Azərbaycan Prezidentinin tapşırığı
ilə “Əjdərbəy” məscidi əsaslı təmir olunur
Ölkəmizdə dini–mənəvi
dəyərlərə xüsusi qayğı dövlət
başçısının diqqət mərkəzindədir.
Son illər dini məbədlərin, ziyarətgahların
bərpası və yenidən qurulması buna bariz
nümunədir.
Paytaxtdakı
“Əjdərbəy” məscidinin təmirinə ötən
ilin aprelində başlanılmışdır. Əsaslı
təmir və yenidənqurma işlərində müasir
texnologiyalardan istifadə olunsa da, ibadətgahın
əvvəlki görkəmi və tarixi abidə olması
diqqət mərkəzində saxlanılır.
Məsciddə aparılan
ikimərhələli işlərin birinci hissəsi bu ilin
iyununda yekunlaşmışdır. Yenidənqurma işləri
aparılarkən məscidin ilkin görkəmi saxlanılmaqla
ziyarətçilərin mövsümə uyğun olaraq burada
rahat ibadət edə bilməsi üçün ərazidə
“əndərun” deyilən daxili həyət inşa
olunmuşdur. Burada eyni vaxtda 1000–ə qədər insan
ibadət edə biləcəkdir.
Ərazidə qurbangah, namazgah və digər
yardımçı otaqlar da tikilir. Məscidin
dəstəmazxana və yuyaqları yerin altında
olacaqdır. Hazırda məscidin tavan və divarları ilkin
memarlıq xüsusiyyəti saxlanmaqla “Qurani–Kərim”dən
ayələr, yazı–naxışlar və dini
rəmzlərlə bəzədilir, qapı–pəncərələr
yeniləri ilə əvəzlənir. Əraziyə
şərq ornamenti ilə hasar çəkilir.
İbadətgahın işıqlandırma və istilik
sisteminin yenidən qurulması nəzərdə tutulmuşdur.
Məscid ərazisində yeraltı avtomobil dayanacaqları,
ziyarətçilərin rahat hərəkəti
üçün yeraltı keçidlər, həmin
ərazinin üstündə isə yığıncaq
otaqları inşa olunacaqdır.
Qeyd edək ki, “Əjdərbəy” məscidində
təmir–bərpa və yenidənqurma işləri prezident
İlham Əliyevin tapşırığına əsasən
aparılır.
Respublika.- 2008.- 17 iyul.- S. 2.