Həmzəyev Ş.

 

Diri baba

 

Mərəzə rayonunun ərazisindəki bu türbə yerli əhali arasında "Diri baba" adlanır. Şirvanı qonşu ölkələrə bağlayan karvan yolunun yaxınlığında yerləşən Diri baba bir çox səyyahların diqqətini özünə cəlb etmişdir. XVII əsrin 30-cu illərində Qolştin səfirliyinin İran şahlığından elçisi Adam Oleari, holland səyyahı (XVII əsrin axırlarında Mərəzədən keçmişdir) Kornelius Devrin və digər səyyahlar yol qeydlərində həmin abidə haqqında yazmış və hətta türbənin rəsmini də çəkmişlər. Qeyd etmək lazımdır ki, həmin rəsmlərdə türbənin təsviri tam olduğu kimi göstərilmişdir. Lakin zaman keçdikcə abidə öz xarici görkəmini dəyişmişdir. XVII əsrdə abidə ilə bağlı bəzi məlumatların yoxlanılması üçün Rusiya imperiyasından xüsusi səlahiyyətli şəxslər gəlmiş, özlərinin maraq dairəsində abidəni tədqiq etmişlər.
Qafqazın qədim keçmişinin ən böyük araşdırıcısı olan Y.Bartolomeyin təlimatı əsasında XIX əsrdə rusiyalı akademik B.Dorn da abidə ilə maraqlanmışdır. Böyük səyyah və diplomat Adam Oleari Mərəzənin digər türbəsi olan Seyid İbrahim türbəsini təsvir edərək bizi maraqlandıran bu türbə haqqında da bəzi məlumatları qeyd etmişdir.
Türbə nə üçün "Diri baba" adlanır? Çoxları bunu burada dəfn olunmuş mərhumun cəsədinin guya çürüməməsi ilə bağlayır, yəni müqəddəsləşdirirlər. Abidə ilə bağlı daha maraqlı məlumat Rusiyadan abidəni tədqiq etməli olan xüsusi səlahiyyətli şəxslərin buraya gəlişi ilə bağlıdır.
XV əsrdən etibarən Şirvanın Rusiya ilə əlaqəsi getdikcə artmaqda idi, xüsusilə ticarətlə bağlı münasibətlər inkişaf edirdi. Bu ünsiyyət zamanı rusların tanış olduqları həmin abidə Rusiya imperiyasının əlaqədar orqanlarının marağına səbəb oldu. Abidəyə qarşı maraq o qədər güclü olmuşdur ki, hətta Rusiya pravoslav kilsəsinin ali sinodu da bu işə diqqət göstərmişdir. Buxara əmirliyinə göndərilən səfirlərə tapşırılırdı ki, Şamaxı yaxınlığında guya xristian kilsəsində "müqəddəs əzabkeş" Simeonun nəşinin mövcudluğu haqqında xəbərlərin doğruluğu aydınlaşdırılsın.
Böyük Avropa səyyahı və diplomatı Adam Olearinin məlumatında və təsvirində mavzoleyin xüsusiyyətlərindən, xüsusilə sərdabənin mağarada - qayanın döşündə yerləşməsindən bəhs olunur. Abidə heç kəsin əli çata bilmədiyi qayada inşa olunmuş qapalı feodal qəsrini xatırladır.
Qayanın içərisində yonulmuş türbənin birinci mərtəbəsi dəhlizdən və yəqin ki, türbə xidmətçisi üçün ayrılmış otaqdan, ikinci mərtəbəsi isə salondan ibarətdir.
Birinci mərtəbə ilə ikinci mərtəbə arasında səliqə ilə düzəldilmiş daş pilləkən mövcuddur. Qayanın içərisində yonulub tikildiyinə görə binanın ancaq cənub tərəfə doğru bir fasadı var. Həmin fasadın quruluşunda Şirvan abidələrində olan memarlıq əlamətləri ilə yanaşı fərqli detallar da mövcuddur.
Türbənin ikinci mərtəbəsindəki salon memarlıq quruluşuna görə zəngin və maraqlı hesab olunur. Burada tronplar mövcuddur ki, onlar kvadrat ölçüdən günbəzə keçid təşkil edir. Tronplar səthləri nəbati ornamentlərlə örtülmüşdür.
Dağılmış bu daş kitabənin içərisindəki yazıdan məlum olur ki, türbə hicri 508-ci ildə (eramızın 1402-ci ilində) Şirvanşah Şeyx İbrahimin əmri ilə tikilmişdir. Türbəni günbəz sərdabələr növünə aid etmək olar. Bu qrupa aid tikintilərin bir ümumi xüsusiyyəti var ki, bu da günbəz zalın kvadratşəkilli divarının olmasıdır.
1965-ci ildə Misir Ərəb Respublikasının Prezidenti Camal Əbdül Nasir Azərbaycanda olarkən türbənin bərpasını sovet rəhbərlərindən xahiş etmişdir. Məhz həmin illərdə Diri baba türbəsi yenidən bərpa edilmişdir. Belə çıxır ki, "Diri baba" adını daşıyan şəxsiyyət haqqında Prezident Camal Əbdül Nasirin müəyyən məlumatı olmuşdur. Ehtimal olunur ki, Məhəmməd adlanan bu müqəddəs şəxs İbrahim xanın ixtiyarına din təbliğatçısı kimi göndərilib. İbrahim xan da qonağın fəaliyyəti müqabilində Mərəzə torpaqlarını ona pay verib.
Diri baba türbəsi haqqında yazdığım bu qeydlərdəki məlumatı 1949-cu ildə çap olunmuş "Azərbaycan SSR Elmlər Akademiyasının xəbərləri"ndən əldə etmişəm. Məşhur Azərbaycan memarı A.B.Salamzadənin 1940-cı illərdə yazdıqlarını indiki nəsillərə məlum olmayan şəkilləri, memarlıq sxemlərini nəfis şəkildə hazırlayıb türbəyə bağışlamağı özümə borc bildim.
Dünyanın ən qədim xalqlarından olan türklərdə totemizm geniş yayılmışdı. "Totem" sözü Şimali Amerikadakı hinduların dillərindəki "O-totem" (yəni onun soyu, nəsli) sözlərindəndir. Totemdə hər hansı qəbilə adətən hansısa bir canlını, bəzən isə təbiət hadisəsini, hətta qayanı, daşı və s. özünə əcdad sayır. Yəni belə hesab edir ki, qəbilənin kökü oradan başlayıb. Bu məsələ "Dədə Qorqud" dastanında da öz əksini tapıb. Dastanda qeyd olunub: "- Ay qız, Günel, sən nə üçün o qayaya baxanda yaşmaqla üzünü örtürsən? - Ona görə ki, o qaya mənim qayınatamdır". Bu baxımdan Mərəzədə qayaüstü abidə təkcə "Diri baba" deyil, onlarladır. Məsələn, "Qayıblar baba", "Sayıblar baba" və s. Nə üçün qayalar müqəddəs sayılıb? Bəşəriyyətin ilk peyğəmbəri Adəmin evi məhz qayada olub, əksər peyğəmbərlərin tənhalığa çəkildiyi yerlər məhz qayalar olub.
"Diri baba" haqqında bir tarixçi kimi mənim öz müşahidələrim var. Mən bu mülahizələri A.B.Salamzadənin qeydlərinə əsasən irəli sürürəm. Diri baba bir şəxs üçün deyil, müqəddəslər üçün tikilib. Mərəzədə üç dağ var. Bunlar arasındakı məsafələr çox yaxındır. Bunlardan birincisi Qazi dağıdır (ona el arasında Qazan Qaya deyirlər). Qazi din, torpaq yolunda şəhid olanlardır. Onun ətrafında çoxlu qədim qəbir var.
İkinci Qayıblar və Şayiblər babadır (əslində Şabilərdir). Şabi sözünün mənası igidlər, comərdlərdir. Yəni din yolunda həlak olanlar. Quranın Bəqərə surəsinin 154-cü ayəsində deyilir: "Siz Allah, din yolunda həlak olanlara öldü deməyin. Onlar heç vaxt ölmür, diri qalırlar". Məhz üçüncü Diri babadır. Bu türbə müqəddəs yerlərdən götürülmüş torpaq mənasını verir. Qobustan - Mərəzə dünyada yeganə yerdir ki, burada 72 pir var. Hər biri də ayrı-ayrı şəfa ocağı kimi müqəddəsdir. XIX əsrin ortaları, XX əsrin əvvəllərində Nərimankənd kəndinin (Qobustan-Mərəzə) axundu Abdulvahid Türkiyədə mədrəsədə olarkən eşidib ki, oranın axundu belə deyir: "Türk dünyasına gələn qada-bala Qobustana getsin". Abdulvahid bu sözdən sarsılaraq ağlaya-ağlaya axunddan soruşub ki, niyə mənim vətənimə belə deyirsən. O isə cavabında bildirib: "Qobustanın 72 övliyası və Diri babası bu qada-balanı məhv edəcək".
Əziz oxucu, qaya içərisində tikilən bu türbə dünyada üç yerdədir: İran, Meksika və Qobustan. Diri baba bərpa olunmamışdan əvvəl üzərində aşağıdakı əlamətlər olub: iki əl, iki xoruz rəsmi, günbəz göy rəngdə, üzərində ay-ulduz, üç pəncərə olub, qayanın içindəki mağarada tikilib.
Çox təəssüflər olsun ki, 1965-ci ildə bu türbə bərpa edilərkən erməni və rus memarları tərəfindən onun memarlıq üslubu qəsdən saxtalaşdırılaraq Avropa stilində tikilib. Bu ziyarətgahın dünyada analoqu yoxdur. Aidiyyəti orqanlardan xahiş edirik ki, türbəyə diqqət artırılsın və o, əvvəlki əvəzsiz ecazkarlığına qaytarılsın. Belə olarsa, Şərq ölkələrindən gələn turistlər də hökmən əvvəlki kimi buraya böyük maraq göstərəcəklər.
Yerli sakinlər belə bir əhvalat danışırdılar ki, 1918-ci ildə ermənilər qırğın törədən zaman üç qadın qucağında körpə son ümid kimi Diri babada gizlənib. Ermənilər onları təqib etsələr də, türbənin içərisində tapa bilməyərək geri qayıdıblar. Salamat qalan qadınlar deyiblər: "Mözücə oldu. Biz üzbəüz onları görürdük. Ancaq onlar bizi görmürdülər". Məhz bu ocaq belə güdrətə malikdir. Müqəddəslik naminə bu türbənin əvvəlki gözəlliyinə qaytarılması çox vacibdir.

 

Azərbaycan.- 2008.- 13 iyul.- S. 8.