Bibiheybət Ziyarətgah Kompleksi əsaslı yenidənqurma geniş tikinti işlərindən sonra istifadəyə verilmişdir

 

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir

 

İyulun 12-də əsaslı yenidənqurma və tikinti işlərindən sonra Bibiheybət Ziyarətgah Kompleksi istifadəyə verilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
VII əsrin yadigarı, müqəddəs qəbirlərin sayına görə islam dünyasının üçüncü ziyarətgahı sayılan Bibiheybətdə Peyğəmbər nəslinin 4 nümayəndəsi uyuyur. İmam Museyi Kazımın qızı həzrəti Hökümə xanımın məzarı da bu ziyarətgahdadır. Azərbaycanın say-seçmə övladları ilə yanaşı, maddi-mədəniyyət abidələrimiz, o cümlədən xalqımızın iman və inanc yeri olan Bibiheybət ziyarətgahı da sovet dövründə repressiyaya məruz qalmışdır. 1934-cü ildə bolşeviklər bu müqəddəs ocağı darmadağın etməklə xalqımızın vicdan azadlığı hüququna ağır zərbə vurmuşlar.
Azərbaycanın müasir tarixində müstəsna xidmətləri olan ulu öndər Heydər Əliyevin prinsipial mövqeyi, iradəsi, milli-mənəvi dəyərlərimizə dərindən bağlılığı sayəsində bu ziyarətgaha yenidən həyat verilmişdir. Ümummilli lider 1994-cü ilin martında Qurban bayramı günündə bu müqəddəs ocağı ziyarət etmiş, 1997-ci il iyulun 23-də, Peyğəmbərin mövludu günündə burada yeni məscid kompleksinin bünövrəsini qoymuşdur. Bir il sonra, yenə də Peyğəmbərin mövludu günündə məscidin əsas korpusunun açılış mərasimində iştirak etmişdir.
Heydər Əliyev ideyalarına sadiq qalan və onu uğurla davam etdirən Prezident İlham Əliyevin maddi-mədəniyyət abidələrimizin, müqəddəs ocaqlarımızın bərpası ilə bağlı imzaladığı fərman və sərəncamlar, verdiyi tapşırıqlar sırasında Bibiheybət məscid kompleksinin genişləndirilməsi də əksini tapmışdır. Dövlət başçısı 2005-ci ilin oktyabrında və 2007-ci ilin dekabrında buranı ziyarət edərkən fikirlərini bölüşmüş, tövsiyələrini vermişdir. Bununla da müsəlman dünyasının müqəddəs ziyarətgahlarından olan Bibiheybət məscidinin inşası sürətləndi. Prezident İlham Əliyev tikintinin gedişini daim diqqətdə saxlamış, qarşıya çıxan problemlər dərhal həll olunmuş, qısa müddətdə bu müqəddəs ocaq tanınmaz dərəcədə dəyişmiş, nəfis və möhtəşəm görkəm almışdır.
Açılış mərasiminə gələn Prezident İlham Əliyev yolüstü Bibiheybət buxtasında aparılan ekoloji tədbirlərlə tanış oldu.
Neft mədənlərinin yerləşdiyi həmin ərazi uzun müddət təmizlənmədiyindən, burada heç bir əsaslı ekoloji tədbir həyata keçirilmədiyindən Bibiheybət buxtasında acınacaqlı vəziyyət yaranmışdı. Ətraf ərazi çirklənmiş, torpaq yararsız hala düşmüşdü. Dövlət başçısının tapşırığına əsasən, burada qısa müddətdə xeyli iş görülmüş, silsilə ekoloji tədbirlər həyata keçirilmiş, torpaq neft tullantılarından təmizlənmiş, ətrafda yaşıllıqlar salınmışdır.
Bütün bunlar ərazinin görkəminin tanınmaz dərəcədə dəyişməsinə səbəb olmuşdur. Hazırda ölkə başçısının tapşırığına müvafiq olaraq nəzərdə tutulan tədbirlər davam etdirilir.
Prezident İlham Əliyev burada görüləcək işlərlə bağlı əlavə tapşırıqlarını verdi.
Sonra dövlət başçısı xanımı Mehriban Əliyeva, qızları Leyla və Arzu ilə birlikdə Bibiheybət Ziyarətgah Kompleksinə gəldi.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Prezident İlham Əliyevə burada aparılan əsaslı yenidənqurma və tikinti işləri barədə ətraflı məlumat verdi. Bildirildi ki, ziyarətgah kompleksində ən yüksək səviyyədə yenidənqurma, tikinti və tərtibat işləri aparılmışdır.
Dövlət başçısına ziyarətgah kompleksində yüksək zövqlə aparılan tərtibat işləri barədə geniş məlumat verildi. Qeyd olundu ki, məscidin birinci və ikinci mərtəbələrində, mərkəzi salonda, foyenin tavanında, zirzəminin divarlarında incə memarlıq nümunələri əksini tapmışdır. Məscidin gümbəzi də mükəmməl şəkildə işlənib. Burada smaltadan rəngbərəng şüşə materiallarından ibarət mozaikada Qurani-Kərimdən "Ən-Nisa" surəsi yazılıb. Ümumiyyətlə, məscidin müxtəlif guşələrində Quranın müxtəlif surələri əksini tapmışdır.
Prezident İlham Əliyevə məlumat verildi ki, ərazinin relyefinin mürəkkəbliyi nəzərə alınaraq, ziyarətgah və buradan keçən magistral yol genişləndirilmiş, köhnə evlərin sahiblərinə yeni mənzillər verilməklə və ya kompensasiya ödənilməklə sökülmüşdür. Müsəlmanların digər möhtəşəm ziyarətgahlarında olduğu kimi, bu məsciddə də ilk dəfə muzey və kitabxana zəvvarların ixtiyarına verilmişdir. Burada aparılan yenidənqurma tədbirləri ölkəmizdə dini dəyərlərə nə qədər həssaslıqla yanaşılmasının bariz nümunəsidir. Kompleksdə çoxlu yardımçı otaqlar da tikilmiş, yeməkxana, hər cür şəraiti olan qurbangah yaradılmışdır. Kompleksin ayrıca qazanxanası, mükəmməl su təchizatı, havalandırma və digər mükəmməl kommunikasiya sistemi vardır.
Prezident İlham Əliyev və xanımı, Milli Məclisin deputatı Mehriban Əliyeva həzrəti Hökümənin və İmamın nəvələrinin məzarlarını ziyarət etdilər. Onların ruhuna dualar oxundu.
Prezident İlham Əliyev nəzir verdi.
Mərasimdən yadigar olaraq xatirə şəkli çəkdirildi.
Dövlət başçısı kompleksin üst qatında həyata keçirilən yenidənqurma və tikinti işləri ilə tanış oldu. Qeyd edildi ki, burada tikilmiş geniş meydançada dini mərasimlər icra olunacaq, müxtəlif mədəni tədbirlər təşkil ediləcəkdir. Burada yay aylarında ziyarətgaha gələnlərin istirahəti üçün hər cür şərait yaradılmışdır.
Prezident İlham Əliyev buradan ətrafı seyr etdi, görülən işlərdən razılığını bildirdi.


Mərasimin rəsmi hissəsi başlandı.
Tədbirin iştirakçıları Prezident İlham Əliyevi sürəkli alqışlarla qarşıladılar.
Prezident İlham Əliyev mərasimdə nitq söylədi.
(Dövlət başçısının nitqi qəzetin bugünkü nömrəsinin birinci səhifəsində dərc olunur).


Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxulislam Allahşükür Paşazadə çıxış etdi:
- Bismillahir-rəhmanir-rəhim!
Möhtərəm cənab Prezident!
Hörmətli mərasim iştirakçıları, əziz qonaqlar, xanımlar və cənablar!
Hamınızı, özəlliklə möhtərəm Prezidentimiz zati-aliləri İlham Əliyev cənablarını səmimi qəlbdən salamlayır, Azərbaycan müsəlmanları üçün böyük əhəmiyyət kəsb edən bu tarixi gündə bizi şərəfləndirdiyinizə görə dindarlar adından minnətdarlığımı bildirirəm.
Bu gün həqiqətən önəmli bir gündür. Peygəmbər əleyhissəlam nəslinin nümayəndəsi imam Museyi Kazımın qızı həzrəti Hökümə xanımın məzarı üzərində ulu öndərimiz Heydər Əliyev tərəfindən bünövrəsi qoyulan və möhtərəm Prezidentimiz İlham Əliyevin dəstəyi ilə tikintisi və bərpası tamamlanan Bibiheybət məscidi ziyarətçilərin ixtiyarına verilir.
Bibiheybət məscidi hər bir azərbaycanlı, hər bir müsəlman üçün özəl əhəmiyyət kəsb edir. Çünki o, adi ziyarətgah deyil, zülmə, fitnə və təxribata məruz qalmış dini abidələrin ümumi rəmzi, bir növ şəhidlik simvoludur. Həzrəti Hökümə xanım Azərbaycana pənah gətirən müqəddəs şəxslərdən yalnız biridir. Tarixən Azərbaycan torpağı zülm və istibdaddan qaçan bütün mömin insanlar üçün mənəvi sığınacaq olmuş, ikinci vətənə çevrilmişdir. Bu, əslində Azərbaycanın geosiyasi siması, xalqımızın ləyaqət və humanizminin göstəricisidir.
Buraya toplaşanlar yaxşı bilirlər ki, Bibiheybət məscidi erməni daşnaklarının bolşevik siyasətinə güclü təsiri ilə Azərbaycanda milli birliyi sarsıtmaq üçün 1934-cü ildə dağıdılıb.
Maraqlı tarixi faktlardan biri də odur ki, ölkədə dini repressiyaların tüğyan etdiyi, məscid, kilsə və sinaqoqların dağıdıldığı bir vaxtda, yalnız Eçmiədzin heç bir siyasi təqibə və təzyiqə məruz qalmamışdır. Bu faktı dəyərləndirmək tarixçilərin işidir. Lakin tam əminliklə demək olar ki, erməni kilsəsinin bolşevik rejimi ilə əməkdaşlığı riyakar separatizmin bariz nümunəsidir. Bu gün siyasi təqiblərə, Sibir sürgünlərinə, fiziki məhvə məruz qalan minlərlə müsəlman din xadimlərinin, ziyalıların, haqq əzabkeşlərinin xatirəsini əbədiləşdiririk. Bu mənada Bibibeybət və digər dini abidələrimizin bərpası milli mədəniyyətimizin uğuru və dövlət-din münasibətlərinin zirvəsidir. Bu müqəddəs ocaqlar öz nadir milli memarlıq xüsusiyyətləri və tarixi ilə ölkəmizin çağdaş mədəni simasına misilsiz gözəllik və zənginlik gətirəcək, vətənimizin dünya miqyasında nüfuzunu daha da artıracaqdır.
Qurub-yaratmaq bir missiya, keçmişi bərpa edib qorumaq isə başqa bir missiyadır və hər iki missiya müqəddəsdir. Ulu öndərimiz keçmişi bərpa edib qorumaqla tarixə sahib çıxmış, yenisini qurub-yaratmaqla isə tarixə çevrilmişdir. Bu mənada onu keçmişi qoruyan və gələcəyi quran lider adlandırmaq olar.
1994-cü ildə Qurban bayramı günü rəhmətlik Heydər Əliyev ilk dəfə bu müqəddəs ocağı ziyarət etdi. 1997-ci ildə Peyğəmbərin mövludu günündə yeni məscid kompleksinin bünövrəsinin qoyuluşunda şəxsən özü iştirak etdi. Düz on il bundan əvvəl ulu öndər Heydər Əliyev Bibiheybətin ilk təməl daşını qoydu. Mən onun həmin günkü sevincini, tikintiyə qayğısını, görüləcək işlər üçün maraq və narahatlığını indi də unuda bilmirəm.
Heydər Əliyev həqiqətən XX əsrdə Azərbaycana bəxş edilən bir ilahi nura bənzəyirdi. Çünki o, insanların ürəyində iman işığını yandırmağı bacarmışdır. O, gözəl bilirdi ki, mənəvi dəyərləri bərpa etməklə xalqın milli və mədəni inkişafını təmin etmək olar. Məhz onun uzaqgörən müdrik siyasəti nəticəsində Azərbaycan milli mədəni dəyərlərin bərpasına nail oldu, dünyada dini tolerantlığın gözəl nümunəsinə çevrildi. Məscidlərlə yanaşı, kilsələr, sinaqoqlar, ziyarətgahlar da yeni vüsətlə inşa olundu və dövlətimiz dünya düzənində mədəniyyətlərin qovuşuğu kimi tanındı.
Bu siyasətin nəticəsidir ki, qarşıdan gələn 2009-cu ildə Bakıda MDB Dinlərarası Şurasının həmsədrləri kimi Ümumrusiya və Moskva patriarxı II Aleksinin və Qafqaz Müsəlmanları İdarəsi adından Şeyxülislamın birgə təşəbbüsü ilə dinlərarası dialoq üzrə beynəlxalq sammit keçiriləcəkdir. Bu mötəbər sammit Azərbaycanın beynəlxalq nüfuzunun daha da artması, xalqımızın dinlərarası dialoqa dəstəyi baxımından çox böyük əhəmiyyət kəsb edir.
Allah ulu öndərimiz Heydər Əliyevə rəhmət etsin. O, bu qədər zəhmət və qüvvə sərf etdiyi işin son bəhrəsini görmədi. Amma insanlar əməlləri ilə yaşayırlar. Bu gün Heydər Əliyev özü olmasa da, onun ocağından bəhrələnən layiqli oğlu vardır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev ulu öndərin siyasi kursunu və xeyirxah əməllərini ləyaqətlə davam etdirir. Bu məscid-kompleksin tikintisi də Heydər Əliyevin yadigarı kimi İlham Əliyev tərəfindən diqqət və qayğı ilə sona çatdırıldı.
Biz dindarlar Allaha şükür və sənalar edirik ki, ölkəmizi ulu öndərin irs qoyduğu dəyərlərlə idarə edən və inkişaf etdirən möhtərəm Prezidentimiz İlham Əliyev xalqımızın milli-mənəvi xəzinəsini və dinlərarası tolerantlıq ənənələrini qoruyur, onların dirçəldilməsinə yardım edir. İlham Əliyev dünya siyasətçiləri arasında lider kimi tanınan dövlət rəhbəridir. O, Azərbaycanı siyasi və iqtisadi xətt üzrə yüksəlişə aparır. Milli-mənəvi dəyərlərin inkişafında da möhtərəm Prezidentimizin xidmətləri əvəzsizdir.
Desəm ki, əməlisalehlik Əliyevlər ailəsinin təməlindən irəli gəlir, yanılmaram. Dinin əxlaqi və mənəvi dəyərlərinə sədaqət nümunələrini biz daim bu ailənin timsalında görürük.
İslamın müasir şəkildə dünya miqyasında tanınmasında Heydər Əliyev Fondunun və onun prezidenti möhtərəm Mehriban xanımın xidmətlərini xüsusi qeyd etmək istərdim. Fondun fəaliyyətində milli-mənəvi dəyərlərimizin qorunmasına, tarixi abidələrin bərpasına böyük önəm verilməsi həm Heydər Əliyev ənənələrinin davam etdirildiyinin, həm də Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizə ehtiramının göstəricisidir.
Bu yaxınlarda İslam Konfransı Təşkilatının Gənclər Forumunda Leyla xanımın islamda qadın hüquqları mövzusunda çıxışı təkcə mənim yox, bütün Azərbaycan müsəlmanlarının qəlbini riqqətə gətirdi.
Biz bu gün bu şərafətli mərasimdə tam əminliklə deyə bilərik ki, inşaallah, nə qədər ki, Azərbaycan xalqının tarixində Heydər Əliyev ənənəsi, Heydər Əliyev varisliyi vardır, gələcəyimiz, sabahımız əmin əllərdə olacaq və Qarabağın şəhidlik zirvəsində olan məscidləri üzərində üçrəngli bayrağımız və müqəddəs azanımız ucalacaqdır.
Bibiheybət məscidi həyata qaytarılmış ilk şərəf abidəmizdir. Allahın köməyi ilə başqa dini komplekslərimiz də tezliklə tamamlanıb, möminlərin istifadəsinə veriləcəkdir. Mən bu işdə əməyi olan hər bir kəsə minnətdarlığımı bildirmək istərdim. Müqəddəs kitabımız Qurani-Kərimdə buyurulur ki, "Xeyir işlər görün, Allah, onun Peyğəmbəri və möminlər əməllərinizi görəcəklər".
Bu gün mən demokratik prinsiplərin, dini etiqad və vicdan azadlığının bərqərar olduğu Azərbaycanda bütün dini ocaqlarda yüksək səviyyədə aparılan yenidənqurma işlərinə görə Prezidentimizə və dövlətimizə Qafqaz müsəlmanları adından dərin təşəkkürümü bildirirəm. Bir daha qeyd edirəm ki, Azərbaycan müsəlmanları özlərinin seçimlərində heç zaman yanılmadıqları kimi, bu dəfə də haqqa, ədalətə və sabitliyə dəstək olacaq, seçkilərdə Prezident İlham Əliyevə səs verəcəklər.
Cənab Prezident, hər zaman sənalarımız və xeyir-dualarımız sizinlədir. Allah haqqın xatirinə Azərbaycanın üzərindən mərhəmət nəzərini əsirgəməsin. Amin!
Əssalamu əleykum və rəhmətullahu və bərəkatuhu.
Çox sağ olun, diqqətinizə görə minnətdarlığımı bildirirəm.

Bakı və Xəzəryanı bölgə yeparxiyasının yepiskopu Aleksandr Ata çıxış edərək dedi:
- Zati-aliləri cənab Prezident!
Hörmətli şeyx həzrətləri, hörmətli Mehriban xanım,
Hörmətli din xadimləri, xanımlar və cənablar!
XX əsrdə vətənimizin başına çox qanlı müsibətlər gəlmişdir, xalqımızın bütün müqəddəs dəyərləri, bütün tarixi sərvətləri məhv edilmişdir. Bu dağıntılara görə Azərbaycan dövləti cavabdeh deyildir. Lakin Azərbaycan dövləti xalqın dini-əxlaqi dəyərlərini və müqəddəs sərvətlərini ona qaytarmaq məsuliyyətini öz üzərinə götürmüşdür. Bu gün sizinlə birlikdə biz də bu prosesin, haqqın, ədalətin təntənəsinin şahidləriyik. Ötən müddətdə kafedral pravoslav kilsəsi, Avropa yəhudiləri sinaqoqu, Roma katolik kilsəsi bərpa edilmişdir və bu gün biz yenidən qurulmuş Bibiheybət məscidinin açılışında iştirak edirik.
Yəqin hamınızın yadındadır, bir neçə onillik bundan əvvəl Azərbaycanın cənubuna gedən maşınlar burada dayanır, insanlar ya az bir müddətə ayaq saxlayır, ya da maşınlardan çıxaraq dua edir, nəzir verirdilər. O vaxt yalnız kiçik tarixi nişanələr xatırladırdı ki, bir vaxtlar bura islam dünyasının böyük ziyarətgahı olmuşdur. Bu gözəl məscidin qədim fotoşəkilləri arxivlərin ehtiyat fondlarında saxlanırdı. Bu gün biz bu məscidin bərpa olunmasının şahidiyik. Bərpa işlərindən sonra o, əvvəlkindən daha möhtəşəm, daha gözəl görünür. Biz ümummilli lider Heydər Əliyevin Azərbaycan üçün müəyyən etdiyi yolun bu gün də uğurla davam etdirilməsinin, Azərbaycanı beynəlxalq səviyyəyə, beynəlxalq arenaya çıxarmış proseslərin daha da güclənməsinin şahidləriyik.
Çox hörmətli cənab Prezident!
İcazə verin, mərhum Heydər Əliyevin kursunu sədaqətlə davam etdirdiyinizə görə Sizə ürəkdən təşəkkür edim. Biz inanırıq ki, Azərbaycan bu yolla irəliləməklə tərəqqiyə nail olacaq və dünya dövlətləri arasında layiqli yer tutacaqdır.
Möhtərəm dostum şeyxülislam!
İcazə verin, bu əlamətdar, təntənəli hadisə münasibətilə sizi ürəkdən təbrik edim. Bu gözəl günü görmək üçün sizin nə qədər qüvvə sərf etdiyinizi bilirəm. Mən islamın daha bir ziyarətgahının - Bibiheybət məscidinin bərpa olunması münasibətilə bütün dindar müsəlmanları təbrik edirəm. Əminəm ki, indi həmvətənlərimiz Kərbəlaya, yaxud Məkkəyə, Mədinəyə, İrana, Kufəyə ziyarətə gedərkən öz vətənimiz üçün utanmayacaqlar, çünki onlar deyə biləcəklər ki, bizim Bakıda belə bir gözəl məscid - müsəlmanların ən böyük ziyarətgahlarından biri Bibiheybət məscidi var.
Mən sizin hamınızı ürəkdən təbrik edirəm. Arzum budur ki, ulu Tanrının bu evindən həmişə dua sədaları eşidilsin, yaşlı nəslə mənsub olanlar burada mənəvi rahatlıq tapsınlar, gənc nəslin nümayəndələri isə bu cür parlaq mədəniyyət yaratmış Azərbaycan xalqının dini-əxlaqi dəyərləri ilə tanış olsunlar.
Sizin hamınızı ürəkdən təbrik edirəm və sizin sevincinizə şərik çıxıram.

Mərasimdə çıxış edən Dağ Yəhudiləri İcmasının sədri Semyon İxiilov dedi:
- Zati-aliləri cənab Prezident!
Möhtərəm şeyxülislam Allahşükür Paşazadə!
Hörmətli dindarlar, hörmətli qardaşlar və bacılar!
Bu gün təkcə Azərbaycan xalqı üçün deyil, həm də bütün müsəlman dünyası üçün bayramdır. Bu gün bizim hamımız üçün, Azərbaycanın bütün dindarları üçün də bayramdır. Düz 11 il bundan əvvəl dahi Heydər Əliyev gilizi öz əli ilə bu möhtəşəm binanın bünövrəsinə qoymuşdu. Bu gün biz ümummilli liderin həmin arzusunun həyata keçməsinin şahidiyik. Bu məscidin bərpası böyük Heydər Əliyevin yolunun davamçısı, möhtərəm Prezidentimiz İlham Heydər oğlu Əliyevin bilavasitə köməyi sayəsində mümkün olmuşdur. Buna görə, möhtərəm Prezident, müqəddəs ziyarətgahların bərpası üçün çəkdiyiniz zəhmətə görə Sizə çox sağ ol deyirik. Təbii ki, hörmətli şeyxülislam da bu işdə Sizə kömək etmişdir. Parlaq şəfəq saçan bu ziyarətgahda olmaq bizə xoşdur.
Əziz dostlar, mən sizin hamınızı bu bayram münasibətilə təbrik edirəm. Mən Azərbaycanın birinci xanımının şəxsində bütün qadınlarımızı bu əlamətdar hadisə münasibətilə məxsusi təbrik etmək istəyirəm.
Çox sağ olun.

Bakıdakı Roma katolik kilsəsinin başçısı Yan Çapla mərasim iştirakçılarını salamlayaraq dedi:
- Çox hörmətli cənab Prezident!
Hörmətli şeyxülislam!
Mən hər dəfə bu məscidin yanından keçəndə burada ayaq saxlayırdım və məni həmişə çox səmimi bəşəri hisslərlə qəbul edirdilər. Bu, heç də hər yerdə belə olmur.
Bu məscid Bakının cənub tərəfində yerləşir. O, şəhərin rəmzlərindən biridir. Mən həmişə düşünürəm ki, qonaqpərvərlik keyfiyyəti də Azərbaycan xalqının rəmzlərindən biridir. Bu məscid memarı Heydər Əliyev olan müstəqil Azərbaycanın yeni tarixinin rəmzidir. Dini icmalar arasında münasibətlərin yeni mədəniyyətini, müxtəlif dinlərin nümayəndələri arasında münasibətlərin yeni mədəniyyətini Heydər Əliyev yaratmışdır. II İoann Paveli Bakıya o dəvət etmişdir, katolik kilsəsinin tikintisi üçün torpaq sahəsini o ayırmışdır. Buna görə biz ona çox minnətdarıq. Bu kurs bu gün də davam edir və biz ümid edirik ki, bundan sonra da davam edəcəkdir. Buranı ziyarət edəcək, burada mənəvi rahatlıq tapacaq bütün müsəlmanların Azərbaycanın rifahı naminə dinc ömür sürmələri üçün ulu Tanrıdan onlara kömək diləyirik.
Sağ olun.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə mərasim iştirakçılarına təşəkkür edərək dedi:
- Çox gözəl çıxışlar oldu, çox sağ olun İlham müəllim. Əlbəttə, mən bir şeyi çatdırmaq istərdim ki, bu günlər, bu aylar bizim üçün müqəddəs aylardır. İki gündən sonra Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsinin 39 ili tamam olacaq. Allah ona rəhmət eləsin. Bu günləri biz bir daha onun xatirəsini anırıq, yenə də Allah rəhmət etsin deyirik.
Sizin də dövlətin ali rəhbərliyinə gəlməyinizin beş ili tamam olur. İstərdim ki, Sizi bəri başdan təbrik edim və Allah-taaladan Sizə dualar diləyim.
Əlbəttə ki, bu gün çox xoşbəxt gündür. Bu gün burada dedik ki, insanlar öz əməlləri ilə yaşayırlar. Bu gün burada yatanların ruhu da bizimlə bərabərdir. Bura gələnlərin, zəhmət çəkənlərin ürəkləri, dünyadan gedənlərin, xüsusilə Heydər Əliyev həzrətlərinin ruhu şad olsun deyə, istərdim ki, biz məclisimizi Qurandan bir neçə ayənin oxunması ilə tamamlayaq.
Mən xahiş edirəm, buyurun, bizim mədrəsənin, universitetin məzunu beynəlxalq müsabiqələrdə birinci yerlərə çıxmış tələbələrdən birinin qiraətində Qurandan həmin ayələri dinləyək.
Qurani-Kərimdən ayələr oxundu.


Sonra Prezident İlham Əliyev və mərasim iştirakçıları məscidin zirzəmi hissəsində aparılmış yenidənqurma işləri ilə tanış oldular.
Qeyd edildi ki, burada eyni vaxtda 3 min nəfər namaz qıla bilər. Qadın və kişilərin ayrı-ayrılıqda namaz qılmaları üçün müvafiq şərait yaradılmışdır. İnşaat və tərtibat işləri klassik Şərq üslubunda aparılmışdır.
Prezident İlham Əliyev ətraf əraziləri və burada görülən işləri seyr etdi. Ümumi tikinti sahəsinin böyük bir ərazini əhatə etməsi kompleksin möhtəşəmliyinin bariz göstəricilərindəndir. İndi "ziyarətgah və dini məbədlərin yenidən qurulmasının miqyasına görə heç bir ölkə Azərbaycanla müqayisə oluna bilməz" qənaəti beynəlxalq aləmdə birmənalı qəbul edilir. Bibiheybət Ziyarətgah Kompleksi bu həqiqətin bariz nümunələrindəndir.
Mərasim iştirakçıları demokratik prinsiplərin, dini etiqad və vicdan azadlığının bərqərar olduğu Azərbaycanda bütün dini ocaqlarda bu cür yüksək səviyyədə yenidənqurma işlərinin aparılmasının böyük razılıq doğurduğunu vurğuladılar, bunun ölkəmizin beynəlxalq imicinin möhkəmləndirilməsinə əvəzsiz töhfələr bəxş etdiyini dedilər. Bildirdilər ki, Azərbaycan Prezidentinin bu işlərə bilavasitə nəzarət etməsi xüsusi rəğbət doğurur.
Prezident İlham Əliyev dini ocaqlarda ən müasir standartlara cavab verən əsaslı təmir və yenidənqurma işlərinin bundan sonra da davam etdiriləcəyini vurğuladı, Bibiheybət ziyarətgahında görülən işlərdən razılığını bildirdi.
Sonra Prezident İlham Əliyev məscidin muzeyi ilə tanış oldu. Burada Bibiheybət Ziyarətgah Kompleksinin tarixi eksponatlarda hərtərəfli əksini tapmışdır.
Muzeydə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin buraya göstərdiyi mütəmadi diqqət və qayğını əks etdirən eksponatlara da geniş yer verilmişdir.
Açılış mərasimindən yadigar olaraq Prezident İlham Əliyevə, xanımı Mehriban Əliyevaya Qurani-Kərim hədiyyə edildi.
Mərasim iştirakçıları milli- mənəvi dəyərlərə həssas münasibətinə və konkret qayğısına görə ölkə başçısına və xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildirdilər.
Prezident İlham Əliyev dindarlara və kompleksin yenidən qurulmasında gərgin zəhmət sərf edənlərə razılığını bildirdi, ən xoş arzularını çatdırdı.

 

Azərbaycan.- 2008.- 13 iyul.- S. 2.