İsayev Ə.

 

Abidələr haray çəkir

 

Təkcə Goranboyda otuzdan çox tarixi abidə səhlənkarlıq üzündən qeydə alınmayıb

 

Turizmin inkişafı ilə əlaqədar milli memarlıq abidələrinə münasibət kökündən dəyişir. Axı abidələr ölkənin torpaq üzərində "yazılan" tarixi, xalqın milli pasportu, elimizin memarlıq irsinin əsl ensiklopediyasıdır. Məhz buna görə də tarixi və arxeoloji abidələrə yeni gözlə, yeni tələblərlə baxılması vacibdir. Bu nöqteyi-nəzərdən qərb bölgəsindəki mövcud vəziyyət araşdırılarkən bir sıra həlli vacib problemlərlə üzləşdik.
Goranboy rayonundan başlayaq. Borsunlu ulu Goran torpağının ən qədim yurd yerlərindən sayılır. Qədim karvan yolu üzərində yerləşir. Bu yerlər bir sıra tarixi memarlıq abidələri ilə zəngindir. Laqeydlik üzündən dağılanlar da var, hələlik az-çox salamat qalanlar da. Di gəl ki, heç birinin adını, ünvanını dövlət mühafizəsinə götürülən abidələr sırasında tapa bilmədik.
Akademik Mikayıl Rəfilinin atası Hacı Həsən öz xeyirxahlığı ilə bütün bölgədə məşhur idi. Klassik Şərq üslubunda ikimərtəbəli yaşayış evi, elektriklə işləyən pambıqtəmizləmə zavodu, günəşin istisi ilə qızdırılan yeraltı hamam tikdirib. Az qala iki metr hündürlüyü olan kanalizasiya xəttindən təhlükə zamanı gizli yol kimi istifadə olunurdu. Hərəsi bir sənət əsəri, milli memarlıq incisi! Təəssüf, çox təəssüf ki, son vaxtlara kimi sağ-salamat olan bu dəyərli abidələrin indi sönük-solğun izləri, quru, boş adları qalır.
Borsunluda qədim türbələr də çoxdur. Daha üçü də son vaxtlarda Dərə yeri sahəsində aşkar edilib. Əsasən qırmızı kərpicdən hörülüb, divarları gəclə suvanıb, üstü günbəzlə örtülüb. Tağbənd formalı qapısı var. Digər bir günbəz səkkizguşəli formada inşa olunub. Arxeoloq-alim Arif Məmmədov deyir ki, bu türbələr XIII-XIV əsrlərə aiddir.
Elə həmin dövrün yadigarı - ikinci kərpicli yaşayış yeri. İndiki anlamda əsl sənaye-emal müəssisəsi sayılırdı. Sahəsi təqribən iki hektara yaxın olub. Buradakı karxanalarda bişirilən kərpiclər hər yanda tanınırdı. İndi də təpə-təpə, qalaq-qalaq izləri qalır. Borsunlu məscidi isə 1904-cü ildə tikilib. Dağılıb getməkdə idi. Yaxşı ki, təzəlikcə xeyirxah insanların əli ilə bərpa edilir.
Borsunlu kəndində tarixin bu cür canlı yadigarları, milli memarlıq nümunələri çoxdur. Onlardan hər biri qayğı ilə qorunmağa, mühafizə edilməyə, yaşadılmağa layiqdir. Bəs əslində vəziyyət necədir? Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına baxırıq. Borsunlu kəndi üzrə cəmi bircə türbənin adı çəkilir. O da yerli əhəmiyyətli abidələr sırasında. Guya XX əsrin əvvəllərində tikilib. Vəssalam. Bəs digər abidələr necə? Onların mühafizəsi, təbliği ilə kim məşğul olmalıdır?
Təkcə Borsunlu abidələrinə bu cür laqeyd münasibət göstərilsəydi, bəlkə də bu barədə heç söhbət açmağa dəyməzdi. Goranın hər guşəsində torpağın qoynundan boylanaraq ötənlərdən- keçənlərdən min bir həqiqət söyləməyə can atan neçə-neçə kurqanın, türbənin, qalanın, məbədin, yaşayış yerinin adına bu rəsmi sənəddə rast gəlmədik.
Elə bil Nazirlər Kabinetinin qərarına əlavə edilən siyahı gözüyumulu tərtib olunub. Guya Səfikürd kəndinin ərazisində 1675-ci ilə məxsus bir qala mövcuddur. Rayonda belə bir qalanı gördüm deyən yoxdur. Haçansa, haradansa təsadüfən adı siyahıya düşüb. Amma əvəzində gör necə dəyərli abidələr kənarda qalıb.
Min illik tarixi olan Saxsılı təpə, Təndirli təpə, Fərməş təpə, Sarı təpə, habelə Mollavələdlidəki Yeddi qardaş və Qoşa çinar yaşayış yerləri, Qızıl Arslanın Nizami Gəncəviyə hədiyyə elədiyi Həmənli kəndi. Yaxud V-XII əsrlərin yadigarları sayılan Meşəli, Mənəşli, Buzlaq alban məbədləri, əlli metrlik Kürəkçay qülləsi, azı yüz yaşı olan Goran və Dəlməmmədli qüllələri, Kürəkçay daş mağarası, Qaraçinarın tağlı körpüsü, neçə-neçə məscid, Molla Vələdli türbəsi, Xudu baba türbəsiE Hansını deyəsən?! Adam inana bilmir ki, tarixin bu əvəzsiz yadigarları sadəcə gözdən yayınıb.
Goranboy rayon mədəniyyət və turizm şöbəsinin mütəxəssisləri ilə birgə aparılan qısa araşdırma zamanı bəlli oldu ki, rayon üzrə otuzdan çox tarix-memarlıq abidəsi həmin rəsmi siyahıdan kənarda qalıb. Onlardan hər birinin, xüsusən ilk tunc dövründən xəbər verən Şadılı, Qarabağlı, Kürzallar, Dəlməmmədli kurqanlarının təhlilə, tədqiqə, təbliğə ehtiyacı böyükdür. Axı biz laqeyd halda kənarda dayandıqca bəzi işbazlar, "qənimət" axtaranlar, Kürəkçay daş mağarasında olduğu kimi, əlaltdan kurqanları, türbələri dağıdır, tarixin canlı yadigarlarını viran qoyurlar (Təzəlikcə rayonda kurqanların mühafizəsi üçün qoruq yaradılır).
Deməli, təkcə bir yerdə - Goranboy rayonunda otuzdan çox abidə laqeydlik, daha doğrusu, səhlənkarlıq üzündən öz vaxtında qeydə alınmayıb. Bəs görəsən qərb bölgəsinin digər rayonlarında vəziyyət necədir?
Tovuzda gör nələr yaddan çıxıb?! Yanıqlı kəndinin yaxınlığındakı Abdal talasında yaşıllıqlar qoynunda qırmızı kərpicdən alban məbədi ucalır. Mütəxəssislər deyirlər ki, bu, V-VI əsrlərin yadigarıdır. İllər, əsrlər keçsə də, salamat qalıb. Adam inana bilmir ki, belə dəyərli bir abidənin adı Nazirlər Kabinetinin siyahısına düşməyib. Bayramlı və Əsrikcırdaxan kəndlərindəki birtağlı körpülərin də adlarını həmin siyahıda tapa bilmədik. "Yaddan çıxan", gözdən uzaq, könüldən iraq qalan digər abidələr də az deyil.
1903-1904-cü illərdə Aşağı Ayıblı kəndində geniş bir sahədə neftötürücü məntəqə kompleksi ucaldılıb. Milli ornamentli inzibati və məişət binaları, dəftərxana, yaşayış evləri, qırx iki metr hündürlüyündəki tüstü qülləsiE Hər biri dəyərli abidədir. Di gəl ki, həmin siyahını tərtib edənlər bütövlükdə bu yaşayış kompleksini "görə bilməyiblər". Yaxud Xocaxan qəbiristanlığındakı at və qoç başdaşları, iki-üç metrlik stellalar və tarixin digər izləri nədənsə siyahıdan kənarda qalıb.
Bəs əvəzində həmin rəsmi sənəddə nələr əks olunub?
Şəmkirdə siyahıda adıçəkilən on dörd abidə faktiki olaraq yer üzündə yoxdur. Maraqlandıq. Mahmudlu məscidinin, Şəmkir dərəsində körpünün, Qaramusa nekropolunun, Aşağı Seyfəlidə Üçgül qalaçasının yerini xəbər verən olmadı. Seyidlər qalasının, Qala dərəsinin, Qurudağ və Şamlıq səngərlərinin, Kirizanlıtəpə, Dərə yatağı, Muncuqlu və Alıqoca yaşayış yerlərinin izi-tozu da qalmayıb. Osmanboz sahəsində tunc dövrünün qalıqları şumlanaraq məhlə yerlərinə çevrilib. Adam məəttəl qalır. Əgər bu cür "adlı-sanlı" obyektlər yerli-dibli mövcud deyilsə, onların adları dövlət tərəfindən mühafizə olunan abidələr kimi siyahıya necə düşüb? Yox, əgər bu abidələr sonralar məhv edilibsə, onların mühafizəsi üçün məsul olanlar hara baxırdılar?
Gədəbəy əsl qalalar diyarıdır. Burada onlarca qala və qalaça, müdafiə istehkamı, məbəd və türbə diqqəti cəlb edir. Koroğlu qalası, Cavanşir qalası, Cənnət qalası, Qız qalası, Zəngli qala, Gizli qala... Rayonda tarixi abidələrin ayrıca kataloqu düzəldilib və rəngli bukletlər hazırlanaraq kütləvi tirajla çap edilib. Çox təəssüf ki, həmin abidələrin bir hissəsi Nazirlər Kabinetinin məlum siyahısından kənarda qalıb. Bunlar hansılardır? Qalakənddəki Cənnət qalası, Böyük Qaramuradlının Zəngli qalası, Çaldaş və Qaraməmmədli məbədləri, Novosaratovdakı alban dövrünün yadigarı olan Ağ məscid və bir sıra digər obyektlərE Rayonda dedilər ki, bu barədə Mədəniyyət və Turizm Nazirliyinə məlumat verilib.
Samuxda maraqlı bir faktla rastlaşdıq. Nazirlər Kabinetinin siyahısında göstərilir ki, təkcə Çobanabdallı kəndində 20 ədəd ölkə və yerli əhəmiyyətli qədim arx mövcuddur. Bir kənddə 20 arx! Maraqlı idi, baxmaq istədik. Kənddə heç kəs onların yerini göstərə bilmədi. İcra nümayəndəsinin rəsmi məktubunda da bu tarixi abidələrin adlarına rast gəlmədik (Kənd bələdiyyəsi indi həmin obyektləri araşdırır).
Mədəniyyət və turizm şöbəsinin müdiri Süleyman Əliyev deyir ki, rayonumuzun ərazisində çoxlu qədim abidə mövcuddur. Lakin indiyə qədər onların heç biri rəsmi qeydiyyata alınmayıb. VI-VII əsrlərin yadigarı Çobanabdallı Pir ocağı, Avil körpüsü, Kolayır kəndindəki 1300 yaşlı Düldül çinarı, Hacallı və Füzuli kənd qəbiristanlıqlarıE Bundan əlavə, rayonda İkinci dünya müharibəsi iştirakçılarının şərəfinə 9 kənddə xatirə-memorial kompleksləri, habelə 20 Yanvar faciəsi və Qarabağ şəhidləri üçün abidələr ucaldılıb. Di gəl ki, S.Əliyevin dediyinə görə, bunların heç biri mədəniyyət və turizm şöbəsinin balansında deyil.
Göygöl rayonunda qədim binalar, xüsusilə alban məbədləri çoxdur. Amma Nazirlər Kabinetinin qərarına əlavə olunan siyahıda real vəziyyət heç də dəqiq əks olunmur. Görünür, o vaxtlar həmin siyahı tələsik, başdansovdu hazırlanıb. Balçılı kəndindəki Qız qalası, Quşqara körpüsü, Göygöl yolunun üstündəki, habelə Üçbulaq, Zurnabad, Yeni Zod kəndlərindəki alban kilsələri, Tülallar kəndindəki ziyarətgah, onlarca xatirə-memarlıq kompleksi nədənsə diqqətdən kənarda qalıb. Rayon mədəniyyət və turizm şöbəsində dedilər ki, siyahıda 31 abidənin adı çəkilir. Amma ilkin araşdırmalar zamanı 300-dən çox abidənin, xüsusən tarix-memarlıq dəyəri olan ictimai və yaşayış binalarının mövcudluğu müəyyən edildi.
Qazaxda da bu sahədə xeyli iş görülür. Siyahıdan kənarda qalan abidələr müəyyən edilir, şəkilləri çəkilir, tarixi, taleyi araşdırılır. İndiyə kimi 38 abidənin dövlət mühafizəsinə götürülməsi təklif olunub. Onların arasında Birinci Şıxlı qəbiristanlığındakı dekorativ tətbiqi sənət nümunələri olan at və qoç fiqurlarını, digər qəbirüstü abidələri, Abbasbəyli kəndinin qədim yaşayış məskənini, yüz ildən çox yaşı olan Çaylı kənd məscidini, 1929-cu ildə qotik üslubu ilə tikilmiş və hazırda doğum evi kimi istifadə olunan o dövrün ilk müalicə mərkəzinin binasını, Haqverdi ağa körpüsünü və başqa abidələri göstərmək olar.
Bəs Ağstafada vəziyyət necədir? Rayonda iki ədəd dünya, otuz altı ölkə, on dörd yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi qeydə alınıb. Əslində bu yerlərdə milli memarlıq abidələri çoxdur və onların müəyyən edilməsi üçün mütəxəssis araşdırmalarına böyük ehtiyac duyulur. Təkcə Bakı-Ceyhan neft kəmərinin çəkilişi zamanı doqquz qədim yaşayış məskəni aşkar edilib. Xüsusən eramızdan əvvəl dördüncü əsrin yadigarı sayılan Soyuqbulaq kurqanları və Böyük Kəsik yaşayış yeri, Həsənli nekropolu, Qıraq Kəsəmən və Poylu yaşayış məskənləri daha çox tarixi əhəmiyyətə malikdir.
Bax beləcə, qərb bölgəsində azı yüzə qədər milli mədəniyyət və arxeoloji abidə məlum siyahıdan kənarda qalıb. Abidələr "gəl-gəl" deyir. Sanki tarixin alatoranından boylanaraq "bəri bax" deyə haray çəkir. Biz isə laqeyd halda yanlarından ötürük. Bütün bunların araşdırılması, nizama salınması və müvafiq qaydada mühafizəsinin təşkili vacibdir.
Bəzi hallarda abidələrin təsnifatı da pozulur, məlumatlar səthi, başdansovdu olur. Məsələn, Gəncə şəhərində 214 yerli əhəmiyyətli abidənin 184-ü yaşayış evidir. Bunlar həqiqətən də mühafizə olunmağa layiqdir. Lakin həmin siyahıda heç birinin dəqiq tarixi bilinmir, hansı bina haçan tikilib? Hamısının qabağında eyni söz yazılıb: "XX əsr". Dəqiqləşdirmə aparmaq nə çətin işdir? Binalardan çoxunun üzərində tikilmə tarixləri aydın yazılıb. Əgər bəzilərində yoxdursa, Dövlət Reyestri Xidməti İdarəsindən bütün məlumatları çox asanca əldə etmək mümkündür. Təki maraq, həvəs, istək, ən əsası, məsuliyyət hissi olsun.
Hər rayona azı beş-on nəfər mühafizəçi ştatı verilib. Bunlar nə iş görür, nəyi, necə mühafizə edirlər? Bilən yoxdur! Biz hələ mədəniyyət və turizm şöbələrindəki çoxsaylı işçilərin tarixin bu əvəzsiz incilərinə laqeyd münasibətini demirik. Görünür, bu mühüm sahəyə münasibəti, ilk növbədə isə tələbkarlığı kökündən dəyişmək lazımdır.

Redaksiyadan: Son illərdə tarixi abidələrə ümumdövlət miqyasında tükənməz qayğı göstərilir. Təkcə qərb bölgəsində - Qazaxda "Avey", Ağstafada "Keşikçidağ" dövlət tarix-mədəniyyət qoruqları, Göygöldə milli park yaradılıb. Bundan əlavə, indiyə kimi bir növ diqqətdən kənarda qalmış heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq komplekslərinin mühafizəsinə dair məxsusi sərəncam verilib. Bu abidə-komplekslərin də çoxu indiyə kimi siyahıdan kənarda qalıb.
Bütün bunlara görə Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarına yenidən baxılması, real vəziyyətə uyğun dəqiqləşdirmə aparılması və ümumən yerlərdə milli-mədəniyyət abidələrinə münasibətin kökündən dəyişilməsi vacibdir.
Adları siyahıya düşməyən abidələrdən bir neçəsi: görün necə abidələr mühafizədən kənarda qalıb!..

 

Azərbaycan.- 2008.- 30 iyul.- S. 7.