Bibiheybət ziyarətgah kompleksinin yenidən istifadəyə verilməsi mərasimində Prezident İlham Əliyevin nitqi

 

- Hörmətli xanımlar və cənablar!

Hörmətli din xadimləri!

Əziz dostlar!

Bu gün Azərbaycan xalqının həyatında çox əlamətdar və tarixi bir gündür. Bu gün Bibiheybət məscidində təmir-bərpa işləri və genişləndirmə işləri tam başa çatmışdır. Bu münasibətlə mən bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

VII əsrin yadigarı olan Bibiheybət ziyarətgahı əsrlər boyu insanların inanc və ibadət yeri olmuşdur və Azərbaycan xalqı tərəfindən qorunmuşdur. Bibiheybət ziyarətgahının böyük tarixi vardır və XIII əsrdə burada Şirvanşahlar tərəfindən məscid tikilmişdir. Bütün dövrlərdə bu müqəddəs ocaq insanları özünə cəlb edib. Bildiyiniz kimi, keçən əsrin 30-cu illərində məscid dağıdılmışdır. Bütövlükdə, Sovet İttifaqı zamanında dinə qadağa qoyulmuşdur və məscidin dağılmasını əks etdirən o acı kadrlar bizim gözümüzün qabağındadır. Dəfələrlə biz bu dəhşətli hadisəni kinokadrlar vasitəsilə görmüşük.

Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra müstəqil ölkə kimi yaşamağa başlamışdır. Ancaq müstəqilliyimizin ilk illəri ölkəmiz üçün çox ağır keçirdi. Demək olar ki, ölkəmizdə bütün istiqamətlərdə geriləmə müşahidə olunurdu. İqtisadiyyat çökmüşdü, sənaye istehsalı tənəzzülə uğrayırdı, ölkədə xaos və böhran hökm sürürdü. Deyə bilərəm ki, 1991-93-cü illərdə milli mənəvi dəyərlərə də o qədər də böyük fikir verilmirdi. O vaxtkı iqtidar nümayəndələri özlərini elə aparırdılar ki, sanki onlardan əvvəl heç tarix də olmamışdır. Milli mənəvi dəyərlərin təbliğ olunması, bizim milli ənənələrimizə qayıdış prosesi ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra başlamışdır. Məhz 1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycanda bütün istiqamətlərdə xoşagəlməz proseslərin dayanmasına gətirib çıxardı. Eyni zamanda mənəviyyat sahəsində də Azərbaycan xalqı öz mənəvi və dini köklərinə qayıtdı.
Bildiyiniz
kimi, o illər Azərbaycan iqtisadiyyatı üçün böyük sınaq illəri olmuşdur. Demək olar ki, iqtisadi inkişaf sıfır dərəcəsində idi, ölkədə çoxlu sosial problemlər mövcud idi. Sovet İttifaqının dağılması nəticəsində və 1991-93-cü illərdə müşahidə olunan böhran nəticəsində, demək olar ki, hər hansı bir iqtisadi dirçəlişdən söhbət gedə bilməzdi.

Ulu öndərin səyləri nəticəsində ölkədə sabitlik yarandı, quruculuq, inkişaf dövrü başladı və baxmayaraq ki, o illərdə - 1993-94-cü illərdə bizim dövlət büdcəmiz də çox məhdud idi, əlavə imkanlarımız da yox idi, xəzinədə 1 manat vəsait də yox idi. Buna baxmayaraq, Bibiheybət məscidinin bərpası üçün 1994-cü ildə Heydər Əliyevin qərarı işıq üzü gördü. 1994-cü ildə Qurban bayramında Heydər Əliyev buranı ziyarət etmişdi və göstəriş vermişdi ki, burada məscidin binası tikilsin. Ondan sonra layihələndirmə işləri başlamışdır, layihə hazırlanmışdır və 1997-ci ildə həzrəti Məhəmməd Peyğəmbərin mövludu günündə Heydər Əliyevin iştirakı ilə məscidin bünövrəsi qoyulmuşdur.

Mən xüsusilə iqtisadi çətinliklərə diqqəti yönəltmək istəyirəm. Çünki Azərbaycanın indiki şəraitində əlbəttə ki, bütün böyük layihələri icra etmək olar. İnfrastruktur layihələrinin, sosial proqramların həlli, iqtisadi və sənaye potensialının möhkəmlənməsi üçün müxtəlif tədbirlər görülür və siz bunların hamısını yaxşı bilirsiniz. Ancaq o dövrdə ki, Azərbaycan tamamilə, demək olar ki, iqtisadi cəhətdən iflic vəziyyətdə idi, Azərbaycanda sənaye istehsalı üçün, ümumiyyətlə, heç bir vasitə yox idi. 1994-cü ilin yazında ki ulu öndər bu müqəddəs yeri ziyarət etmişdi, o vaxt bizim perspektivlərimiz də çox müəmmalı idi. Bizim heç neft müqaviləmiz də imzalanmamışdı. Ancaq milli mənəvi dəyərlərə ulu öndərin verdiyi önəm və qiymət imkan yaratdı ki, hətta məhdud iqtisadi imkanlar şəraitində məscidin tikintisi başlansın. 1997-ci ildə başlanmış tikinti 1998-ci ildə başa çatmışdır və Heydər Əliyevin iştirakı ilə məscidin əsas korpusunun, əsas hissəsinin açılışı olmuşdur.
Bu gün Azərbaycanda bütün sahələrdə Heydər Əliyevin siyasəti davam etdirilir. Biz bu siyasətə sadiqik və Azərbaycan onun qoyduğu yolla gedir.

Azərbaycanın son illər ərzində əldə etdiyi uğurların təməlində ulu öndər Heydər Əliyevin qoyduğu siyasi xətt dayanır. Biz bu xəttə sadiqik, biz Azərbaycanı onun göstərdiyi yolla inkişaf etdiririk və Azərbaycanın hərtərəfli inkişafı üçün əlimizdən gələni əsirgəmirik. Bu gün istər iqtisadi sahədə, sosial məsələlərin həlli istiqamətində, nəhəng infrastruktur layihələrinin icrası sahəsində - bütün istiqamətlərdə biz uğurlardan qürur hissi ilə danışa bilərik.

Azərbaycan doğrudan da, çox yüksək dərəcədə inkişaf edibdir. Biz öz siyasi və iqtisadi mövqelərimizi möhkəmləndirmişik. Biz bölgədə söz sahibiyik. Azərbaycan müasirləşir, yeniləşir, Azərbaycanın bölgədəki imkanları və mövqeləri güclənir, artır. Biz ölkəmizi hərtərəfli inkişaf etdiririk və bu gün istər iqtisadi inkişaf baxımından, sənaye istehsalı artımı baxımından, istərsə ölkədə ictimai-siyasi vəziyyətin sabit olması baxımından Azərbaycan haqlı olaraq bu bölgənin lideri adını qazanmışdır.

Biz nəinki iqtisadi islahatlara üstünlük veririk, eyni zamanda siyasi islahatları da uğurla icra edirik və demokratik inkişaf baxımından Azərbaycan bölgə üçün nümunə ola bilər və biz bunu yaxşı bilirik. Azərbaycan xalqının yaxşı yaşaması üçün, rahat yaşaması üçün biz bütün imkanlardan istifadə edirik.

Bu gün bizim ölkəmiz bölgədə gedən proseslərə çox böyük təsir imkanlarına malikdir. Azərbaycan dünyada gözəl imic əldə edibdir. Bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır. Bizimlə bərabər layihələrdə iştirak etmək istəyən ölkələrin sayı artır və Azərbaycan öz böyük imkanlarından bölgədə əməkdaşlığın inkişafı üçün məharətlə istifadə edir. Biz ölkəmizi gələcəyə aparırıq. Biz milli mənəvi dəyərlər əsasında, bizim zəngin mədəni və tarixi irsimiz əsasında müasir ölkə yaradırıq və bu istiqamətdə artıq böyük uğurlara nail olmuşuq.

Bu gün elə məsələ tapmaq çətindir ki, biz bunu edə bilməyək. Bax, bu müqəddəs ocağa gələrkən mən yolda maşını saxladım və yuxarıdan Bibiheybət buxtasına baxdım. Bir müddət bundan əvvəl mənim tərəfimdən göstəriş verilmişdi ki, bütün bu ərazi neftlə çirklənmiş gölməçələrdən təmizlənsin. Bu ərazidə uzun illər – bir əsrdən çoxdur ki, neft hasil edilir və ekoloji vəziyyət çox acınacaqlı idi. Bu gün yuxarıdan bu əraziyə baxarkən gördüm ki, həqiqətən də elə məsələ yoxdur ki, biz bunu həll edə bilməyək. Artıq köhnədən qalan neft dirəkləri yığışdırılıb, Bibiheybət buxtasının ətrafında 30 mindən çox ağac əkilibdir. Ekoloji vəziyyət böyük dərəcədə yaxşılaşıbdır və vaxtilə ekoloji fəlakət sahəsi kimi tanınan bu ərazi bu gün artıq ekoloji cəhətdən ən təmiz yerlərdən birinə çevrilib və bu, hələ başlanğıcdır. Bir ildən, iki ildən sonra o ağaclar böyüyəcək, o gözəl parklar böyüyəcək, orada insanların istirahəti üçün, yaşaması üçün çox gözəl imkanlar yaranacaqdır. Nə üçün mən bunu deyirəm, ona görə ki, bir daha qeyd etmək istəyirəm ki, müasir Azərbaycanın qarşısında elə problem yoxdur ki, biz bunu uğurla həll etməyək və bütün istiqamətlərdə bizim proqramlarımız uğurla icra edilir. Həyatımızın hər bir sahəsi üçün müvafiq proqramlar var və onların konkret icra mexanizmləri var, maliyyə resursları var. Ölkəmizdə gedən quruculuq-abadlıq işləri hər bir Azərbaycan vətəndaşını sevindirir. Biz nəinki transmilli enerji və nəqliyyat layihələrini icra edirik, biz ölkəmiz üçün, ölkə daxilində çox böyük infrastruktur və sosial obyektlərin tikintisi ilə məşğuluq - təhsil sahəsində, səhiyyə sahəsində, yollar çəkilişi sahəsində - bütün sahələrdə.

Azərbaycanın artan iqtisadi imkanları və artan nüfuzu, yenə də deyirəm, ulu öndərin 1990-cı illərin ortalarında başlanmış uğurlu neft strategiyasına əsaslanır. Əgər o vaxt o cəsarətli addım atılmasaydı, bu gün Azərbaycan əlbəttə ki, müstəqil siyasət apara bilməzdi. Biz müstəqil siyasət aparırıq, Azərbaycan xalqının maraqları əsasında bu siyasəti aparırıq və bundan sonra da bu siyasətə sadiq olacağıq. Mən çox şadam ki, Azərbaycan cəmiyyətində ümummilli ideya ətrafında bütün cəmiyyət səfərbər olunub, cəmiyyət Azərbaycançılıq ideyası uğrunda, dövlətçilik ideyası uğrunda, müstəqillik ideyası uğrunda və müstəqil həyat ideyası uğrunda birləşibdir. Budur bizim əsas siyasi prinsiplərimiz və bu prinsiplər əsasında biz öz siyasətimizi qururuq - istər ikitərəfli formatda, istər bölgədə gedən əməkdaşlıq prizmasından. Bizim əsas sütun prinsiplərimiz bunlardır və bütün sahələrdə olduğu kimi, Azərbaycanda gedən ictimai-siyasi proseslər elə müsbət istiqamətdə inkişaf edir ki, Azərbaycanda yaşayan bütün dinlərin nümayəndələri özlərini çox rahat hiss edirlər. Azərbaycan bu baxımdan bir nümunə ölkə ola bilər və artıq dünya birliyi bunu daha da dərindən dərk etməyə başlamışdır. Ölkəmizdə keçirilən çoxsaylı dialoqlar, forumlar əsasında sivilizasiyalararası dialoqun möhkəmlənməsi, dinlərarası münasibətlərin tənzimlənməsi işində Azərbaycan nəinki bölgədə, dünyada əvəzolunmaz funksiyasını yerinə yetirir.

Biz çox şadıq ki, Azərbaycanda bütün millətlər, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar, öz doğma vətəninin inkişafına töhfələrini verirlər. Bu, bizim böyük üstünlüyümüzdür, böyük sərvətimizdir. Azərbaycan çoxmillətli ölkədir, çoxkonfessiyalı ölkədir. Bizim təcrübəmiz, mən bunu tam qətiyyətlə deyirəm, bizim təcrübəmiz artıq başqa ölkələrdə öyrənilir, beynəlxalq təşkilatlarda diskussiyalar mövzusuna çevrilir və gələcəkdə əlbəttə ki, Azərbaycanın tolerantlıq məkanı kimi rolu dünya işlərində, dünyada gedən proseslərdə artacaqdır. Biz öz milli köklərimizə, dini köklərimizə qayıtmışıq. Azərbaycan xalqını, azərbaycanlıları bütün dövrlərdə, müstəqil olmadığımız dövrlərdə bir millət kimi qoruyub saxlayan bizim ənənələrimiz olubdur, milli mənəvi dəyərlərimiz olubdur, ana dilimiz olubdur, bizim dinimiz olubdur. Biz bütün başqa dinlərə hörmətlə yanaşırıq və hesab edirik ki, dünyada bütün dinlərə hörmətlə yanaşılmalıdır.

İslam dini Azərbaycan xalqının formalaşmasında çox mühüm rol oynamışdır və bu gün bizim dini abidələrimiz bərpa olunur. Bibiheybət məscidinin ərazisi xeyli genişləndirilmişdir. Mən qeyd etdim ki, 1998-ci ilin iyulun 12-də məscidin əsas hissəsi istismara verilmişdir. Düz 10 il sonra 2008-ci ilin iyulun 12-də biz Bibiheybət məscid-ziyarətgahına yeni həyat veririk və bu gözəl salon yenidən tikilmişdir. Məscidin yuxarı hissəsində təmir-bərpa işləri aparılmışdır - əminəm ki, buraya toplaşan dostlarımız imkan tapıb vəziyyətlə tanış olacaqlar - ən yüksək səviyyədə təmir-bərpa işləri aparılmışdır. Mən dəfələrlə müxtəlif müsəlman ölkələrində olmuşam. Orada olarkən məscidləri ziyarət etmişəm. Deyə bilərəm ki, biz Bibiheybət məscidində mövcud olan vəziyyətlə fəxr edə bilərik. Burada ən keyfiyyətli materiallardan istifadə olunubdur, ən gözəl ustalar burada işləyiblər, fədakarcasına işləyiblər. Bu məscidin tikintisində və tikintinin başa çatmasında iştirak etmiş bütün insanlara mən öz minnətdarlığımı bildirmək istəyirəm. Mən çox şadam ki, bu gözəl, müqəddəs yerdə əzəmətli məscid tikilib. 2005-ci ildə mən burada olarkən məscidin genişlənməsi üçün və ərazinin böyüməsi üçün müvafiq göstərişlər vermişdim. Ondan sonra burada praktiki işlər başlanmışdır. Ərazi genişləndirildi, yadınızdadır, burada məscidə bitişik çoxsaylı fərdi evlər var idi. Biz orada yaşayan insanları köçürdük, onlara yüksək səviyyədə kompensasiya verildi. Söz düşmüşkən, qeyd etmək istəyirəm ki, indi Azərbaycanda, Bakıda və digər yerlərdə çox böyük quruculuq-abadlıq işləri aparılır, infrastruktur layihələri icra olunur və bəzi hallarda köçürülmələrlə bağlı problemlər yaradılır. Mən bütün müvafiq qurumlara ciddi göstəriş vermişdim ki, bütün köçürülən ailələrə lazımi səviyyədə kompensasiya verilsin, onlar ya yeni yerlərlə təmin olunsunlar, ya maddi kompensasiya verilsin ki, onlar daha da yaxşı şəraiti o vəsait hesabına əldə edə bilsinlər.

Burada yeni salonlar tikilibdir və bu gün qürur hissi ilə deyə bilərəm ki, Bibiheybət məscidi bir memarlıq abidəsidir. Həm bunun xarici görünüşü, həm də daxili tərtibatı ən yüksək standartlara cavab verir. Ondan sonra, tikinti zamanı mən işin gedişi ilə tanış olmaq üçün burada olmuşam, baxmışam, öz fikirlərimi bildirmişəm. Biz tikintinin aparılması üçün bütün lazımi tədbirləri gördük. Dövlət hesabına böyük vəsait ayrılıbdır və bu gün biz yenə də böyük qürur hissi ilə deyə bilərik ki, bu müqəddəs ocaq dünyanın ən yüksək standartlarına cavab verir.

Bütövlükdə Azərbaycanda dini abidələrə, onların qorunmasına, onların bərpasına çox böyük diqqət göstərilir. Bildiyiniz kimi, Təzəpir məscidində çox böyük quruculuq işləri aparılır. Əgər biz desək ki, Təzəpir məscidində təmir işləri aparırıq, səhv edərik. Faktiki olaraq, yenidən qurulur. Orada da ərazi böyük dərəcədə genişləndirilib, çox gözəl memarlıq üslubunda inzibati binalar tikilir, həm xarici görünüşü tamamilə yeniləşdirilir, həm də daxildə dizayn işləri çox yüksək səviyyədədir. Mən bir daha demək istəyirəm ki, əlbəttə, hər bir təmiri etmək olar və bunun keyfiyyəti də müxtəlif səviyyədə ola bilər. Amma mənim istəyim ondan ibarətdir ki, bizim üçün, Azərbaycan xalqı üçün, Azərbaycan müsəlmanları üçün müqəddəs olan yerlərdə dünyanın ən yüksək texnologiyaları tətbiq olunsun, ən gözəl ustalar işləsin və ən gözəl materiallardan istifadə olunsun. Bu gün Təzəpir məscidində də sürətlə tikinti gedir və yəqin ki, yaxın zamanlarda biz orada da açılışa toplaşacağıq.

Əjdərbəy məscidində də təmir-bərpa işləri gedir. Bildiyiniz kimi, bu yaxınlarda Bakıda katolik kilsəsinin açılışını biz bərabər qeyd etmişdik. Bütün bunlar Azərbaycanın reallıqlarıdır. Bütün bunlar bizim siyasətimizin təzahürüdür, eyni zamanda, Azərbaycan vətəndaşlarının mənəvi vəziyyətini göstərir. Azərbaycan vətəndaşları çox dözümlüdürlər, çox tolerantdırlar. Azərbaycanda yaşayan bütün xalqlar, bütün dinlərin nümayəndələri özlərini çox rahat hiss edirlər.
Mən bunu bilirəm, çünki milli azlıqların yaşadıqları bölgələrdə tez-tez oluram, onların vəziyyəti ilə maraqlanıram, lazımi göstərişləri verirəm və elə etmək istəyirəm ki, Azərbaycanda yaşayan bütün insanlar millətindən, dinindən asılı olmayaraq, özlərini yaxşı, rahat hiss etsinlər. Bunu etmək üçün bizim imkanlarımız var və Azərbaycanın ildən-ilə artan iqtisadi gücü və potensialı burada yaşayan bütün insanların həyat səviyyəsinə müsbət təsir göstərir.

Mən, əziz dostlar, bu gözəl gündə sizi bir daha salamlamaq istəyirəm və bütün Azərbaycan xalqını Bibiheybət məscidinin tikintisinin başa çatması və istifadəyə verilməsi münasibətilə ürəkdən təbrik etmək istəyirəm.

Sağ olun.

 

Azərbaycan.- 2008.- 13 iyul.- S. 1.