərs dediyi
şagirdləri ilə birlikdə çəkdirdiyi
fotoşəkillər, eləcə də digər
sənədlər saxlanılır.
«İlk maarifçi
xadimlər» bölməsində Lənkəranda ilk I
rus-Azərbaycan məktəbinin
təşkilatçısı Teymur bəy
Bayraməlibəyovun, rayonda ilk Azərbaycan qızlar məktəbini
yaradan birinci ümumittifaq müəllimlər
qurultayının nümayəndəsi Məryəm xanım
Bayraməlibəyovanın və başqalarının
fəaliyyətini əks etdirən fotolar muzeyə gələnlərin
yaddaşında silinməz izlər buraxır. Muzeyə baxdıqca
bu qiymətli nümunələri toplayanlara «çox sağ ol»
deyirsən.
Söhbət zamanı
Ülviyyə xanım bildirdi ki, əsas fonda 6342 muzey
sərvəti qorunub saxlanılır. İndiyədək muzeydəki
eksponatlara 14 min 450-ə yaxın tamaşaçı baxıb.
Muzey əməkdaşlarından Fəridə Əliyeva, Xalid
Məmmədov, Mehriban İbadova, Kənan Fərəcov və
başqaları bura gələnləri səmimi
qarşılayır, onları eksponatlarla ətraflı
tanış edirlər.
Mədəniyyət.- 2008.- 5 iyul.- S. 14.