Babayeva T.
Vaqif
Bəhmənli: Gənc Ədiblər Məktəbi zamanın
zərurətindən doğub
Son dövrlər
Mədəniyyət və Turizm Nazirliyi incəsənətin
müxtəlif sahələrində yaradıcı
gənclərə qayğı göstərir, istedadların
üzə çıxarılması istiqamətində
layihələr həyata keçirir. Bu dəfə isə
növbə gənc yazarlara çatıb. Nazirliyin və
Yazıçılar Birliyinin təşəbbüsü
ilə M.F.Axundov adına Milli Kitabxanada Gənc Ədiblər Məktəbi
fəaliyyətə başlayıb. Məktəb
ədəbi yaradıcılıq sahəsində
fəaliyyət göstərmək arzusunda olan, bu
sahədə ilk addımlarını atan 15-35 yaş
arasındakı yaradıcı nəsli bir araya
gətirmək, onların imzalarını üzə
çıxarmaq, ümidverici gənclərin yaradıcılıq
vərdişlərini inkişaf etdirmək, ədəbi
nümunələrin əcnəbi dillərə
tərcümə olunub nəşr edilməsini
dəstəkləmək məqsədi daşıyır.
Vaqif Bəhmənli: "Gənc Ədiblər Məktəbi
zamanın zərurətindən doğub"
Bu günlərdə Gənc Ədiblər Məktəbi ilk
məşğələsini keçirib. Məktəbin
hansı zərurətdən yarandığını
öyrənmək və onun gələcək
fəaliyyəti barəsində məlumat almaq
məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin
nəşriyyat, reklamın təşkili və informasiya
şöbəsinin müdiri, əməkdar
mədəniyyət işçisi, şair Vaqif Bəhmənli
ilə söhbətləşdik.
- Mədəniyyət və Turizm Nazirliyi milli
ədəbiyyatımızın inkişafında son
dərəcə maraqlıdır. Bu da dövlətin
Azərbaycan mədəniyyətinə, ədəbiyyatına
ayırdığı böyük diqqətin
nəticəsidir. Azərbaycan ədəbiyyatı zaman-zaman
inkişaf edib, yeniləşib və öz sənət
adamlarını yetişdirib. Bilirsiniz ki, ədəbiyyat
tariximizin müxtəlif dövrlərində ədəbi
məclislər, ədəbiyyata yeni gələn gəncliyə
yol göstərən dərnəklər fəaliyyət
göstərib. Burada imzalar təsdiqlənib,
yazılmış əsərlər haqqında fikir
mübadilələri aparılıb. Azərbaycanda
ədəbi məclis, yeni qüvvələrin bir araya
toplaşması, ünsiyyətdə olması, yazılan
əsərlərin müzakirə ediməsi milli ədəbi
prosesin bir ənənəsidir. Burda bütün
mübahisələr, müzakirələr peşəkar
müstəviyə keçir. Eyni zamanda, bu bir maarifçi
təşəbbüsdür. Bu gün də
Azərbaycan ədəbiyyatında yeni qüvvələr, yeni
yaradıcı insanlar var. Şübhəsiz,
ədəbiyyatımızın sonrakı inkişafı yeni
qüvvələrlə, gənclərlə
bağlıdır - bir şərtlə ki, ədəbiyyat
korifeylərimizin əməyinə, yaratdığı
əsərlərə kölgə salınmasın.
Belə bir halda yeni nəslin əsərləri müzakirə
olunmalıdır, şübhəsiz ki, dövlət də,
ictimaiyyət də istedadın parlaması üçün
bütün mümkün təşəbbüsləri
göstərməlidir. Bu mənada Gənc
Ədiblər Məktəbi zamanın zərurətindən
doğub. Əsas məqsəd ondan ibarətdir ki, Azərbaycan
ədəbiyyatına gələn yeni qüvvələr
özlərini yaradıcı prosesdə, yaradıcı
ədəbi mühitdə rahat hiss etsinlər.
-Yaradıcılığın mayasını fitri istedad
təşkil edir. Belə təəssürat yarana bilər ki,
bu məktəbin yaradılmasına ciddi ehtiyac yox idi...
-Təkcə istedadla heç nə etmək olmaz.
İstedadlı insan elmə yiyələnməsə, uğur
əldə edə bilməz. İstedad Tanrı
tərəfindən verilən vergidir və insanların
əksəriyyətində var. Sadəcə, bunun istiqaməti
müəyyənləşməlidir. Əlinə
qələm alan adam isə şübhəsiz,
müəyyən nəzəri biliklərə
yiyələnməlidir. Ədəbiyyat elmdir. Janrlarından,
tarixindən başlayaraq bədii əsərin strukturuna
qədər hər bir vasitə, hər bir cəhət
mənimsənilməlidir. Məncə, bu, ən doğru,
ən sınanmış yoldur. Əvvəlki
dövrlərdə ədəbiyyatda adətən,
yazıçıların, şairlərin çoxunun filoloji
təhsili olurdu. Onlar bu işin peşəkarı olmaq
üçün Bakıda, ya Moskvada ədəbiyyat,
jurnalistika fakültələrini bitirirdilər. Həmin
dövrdə bir mühəndis, həkim şeir yazanda adama
qəribə gəlirdi. Cəmiyyət də onlara bir az
fərqli yanaşırdı. Onların çoxu şeir
yazmağa, onu çap etdirməyə cəsarət
etmirdilər. Amma indi ölkəmizdə
yaradıcılıq sahəsində də demokratik ab-hava var.
İxtisasından asılı olmayaraq, içində
sözü olan hər bir adam çox rahatlıqla öz
fikirlərini yazır, onu redaksiyalara təqdim etməkdən,
kitab halında çap etdirməkdən çəkinmir.
Bu, demokratiyanın göstəricisi kimi çox
yaxşıdır. Amma müəyyən vərdişlər elm
şəklində olmalıdır. Mən demirəm ki,
mütləq hamını zorla məktəbə yazmaq
lazımdır, hamı mütləq filoloji təhsilə
yiyələnib, diplom almalıdır. Amma ədəbiyyata
gələn hər bir adamın borcudur ki, özünə
qədər olan bütün ədəbi tərcübəni
öyrənsin. Bunsuz mümkün deyil. Nəzəri
biliklər olmayanda, müəyyən aldadıcı
şeylər, yaxud da istedadın gücünə
ərsəyə gələn bir neçə obrazlı
tapıntılarla bir adam oxucunun yaddaşında
müəyyən müddət qala bilər. Amma
ədəbiyyatın məqsədi hər hansı bir
istedadın meydana gəlməsi deyil. İstedad da,
düşüncələr də sonda ortaya qoyulan
yaxşı bir əsərə xidmət etməlidir.
- Artıq məktəbin 30-a yaxın üzvü var. Onları
hansı meyarlara əsasən seçmisiniz?
- Biz heç kimi seçməmişik. Sadəcə olaraq,
Gənc Ədiblər Məktəbinin fəaliyyətə
başlaması ilə bağlı çağırış
olub. Məktəbə üzv olmaq tam sərbəstdir. Bu,
gənclərin birləşdiyi yaradıcılıq
studiyası, dərnək formasında bir məktəbdir.
Məktəbin qapıları istedadı olan hər kəsin
üzünə açıqdır. İlkin dövrdə
hamı burada öz imkanlarını nümayiş etdirə
bilər. Nazirlik bu işi başlayıb, məktəbin
fəaliyyətinin gələcək icra mexanizmi isə
işin gedişində bəlli olacaq. Gələcəkdə
məlum olacaq ki, məktəb hər il neçə gənc
ədiblə işləyə bilər.
- Məktəbin ilk məşğələsində bir
neçə gənc şair öz şeirlərini oxudu.
Gənc nəslin yaradıcılığını necə
qiymətləndirirsiniz?
- Gənclik öz fikirlərini əsəbi şəkildə
də deyə bilər, çılğın misralar da yaza
bilər, bütün bunların hamısı bir
başlanğıcdır. İlk
məşğələdə hiss etdim ki, o gənclərin
hər biri istedadlıdır. Amma mən onu da hiss etdim ki, onlar
özlərindən daha çox, kənardakı
şeylərdən yazırlar. Böyük sənət
əsərləri həmişə şairin,
yazıçının öz içindən baş
qaldıran mövzulardan yaranır. Mən həmin
gənclərin şeirlərində onların dərin
psixologiyasından, qəlbinin lap dərin qatından
gələn hissləri görmədim. Şeirlərin
strukturunda, havasında da bu, hiss olunmurdu. Mən
demirəm ki, mütləq tam ənənəyə, milli
köklərə bağlanıb, ancaq qəzəl, qoşma,
heca şeiri, ya da sərbəst şeirin özünün
ənənəvi varlığı üstündə yazmaq
lazımdı. Və yaxud bunun nəyi pisdir ki, yaxşı
əsər tamam yeni formada, yeni üslubda yazılsın.
Bütün hallarda hər bir əsərin insanın daxili
dünyasına bağlanan həqiqi, təbii kökləri
olmalıdır. Kənarda nə dərd var,
nə də xoşbəxtlik… Şairin dərdi də,
xoşbəxtliyi də onun içindədir. Əgər belə
olarsa və üstəlik, bu cür məktəblər,
mübahisələr, mütaliələr mühitində
şairin, yazıçının peşəkar
səviyyəsi formalaşarsa, gözəl
əsərlərin yaranmasından söhbət gedə
bilər. Sənətə yeni gələn adamın haradan
gəldiyi, doğulduğu təbiətin necə olduğu,
onun ilk duyğularının necə əzildiyi, ilk
dəfə çəkdiyi ağrı, nə zaman
xoşbəxt olduğu mütləq bilinməlidir. Bunlar çox
gənc olsalar da, çox nadir hallarda sevgi şeirləri
yazırlar. Bunun özündə bir qəribəlik var. İndi
onların sevən vaxtlarıdır…
- Bəlkə heç sevmirlər? Bəlkə,
bu, texnologiyaların inkişaf etdiyi, zamanın
sürətlə keçdiyi müasir dövrün
təsirindəndir?
- Sevmirlərsə, bu çox pisdir. Bu yaşda
da sevməyib nə vaxt sevəcəklər? Şair sevgi deməkdir. Əgər
sevmirsə, heç olmasa, özü üçün bir sevgi
uydurmursa, o hissləri ən təmiz, ən saf
şəkildə ifadə etmirsə, bu başlanğıc
şübhəli görünür. Məsələn,
bugünkü şeirdə hər şeyin ifrat bir
çılpaqlıqla deyilməsini bəyənmirəm.
Bu cür ədəbiyyatı, onu dünyanın
ən nəhəng yazıçısı yaratsa belə,
qəbul edə bilmərəm. Amma mən
görməmişəm ki, dünyanın nəhəng
yazıçısı estetik cəhətdən şikəst
lövhələr yaratsın. Çünki
sənətin son nəticəsi estetikadır. Ədəbiyyat həyat deyil. Biz
nə qədər çalışsaq da, ağacı öz
şeirimizə naturadakından gözəl gətirə
bilməyəcyik. Bizim şeirimizə
gətirilən ağac artıq estetik ağacdır. Yəni, artıq ədəbiyyata çevrilmiş
ağacdır. Mən inanıram ki, bizim ədəbi
məktəb bu cür mübahisələrə,
müzakirələrə, əsərlərin hər birinin
sözbəsöz təhlilinə yönələn bir
istiqamət götürsə, orada daha çox
gənclərin özləri danışsalar, özləri özlərini
tənqid etsələr, müəyyən fikrə
gəlsələr, uğurlu nəticə əldə etmək
olacaq. Mən hətta təklif edərdim ki,
orada hansısa bir şeirin mətbuatda çıxması,
yaxud da hansısa şairin ilk kitabının nəşr
olunması səsvermə yolu ilə müəyyənləşsin.
- Məktəbdə dərslər hansı formatda qurulacaq?
- Dərs saatının müəyyən hissəsi gənc
yazarların öz arzusundan asılı olaraq, ustad
sənətkarların dərslərindən ibarət olacaq. Amma yazıçı bu dərslərdə öz
yaradıcılığını təbliğ
etməyəcək. O, gənclərə qulaq asacaq,
öz rəyini verəcək, təcrübəsini
bölüşəcək. Burada həm ustad
rəyi, həm də gənclərin rəyi bir arada olacaq.
Bundan başqa, gənclər hansısa
peşəkar yazıçının əsərini,
hansısa bir tamaşanı və ya cəmiyyətdəki
mənəvi məsələni müzakirə edə
bilərlər. Məktəb gənc
ədiblərin adı ilə bağlı olsa da,
məktəbin təkcə ədəbiyyatla
məhdudlaşdırılmasını istəməzdim.
Uzun illər bizdə yaradıcı gəncliyin
vahid cəmiyyətinin olması ideyası bir arzu olaraq
qalır. Məsələn, mən
istərdim ki, bu məktəbdə şeirə bir rəssam,
bir musiqiçi baxışı da olsun. Bəlkə,
xoşu gələcək, gedib ona nəğmə yazacaq.
Yaxud da rəssam o şairin portretini
işləyəcək və ya kitabına illüstrasiyalar
verəcək, şair o rəssamın
yaradıcılığı barədə bir esse yazacaq.
Şair rəssamlığı, musiqini,
teatrı, kinonu nə qədər dərindən bilsə, daha
uğurla çalışa biləcək. Dünyanın hər yerində belədir. Böyük yazıçılar yalnız
ədəbiyyatın, sözün qulpundan yapışmaqla
böyük olmurlar. Onlar
ümumiyyətlə, estetik, sənətkarlıq
baxımından tam yetkin şəxsiyyətlərdir. Bəli, açıq-aşkar görünür ki,
ədəbiyyatda köhnə qaydalara,
ənənələrə qapılıb qalmaq olmaz. Həmçinin, məsələnin mahiyyətini
bilmədən, hazırkı ədəbi vəziyyəti,
dəbi, ovqatı yaşamadan postmodernist, ya da hansısa
başqa bir yolu formal şəkildə tutan
nəticədən yanaşmadan da xilas olmalıyıq. İfrat ənənəçiliyin
məngənəsi arasında qalmaq bizə xeyir verməz - bu
öz yerində. Amma yeni
əsərləri oxumadan, yaxud da qismən oxumaqla ədəbi
yol müəyyənləşdirmək, örnək
hədəflər seçmək yolverilməzdir. Bütövlükdə ənənələr və
çağdaş dünya ədəbiyyatı
öyrənilməli, müasir Azərbaycan ədəbi prosesi
izlənilməlidir. Sənətkarın
ayrı yolu yoxdur. O, ən mütaliəli, ən
yüksək səviyyəli bir şəxs olmalı,
cəmiyyətin bütün hadiəsələrindən
nəticələr çıxarmalıdır.
- Bəs, gəncləri istiqamətləndirə
biləcək, çağdaş dünya
ədəbiyyatından xəbəri olan, orada gedən
prosesləri ətraflı izləyə bilən insanlar
varmı?
- Belə adamlar var. Dünya ədəbiyyatını
həqiqətən diqqətlə izləyən insanların
hamısı Gənc Ədiblər Məktəbinə
dəvət ediləcək. Düşünürəm
ki, orada ədəbi cərəyanlar- istər klassik,
istərsə də çağdaş ədəbi
cərəyanlar haqqında dərslər getməlidir.
Hətta Orxan Pamuk, Oljas Süleymenov, mən əlimiz
yetənlərin adını çəkirəm, digər
tanınmış yazıçılar məktəbdə
ustad dərsləri deməyə dəvət oluna bilər. Nazirliyin və Yazıçılar Birliyinin
köməyilə Türkiyədən, Rusiyadan, Avropadan,
Şərq ölkələrindən, Amerikadan
tanınmış yazıçılar bu işə cəlb
oluna bilər. Bizim ədəbi gəncliyi
dünya ədəbiyyatının böyük simaları
ilə görüşdürmək lazımdır. Heç kimə əlçatmaz ulduz kimi baxmaq olmaz.
Sadəcə olaraq, indiki ədəbi gənclik
dünyanın böyük ədəbi sərvətinə
meyl, həvəs göstərməli və onun sahibi
olmalıdır.
Xəzər.- 2008.- 5 iyul.- S. 18.